Yuxarıya
skip to main content

Sosiologiyada “məhrəmiyyət” anlayışı və onun tənəzzülü

19.10.2019

 

Əslində hər birimizin bildiyi kimi, (Kral Lir qədər tragik və kədərli şəkildə olmasa da) kim, ya da nə olduğumu söyləmək sadəcə mənə qalan bir şey deyildir. "Mənim kim, ya da nə olduğum" məsələsində ətrafımdakı digər insanlarla hər uzlaşmazlığımda və ya mübahisəmdə hər ağızdan bir-birilə heç bir ahəngi olmayan müxtəlif səslər çıxır. O anda kimin hakim kürsüsündə oturduğu, qərar və hökm vermə gücünə sahib olduğu bəlli deyildir. Tam şəkildə ictimailəşmiş istehlak üçün öz obrazımı (istəməsələr də, mənimlə eyni baxışı və düşüncəni bölüşənlərlə bərabər tipətip bənzədiyini düşünəcəyim bir obraz) çizərkən başqalarından mənə nə qədər fürsət qalacağı əsla nəticə ilə əlaqələndirilməyəcək bir məsələdir. Qərarlaşdırılan heç bir obraz sonuncu olmayacaqdır. Hər biri bütün ehtimallarda yenidən dəyərləndirilməyə və yenidən müzakirə edilməyə açıqdır.

        

Sosiologiyanın qurucuları içərisində heç şübhəsiz ki, çox yüksək mövqeyə sahib olan Georq Zimmelin gizlilik (və dolayısı ilə məhrəmiyyət, fərdilik, müstəqillik, özünü müəyyən etmə və özünü müdafiə etmə. Çünki gizlilik haqqı bunların hər biri üçün essensial və həyati xarakterə sahibdir) üzərində düşüncəsinə görə, həyatda real bir şəkildə qalma şansı üçün sirr saxlama hüququnun başqaları tərəfindən təqdir edilməsi mütləqdir. Zimmel, gizliliyin məhrəmiyyətin vazkeçilməz bir parçası olduğunu qeyd etməklə yanaşı, sosial bir münasibət forması olduğunu da vurğulayır. Onun fikrincə, bilərək və ya bilməyərək gizlənilən bir şeyə bilərək və ya bilməyərək hörmət edilməlidir. Lakin bu iki şərt arasındakı münasibət (məhrəmiyyət və fərdi azadlığın cəmiyyət tərəfindən tanınması, tolerans göstərilməsi və qorunması) natarazlığa və gərginliyə meyillidir. Buna görə də, gizləmə niyyəti açıq etmə niyyəti ilə toqquşduğunda daha da dərinləşir. Əgər insanın sirlərinə sayğısı olmayan, hər işə müdaxil olan insanlara qarşı gizliliyi müdafiə instinkti yoxdursa və ya zəifdirsə, bu o deməkdir ki, məhrəmiyyət təhlükədədir.

        

Sirr öz mahiyyəti etibarilə insanın bildiklərinin bir qismini başqaları ilə bölüşməməsidir. Gizlilik, yəni bir məlumatın icazəsiz açıqlanmaması məhrəmiyyətin sərhədlərini çizər, müəyyən edər və qüvvətləndirər. Məhrəmiyyət insanın öz krallığıdır. İçində "mən kiməm və nəyəm" sualına insanın özbaşına qərar verməyə tam səlahiyyəti olduğu, öz qərarlarına sahib çıxmaq üçün mübarizə apara bildiyi tək və bölünməz suverenliyinin torpağıdır.

 

Lakin əsrimizdə əvvəlki nəsillərin "şəxsi sahəni hər vəchlə müdafiə et" prinsipi öz əhəmiyyətini itirib. Yeni nəsil öz əcdadlarının vərdişlərindən təəccübləndirici bir "U" dönüşü edərək bu "məhrəm bölgəni" müdafiə etməkdə qərarsızlıq, cəsarətsizlik və istəksizlik yaşayır. Artıq, məhrəmiyyətə xəyanət edilməsi və ya bu hüququn pozulması deyil, bunun əksi bizi qorxudur. Məhrəm dünyadan çıxışların tamamilə bağlanmasından, özəl bölgənin bir həbsxanaya, bir təcrid hücrəsinə və ya qədim zamanlarda kralların əmri ilə cəmiyyətdən uzaqlaşdırılıb unudulmağa məhkum edilən insanların atıldığı zindanlara çevrilməsindən qorxulur.

Məhrəmiyyətin divarları arxasından sirrlərimizi qoparmağa, parçalamağa, onları bütün aləmə duyurmağa və hər kəsi sirrlərimizi bilmək istəməyə təşviq edən dinləyicilərin olmaması insana işgəncə edən ən qorxunc kabusa çevrilir. "Məşhur olmaq" (yəni, davamlı olaraq cəmiyyətin gözü önündə olmaq, gizliliyə ehtiyac duymamaq və bu hüququ tanımamaq) uğurlu deyə adlandırılan həyatın ən məqbul və ən populyar modelidir. İnsanlar getdikcə bir sirrə sahib olmanın, sirr daşımağın keyifli bir tərəfinin olmadığına inanır. Bunun nəticəsində, artıq bu məhrəm – özəl sahə yeni dünyanın qeyri-məhrəm orduları tərəfindən istila edilir və özünü məğlub hiss edir. Bu yeni işğalçı ordular yeni sərhədlər fəth etməyə və yeni qarnizonlar qurmağamı tələsirlər, yoxsa artıq boğulmaq üzrə olduqları, o yaşanmaz hala gəlmiş keçmişin sığınacaqlarından qorxu və panika içərisində qaçırlarmı?

 

Yerinə yetirmələri əmr edilən vəzifə - "mənim kim və nə olduğumu yaxud da buna qərar vermə vəzifəsi" - məhrəmiyyətin məhdud sərhədləri içərisində düşünülə bilməyəcək qədər böyükdürmü? Bəs bu vəzifə cəmiyyət tərəfindən təklif edilən və təmin edilən imkanlarla cəmiyyət səhnəsində oynanılmaqla yerinə yetirilə bilərmi? Bunlar, dolayısız və dəqiq cavabları olmayan bəzi suallardır. Hər şeydən öncə, gizlilik sadəcə insanın özünə aid bir bölgə yaratmaq, özünü "dəvətsiz qonaqlardan", narahatlıq verən və xoş qarşılanmayan tanışlıqlardan uzaqlaşdırmaq üçün istifadə etdiyi bir məhrəmiyyət vasitəsi deyil. Eyni zamanda, insanlar arasındakı münasibəti gücləndirən ən sağlam mənəvi birgəlik vasitəsidir. Çünki insan yalnız sirrlərini gizləməklə, çox az insanla bölüşməklə qeyd-şərtsiz, möhkəm və dərin dostluq münasibətləri qura bilər. Məhz bu şəkildə müəyyən insanlar sehirli bir şəkildə bir-birinə bağlanan və bütövləşmiş qruplara çevrilə bilər. Bu azad və suveren bölgədə şəxsi mənfəət ilə digərlərinin yaxşılığı arasında, özünü fəda etmə ilə eqoist ərköyünlük, özünü sevmək ilə başqasını düşünmək arasında seçim edə bilmək insanı həm qəhr, həm də vicdan əzabı çəkməkdən xilas edir.

 

 

Xüsusən də, gənclər arasında başda sevgi olmaqla, intim münasibətlərin zahiriləşdirilməsi və açığa çıxarılması tendensiyası məhrəmiyyət anlayışının və onun ifadə etdiyi dəyərin yaşadığı çöküş ilə bağlıdır. Macar əsilli, amerikalı anti-psixiatr Tomas Sas "İkinci günah" adlı kitabında bildirir ki, cinsiyyət məsələsi hər zaman gizli və məhrəm bir xarakterə sahib olduğu üçün insanları çox güclü bir bağ ilə birləşdirə bilirdi. İntim münasibət axtarışı çox böyük diqqətlə və əməklə seçilmiş çox az sayda insan ilə bölüşülən xüsusi bir sirr baxımından həqiqi bir simvol, güclü bir nümunə idi. İnsanlar arasındakı bağlar içində ən məsuliyyətlisi, ən güclüsü, ən səhihi və ən etibarlısı idi. Belə münasibətlərdə özünü göstərən mövcud hal məhrəmiyyətin içinə düşdüyü böhran, insanlararası ən güclü bağların tədricən zəifləməsi və çürüməsi ilə əlaqəlidir.  

 

Texnoloji inqilablar tez-tez kultural inqilablara səbəb olmaqda günahlandırılır və ya buna görə təriflənilir. Texnoloji inqilablar ən azından ehtimallar diyarından gerçəklər diyarına keçiddə hökm sürən həyat tərzləri və adətlərdə bir transformasiyanı təhrik etməyi bacarıblar. Bu texnoloji transformasiya uzun zamandır ki qapını döyürdü və çılğınca reallaşmasını gözləyirdi. İnqilabi texnoloji yeniliklərdən biri də mobil telefonlardır. Xüsusən də, mobil və ya mobil versiyalı sosial şəbəkələrlə yüklənmiş mobil telefonların cəmiyyət həyatına daxil olması ilə şəxsi və ümumi (ictimai) məkan, işyeri və ev, iş vaxtı və istirahət (əyləncə vaxtı), ora və bura arasındakı sərhədlər aradan qalxdı. Artıq, uzaqda olmaq əsla "əlçatmaz" olmaq anlamına gələ bilmir və ya gəlməməlidir. İnsan əlbəttə, mobil telefonunu haradasa unuda, itirə, gələn mesaja və ya zəngə vaxtında cavab verməyə bilər. Lakin, cavabsız qalan zəng və ya mesaj ilə bağlı bütün açıqlamalar məhəl qoymama, itaətsizlik, eyib bir etinasızlıq, başından etmə olaraq görülür. Yaşadığımız əsrdə, mobil telefonlar hər zaman əlçatan olma ehtimalının texnoloji təməlini təşkil edir. Beləcə, "yalnızların davamlı olaraq təmasda olması" bir normaya çevrilib. Artıq, hər kəs əlçatan ola bilər amma insanın yenə də özünü əlçatan etməsi vacibdir. Sadəcə seçilmiş biriləri üçün olsa da, insan bunu edir. Özünü əlçatan etmək bir şəbəkə qurma, eyni zamanda birləşdirmə və ayırma, "təmas halında olma" və ya "təması kəsmə" vasitəsidir.

        

Şəbəkə anlayışı ən çox elastikliyi, sürətli və iztirabsız düzənləmələri, yenilikləri ilə bərabər, idarə olunmağa aldadıcı meyilliyi ilə diqqət çəkir. İnsanların bir yerə toplandığı digər yerlərdən fərqli olaraq şəbəkələr sahiblərinin əlindəki cihazlar vasitəsilə onların izi ilə gedir. Eyni ilə, bir ilbizin qabığı kimi hara getsələr də, nə zaman və harada olsalar da, bu şəbəkəni özləri ilə birgə daşıyırlar. Bu səbəblə də, mobil telefonlar öz sahibinə daima və fasiləsiz "nəzarət edildiyi" illüziyasını yaşadır.

        

Nobel laureatlı portuqaliyalı yazar Xose Saramaqo 2002-ci ildə O "Homem Duplicado" adlı kitabında qeyd edir: "Niyə ünsiyyət texnologiyaları həndəsi bir tərəqqi ilə bir yenilikdən digərinə doğru inkişaf etməyə davam edərkən, digər ünsiyyət forması - məndən sənə, bizdən onlara doğru olan gerçək ünsiyyət forması hələ də çıxılmaz, aldadıcı labirintlər içindədir?" Ünsiyyət texnologiyalarının ən böyük uğuru hər şeydən öncə insanların birlikdə yaşamaq praktikasından qaynaqlanan cansıxıcı kompleksliliyi sadələşdirməsi deyil, çoxqatlı və qalın orijinalının əksinə, bu kompleksliliyi incə və dar bir təbəqəyə sıxışdırmasıdır. Saramaqonun qeyd etdiyi "düzgün və gerçək" ünsiyyətin bir kənara atılmasa da, məcburi işlər siyahısından çıxarılmasının nəticəsi bu növ ünsiyyətin vacib qıldığı qabiliyyətlərin sönükləşməsi, solğunlaşması və yox olması deməkdir. Bütün bunların əsl nəticəsi isə, "məndən sənə, bizdən onlara" tipli ünsiyyət uğrunda aparılan mübarizənin çox çətin və yorucu görünməsi, çətinliklərə üstün gəlmə, öz-özünün fövqünə yüksəlmə sənətinin insanlar üçün getdikcə mürəkkəbləşməsi, qeyri-mümkün hala gəlməsidir.

 

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.