Məqalələr

Sosial normaların cəmiyyətdə təzahürü və tənzimlənməsinin ahəngi: Hüququn bərqarar olmasında adət, ənənə və əxlaqın rolu

avatar
Elnarə Qəribova
2019-10-30

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.

Sosial normalar struktur baxımdan durğun, statik qəliblər deyil. Əksinə, mənsub olduqları cəmiyyətin tələbatlarına uyğun olaraq dəyişən, inkişaf edən, yeni normaların yaranmasını təmin edən və ənənə şəklini alma prosesini davam etdirən dinamik struktura malikdirlər.

Ümumi olaraq normalar insanlara cəmiyyətdə nəyi, nə vaxt və necə etmək lazım olduğunu izah edən qaydalardır. “Norma” latın dilindən tərcümədə qayda, nümunə mənasını verir. Tarixi dövründən asılı olmayaraq hər bir normada ümumi davranış qaydaları mövcuddur, Hər bir mədəniyyət öz cəmiyyətinin birlik və həmrəylik şəraitində yaşamasını təmin etmək üçün insanın davranışlarını tənzimləməyə məcburdur. İnsanlar icma şəraitində və ya birlikdə yaşamağa başladığı dövrlərdən bu günə qədər özlərinin tətbiq etdikləri bəzi norma və davranışlara riayət etmək ehtiyacını hiss etmişlər. Bu baxımdan getdikcə normalar davranış qaydalarına çevrilmişdir.

Norma dedikdə, müəyyən nəticə və ya marağa nail olmağa yönələn pozitiv, ictimai-faydalı ölçü başa düşülür. Buna görə də sosial normalar hər cür deyil, yalnız ən tipik və kütləvi münasibətləri tənzimləyirlər. Bu baxımdan  situativ olaraq   bəzi normalar stereotiplər olaraq münasibət yaradır. Normalar ifadə edilmə şəklinə görə, “rəsmi” "qeyri-rəsmi" olmaqla iki yerə ayrılır və insanlar hər iki norma qruplarına riayət etməyə məsul və məcburdurlar.

 

Rəsmi normalar şifahi və ya yazılı şəkildə ifadə olunan qaydalardır. Rəsmi və yazılı ifadə edilənlər "qanun" kimi xarakterizə olunur. Rəsmi normalar sərhədləri dəqiq müəyyən edilmiş hərəkətləri qadağan edir və ya onların istifadəsinə hüquq verir. Rəsmi normalar - qanun, əsasnamə, nizamnamə, direktiv, şura qərarı kimi  rəsmi və yazılı qaydalardır. Bu normalarla əlaqəli cəzalar və mükafatlar əvvəlcədən müəyyən edilmişdir.

 

Qeyri-rəsmi normalar isə fərdlər  arasında qarşılıqlı təsirdən yaranan, şifahi və ya yazılı şəkildə ifadə edilmədən münasibətlərin özündə olan davranış qaydalarıdır. Bu normalar yazılmamış normalardır. Bu cür normalar üzrə mükafatlar və cəzalar açıq şəkildə göstərilmir. Qeyri-rəsmi normaların pozulması nəticəsində fərdlər qınaq, lağ etmə, kənarlaşdırma və ya təhqir kimi ictimai təsir vasitələri ilə üzləşə bilərlər.

 

Keçmişdən bu günümuzə sistemləşən sosial normalar, adət və ənənələr

 

Sosial normalar insanları bəzi mənasız stereotiplər çərçivəsinə salmaq əvəzinə, daha çox fərdi cəmiyyətlə ahəngdar davranışlara məcbur edən, cəmiyyət daxilində insan münasibətlərini tənzimləyən, balanslaşdıran və nəzarətdə saxlayan xüsusiyyətlərə malikdir. Bu vəzifələrin yerinə yetirilməsində din, qanun, əxlaq normaları və sosial normalar bir-birinə təsir göstərir. Cəmiyyətdə sosial nəzarəti təmin etmək, tənzimləmək və qorumaq funksiyalarını yerinə yetirən sosial normaların tərifində müştərək xüsusiyyət kimi uzun müddət riayət edilmələri və davranış qəlibinə çevirmələri, fərdin cəmiyyətdəki digər fərdlərlə münasibətlərini tənzimləmək və sanksiya gücü diqqəti cəlb edir.

Ənənələr bir millətin hamısına aiddir. Sosial normalar daxilində ənənələr skeleti xatırladır.  Adət, ənənə anlayışları çox vaxt bir-biri ilə və mədəniyyətlə sinonim kimi istifadə olunur.

Ənənə anlayışı ümumiyyətlə müasirliyin ziddi kimi istifadə olunur. Bu düşüncəyə görə, "ənənəvi olan keçmişə aiddir və keçmişin qalığı hesab olunur. Əslində ənənə kimi adlandırılan inanc və təcrübələr mövcudluğunu müasir təzahürlərlə bir yerdə davam etdirir.

 

Sosial normalar həyatda və praktikada faktiki olaraq öz təsdiqini tapmış real hərəkətlərin özü deməkdir. Bu halda gerçək hərəkətlər qaydaya çevrilir. Sosial normalar sadəcə olaraq arzu olunan davranışın mücərrəd qaydaları deyildir. Başqa sözlə, sosial normalar ancaq “lazım olanı deyil, həm də mövcud olanı ifadə edirlər”.

Cəmiyyətdə insanın davranışını tənzimləyən sosial normalar əxlaq, dəb, davranış, adət-ənənə, gələnək şəklində sadalana bilər. Xalq yaradıcılığının  mahiyyətini təşkil edən bu anlayışları müəyyən təriflər və sərhədlərlə bir-birindən ayırmaq çox çətindir. Həmçinin, bu anlayışlar gündəlik istifadədə də çox vaxt bir-birini əvəz edir. Bununla birlikdə sosial normaları istər xüsusiyyətləri, istərsə də funksiyaları baxımından müəyyən cəhətləri ilə bir-birindən fərqləndirərək izah etmək mümkündür.

 

“Divani Lüğəti-it-Türk”[1]-də sosial normaların “törə” və “adət” anlayışları ilə izahına təsadüf edilir. “Törə”-nin ərəb dilindən tərcümədə “rəsm” sözü ilə izah edildiyi, “rəsm” sözünün bir neçə mənasından xüsusilə “üsul, qayda, tənzimləmə” mənalarına üstünlük verildiyi müşahidə olunur. Mahmud Kaşğari tərəfindən sinonim kimi qəbul edilən “adət” və “ögreyük” sözləri isə “əvvəlki nəsillərdən ötürülmüş qəlibləşmiş davranışlar” mənasında işlənir. Hər ikisi də sosial norma kimi qəbul edilsə də, “törə (rəsm)” və “adət” (ögreyük)” anlayışları arasında nəzərəçarpan fərqin olduğu görünür. “Törə” dövlətlə, ölkənin idarə olunması ilə əlaqədar olmayan müxtəlif tənzimləmələri özündə cəmləşdirir və sanksiya gücü olduqca çoxdur. “Adət” (ögreyük) isə “bəzi qəlibləşmiş davranışlar” mənasında işlənir və sanksiya gücü “törə” qədər çox deyil. Mahmud Kaşğari öz dövrünün ictimai həyatından seçdiyi inanc və təcrübələri izah edərkən istifadə etdiyi anlayışlar bunlar arasındakı fərqi göstərir. Məsələn, “xaqandan iki pillə aşağı olanlara ad vermək” “rəsm” - yəni, “törə” adlandırıldığı halda, “ölüyə görə ehsan  verilməsi” “adət” sözü ilə ifadə olunur. Bunlardan birincisində qanuni və bürokratik zərurət ön plana çıxdığı halda, digərində “inanc aspektində olan qəlibləşmiş davranış” xüsusiyyəti vurğulanır.[2]

 

Məna etibarilə adət: Mənbələrdə “görənək, cəmiyyət daxilində keçmişdən bu günə qədər əməl edilən qayda, ənənə”, “görənək, üsul, xarakter, vərdiş”, “müəyyən icmada, cəmiyyətdə eyni şəkildə davam edən davranış, riayət edilməsi lazım gələn davranış norması, görənək, törə”[3] şəklində açıqlanmış adət cəmiyyətin nəzərində hamılıqla qəbul edilmiş, keçmişdən bu günə qədər təkararlanıb özünə yer tutmuş təcrübə mənasında istifadə olunur. Verilən təriflərdən də məlum olduğu kimi adətin xarakteristikasını “vərdiş şəklini alan bəzi davranışların tədricən qəlibləşməsi” təşkil edir. Bu qəlibləşmiş davranışlar və vərdişlər adət və ənənə “etmək və ya çəkinmək məcburiyyəti” əvəzinə adətdə “edilməli və ya edilməməli” xarakteri alır. Adətlər eynilə ənənələr kimi, bir çox ictimai məzmunlu münasibətləri tənzimləyir, idarə edir və nəzarət edir. İctimai həyatın nizamlı axarında, qaydaların tətbiqində adətlər effektli olur. Məsələn, qarşılama və yola salmalar, yemək və süfrə tərtibatı, qız istəmək, nişanlı olmaq və evlənmək qaydaları, salamlaşma, kef-əhvalı soruşmaq, bayramlar, əlamətdar günlərlə əlaqədar davranış formaları kimi hallarda deyiləcək sözlər, özünü aparmaq və mövqe nümayişi adətlərə daxildir.

 

Bayramlarda ziyarət etmək, rəsmi yığıncaqlara kostyum geyinib getmək, toy etmək, əsgərliyə gedən gənci təntənəli şəkildə yola salmaq, yola çıxanın arxasınca su tökmək geniş yayılmış adətlərdir. Adətlər gündəlik həyatımızdakı davranışlarımıza vərdiş halına gəlmiş və cəmiyyət tərəfindən uyğun hesab olunan formaların tətbiqindən ibarətdir. Adətlərə zidd hərəkət edildikdə, bunu edən şəxsə qarşı hörmət münasibəti azalır və ya edilmir. Adətləri pozan şəxsin davranışı, cəmiyyət daxilində müəyyən qrupla birləşdirən telləri saymamaq, hörmətsizlik kimi qiymətləndirilir. Adətdə sanksiya; “Edilməlidir, edilməməlidir; əməl olunmalıdır, olunmamalıdır" səviyyəsində olur.[4]

 

Ümumiləşdirmə etsək, adət və ənənə normaları insanın  üzvü olduğu müəyyən ictimai mühit tərəfindən qoyulan və insan davranışlarını tənzimləyən xəbərdarlıq, qınaq, kənarlaşdırma kimi sanksiyaları ola biləcək əmr və qadağalardır. Adət və ənənə normaları dörd xüsusiyyətə malikdir:

 

1. Adət və ənənə normalarına mahiyyəti baxımından hüquq, din və əxlaq normaları  kimi əmr və qadağalar da daxildir. Bu baxımdan hüquq normaları ilə adət və ənənə normaları arasında heç bir fərq yoxdur.

2. Adət və ənənə normaları da hüquq   normaları kimi insanın davranışlarını  tənzimləməklə əlaqədardır. Yəni adət və ənənə normalarının obyekti insanlardır.

3. Adət və ənənə normalarının qoruyucusu müəyyən sosial mühitdir. Bu qaydalar uzun müddət ərzində daim təkrarlanan davranışların məcburi olması məntiqi ilə formalaşır. Başqa sözlə hüquq normaları dövlətin səlahiyyətli orqanları tərəfindən formalaşdırıldığı halda, Adət və ənənə normaları cəmiyyətin özü tərəfindən formalaşdırılır. Ölkədə qəbul olunmuş adət və ənənələrə gəldikdə, bu normaları formalaşdıran sosial mühit bütün ölkə vətəndaşlarıdır. Lakin, ölkəmizin müəyyən bölgələrində təsirli olan “qız qaçırma” kimi regional səviyyədə isə həmin adət və ənənənin qoruyucusu o bölgənin öz əhalisidir.

4. Adət və ənənə normalarının sanksiyası utandırma, qınama, kənarlaşdırma, döymə və hətta ölümlə cəzalandırma kimi müxtəlif tədbirlər ola bilər.

 

Əxlaqın tərkib hissəsi kimi adət və ənənə

 

Adət və ənənə ilə əxlaq arasında möhkəm qarşılıqlı əlaqə vardır. Daha doğrusu, hər bir ənənə müəyyən əxlaqi məna daşıyır, həmin adətləri yetirməmək, onları qoruyub saxlamağı bacarmamaq ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında zidiyyətin meydana gəlməsinə səbəb olur. Əxlaqi adət və ənənələr, qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamaş ünsiyyət qanunları kimi fəaliyyət göstərir.

 

Adət və ənənələr insan təbiətinin çatışmazlığını aradan qaldırmaq kimi son dərəcə vacib  funksiyaya malikdir. İnstinktlər uyğunlaşdırma funksiyasına malik  olduğu kimi, adət və ənənələr də eyni qayda ilə insanın uyğunlaşmasını təmin etmək kimi funksiyaya malikdir. Adət və ənənələrin insanları cəmiyyət şəklində yaşatmaq üçün formalaşan "sosial yaradıcılıq"  olaraq da dəyərləndirlir.

 

Şübhəsiz ki, dünyanın hər tərəfində adət və ənənələrin gözlənilməyən köklü tədbirlərlə ləğvindən bəhs edilə bilməz, lakin demokratiya üsul-idarəsi bərqarar olmuş ölkələrdə müasir həyat tərzinin təzyiqi nəticəsində yaranan qopma hallarına təsadüf edilir. Bu ölkələrdə adət və ənənələrin yeni nəsillərə ötürülməsi və onların əxz edilməsi getdikcə çətinləşir. Bu günün nəsilləri ictimai həyat normalarını, qohumluq əlaqələri ilə bağlı  olduqları şəxslərdən (ana, ata, müəllim və s.) daha çox kitab, internet, tv, sosial şəbəkələr və s. kimi qeyri-şəxsi mənbələrdən və ya şəxsən münasibətdə olmadıqları mənbələrdən öyrənirlər. Özlərinə verilən məlumatı və ya əmr xarakterli göstərişləri ağıl meyarlarına görə qiymətləndirirlər. Belə olan halda əvvəlki nəsillərin böyük hörmətlə tabe olduqları bir çox adət və ənənələr mənasız qayda və hətta məhdudlaşdırıcı əlaqə yığınından ibarət olur. Onların bəzi etirazları haqlı ola bilər, çünki cəmiyyətin bəzən heç bir dəyəri olmayan bəzi ictimai normaları ehkamlaşdırdığı, onları  xurafat şəklində davam etdirdiyi zaman-zaman müşahidə olunan faktdır. Lakin bunlara qarşı olmağın, əmr vermək yolu ilə, qadağalarla doğru olmadığını  dövrün nəslinə (gənclərə) izah etməyin nə qədər çətin olduğu məlumdur. Bəzən aşkar şəkildə mənasız görünən məsələlərin çox vacib və faydalı simvolik funksiya daşımasını isə hətta gənclik dövrünü çoxdan geridə qoymuş insanlara da izah etmək mümkün olmur.

 

Adət və ənənələrin cəmiyyətin birbaşa və dolayı təzyiqi altında mənimsənilməsi də onlara şübhə ilə baxılmasında vacib amil olur. Biz anadan olduqda, cəmiyyətdə artıq formalaşmış bir çox adət və ənənələrin olduğunu hamımız bilirik. Xüsusilə, erkən yaşlarda onlara tənqidi yanaşmağımız mümkün deyil. Buna görə də  bəziləri adət və ənənələrin qəbul edilməsini "kor-koranə iman" hesab edirlər, "hamı inandığı kimi, biz də inanırıq" deyirlər.

 

Başqalarının inanması, bizim inanmağımız üçün çox güclü səbəbdir. Lakin bir şeyi başqaları ilə birlikdə qəbul etməyimiz onun absurd və əsassız olduğunu göstərmir. Bizim nəinki inanclarımız, biliklərimizin çoxu da bu qəbildəndir. Hamı dünyanın kürəşəkilli olduğuna inandığı üçün biz də inanırıq, hamı Aya ayaq basıldığına inandığı üçün biz də inanırıq. Deyək ki, dünyanın kürəşəkilli olduğuna dair inancın hər kəs üçün ağlabatan sübutları var. Sübut etmək mümkündür, yəni insanlar bunu kor-koranə qəbul etmirlər. Lakin insanların adət və ənənələri kor-koranə qəbul etdiyini necə iddia edə bilərik? Maraqlıdır insan bunları qəbul və ya tətbiq edəndə, onlarda heç bir məntiqi cəhət, heç bir funksiya, dəyər görməyib?

 

Bu məsələnin müzakirəsi heç də sosioloq və psixoloqlar üçün yeni mövzu deyil. Psixologiyada əvvəlki əhəmiyyətini itirmiş və ya heç olmasa, əhəmiyyətli dərəcədə dəyişmiş “davranış psixologiyası məktəbi” (Behaviorizm) mövcuddur.[5] Bu məktəbin qurucuları və tərəfdarları heyvan davranışı ilə insan davranışı arasında nəsildən-nəslə ötürülməni gördükləri kimi hər iki növün davranışlarını "cəza və ya mükafat vasitəsilə gücləndirməyə"  əsaslanan öyrənmə hadisəsi kimi görürlər. Sadə dillə desək, müəyyən hərəkəti etdikdə, bunun sonunda bizə xoş olacaq bir vəziyyət olarsa, bu hərəkəti təkrarlamaq ehtimalı artır. Eyni hərəkətin sonunda cəzalandırılmağımız (hər hansı bir şəkildə əziyyət və ya məşəqqət çəkməyimiz, zərər görməyimiz) isə hərəkətin təkrarlanma ehtimalını azaldır və ya sıfır səviyyəsinə endirir. Əlini yanan sobaya yaxınlaşdıran və ona toxunan uşağın əli yandıqda, eyni hərəkəti bir daha etmək ehtimalı azalır, bəlkə də bir neçə dəfə də eyni halla qarşılaşarsa, artıq  oda yaxın getməməyi öyrənər. Ümumiləşdirilmiş şəkildə qeyd etsək deyə bilərik ki, vərdişlərimiz bu şəkildə formalaşıb inkişaf edir. Sonra bu vərdişlər sosial ehtiyaclara cavab verdikdə bütün cəmiyyətə aid olur, yəni adət və ənənə şəklini alır.

 

Belə adət və ənənə nəzəriyyəsinin tipik  nümunəsi kimi William Graham Sumnerin “Folkways”[6] əsərindəki izahlarını göstərmək olar. W. Sumner tələbatın adət və ənənələrin yaranmasında əsas motiv olduğunu qeyd edir. İnsan tələbatlarını ödəmək üçün müxtəlif yollar axtararkən, bunlardan bəzilərinin tələbatları ödəmək üçün daha uyğun olduğunu görür və onlara institusional xarakter verir. Başqa sözlə cəmiyyətə aid edir. Müəyyən cəmiyyətdə yaşayan insanlar həmişə eyni tələbatlar və həll yolları ilə qarşılaşdıqları üçün fərdi vərdişlər geniş yayılır və  cəmiyyətin ortaq dəyərinə çevrilir. Sonrakı nəsillər isə bunları “təlqin” və “təqlid” yolu ilə öyrənirlər və ya cəmiyyətin səlahiyyətliləri elə istədikləri üçün adət və ənənəyə uyğun hərəkət edilir.

 

Diqqətlə baxıldıqda, istər təlqin, istərsə də təqlid və məcburetmə (səlahiyyətli şəxsin  təzyiqi) metodlarından heç biri “rasional" deyil, yəni insanlar öz cəmiyyətlərində adət və ənənələri analiz etmədən öyrənir və mənimsəyirlər. Rasional öyrənmə olmadığı üçün başa düşmə amilindən də bəhs edilə bilməz. Düzgün olan cəhət adət və ənənələrə uyğun olan cəhətdir, səhv olan isə onlara uyğun olmayandır. Bu yanaşma ilk baxışdan çox rasional təsir bağışlayır, xüsusilə də fərqli mədəniyyətlərdə fərqli normalara təsadüf etməyimiz bu şəkildə asanlıqla izah edilə bilər. Göründüyü kimi adət və ənənələr heç bir əsası olmayan, kor-koranə, mexaniki davranışlar deyil. Bunları eyni vəziyyətdə fərqli davranış kimi görmək doğru olmazdı. Əslində, eyni vəziyyətlərdə hər mədəniyyət bir-birinə çox oxşayan davranışlar formalaşdırır.

 

Belə olan halda bəzi adət və ənənələri əsassız hesab etmək kimi hamısının eyni problemi olduğunu iddia etmək doğru deyil. Biliyimiz artdıqca, öyrəndiyimiz adət və ənənələr bizi həyata daha yaxşı uyğunlaşdıracaq mahiyyət kəsb edir. Biliyimizin artması sayəsində adət və ənənələri həddindən artıq dar empirik qəliblər daxilində qiymətləndirmək yanlışlığından xilas oluruq.

 

Adət və ənənələrin hüquqi normalara çevrilməsi

 

Sosial normaların bütün növlərinin qarşılıqlı əlaqəsinin, spesifikliyinin aşkar edilməsi hüquq elmi üçün prioritet maraq doğuran hüquq, adət, ənənə və əxlaqın qarşılıqlı əlaqəsi baxımından cox vacibdir. Bu baxımdan nəzərə alsaq ki, hüquq həm də sosial hadisədir onda hüquq və əxlaq normalarının qarşılıqlı əlaqəsini izah etməzdən öncə onların xarakterik xüsusiyyətləri, mahiyyəti və spesifikləri üzərində qısa da olsa diqqət yönəldək.

 

Adət normaları hüquqla oxşar keyfiyyətlərə malikdirlər. Əxlaq normaları kimi, onların da tənzim etdikləri hərəkətlər insanların mənəvi həyatı ilə sıx bağlıdır. Bundan başqa, adət normaları sosial psixologiya sferasına daxildirlər və bu normalar məhz sosial psixologiya vasitəsilə fərdi şüura daxil olurlar. Adət normalarının insanların davranış praktikasına və sosial münasibətlər sisteminin bilavasitə özünə daxil olması da məhz bundan irəli gəlir.

 

Eyni zamanda, hüquq normaları kimi bir çox adət normaları da digər sosial normaların forması ola bilərlər. Adət normalarının sərbəstlik təyinatı həmin normaların faktiki münasibətlərdə hansı dərəcədə mövcud olmaları ilə müəyyən edilir. Bu baxımdan mahiyyət etibarilə bu və ya digər davranış qaydaları vərdişə çevrilərək adət cəhətləri əldə etdikləri zaman istənilən münasibətlər adətlər qismində çıxış edə bilər.

Beləliklə, adət normaları ictimai tənzimetmə sistemində xüsusi missiya yerinə yetirirlər. Belə ki, onlar sosial psixologiya və fərdi psixologiya sferasına daxil olaraq, digər sosial normaların qüvvəsini möhkəmləndirir, onları vərdişə, ənənəyə və adi normalara çevirirlər.

Hüquq və adət normalarının xüsusiyyətlərini tənzimləyən məlum oxşarlıq quldarlıq və feodal cəmiyyətləri şəraitində hüquq sistemlərinin formalaşmasının qanunauyğun xarakterinə inandırıcı izah verir. Bu vaxt hüquqi strukturların birbaşa adətlərdən irəli gələrək dəyişməsi, yetişməsi tarixi faktın hər yerdə təkrarlanması qismində təsbit edilmişdir.

 

Bu gün, əsasən hüquq normalarının cəmiyyətdə mövcud olan adətlərə “münasibəti” qisminə nəzər yetirilərsə bir qayda olaraq, hüququn və adətlərin bir-birinə qarşılıqlı təsiri aydın olur. Hüquq normalarının adətlərə “münasibəti” aşağıdakı üç istiqamətdə qeyd oluna bilər:

 

1) hüquq normaları həm dövlət, həm də cəmiyyət nöqteyi-nəzərindən faydalı olan adətləri dəstəkləyir, onlar  üçün şərait yaradır;

2) hüquq normaları cəmiyyət nöqteyi-nəzərindən zərərli olan adətlərin məhdudlaşdırılmasına xidmət edir;

3) hüquq normaları fərdlər arasındakı qarşılıqlı münasibətlərdə, insanların ailə-məişət davranışlarında mövcud olan adətlərə laqeyddir-(təsir gücü yoxdur və ya azdır və  və ya zəifdir).

 

Adət və ya ənənə məcburi və qaçınılmaz sanksiyalarla dəstəklənirsə, hüquqi normalar yaranır. Ənənələr, ümumiyyətlə, həmin cəmiyyətdəki hüquq sisteminin bir hissəsini təşkil edir, yəni adət və ənənlərin pozulması qanunların pozulması mənasına gəlir və dövlət orqanlarının müdaxiləsinə səbəb olur. Onsuz da qanunların bir çoxu, hamısı deyil, ənənlərdən götürülmüşdür. Ənənələr dövlətin sanksiya gücü tətbiq olunmaqla qanun şəklinə salınmışdır.

 

Hər bir cəmiyyətdə qarşı çıxılması qəti şəkildə qadağan edilmiş və sanksiyaları gücdən istifadə etməklə də  tətbiq oluna bilən və  rasional şəkildə təşkil olunan normalar, hüquq normaları kimi xarakterizə edilmişdir. Cəmiyyət, səbəb və nəticələrini dərk edərək hüquq normalarını yaradır, tətbiq edir və ya ləğv edir. Müasir cəmiyyətlərdə adət və ənənələrin təcrübədə güclü sanksiyalarla  dəstəklənməməsi və ictimai nizamın qorunmasındakı zəifliyi hüquq normalarının əhəmiyyətini və çəkisini artırmışdır. Bundan əlavə, müxtəlif qrupların, siniflərin və azlıqların müxtəlif adət və ənənələrə malik olmaları milli səviyyədə cəmiyyəti bütünlüklə əhatə edən qurumların eyni və rasional qaydalarla idarə olunmasını zəruri edir. Hüquq normalarının get-gedə əhəmiyyət kəsb etməsinə baxmayaraq, adət və ənənələrlə yazılı hüquq arasında ziddiyyətlər və mübahisələr müşahidə edilir. Fərdlərin hüquq mühafizə orqanlarının xoş məramına güvənmələri və ya başqa yolla hüquq normalarının sanksiya gücünə hədəf olmamağı bacara bildiyi hallarda, ümumən adət və ənənələri əməl etməyə üstünlük vermələri müşahidə olunur.

 

Hüquqi dövlətin başlıca məqsədi qanunun aliliyini təmin etməklə, cəmiyyət üzvlərindən qanunlara, insan hüquq və azadlıqlarına yeni münasibət tələb etməkdən ibarətdir.[7]

Hüququn meydana gəlməsi insanlar arasındakı münasibətlərdə baş vermiş köklü dəyişikliklərin göstəricisidir. Belə münasibətlər cəmiyyətlə fərd arasında əlaqələrin tənzimlənməsini xarakterizə edir.

 

Hüquq sosial normalar sistemində digər normlarla genetik, funksional, sistemli və s. baxımdan çoxcəhətli əlaqədə olan mürəkkəb fenomendir. Bu əlaqə özünü müxtəlif qarşılıqlı asılılıqda əks etdirir. “Hüquqi dövlət hakimiyyəti müəyyənləşdirilmiş və sanksiyalaşmış normaların, qaydaların sistemi şəklində tərtib edilir”.[8] Həmin əlaqə cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, siyasi-mədəni, dini-mədəni, hüquq-qanunvericilik sistemindən, sosial normaların bu və ya digər növlərinin differensiasiyasından, bu normalar arasında mövcud üzvi bağlılıq dərəcəsindən asılı olaraq müəyyən edilir.

Hüquq dedikdə, həm də cəmiyyətin dövlət iradəsini, onun ümumbəşəri və sinfi xarakterini həyatın iqtisadi, mənəvi və digər şərtləri ilə şərtləndirən, dövlət tərəfindən bəlli formalarda müəyyən edilən və sanksiyalaşdırılan, pozuntulardan mühafizə olunan, tərbiyə və məcburiyyət tədbirləri ilə yanaşı dövlət məcburiyyətilə təmin edilən ümumməcburi, formal-müəyyən normaların sistemi, ictimai münasibətlərin dövlət tənzimləyicisi başa düşülür.

 

 

Göründüyü kimi, hüquq normalarının həyata keçirilməsi məcburi xarakter daşıyır və hüququn realizəsində dövlətin məcburiyyət tədbirindən istifadə olunur. Ona görə də hüquq normaları pozulduqda dövlət  buna uyğun özünün məcburiyyət tədbirlərini tətbiq edir.

 

Sosial normalar kontekstində hüquqla qarşılıqlı münasibətdə əxlaqın mahiyyəti və spesifikliyi

 

Hüququn təşəkkül tapması ilə bağlı hansı konsepsiyanın irəli sürülüb-sürülməməsindən asılı olmayaraq, sosial tənzimləyici olaraq ədət, ənənə və əxlaqın daha erkən yarandığını inkar etmək mümkün deyil. Hüququn hələ meydana gəlmədiyi dövrdə əxlaq minilliklər ərzində ictimai münasibətlərin tənzimləyicisi, onun strukturlaşdırılmasının əsas aləti olmuşdur.

Yuxarıda qeyd edildiyi kimi digər normalar kimi əxlaq normaları və prinsipləri də cəmiyyətin müxtəlif təbəqə və qruplarında müəyyən sosial şərtlərin təsiri altında yaranır, sonra isə subyektlərin daha geniş dairəsi arasında yayılırlar. “Əxlaq ictimai şüur formalarından biridir”.[9] O, cəmiyyətin mənəvi həyatının əsasını təşkil edir. Əxlaq haqq-ədalət, insanın şərəf və ləyaqəti, namus və vicdan, yaxşı və pis, xeyir və şər haqqında baxışların, həmin baxışlara müvafiq surətdə cəmiyyət tərəfindən müəyyən edilmiş davranış, rəftar qaydalarının məcmusudur.[10] Bu baxımdan əxlaqın təşəkkül tapma tarixi hüququn yaranması tarixindən daha çox qədimdir.

 

Hüquqdan fərqli olaraq əxlaq, fərdin davranışına daha tələbkar yanaşır. Əlbətdə ki, hüquq insanı hər zaman və hər yerdə vicdanlı, səmimi olmağa məcbur etmək iqtidarında olmadığına görə insanı qanunun göstərişi ilə intizamlı etməkdə çətindir. Əxlaq isə, insanı buna sövq edə bilir.

 

Cəmiyyət böyüdükcə, mürəkkəbləşdikcə fərdlər arasındakı münasibətlər zəifləyir və insanlar bir-birinə müəyyən modellərlə(mən-yaxınlarım, mən-onlar, mən-özgələri...) müraciət etmək məcburiyyətində qalır. Belə məqamda əxlaq insanlar arasındakı münasibətlərlə bağlı məsələni həlledilməz saxlayır çünki belə münasibətlər əxlaq üçün də yaddır. Buna görə də o, məsələni özünəməxsus tərzdə həll edir. Bu da öz növbəsində bəzən yeni münaqişələr doğurur, mövcud olanları isə daha da dərinləşdirir və ya çətinləşdirir. Deməli, insanlar arasındakı ziddiyyətli münasibətləri ancaq əxlaq deyil,  hüquq həll edə bilər. Əxlaqdan fərqli olaraq hüquq neytraldır və o, insanın daxili aləminə nüfuz etməyə iddialı deyil.  Hüquq ictimai münasibətlərin yalnız böyük olmayan sferasını tənzimləyir. İctimai həyatın bu sferasına aid münasibətlər adətən, onun xarici tərəfi ilə bağlı olur. Hüquq bu sferaya cəzalandırma və ya müdafiə etmə funksiyasını yerinə yetirməklə müdaxilə edə bilər. Zərər vurmamaq, fəal surətdə kömək etmək hüququn başlıca prinsipidir. Lakin bəzən gözlənilməzlik də özünü büruzə verir ki, bu prosesdə də əxlaq normaları məsələni özünəməxsus şəkildə həll etmişdir.

 

 

Cəmiyyətin sosiumu: Əxlaq yoxsa hüquq?

 

Sosial və mədəni  varlıq olan insan, müəyyən bir cəmiyyətin bir hissəsi kimi həyatını davam etdirir. Fərdin bir yerdə yaşamağa meylliliyi əlaqədar olduğu cəmiyyət və ya qrup daxilindəki münasibətlərini müəyyən sistem daxilində davam etdirməsi və bu sistemin daimiliyi üçün bəzi normalara riayət etməsini zəruri edir.

 

Başqa sözlə, sosial nizamın normal fəaliyyət göstərməsi sərhədləri və qaydaları müəyyənləşdirilmiş ümumi konsensusa və ya avtoritar bir anlayışa əsaslanır. Bu, insan təbiətinə xas zərurətdir və fərd yaşadığı cəmiyyətin bir hissəsinə çevrilir. İctimai nəzarətin diqqəti ən çox cəlb edən tərəfləri ümumi mənada sərhədləri qanunlarla müəyyənləşdirilmiş normalardır. Bundan əlavə, normalara əməl olunmasını təmin etmək və onu daimi hala gətirmək üçün qanunlardan başqa cəmiyyətlərin öz daxili dəyər mühakimələrinin məhsulu kimi, qəbul edə biləcəyimiz qeyri-rəsmi vasitələrinə də ehtiyac duyulur. Yuxarıdada qeyd edildiyi kimi bu normalar cəmiyyətin müəyyən etiqad formaları, əxlaq, adət-ənənə kimi öz yerini möhkəmlətmiş elementləri ilə izah olunur.

 

Hüquq və əxlaq təsir qüvvə sferalarına görə də bir-birindən fərqlənir. Əxlaq normalarının məkanı hüququn məkanına nisbətən genişdir və onların sərhədləri üst-üstə düşmür. Məlumdur ki, hüquq ictimai həyatın heç də bütününü deyil, yalnız mülkiyyət, hakimiyyət, idarəetmə, ədalət mühakiməsi kimi  ən mühüm sahələrini tənzimləyir. Bu prosesdə dostluq, müxtəlif münasibətlər, qarşılıqlı yardımlaşma, zövqlər, dəb, və s. kimi bir çox insani münasibətlər hüququn bir başa tənzimləmə sərhədlərindən kənarda qalır. Hüquq öz sərhədlərini keçərək, azad və könüllü şəxsi münasibətlərə müdaxilə edə bilmir. Belə insani münasibətlər sferasına əxlaq normaları nüfuz edir. Digər sosial normalar, adət-ənənələr, vərdişlər burada özünü göstərə bilər. Əlbəttə, əxlaq kimi geniş miqyaslı və dərin spektirli olmasa da  hüquq da, cəmiyyətin inkişafına təsir edir, insanlar arasında şəxsi qarşılıqlı münasibətlərin prinsipcə bütün növ və formaları onun qiymətləndirmə dairəsində olur.

 

Nəzərə almaq lazımdır ki, hüququn və əxlaqın təsir (qüvvə) sferaları yalnız qismən üst-üstə düşmür. Ən başlıcası isə onlar öz həcminə görə birbirini tamamlayırlar. Bu isə o deməkdir ki, ictimai münasibətlərin həlledici dairəsi həm hüququn, həm də əxlaqın tənzimetmə predmetini təşkil edir.

 

Hüquq və əxlaqın bir-birinə qarşılıqlı təsiri onların sosial və funksional qarşılıqlı fəaliyyətindən doğur. İctimai münasibətlərin tənzimlənməsində, cəmiyyətdə hüquq mədəniyyətinin və vətəndaşların hüquq düşüncəsinin formalaşmasında, hüquq və əxlaq bir-birini dəstəkləyir, cəmiyyətə və fərdə pozitiv təsir göstərilməsində eyni dərəcədə gərəkli rol oynayırlar.[11]

 

Məlumdur ki, hüquqazidd əməl, eyni zamanda da qeyri-əxlaqi hərəkət kimi qiymətləndirilir. Hüquq qanunlara əməl olunmasına nail olmaq istədiyi kimi, əxlaq da bu yönümdə özünəməxsus fəaliyyət göstərir və bu baxımdan hüquq da əxlaqa əsaslanır. Bu isə təəccüblü deyil, çünki, hazırda qüvvədə olan həm milli, həm də beynəlxalq qanunvericilik sənədlərinin demək olar ki, hər birində hüquq və əxlaq bir-birindən ayrılmaz halda müəyyən edilir.

 

Əlbəttə burada "hüquq və əxlaq arasında ziddiyyətlər nədir" sualı maraq yaradır. Əxlaqi və hüquqi tələblər heç də həmişə hər şeydə razılaşmaya malik olmurlar. Hüquq və əxlaq arasında ziddiyyətlərin səbəbləri onların spesifikliyindən də ibarətdir. Belə ki, onlar subyektlərin davranışının qiymətləndirilməsinə başqa-başqa mövqelərdən yanaşırlar. Onlar ictimai maraqları da qeyri-adekvat əks etdirirlər. Lakin bununla belə, hüquq və əxlaq antipodlar deyillər. Qeyd edilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, hüquq sosial normalar sistemində, hər şeydən əvvəl, ictimai münasibətlərin yeganə tənzimləyicisi qismində çıxış edir. İkincisi, hüquq son dərəcə unikal, yüksək əhəmiyyətli və nüfuzlu bir tənzimləyicidir, lakin o, normativ tənzimetmə sisteminin komponentlərindən biridir. Həmçinin, hüquq istisnasız olaraq bütün sosial normalara, ümumi təsir sxeminə malikdir və zəruri hallarda onun özü də digər sosial normaların təsirini hiss edir. Eyni zamanda  hüquq sosial normalar sisteminin özündə məcburiyyəti və sanksiyanı ehtiva edən komponentidir. Digər sosial normalar (məsələn, əxlaq normalarından, dini normalardan)  belə xüsusiyyətə malik deyillər. Həmçinin digər sosial normalardan fərqli olaraq, hüquq rəqabətə qarşı dözümsüzdür. Partikulturalizm prinsip etibarilə hüquq sistemi üçün qəbuledilməzdir. Məhz buna görə də hər hansı insan cəmiyyətində yalnız bir hüquq sistemi ola bilər.

 

 

Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələblərinə uyğun olaraq inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır, qanunlar qəbul edilir. Adət və ənənələr daima insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi olmuşdur. Çünki adət və ənənələr hər bir insan nəslinin yaratdığı əxlaqi, mənəvi cəhətləri qoruyub yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.

 

Hər bir adət, ənənə və mərasim kulturologiyanın çox funksiyalı formasını yaratmaqla şəxsi və ictimai məna qazanır. O, insanları cəmiyyətin mənəvi zənginlikləri ilə birləşdirir, nəsillərin tarixi təcrübəsini öyrədir. İctimai münasibətlərin iki tənzimləyicisi əxlaq və hüquq son dərəcə oxşar və fərqli cəhətlərə, qarşılıqlı təsir və ziddiyyətlərə malikdirlər. Hüquq adət və əxlaq normları tarixi meyarlarına görə bir-birindən fərqlənirlər. Əxlaq insan cəmiyyətində həmişə mövcud olub və olacaqdır. Hüquq isə yalnız sosial təkamülün müəyyən inkişaf pilləsində yaranmışdır.


İstifadə edilən mənbələr:

  1. William Graham Sumnerin "Folkways"https://archive.org/details/in.ernet.dli. 2015.238313/page/n41
  2. Рыбаков В. “Мораль и право – день чудесный”,1997
  3. Mahmud Kaşğari, “Divani Lüğəti-it-Türk” http://artkaspi.az/file/pic/xeber/2017-01/1485779291_mahmud_kashgarinin_divani_luget-it-turk_eserinde_etnonimler.pdf
  4. Güngör, E. Tarihte Türkler, (1990). İstanbul: Ötüken Yayınları.
  5. Böyük Larousse Lüğətı, 1992
  6. https://www.simplypsychology.org/behaviorism.html
  7. Azərbaycan Respublikasının Konstitusiyası http://www.e-qanun.az/framework/897
  8. Fəlsəfə Ensiklopediyası, 2014  http://anl.az/el/Kitab/2014/Azf-277881.pdf
  9. "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", Bakı,  1997,

 


[2] Güngör, E. Tarihte Türkler, (1990). İstanbul: Ötüken Yayınları.

[3] Böyük Larousse Lüğətı, 1992: s.98

[7] Azərbaycan Respublikasının Konstitusiyası http://www.e-qanun.az/framework/897

[8] Fəlsəfə Ensiklopediyası, 2014  http://anl.az/el/Kitab/2014/Azf-277881.pdf

[9] Fəlsəfə Ensiklopediyası, 2014  http://anl.az/el/Kitab/2014/Azf-277881.pdf

[10]"Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", Bakı,  1997, səh. 140-155

[11] Рыбаков В. Мораль и право – день чудесный, 1997

 

PAYLAŞ

Oxşarlar

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

27 May 2020

28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə Türk Dünyasında və Müsəlman Şərqdə Azərbaycan ilk Xalq Cü… ƏTRAFLI

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

23 May 2020

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının a… ƏTRAFLI

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

22 May 2020

Sovetlərdə bir çox səbəbdən dolayı ən uzun dönəm kimi xarakterizə edilən, dinə qarşı kəskin mübarizənin başlaması ilə yadda qalan bu d&… ƏTRAFLI