logo
AZ

Məqalələr

Prezident Ermənistanın gələcəyini təyin edir- İnformasiya siyasəti və...

avatar
Tural İsmayılov
2021-02-26

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, siyasi şərhçi və araşdırmalar müəllifidir.

Cənab Prezident 44 günlük Vətən Müharibəsi dövründə təkcə qətiyyətli ali baş komandan, güclü siyasi lider və strateq kimi deyil, eyni zamanda informasiya mübarizəsinin də əsas ideoloqu kimi yaddaşlarda qaldı. Ölkə başçısı İlham Əliyev həm də informasiya siyasətinin komandanıdır. Gərgin döyüşlər gedən dövrdə ölkə başçısı dayanmadan xarici medianın bütün suallarına cavablar verirdi. Bəzən qəsdli və məkrli şəkildə ünvanlanan dezinformasiya mahiyyətli sualları da cənab Prezident böyük siyasi ustalıqla cavablandırırdı. İlham Əliyev ölkəmizə qarşı ünvanlanan müəyyən dairələrin məqsədli feyk-nyus hücumlarında, haqsız informasiya təxribatlarında daim ön sırada Azərbaycan xalqının, dövlətinin və cəmiyyətinin maraqlarını müdafiə edib.

Bu baxımdan Qarabağ zəfərindən sonrakı dövrdə də cənab Prezident verdiyi müsahibələrdə önəmli mesajlar verərək dövlətin bundan sonrakı siyasi konturlarının da ictimaiyyətə məlum olmağında mühüm rol oynadı. Qeyd edim ki, ölkə başçısı təkcə beynəlxalq mediaya deyil, ölkə mediasına verdiyi müsahibələrdə də daim mühüm mesajlar verir.

 

Fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkə başçısı cəmiyyəti maraqlandıran bir sıra suallara aydınlıq gətirmişdi. Ötən ili dünya üçün acınacaqlı hala gətirən Koronavirus pandemiyası ilə mübarizədə ölkəmiz məhz ali baş komandanımız sayəsində dünyada ilk sıralarda yer aldı. ÜST və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın bu bəlayla mübarizədəki rolunu yüksək qiymətləndirdi. Cənab Prezidentin qərarları ilə ölkədə yeni xəstəxanalar tikildi, tez bir zamanda modul tipli xəstəxanaların açılışı edildi. Cənab Prezident AZTV-yə verdiyi müsahibədə qeyd etdi ki, Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq.

 

Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Çünki mən bəlkə də 100-dən çox, – bəlkə də daha çox, indi hamısını xatırlamıram, – xəstəxananın, tibb müəssisəsinin açılışında olarkən dəfələrlə bir məsələyə vətəndaşların diqqətini cəlb edirdim ki, mütləq hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll olundu və artıq bir neçə ildir ki, kütləvi surətdə müayinədənkeçmə prosesi gedir. Yenə də deyirəm, dövlət hesabına 5 milyon insanı – ölkə əhalisinin yarısını tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir. Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni, biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır.

 

Pandemiya hələ başlamamışdan əvvəl Azərbaycanda xəstəxanaların tikintisi başlamışdı. Ölkədəki siyasi kursun həm də proqnoz xarakterli olması və gələcəyin təməllərinin daim nəzarətə alınması uzaqgörən siyasətin bazisini təşkil edir. Cənab Prezident müsahibəsində bu məqama xüsusi toxunur. “Bu xəstəxananın açılışının pandemiya dövrünə təsadüf etməsi əlamətdar hadisədir. Amma təbii ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər başlamışdı və biz bu xəstəxanaların tikilməsi ilə özümüzü mümkün olan sürprizlərdən sığortalamalı idik. Çünki heç kimin ağlına gələ bilməzdi ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa xoşagəlməz hadisələr baş verə bilərdi. Ona görə bizim xəstəxana fondu buna hazır olmalı idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yəni, bu, çox böyük rəqəmdir.

 

Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək – insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu. Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır.”

 

Həmin müsahibədə ölkə başçısı ictimai rəyin əhəmiyyətini bir daha vurğuladı. Dövlət rəhbəri üçün ictimai rəyin nə qədər əhəmiyyətli olmağını xüsusi qeyd elədi. Xocalı soyqırımının anım ildönümündə ölkə başçısı yenidən informasiya sərkərdəsi kimi 35 dünya mediasının 50 sualını 4  saatdan artıq bir vaxtda cavablandırdı. Tədbirdə Prezidentin bütün suallara əhatəli və geniş kontekstdə cavablar verməyi konfransda iştirak edən jurnalistlərin də böyük marağına səbəb oldu.

 

Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavab verib.

 

Ölkə başçısı bir çox önəmli mətləblərə toxunub. Xüsusən minalanmış sahələrlə bağlı Ermənistanın törətdiyi cinayət bir daha bütün dünyanın gözü qarşısında ifşa edilib.

 

“Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib.

 

Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər”, -deyə dövlətimizin başçısı əlavə edib.

 

 

Prezident deyib ki, biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq: “Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz”.

 

Ermənistan dövlətinin son zamanlar öz vətəndaşlarından siyasi alver vasitəsi kimi istifadə etməyi də gündəmin manipulyasiyasına çevrilmişdi. Ölkə başçısı İlham Əliyev bu məsələdə də bütün şübhəli sualları yerində cavablandırdı

 

Bizdə olan məlumata görə, döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil.

 

Bu  haqda Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “Ukraina-24” telekanalının sualına cavabında bildirib.
 

Dövlətimizin başçısı hərbi əsirlərlə bağlı məsələyə aydınlıq gətirərək deyib: “Hərbi əməliyyatlar başa çatandan sonra biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə aldığımız məlumata görə, bu adamlar azıb mühasirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların azdıqlarını zənn edərək bir müddət sülhməramlı missiya ilə birlikdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışdılar. Lakin məlum oldu ki, bu belə deyilmiş. Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs –mobil operator şirkətinin nümayəndəsi həlak olub. Şuşa şəhərinə gedən həmin şəxs pusquya düşüb və bir neçə nəfər yaralanıb”.

 

Prezident qeyd edib ki, biz təbii olaraq əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. “Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

Cənab Prezident informasiya cəbhəsində ölkəmizə olan bütün hücumların qarşısını alan əsas simadır. Ali baş komandan həm də Ermənistanın gələcəyini təyin edir.

PAYLAŞ

Oxşarlar

Enerji sektorunun idxaldan ixraca gedən inkişaf yolu

Enerji sektorunun idxaldan ixraca gedən inkişaf yolu

21 Aprel 2021

19-cu əsrin 70-ci illərində Avropada sənaye inqilabının inkişafı bir çox ölkələrində olduğu kimi Azərbaycanda da iqtisadi sferada yeni formasiyan… ƏTRAFLI

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20 Aprel 2021

Texnokratik subsistemin ekspansiyası bürokratiya daxilində yeni məntiq və mədəniyyətin inkişafı anlamına gəlir. Bu subsistemin məntiqi kəskin effektivli… ƏTRAFLI

Elm və media? Karl Saqan nümunəsi və...

Elm və media? Karl Saqan nümunəsi və...

19 Aprel 2021

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq g… ƏTRAFLI