Məqalələr

Koronavirus bəlası: elm xilaskar rolunda və heç kəs milyonluq idmançıları axtarmır

avatar
İnqilab Şahbazov
2020-04-13

İngiltərənin Şeffild Universitetində sosiologiya ixtisası üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi ixtisası üzrə magistr təhsili almışdır. Tədqiqat sahələri ədliyyə sistemi, hüquq-mühafizə və sosial problemlərdir. ''Sosioloji nəzəriyyələr'', ''Tədqiqat metodları'' kitablarının və çoxsaylı məqalələrin müəllifidir.

Müasir tarixdə bənzəri görülməmiş vəziyyətə səbəb olan koronavirus pandemiyasının sosial, iqtisadi və elmi cəhətdən insanlıq üçün bizlərə çoxsaylı dərslər verir. Hazırda bütün bəşəriyyətin nəzərləri bir həftədə yüz min dollar və ya avrolar qazanan pop ulduzları, idmançılar, qaydasız döyüşçülər üzərində yox, alimlərdədir. O alimlər ki, əksəriyyəti görünməyən qəhrəmanlardır. O alimlər ki, bir çox hallarda insanlıq üçün qalıcı faydası az olan fəaliyyətlə astronomik qazanc əldə edənlərdən dəfələrlə az əməkhaqqı alır. Hər birimiz hər gün ''Covid-19-un dərmanı tapıldı'' başlıqlı xəbərləri gözləyirik. Yəqin ki, dini fanatiklərin bir qismi istisna olmaqla, hər bir insan da xilası dini fiqurlarda yox, ağ xalatlı və laboratoriyalarda çalışan tibb elminin işçilərində axtarır. Bəli, bəşəriyyət tarixində onu irəli aparan bütün hadisələrdə olduğu kimi, bu dəfə də elm öz var-gücü ilə insanlığın xilası üçün çalışır.

 

Subyektiv fikrimdir ki, gəlir bərabərsizliyinin dünyada ən yumşaq olduğu inkişaf etmiş dövlətlərdə belə gəlir bölgüsündə ciddi dərəcədə ədalətsizlik hökm sürür. Dünya üzrə elm adamlarının ən yüksək əməkhaqqı aldığı coğrafiyalar əsasən Qərb dövlətləri, uzaq şərq və İsrail olsa da, resursların müqayisəolunmaz dərəcədə hissəsi insanlıq üçün qalıcı fayda yaratmayan ulduzların əlində cəmləşir. 2019-cu ildə Amerika Basketbol Assosiasiyasında bir oyunçu üçün orta əməkhaqqı illik 13 milyon manatdan artıq olub. Analoji rəqəmlər futbol üzrə İngiltərə Premyer Liqası üçün 6.6 milyon manatdan, Barselonanın Argentinalı ulduzu Lionel Messi üçün isə 110 milyon manatdan artıqdır. Bəli, bu astronomik qazancın arxasında özəl şirkətlərin sponsorluqları, reklam gəlirləri və hər həftə əylənmək üçün oyuna tamaşa edənlərin biletləri dayanır. Bu gəliri barmaqla sayıla biləcək dərəcədə az sayda alim ömrünün sonuna kimi qazana bilər.

 

İndi nə oldu? Həmin şou-biznes və idman nümayəndələri barədə düşünən şəxsə çətin ki, rast gələrsiniz. Görünür, Karl Marksın ''din kütlələr üçün tiryəkdir'' prinsipini bəzi maraqlı qüvvələr idman və şou-biznes sektorlarında tətbiq edərək, ''idman və şou-biznes kütlələr üçün tiryəkdir'' ifadəsi ilə əvəz edirlər. Və görünür bu ''faydalı'' funksiyasına görədir ki, adıçəkilən sektorlar heç zaman maliyyə qıtlığı ilə üzləşməsə də, səhiyyə sistemlərində maliyyə çatışmazlığı tez-tez problemlərə, bəzən isə, kütləvi tətillərə səbəb olur.

 

Koronavirus pandemiyası bizlərin gözündə mükəmməl görünən idarəetmə sistemlərindəki səhiyyə sistemlərinin bir sıra çatışmazlıqlarını nümayiş etdirdi. Təbii ki, tarixdə birinci dəfə belə halla rastlaşan istənilən səhiyyə sisteminin böhranla üzləşməyi anlaşılandır. Amma, məsələn, Britaniya mətbuatında da yazıldığı kimi, son illər Milli Səhiyyə Sisteminin sistemik olaraq resurslarının azaldılması hazırkı böhranı daha da dərinləşdirir. Uzun illərdir ki, ABŞ-da icbari tibbi sığorta sisteminin olmaması ucbatından ABŞ-da da koronavirus pandemiyası ciddi fəsadlara səbəb olur.

 

Meydana çıxan bu bəla onu da göstərdi ki, milyonlarla insanı özünə cəlb edən dini xadimləri də gözlə görünməyən kiçik bir virusun qarşısında köməksiz vəziyyətə düşürlər. İstər həmin dini xadimlər, istərsə də onların izləyiciləri şəfanı laboratoriyalarda axtarırlar - o laboratoriyalar ki, bəzi din xadimləri üçün adi zamanlarda heç bir məna kəsb etmirdi.

 

Hesab edirəm ki, koronavirus pandemiyasını türkiyəli politoloq Erol Mütercimlerin dediyi kimi, növbəti inqilab adlandıra bilərik. Həyatımızın, dünya iqtisadiyyatının saysız-hesabsız cəhətləri dəyişəcək. Onsuzda böyüməkdə olan virtual dünya daha da genişlənərək, həyatımızın toxunmadığı hissələrini ağuşuna alacaq. Pandemiya onu da göstərdi ki, böyük vəsaitlərin xərcləndiyi konfranslar da onlayn müstəvidə həyata keçirilə bilərmiş.

 

Post- koronavirus cəmiyyətində elmin statusu necə dəyişəcək? Əminliklə demək olar ki, ən azı yaxın bir neçə ildə elmə olan diqqət və maddi dəstək pandemiyadan əvvəlki vəziyyətə nisbətdə daha yüksək olacaq - xüsusi olaraq da, tibb və ona yaxın elmlərə. Elmi biliklərin insanlara çatdırılması  üsullarında dəyişikliklər, zənnimcə, artıq başlayıb. Və bu dəyişikliklərin sürəti müəyyən zaman ərzində ən azı bu tempdə qalacaq. Lakin pandemiyanın yaşatdığı acı günlərin yaddaşlarda ömrünün nə qədər olacağını yəqinləşdirmək bir o qədər də asan olmaya bilər.

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI