Məqalələr

Kissingerin həyəcan təbili və post-Covid dünya düzəni

avatar
Sübhan Padarsoy
2020-04-19

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.

Koronavirusu Yeni Dünya Düzəni üçün bir təhdid hesab edən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinger  3 aprel tarixində “Wall Street Journal”-da yayımlanan məqaləsində prezident D.Trampı öz müttəfiqlərini birləşdirmək və böhran zamanı “Uncle Sam”-in xilasedici olduğunu inandırmaq üçün Marşall Planı kimi böyük bir addım atmağa  çağırır. 

 

“Marşall Planı” və “Manhetten Proyekti”ndən dərs çıxarmaqla ABŞ üç domendə mühüm addımlar atmağa məcburdur. Birincisi, infeksion xəstəliyə qarşı qlobal müqaviməti dəstəkləmək, ikincisi, dünya iqtisadiyyatına dəyən yaraları sağaltmağa çalışmaq və üçüncüsü, liberal dünya düzəninin prinsiplərini mühafizə etmək.

 

İnsan sağlamlığı üzərinə bu hücum müvəqqəti olacaq olsa da, onun səbəb olacağı siyasi və iqtisadi təlatümlər nəsillər boyu davam edə bilər. Sadəcə milli cəhdlər ilə heç bir dövlət, hətta ABŞ belə virusa qalib gələ bilməz. Mövcud situasiyanın doğurduğu zərurətlər qlobal kollaborativ dünyabaxışı və proqramı ilə icra edilməlidir. Əgər biz onları tandem şəkildə reallaşdıra bilməsək, ən pis nəticə ilə üzləşəcəyik”

 

Kissinger düşünür ki, Trampın “Öncə Amerika” ritorikası beynəlxalq münasibətlərin təməlini sarsıtmaqla ABŞ-ın hegemoniyasını zəiflətdi. Ona görə, Tramp administrasiyasının təcridçi (izolyasionist) siyasəti sürətlə Çinin doldurduğu liderlik boşluğunu yaratdı. Bu baxımdan Kissinger haqlıdır, çünki Çin dünyanın virusdan ən ağır zərbə dəyən ölkələrinə tibbi yardım heyətləri və ən həyati tibbi təchizat göndərərkən, ABŞ İran, Venesuela və Kuba üzərindəki sanksiyalarını daha da sərtləşdirmək ilə məşğul idi. Bu da əlbəttə, həmin ölkələrdə pandemiyaya yoluxan xəstələrin zəruri tibbi ehtiyaclarının qarşılanmasına əngəl olur.

 

Təbii olaraq Çinin humanitar yardımları geniş şəkildə alqışlanarkən, Vaşinqtonun davranışı təcavüzkar, cılız və qisasçı olaraq görüldü. Heç şübhə yoxdur ki, Tramp administrasiyası xüsusən də, hazırkı situasiyada Avropa müttəfiqlərinin sifariş etdikləri tibbi maska yüklü təyyarələrə əl qoymaqla və “logistik böhran” yaratmaqla əxlaqi perspektivdən iddia etdiyi yükək mövqeyi itirdi  və onu əzəli düşməni Çinə təslim etdi.

 

“İndi bölünmüş bir ölkədə qlobal miqyas və maqnitudası etibarilə misligörünməmiş kollapslara qalib gəlmək üçün zəruri olan səmərəli addımlar və uzaqgörənliyi ilə rasional hökumətdir. Ictimai inam sosial həmrəylik, cəmiyyətlərin bir-birilə münasibətləri, habelə beynəlxalq sülh və stabillik üçün həlledici əhəmiyyət daşıyır”.

 

Əlbəttə, Kissinger “ictimai inam” və “sosial həmrəylik”dən danışdığı zaman vurğulamaq istədiyi insanları hakimiyyətin əmrlərinə sorğu-sualsız tabe etdirəcək effektiv ictimai münasibətlər strategiyasının başladılmasıdır. Kissingerin leksikonunda həmrəylik qloballaşma, açıq sərhədlər və kapitalın azad axını kimi elitist layihələrə ictimai dəstək olaraq dar mənada başa düşülür.

 

“Millətlər öz institutlarının fəlakətləri öncədən görə bilmə, zərərləri minimallaşdırma və sabitliyi qoruya bilmələrinə olan inancları ilə inkşaf edir və çiçəklənir. COVİD-19 pandemiyası sona çatdığı zaman əksər dövlətlərin institutlarının yararsızlığı və uğursuzluğu ortaya çıxacaq. Bu mühakimənin obyektiv doğruluğu mübahisə edilə bilər, lakin reallıq odur ki, dünya bu pandemiyadan sonra eyni olmayacaq. Keçmişə müraciət etmək yalnız qarşıda nə edilməli olduğu haqqında təsəvvürləri çətinləşdirə bilər”

 

Buradan o aydın olur ki, Kissingerin həqiqətən narahat olduğu post-koronavirus dünya düzənidir. O, bu düzənin tamamilə başqa bir eranın - hökumətlərin gözlənilməz böhranlara, kəskin siyasi qütbləşmələrə və getdikcə böyüyən sosial zəminli təlatümlərə cavab verməli olacağı, o cümlədən Amerikanın daha içinə qapalı, təcridçi siyasət yürüdəcəyi bir eranın başlanacağını düşünür. Kissinger bütün bunların fərqindədir, lakin o gələcək üçün yeni dünyabaxışı irəli sürmək əvəzinə, xalqlar arasında maddi gəlir bərabərsizliklərini, bir-birini əvəzləyən iqtisadi-maliyyə böhranlarını, Orta Şərqdə getdikcə genişlənən və Şimali Afrikaya da sıçrayan siyasi qeyri-sabitliyi daha da kəskinləşdirən uğursuz bir sistemin əzilmiş qalıqlarına sadiqliyini qoruyur. Kissingerin qorumaq istədiyi dünya düzəni isteblişment elitaları tərəfindən idarə edilən “amerikanosentrik imperiumdur”. Onun təxəyyül etdiyi post-COVİD-19 dünyası yaşamaq üçün bu günün mövcud şərtlərindən daha təhlükəli və daha əlverişsiz olacaq.

 

“Dünya demokratiyalarının Maarifçilik dəyərlərini qorumağa və davam etdirməyə ehtiyacı var. Legitimlik ilə balanslaşdırıcı gücdən qlobal uzaqlaşma həm daxili, həm də beynəlxalq şəkildə sosial kontraktın dezinteqrasiyasına səbəb olacaq. Maarifçilik filosofları legitim dövlətin məqsədinin insanların təməl ehtiyaclarını təmin etmək olduğunu bildirirdi: təhlükəsizlik, düzən, iqtisadi rifah və ədalət. Fərdlər özbaşına bunları təmin edə bilməz. Pandemiya bir anaxronizmi – qlobal ticarət və insanların hərəkətindən asılı olan bir əsrdə divarlarla örülmüş bir şəhərin oyanışını təşviq edir”.

 

Burada da, yenə Kissingerin sevimli mövzusunu, “qlobal ticarət və insanların azad hərəkəti”, qloballaşma layihəsinin dağılan iki sütununu müşahidə edirik. Bu layihə işlərini, fabriklərini və gələcəyə olan ümidlərini itirən milyonlarla amerikalı tərəfindən eftanaziya edilməyi gözləyir. Amerika iqtisadiyyatı resessiya ilə səndələyərkən, bir həftə içində Uncle Sam-in qapısında qəzəblə 1200 dollar işsizlik yardımı üçün müraciət edən amerikalıların sayı 6.6 milyon artaraq 10 milyonu keçərkən, “Wall Street” analitikləri Amerikada işsizliyin 35 faizə çatacağından  və ölkə ÜDM-nin 30 faiz azalacağından bəhs edərkən, Kissinger “təhlükəsizlik, düzən, iqtisadi rifah və ədaləti” təmin etdiyinə inandığı şanlı Yeni Dünya Düzənini mədh etməyə davam edir. O, hətta çox yaxın olan katastrofadan yayınmaq üçün Tramp administrasiyasının əsaslı işlər gördüyünü bildirir.

 

ABŞ-ın qlobal təhlükəsizliyin etimadlı bələdçisi ola biləcəyini dünya göstərməsi üçün şansı və imkanları var idi, lakin o bunu əldən verdi. Kissingerin söylədikləri ABŞ-ın itirdiklərini geri qaytaracaq gücdə deyil.

 

Kissingerin liberal dünya düzəni üzərində zəfər əldə edilməli bir problemdir, mövcud problemə bir panaseya deyil. Dünya demokratiyaları və onların Maarifçilik dəyərləri artıq mövcud deyil. Bu dünya sonsuz müharibələr, ictimai fikrə nəzarət və manipulyasiya, hər bir perspektivdən müxalif fikirləri susdurmaq və liberalizmə inanmayanları eliminasiya etmək ilə səciyyələnə bilər. Onun utopik ideal dünyası dünya əhalisinin böyük əksəriyyəti üçün bir distopiyadır. 

PAYLAŞ

Oxşarlar

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

27 İyul 2020

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, re… ƏTRAFLI

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

27 İyul 2020

Dünyada qlobal imperializmin ən strateji dayaqlarının həyati təhlükəsizlik uğrunda epidemik cəbhələrdən asılılığının davam etdiyi vaxtda liderlik … ƏTRAFLI