Məqalələr

"Etnikliyə qayıdış" simptomu, yaxud "identikliklərin qarşıdurması"

avatar
Aqşin Məmmədov
2020-01-16

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.

ABŞ-ın keçmiş dövlət katibi K.Rays çıxışlarının birində bəyan etmişdi ki, XXI əsrdə öldürücü təhdidlər kiçik müharibələrdən və etnik münaqişələrdən irəli gəlir [9]. 2019-cu ilin oktyabr ayının ortalarında İspaniya Ali Məhkəməsinin 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendum keçirilməsinə görə muxtariyyətin keçmiş 9 rəsmi şəxsi barəsində 9-13 il həbs cəzası verməsi ilə regionda silsilə etiraz aksiyaları keçirildi. Nəticədə Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı azı 182 nəfər xəsarət aldı. Bu hadisə yenidən diqqəti Avropanın etnik palitrası, etnik muxratiyyətlər və burada zaman-zaman baş verən etnik münaqişələrə yönəltdi: Avropada nə baş verir və yaxud niyə baş verir? 

Avropada etnik münaqişələr: identikliklərin qarşıdurması 

 

 

Dünya qloballaşmanın ortaya qoyduğu böhran kontekstində XXI əsrə mürəkkəb etnik problemlərlə birgə qədəm qoyub. Kütləvi miqrasiya axınları nəticəsində milli identikliyin itməsi qorxusu və təhlükəsi ölkələri öz milli xüsusiyyətlərinin saxlanılmasının yeni üsullarını axtarmağa sövq edib.

 

Tarixi təcrübə göstərir ki, etnik münaqişələr bir qayda olaraq, maddi və mənəvi resursların bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizə olub [20] daima hakimiyyətin böhranı kontekstində baş verir. “Belə münaqişələr müxtəlif etnosların ayrı-ayrı nümayəndələri, sosial qruplar, habelə, iki və ya daha çox etnosun qarşıdurması kimi özünü büruzə verir” [4].

 

Etnik zəmində baş verən münaqişələri, adətən, "identikliklərin qarşıdurması" kimi də xarakterizə edirlər. Tədqiqatçıların fikrincə, etnik münaqişədə bir-birinə qarşı müxtəlif dünyagörüşünə, adət-ənənəyə, tarixi keçmişə, qan yaddaşına, psixologiya və özünüdərkə malik iki etnik qrup dayanır. Bununla yanaşı, onlar etiraf edirlər ki, təmiz etnik, dini, ərazi münaqişələrinə müasir dövrdə rast gəlinmir. İstənilən etnik münaqişənin gedişində etnik ziddiyyətlər siyasi, ərazi, dini problemlər və mübahisələrlə vəhdət təşkil edir [22].

 

Müasir dövrümüzdə etnik münaqişələrin əksəriyyəti yaşadığı dövlətin tərkibindən çıxmaq və həmin ərazidə öz dövlətini yaratmaq məqsədini qarşısına qoyan separatçı qüvvələr tərəfındən baş verir. Təcrübə göstərir ki, son illər dünyada yekun olaraq "antiseparatist konsensus" formalaşıb. Ölkələrin əksər çoxluğu öz razılıqları olmadan, milli azlıqların tərkibində olduğu dövlətdən ayrılması hüququnu tanımır. Bu isə о deməkdir ki, separatizm daxili silahlı toqquşmaların törədilməsi məqsədi kimi getdikcə öz cazibədarlığını itirir [21].

 

Rəsmi statistika "soyuq müharibə"nin süqutundan sonra Avrasiyada etnoərazi münaqişələrinin vüsət alması faktını təsdiqləyir. Belə ki, 1990-cı ildən başlayaraq, Avropada baş vermiş bütün nəhəng silahlı qarşıdurmalar ərazi problemləri ilə bağlı olmuşdur. 1994-cü ildə Yer kürəsində baş vermiş 31 iri münaqişədən 17-si ərazi münaqişəsindən yaranmışdır. Təkcə Sovet İttifaqının süqutu ərəfəsində SSRİ daxilində 76, bir ildən sonra isə 180 etnoərazi mübahisələri qeydə alınmış, 1996-cı ilədək onlardan 140-ı aktuallığını saxlamışdır. MDB-də etnoərazi ziddiyyətlərinin kökü sovet hökumətinin sərhədləri qayçılaması siyasətinə gedib çıxır. Respublikalar arasında sərhədlər 40 dəfədən artıq, muxtar respublikalar və vilayətlər arasında isə daha çox dəyişdirilmişdir [4]. Dünya Problemlərinin Tədqiqi  üzrə Stokholm Beynəlxalq İnstitutunun məlumatına görə isə, XX əsrin 90-cı illərinin ortalarında bütün planetdə hərbi münaqişələrin 70%-dən çoxu etnoslararası olub. Amerikalı konfliktoloqlar P.Vallensteyn və M.Sollenberqin araşdırmalarına görə, 1989-1994-cü illər ərzində qeydə alınmış 54 münaqişədən yalnız 4-ü ənənəvi dövlətlərarası münaqişə olmuş, bununla yanaşı, ikinci dərəcəli və orta səviyyəli münaqişələr əhəmiyyətli dərəcədə artmışdır. Digər bir mənbəyə əsasən, 1990-1999-cu illər ərzində dünyanın 80 ölkəsində qeydə alınmış 118 münaqişədən yalnız 10-u dövlətlərarası müharibə olmuş, qalanı isə daxili siyasi müharibələrin bu və ya digər formalarında təzahür etmişdir [19].

 

Avropada etnik münaqişələrin xarakteri

 

Avropa əhalisinin etnik tərkibinin müxtəlifliyi müntəzəm surətdə müxtəlif xalqlar arasında münasibətlərdə problem, ziddiyyət, gərginlik və münaqişələr doğurur. Bu münaqişələr bəzən sürəkli xarakter daşıyır və artıq bir neçə onillik və ya hətta yüzilliklər davam edir (Şimali İrlandiyada katolik irlandlarla olster protestantlar; Belçikada flamandlarla vallonlar arasındakı münaqişələr kimi). Yaxud bəzi münaqişələr 10-15 il sonra ağır nəticələrlə sona çatır (keçmiş Yuqoslaviya ərazisindəki münaqişələr kimi). Buna görə də sosial elmlər, xüsusilə sosial coğrafiya sahəsində etnik münaqişələr problemi tədqiqatların ən mühüm və aktual sahələrindən birinə çevrilib.

Elmi ədəbiyyatda etnik münaqişələrin təsnifatının bir neçə tipi mövcuddur. Onlardan bəziləri A.P.Sadoxinin "Etnologiya" kitabında verilib [22]. 

 

            Cədvəl  1. Avropadakı etnik münaqişələrin kompleks təsnifatı

 

Seperatizmin coğrafi tipləri

Münaqişə tərəflərinin hərəkət xarakterinə görə

Nəticələrinə görə

Dövlətlərin siyasi quruluşunda dəyişikliklərə səbəb olub

 

Dövlətlərin parçalanmasına gətirib çıxarıb

Qərbi Avropa

Qeyri-zorakılıq

Belçika, Kataloniya, Farer adaları, Şotlandiya

-

Qeyri-zorakılıq

Şimali İrlandiya, Basklar ölkəsi, Korsika

 

Şərqi Avropa

Qeyri-zorakılıq

-

Keçmiş Yuqoslaviya

 

Avropa dövlətlərinin siyasi quruluşunun tədricən dəyişməsinə gətirib çıxaran, lakin qeyri-zorakı yolla həyata keçirilən aşağıdakı əsas münaqişələr baş vermişdir:

 

  • Belçikada vallonlar və flamandlar arasında münaqişə;
  • Katalonlarla İspaniya hökuməti arasında münaqişə;
  • Farerlilər və Danimarka hökuməti arasında münaqişə;
  • Şotlandlarla Böyük Britaniya hökuməti arasında münaqişə və s.

 

Avropada etnik münaqişələrin tarixinə “Katalonlarla İspaniya hökuməti arasında münaqişə” nümunəsində  nəzər yetirək.

 

 

1714-cü ildə V Filip tərəfindən İspaniyaya hüquqi cəhətdən tam birləşdirilən Kataloniya (bundan öncə Kataloniya Araqon krallığının tərkibində olub) dəfələrlə Madridin asılılığından qurtulmaq istəyib. İlk dəfə 1871-ci ildə həyata keçirilən cəhdlər İspaniya dövlətinin səyləri ilə yatırılıb. İspaniyada 30-cu illərdə tüğyan edən vətəndaş müharibəsi zamanı Kataloniya bir daha müstəqilliyini elan etmək istəsə də, sonradan hakimiyyətə gələn general Frankonun qoşunları ölkənin ərazi bütövlüyünü təmin edə bilib.

 

İspaniya Franko rejimindən qurtulub demokratik sistemi tətbiq etdikdən sonra etnik bölgələrə geniş hüquqlar verildi. İspaniya formal olaraq unitar dövlət sayılsa da, onun tərkibində qalan bölgələr geniş muxtar hüquqlara malikdirlər.

 

Son illərdəki siyasi proseslər isə katalonların müstəqilliyə ən çox yaxınlaşdığı dövrə təsadüf edir. Artıq 10 ildir ki, katalonlar müxtəlif referendumlar və rəy sorğuları keçirərək rəsmən müstəqillik tələb edirlər. Müstəqillik tələbi artıq rəsmi səviyyədə səsləndirilir.

 

İspaniyanın mərkəzi hökuməti isə katalonların bu addımını rəsmən təxribat olaraq qiymətləndirir. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin müstəqillik yolunda hazırladıqları “yol xəritəsi”nə sərt reaksiya göstərib.

 

Kataloniyada 2017-ci  ilin oktyabrın  1-də keçirilmiş müstəqillik referendumundan sonra bölgənin müstəqillik bildirişi deputatlar tərəfindən imzalanmış, lakin müstəqillik elan edilməmişdi. Sonra Hökumət Kataloniyanın müstəqillik elan edib-etməməsi barədə 5 gün müddətində açıqlama tələb etmiş, lakin heç bir cavab verilməmişdi. İspaniya hökuməti Kataloniya Muxtar Vilayətinin ləğv edilməsi,  Konstitusiyanın 155-ci maddəsinin qüvvəyə minməsi barədə qərar qəbul etmişdi [1].  

 

 

2019-cu ilin oktyabr ayının ortalarında Kataloniya küçələrini yenidən etiraz aksiyaları bürüyüb. Aksiyalar 2017-ci ildə Kataloniyada keçirilən referendumu təşkil edən şəxslərə ağır cəzaların verilməsinə görə başlayıb. Qeyd edək ki, İspaniya Ali Məhkəməsi Kataloniyada qanunsuz referendumun keçirilməsinə görə 12 siyasətçi barəsində həbs qərarı çıxarıb.

 

Beləliklə, İspaniya hökuməti ölkənin bütövlüyündən əsla vaz keçməyəcəyini bəyan edir. Lakin bölgəyə əlavə geniş hüquqların verilməsini istisna etmir. Görünən odur ki, bu münaqişə hələ uzun illər davam edəcək.

 

Avropada etnik muxtariyyətlər

 

Avropada münaqişələrin bir çoxu sonda etnik muxtariyyətlərin yaranmasına gətirib çıxarıb [3]. Avropa ərazisində öz daxili icma qanunları ilə yaşayan muxtariyyətlər XVI əsrdən bəri mövcud olsa da (Katolik ərazilərdə protestantlar və əksinə, xristian ərazilərdə yəhudilər, müsəlman ərazilərdə xristian və yəhudilər), bunlar əsasən dini-mədəni muxtariyyətlər idilər. Müasir anlamda etnik azlıqların öz müqqədəratını təyinetmə hüququnu özündə ehtiva edən ilk müxtariyyətlər isə I Dünya müharibəsindən sonra yaradılıb. 1921-ci ildə Millətlər Liqasının səyləri ilə yaradılmış Aland muxtariyyəti Avropada ilk etnik-ərazi muxtariyyəti hesab edilir.  Lakin bu dövrdə kiçik azlıqların öz huquqlarını tələb etməsi Avropadakı hakim “milli dövlət” anlayışına zidd hesab edildiyindən bu tendensiya elə də çox yayılmayıb. Muxtariyyətlərin əsasında duran etnik azlıqların öz müqəddəratlarını təyin etməsi hüququ nisbətən sonra, II Dünya müharibəsindən sonra qəbul edilmiş BMT nizamnaməsi, eləcə də Vətəndaş və Siyasi Hüquq və Azadlıqlar haqqında Beynəlxalq Paktla (1966) tanınıb. II Dünya müharibəsinin başa çatması ilə keçmiş müstəmləkələrin müstəqilliklərini əldə etməsi dalğası bir çox kiçik etnik azlıqların öz hüquqları uğrunda mübarizəyə qalxması ilə nəticələnib və yeni muxtariyyətlər ortaya çıxıb. 1948-ci ildə İtaliyada etnik əsasda Sardiniya, Cənubi Tirol, Aosta Vadisi muxtariyyət əldə edib, Friuli-Venesiya Gliulia vilayətinə isə 1963-cü ildə muxtariyyət statusu verilib. 1948-ci ildə həmçinin Danimarkada Farer adalarının muxtar statusu təsdiqlənib. 1970-ci illərdən başlayaraq Avropa ölkələrində avrointeqrasiya prosesinin təsiri fonunda "milli dövlət" anlayışının zəifləməyə başlaması, bəzi ölkələrdəki demokratikləşmə dalğası (İspaniya və Portuqaliya), desentralizasiya və federallaşma meyilləri (İspaniya, İtaliya, Fransa, Böyük Britaniya) regiondakı muxtariyyətlərin sayını artırıb. 1973-cü ildə Belçikadakı alman icması muxtariyyət statusu əldə edib. 1976-cı ildə Portuqaliyada Azor və Madeyra adaları muxtar ərazilərə çevrilib. İspaniyada Franko rejimindən sonra qəbul edilmiş 1978-ci il konstitusiyası ilə milli azlıqların muxtariyyət hüquqları rəsmən tanınıb, Kataloniya və Basklar ölkəsinə muxtariyyət verilib. 1979-cu ildə Danimarkada Qrenlandiya muxtariyyət statusu alıb. Avropda yaradılmış son muxtariyyət kimi isə 2003-cü ildə bu statusu əldə etmiş Fransanın Korsika adasını qeyd etmək olar [3].

 

 

Cədvəl 2. Avropadakı etnik-ərazi muxtariyyətlərinə dair ümumi statistik məlumatlar [3]:

 

Ölkə

Muxtariyyət

Verilmə tarixi

Ərazisi

(km2)

Əhali

sayı

 

Əhalinin etnik tərkibi

 

Muxtariyyətin verilmə üsulu

1

Finlandiya

1

Aland

 

1921

6.784

 

26.771

 (2005)

 

isveçlilər:

90,2%,

finlər: 5%

 

Millətlər Liqasının

qərarı və bu qərara əsasən

Finlandiya

parlamentinin

“Muxtariyyət Aktı” ilə

2

İtaliya

2

Sardiniya

1948

24.090

1.675.000

(2011)

sardiniyalılar

və italyanlar

İtaliya parlamentinin qərarı ilə

3

Aosta Vadisi

1948

3.263

128.000

(2011)

fransızlar və italyanlar

İtaliya parlamentinin qərarı ilə

4

Cənubi  Tirol

1948-1992

7.400

500.080

(2009)

almanlar: 69,15%,

italyanlar 26,47%,

ladinlər: 4,37%

1948-ci il İtaliya parlamentinin qərarı ilə və ardınca uzun illər davam edən mübarizə, terror aktları və danışıqlardan sonra 1992-cı ildə mərkəzlə subyekti təmsil edən siyasi partiyalar arasında razılaşdırılmış Cənubi Tirolun yekun statusu ilə

5

Friuli-Venesiya  Gliulia

1963

7.858

123.500

friulinlər, slovenlər, italyanlar

İtaliya parlamentinin qərarı ilə

3

Danimarka

6

Farer adaları

1948

1.399

 

44.228

(2004)

 

farerlilər: 91,7%

danimarkalılar: 5,8%

Qrenlandiyalılar 0,3%

 

Adada keçirilmiş

konsultativ xarakterli

referendumun

müstəqilliyi

dəstəkləməsindən

sonra

“Daxili idaçəçilik aktı” ilə

7

Qrenlandiya

1979

2.166.086

56,375

(2005)

 

inuit: 89%

danimarkalılar: 11%

30 ilə yaxın davam edən siyasi mübarizədən sonra Danimarka parlamentinin qəbul etdiyi “Daxili idarəçilik statusu” haqqında Aktın  Qrenlandiya əhalisi tərəfindən referendumla qəbul edilməsi ilə

4

Belçika

8

Alman icması

1973

894

75.220 (2010)

almanlar və belçilakılar

Belçikanın dövlət quruluşunda islahatlar barəsindəki konstitusiya dəyişiklikləri ilə

5

Portuqaliya

9

Azor

1976

2.333

 

247.000 (2012)

 

azorlular və portuqaliyalılar

Portuqaliyada diktaturanın devrilməsindən sonra qəbul edilən 1976-cı il Konstitusiyası ilə

10

Madeyra

1976

801

265 000

(2011)

madeyralılar və portuqaliyalılar

Portuqaliyada diktaturanın devrilməsindən sonra qəbul edilən 1976-cı il Konstitusiyası ilə

6

İspaniya

11

Kataloniya

1979

32.114

7.248.300 (2009)

ispanlar: 45,92% kataloniyalılar: 35,54%

Franko diktaturasından sonra 1979-cu ildə İspaniya parlamentinin qərarı və qərarın yerli referendumla təsdiqlənməsi ilə  

12

Basklar ölkəsi

1979

7.234

2.124.846 (2005)

basklar: 48,4% ispanlar və digərləri: 51,5%

Franko diktaturasından sonra 1979-cu ildə İspaniya parlamentinin qərarı və qərarın yerli referendumla təsdiqlənməsi ilə. 

7

Böyük Britaniya

13

Şimali İrlandiya

1921-1998

13.843

1.789.000

(2011)

protestant: 53,1%

katolik: 43,8%

1921-ci ildə Britaniya parlamentində “İrlandiya Hökuməti Aktı”nın qəbul edilməsi ilə başlanan proses 1998-ci ildə İrandiya Respublikası, Britaniya və Şimali İrlandiya arasında imzalanmış razılaşma ilə sona çatmışdır.

8

Fransa

14

Korsika

2003

8.680

302.000

(2008)

Korsikalılar: 65%,

fransızlar və digərləri: 45%

Hökumətin təklif etdiyi statusun yerli referendum yolu ilə təsdiqlənməsi ilə.

 

Və sonda

 

Sual yaranır: “Niyə bütün bunlar insanların açıq sərhədlərin bütün üstünlüklərindən, «bonus»larından kifayət qədər çoxdan və məmnuniyyətlə istifadə etməyə başladığı... Avropada yaşanır? Onların rahat yaşaması üçün nə çatmır?” [2].

 

Biz yuxarıda etnik münaqişə və etnik muxtariyyətlərin Kataloniya nümunəsinə elə-belə toxunmadıq. Çünki son illər bu məsələ ilə bağlı yaşananlar və Puçdemonun davranışları bir daha göstərdi ki, Kataloniya hökuməti İspaniyadan ayrılacaqları təqdirdə onları nələrin gözlədiyini, hansı iqtisadi itkilərlə üzləşəcəklərini yaxşı bilirdilər.

 

Bu kontekstdə diqqəti özünə sərf etdikdə kar, kor olan Avropanın “burnunun ucunda” - Cənubi Qafqazda milli sərhədlərin toxunulmazlığı uğrunda Azərbaycanın illərdir davam edən  mübarizəsinə - beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğalına göz yummasına yönəltmək istərdik. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyi haqqında BMT, Aİ və digər ali qurumların bəyanatlarını çox eşidib. Lakin, təəssüf ki, “heç kəs məşhur “müqəddəratı təyinetmə” adı altında pərdələnmiş erməni separatçılarını cəzalandırmaq istəmir” [2].

 

Azərbaycan təkcə Kataloniya deyil, digər etnik münaqişələrin hər bir ölkənin qanunları və Konstitusiyası əsasında dinc yolla həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Münaqişənin  həlli variantı kimi muxtariyyət statusuna gəldikdə isə, Azərbaycan Prezidenti İlham Əliyev açıqlamalarında bir fikrin üzərində xüsusi dayanır ki, Dağlıq Qarabağa dünyada mövcud olan istənilən muxtariyyət statusu verilə bilər.


Ədəbiyyat Siyahısı:

 

[1] Avropada yeni münaqişə ocağı: Kataloniya İspaniyadan ayrılmaq istəyir. /23.05.2017/ https://musavat.com/news/avropada-yeni-munaqise-ocagi-kataloniya-ispaniyadan-ayrilmaq-isteyir_440641.html

[2]  Xalturina İ. Kataloniya tamaşası. /15.10.2017/ - http://regionplus.az/az/articles/view/6350

[3]  Qəribov A. “Avropadakı etnik muxtariyyət modellərinin təhlili"nə dair arayış.

[4]  Nəcəfov Z. XXI əsrdə etnik münaqişələrin geosiyasi xüsusiyyətləri. /17 oktyabr 2018/ - http://newtimes.az/az/processestrends/5867/

[5] Act on the Autonomy of Aland. - https://peacemaker.un.org/finlandsweden-autonomyaland93

[6]  Antoni Castells. CATALONIA AND SPAIN: POLITICAL AND FISCAL CONFLICT. ARPoS | « Pôle Sud » 2014/1 n° 40 | pages 59 à 80.

[7] AUTONOMY OF MADEIRA. - http://www.visitmadeira.pt/en-gb/madeira/history/autonomy-of-madeira

[8] Balázs Gyimesi. South Tyrol: a model for autonomous regions? / 20 March 2018 / - http://www.nouvelle-europe.eu/en/south-tyrol-model-autonomous-regions

[9] Barkawi, Tarak. "On the pedagogy of Small Wars". International Affairs, Vol. 80, No. 1, Jan 04, pp. 19-37

[10]  European Strategic Autonomy. Actors, Issues, Conflicts of Interests. SWP Research Paper 2019/RP 04, March 2019, 39p.

[11] Eve Hepburn. Sardinian autonomy in the Mediterranean. In book: Using Europe: Territorial Party Strategies in a Multi-level System, pp.143-185

[12] Federico Podestà. The economic impact of the Friuli-Venezia Giulia autonomy: a synthetic control analysis of asymmetric Italian federalism. //  The Annals of Regional Science, Springer; Western Regional Science Association, vol. 58(1), pages 21-37, January, 2017- https://link.springer.com/article/10.1007/s00168-016-0779-0

[13] From Corsica to Scotland: Autonomy in Europe as the Progressive Alternative. - https://www.greeneuropeanjournal.eu/from-corsica-to-scotland-autonomy-in-europe-as-the-progressive-alternative/

[14] Gestur Hovgaard and Maria Ackrén.  Autonomy in Denmark: Greenland and the Faroe Islands. Publication date: 12/2017. - https://www.cidob.org/en/articulos/monografias/secession_and_counter_secession/autonomy_in_denmark_greenland_and_the_faroe_islands

[15] HISTORY OF THE NORTHERN IRELAND CONFLICT. - https://www.history.co.uk/history-of-the-northern-ireland-conflict

[16] Jack D. Street. The Independence of Savoy and Autonomy of the Valle D'Aosta. // The French Review. Vol. 71, No. 3 (Feb., 1998), pp. 396-404

 [17] Research for REGI Committee: The economic, social and territorial situation of the Azores (Portugal). - http://www.europarl.europa.eu/RegData/etudes/BRIE/2017/601971/IPOL_BRI(2017)601971_EN.pdf

[18] The Basque Country: Spain's effective but expensive antidote to secession. - https://www.reuters.com/article/us-spain-politics-catalonia-basques-anal/the-basque-country-spains-effective-but-expensive-antidote-to-secession-idUSKBN1CE2G6

[19] Аклаев A.P. Этнополитическая конфликтология: Анализ и менеджмент: Учеб. Пособие. М.: Дело, 2005

[20] Кулагин В.М. Международная безопасность. Учеб.пособие для вузов. Мос­ква. Аспект Пресс, 2006.

[21] Малышева Д. Конфликты на юге СНГ и на Ближнем и Среднем Востоке, (срав­нительный анализ) Мировая экономика и международные отношения, 1995, №105, c.36-37

[22] Садохин А.П. Этнология. - Калуга.: КГПУ им. Циолковского, 1999.

 

PAYLAŞ

Oxşarlar

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

Azərbaycan Xalq Cümhuriyyətinin quruluş və fəaliyyətinin siyasi, sosial və tarixi aspektən təhlili

27 May 2020

28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə Türk Dünyasında və Müsəlman Şərqdə Azərbaycan ilk Xalq Cü… ƏTRAFLI

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

Cəmiyyətdə kitab mədəniyyəti və kitab oxumağa münasibət. Niyə kitab oxumuruq?

23 May 2020

Müasir dövrdə bəlkə də cəmiyyətimizin qlobal bir probleminə çevrilən məsələlərdən biri də insanların kitaba, kitab oxumağa marağının a… ƏTRAFLI

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

22 May 2020

Sovetlərdə bir çox səbəbdən dolayı ən uzun dönəm kimi xarakterizə edilən, dinə qarşı kəskin mübarizənin başlaması ilə yadda qalan bu d&… ƏTRAFLI