Məqalələr

Dünyada elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin dinamikası: elmə kim və nə qədər xərcləyir

avatar
Aqşin Məmmədov
2020-04-08

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.

Elmin inkişafının təməl şərtlərindən biri onun maliyyələşməsidir. ABŞ-ın keçmiş Prezidenti Barak Obama 27 aprel 2009-cu il tarixində Amerika Milli Elmlər Akademiyasının illik toplantısında çıxışında qeyd etmişdi ki, Amerikanın ən gözəl illəri elmə yüksək kapital qoyuluşu ilə yadda qalmışdır. Çıxışının sonunda o demişdir: "Bu gün mən aşağıdakı vəzifələri əsas hədəfimiz kimi nəzərdə tuturam. Biz ümumi daxili məhsulun 3 faizini elmi tədqiqatlara ayıracağıq; kapitalı fundamental və tətbiqi araşdırmalara yönəldəcəyik; xüsusi innovasiyaların işlənib hazırlanması üçün yeni həvəsləndirici mühit yaradacağıq; energetika və tibb sahələrində yeni nailiyyətlərin əldə olunmasını təşviq edəcəyik; riyaziyyat və təbiət elmləri sahəsində təhsilin keyfiyyətini yüksəldəcəyik. Bu, Amerikanın bütün tarixində elmi-texniki tərəqqi yolunda ən böyük töhfə olacaqdır” [4]. Hal-hazırda ABŞ-da elmə ayrılan vəsait 500 milyard dolları keçir (bir alimin fəaliyyətinə 330 min dollar ayrılır) və bu vəsaitin böyük hissəsi Amerika Milli Elmlər Akademiyası tərəfindən alimlərə qrant şəklində verilir. ABŞ-ın xüsusi Elmi Doktrinası var və bu doktrinaya uyğun olaraq elm dövlətə xidmət edir [2].

 

Beynəlxalq təcrübəyə əsasən elm və texnologiyanın inkişaf vəziyyəti ölkənin inkişaf səviyyəsindən birbaşa asılıdır. Dünya ölkələri elmi tədqiqatlara qoyulan sərmayəni ildən-ilə artıraraq inkişaf üçün yeni perspektivlər axtarırlar. Son illər ABŞ, Avropa, Yaponiya və Çin kimi ölkələrlə yanaşı Cənub-Şərqi Asiya ölkələri də elmi tədqiqatlara daha çox vəsait ayırırlar. Dünyada elmin inkişafına ayrılan vəsaitin 23%-i ABŞ-ın, 21%-i Çinin, 13%-i isə Yaponiyanın payına düşür. Dünyanın əsas elm mərkəzləri haqlı olaraq Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri hesab olunur. Dünya təcrübəsinə əsasən hər bir ölkədə elmi tədqiqatlara ayrılan illik xərclər orta hesabla ÜDM-in 2-4 faizini təşkil etməlidir. Elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin ÜDM-də xüsusi çəkisinin az olması elmi heyətin, elmi kadr potensialının azalmasına səbəb olur ki, bu da yüksək elmi nəticələrin alınmasına mənfi təsir edir [2].

 

Elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin müəyyən hissəsi qeyri-dövlət büdcəsi hesabına formalaşır. Qeyri-dövlət büdcəsi vəsaitinin həcminin artması istehsalat və biznes maraqlarının artması fonunda baş verir. Məsələn, son illər dünyanın böyük korporasiyaları APPLE, MERCEDES, SONY, SAMSUNG, HUAWEY və digərləri elm sahəsinə böyük yatırımlar edərək ciddi qazanc əldə edir, istedadlı gənclər üçün elm və təhsil sahəsində xüsusi təqaüdlər və mükafatlar təsis edirlər [2].

 

Bəzi ekspertlər elmə ayrılan xərclərin dövlət büdcəsi hesabına deyil, büdcədənkənar vəsait hesabına formalaşdırılmasını və büdcə vəsaitinin minimuma endirilməsini təklif edirlər. Lakin inkişaf etmiş ölkələrdə elmi tədqiqat və işləmələrə ayrılan xərclər ÜDM-in stabil tərkib hissəsi olaraq dövlət xərclərində prioritet təşkil edir. 2018-ci ildə dünyada elmə ən çox sərmayə qoyan ölkələrin siyahısı müəyyən edilib. UNESCO-nun rəsmi məlumatına və digər statistik göstəricilərə əsasən elmi araşdırmalara ən çox maliyyə ayıran ölkələr arasında 1-ci yerdə ABŞ, 2-ci yerdə Çin, 3-cü yerdə Yaponiya gəlir (Diaqram 1) [1].

 

 

 

Dünyada bir ixtiraçıya qoyulan xərclərə görə 1-ci yeri 406.7 min dollarla İsveçrə, 2-ci yeri isə 359,9 min dollarla ABŞ tutur. Bu göstəriciyə görə Çin 266,6 min dollarla 8-ci, Rusiya 93 min dollarla 47-ci yerdədir.

 

ÜDM-də faiz nisbətinə görə elmi tədqiqatlara ən çox vəsait ayıran ölkələrin arasında İsrail 4,27%-lə 1-ci, Cənubi Koreya 4,24%-lə 2-ci yeri tutur (Cədvəl 1). Azərbaycan bu reytinqdə 0,22% göstərici ilə 96-cı yerdə qərarlaşıb [1].

 

Cədvəl 1. Bir sıra ölkələrdə elmi tədqiqat və araşdırmalara ayrılan maliyyə vəsaitinin ÜDM-də faiz nisbəti [1]

 

2013

2014

2015

2016

İsrail

4,2

4,2

4,3

4,3

Cənubi Koreya

4,1

4,3

4,2

4,2

Yaponiya

3,3

3,4

3,2

3,1

Finlandiya

3,3

3,2

2,9

2,7

Almaniya

2,8

2,9

2,9

2,9

ABŞ

2,7

2,7

2,7

2,7

Fransa

2,2

2,3

2,3

2,2

Çin

2,0

2,0

2,0

2,1

Böyük Britaniya

1,6

1,7

1,7

1,7

Braziliya

-

1,3

1,2

1,2

Rusiya

1,0

1,1

1,1

1,1

Hindistan

-

0,9

0,9

0,9

Türkiyə

0,8

0,9

0,9

0,9

 

Son illər Azərbaycanda elmə ayrılan vəsaitin dinamikasında artım müşahidə edilir.

 

Cədvəl 2. Azərbaycanda elmə ayrılan maliyyə vəsaitinin həcmi [1]

 

İllər

2013

2014

2015

2016

2017

2018

ÜDM (milyon manat)

58 182.0

59 014.1

54 380.0

60 425.2

70 135.1

79 800.0

Büdcədən elmə ayrılan xərclər

117.0

124.2

113.2

110.2

109.8

128.2

Elmə ayrılan vəsaitin ÜDM-də faiz nisbəti

0.20%

0.21%

0.20%

0.18%

0.15%

0.16%

 

 

Elmin inkişafında və maliyyələşməsində Elmlər Akademiyalarının rolu

 

Dünya üzrə hər bir ölkədə dövlətin elm siyasətini və ümumilikdə elmin inkişafında ağırlıq mərkəzi rolunu Elmlər Akademiyaları oynayır. Başqa sözlə, xüsusilə dövlət əhəmiyyətli layihələr məhz Elmlər Akademiyaları vasitəsilə həyata keçirilir. 1863-cü ildə ABŞ-ın qurucularından biri olan Abraham Linkolnun təşəbbüsü ilə Amerikanın Milli Elmlər Akademiyası təsis edilmişdi. Bu akademiya bu gün ABŞ-ın inkişafında xüsusi rol oynayır. Hazırda bir çox ölkələrdə aktiv fəaliyyət göstərən Elmlər Akademiyaları mövcuddur. Bu sırada Rusiya Elmlər Akademiyası, Ukrayna Milli Elmlər Akademiyası, Çinin inkişafında xüsusi rol oynamış Çin Xalq Respublikası Elmlər Akademiyası, Fransa Elmlər Akademiyası (Ölməzlər Akademiyası) və başqalarının adını xüsusilə qeyd etmək olar. Fransa Elmlər Akademiyası yarandığı gündən, yəni 1666-cı ildən dövlətin himayəsindədir. Bir müddət öncə Almaniyada Milli Elmlər Akademiyası təsis edilib. Amerika Milli Elmlər Akademiyasını "millətin elm, texnika və tibb sahəsində müşaviri-məsləhətçisi” adlandırırlar. Bu qurum kifayət qədər elmi nüfuzu olan təşkilat hesab edilir və dövlət büdcəsindən maliyyələşir. Həmin maliyyə akademiya tərəfindən elmi mərkəzlərə qrant şəklində paylanır [2].

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 1945-ci iləd təsis edilib. 75 illik tarixi ərzində çətin və keşməkeşli bir yol qət edib. Xüsusilə sovet dövründə bir sıra elmi nailiyyətlər əldə olunub. Dünya elmində baş verən dəyişikliklər və dövrün çağırışları bu gün Azərbaycan elminin qarşısında böyük hədəflər və tələblər qoyur. Elm, heç şübhəsiz, ilk növbədə dövlətin və cəmiyyətin inkişafına xidmət etməlidir. Bu gün elm ölkədə bütün sferalarda həyata keçirilən islahatların yedəyində deyil, önündə getməyi bacarmalıdır. Dövlət büdcəsindən maliyyələşən AMEA ona ayrılan vəsaitə uyğun olaraq bir çox dövlət əhəmiyyətli layihələri həyata keçirməli, elmə ayrılan maliyyənin rentabelliyi təmin olunmalı, eyni zamanda elm sahəsində effektivliyin və səmərəliliyin təminatı üçün tədqiqatçıların əmək haqları artırılmalıdır. Belə qayda bu gün bir çox inkişaf etmiş ölkələrdə müşahidə olunur. Dövlət proqramlarının həyata keçirilməsi üçün qrant formasında maliyyə ayrılır.

 

Bu gün Azərbaycanda Elmi Doktrinanın yaradılmasına ehtiyac var: “Doktrina dövlət əhəmiyyətli proqramların həyata keçirilməsinə və dövlət üçün əhəmiyyətli olan yeni sahələrin inkişafına yönəldilməlidir. Dövlət elmin hər bir sahəsinə deyil, onun inkişafına yönəldilən yeni perspektiv sahələrə vəsait ayırmalıdır. Belə siyasət dünyanın inkişaf etmiş ölkələrində müşahidə olunur. Məsələn, riyazi iqtisadiyyat, maliyyə riyaziyyatı, İKT-nin ölkəmiz üçün vacib olan və digər istiqamətlərə xüsusi diqqət ayrılmalıdır” [2]. Elmə ayrılan vəsaitin bir hissəsi qrant şəklində, ölkə üçün birinci dərəcəli əhəmiyyəti olan, Elmi Doktrinaya uyğun prioritet sahələrə və bununla yanaşı, beynəlxalq məlumat bazalarına (SCİ, SSCİ, SCOPUS və s.) daxil olan jurnallarda nəşr olunan məqalələrin aid olduğu sahələrə yönəldilməlidir. Eyni zamanda elə sahələr dəstəklənməlidir ki, onların nümayəndələri dünyanın aparıcı elm mərkəzlərinə dəvətlər alır, həmin mərkəzlərdə tədqiqatlar aparır, məruzələr edir və bununla, Azərbaycan elminin beynəlxalq elmlə əlaqələrini möhkəmləndirir [2].

 

Sonda…

 

Bu gün ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin bütün sahələrində böyük quruculuq işləri, islahatlar həyata keçirilir. Heç şübhəsiz, həm də milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməməlidir. Heç şübhəsiz ki, “kiçik ölkələrdə böyük elm sistemi qurmaq real deyil. Ona görə də bu ölkələrdə aparılan lokal elmi tədqiqatlar beynəlxalq miqyaslı böyük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məşğul olmağın yeganə yolu böyük elm mərkəzləri ilə rabitə qurmaq, bir növ onların əlavəsinə çevrilməkdir” [3].

 

Azərbaycanda elmin dövlət büdcəsindən asılılığını qismən azaltmaq üçün xüsusi diqqət beynəlxalq qrantların alınmasına yönəldilməldir: “Dünyanın aparıcı alimləri ilə birgə tədqiqatlara qrantlar ayrılması üzərində düşünmək də məqsədəuyğundur. Bu münasibət bizim alimlərə beynəlxalq elmi-tədqiqatlara inteqrasiya və elmi nəticələrin praktik tətbiqi üçün beynəlxalq təcrübədən faydalanmaq imkanı verərdi. Məsələn, Amerika Mülki Tədqiqatlar Fondunun vaxtilə Azərbaycan daxil olmaqla MDB məkanında birgə tədqiqatların aparılmasına qrantlar ayırması təcrübəsi faydalı olardı. Avropa Birliyi nəzdində müxtəlif qrantlardan faydalanmaq məqsədəuyğun olardı (Horizon və s.). AB nəzdində İnnovasiya Şurasının qurulmasına 2 mlrd. avro ayrılıb və 2021-2027-ci illərdə bu fonddan yeni elmi istiqamətlərin inkişafına böyük vəsaitlər yönələcək. Bu istiqamətdə AMEA-nın və ümumiyyətlə bizim alimlərimizin fəaliyyəti ciddi sürətdə artırılmalıdır” [2].

 

Digər imkan İtaliyada yerləşən Ümumdünya Elmlər Akademiyasının (The World Academy of Sciences - TWAS) imkanlarından istifadə etməkdir. Ümumdünya Elmlər Akademiyasının təşkil etdiyi elmi forumlarda iştirak və ayrılan qrantlardan bəhrələnmək  həm Azərbaycanda elmin inkişafına təkan verə, həm də AMEA-nın beynəlxalq əlaqələrinin inkişafına kömək edərdi.

 

Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı qarşımızda duran ən mühüm vəzifələr optimal təşkilati formaların tapılması, prioritet elmi-texniki istiqamətlərin müəyyənləşdirilməsi və məqsədyönlü islahat işlərinin aparılması, yerli elmi tədqiqatların dünya elminə inteqrasiyası, elmin rentabelliyi, habelə elmin maliyyələşdirilməsinin daha səmərəli formalarından istifadə olunmasıdır [3].

 

Elm planetar, ümumbəşəri hadisədir: “Vahid böyük elm prosesinə daxil ola bilməyən, sanki özü üçün yaradılmış lokal elm strukturları isə əsl elm deyil. Böyük elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, artıq keçilmiş yolların künc-bucağında hansısa tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm hesab edilə bilməz” [3].

 

Beləliklə, elmi biliklərin və elmi axtarışların ön cəbhəsində ola bilmək üçün elmin rentabelli fəaliyyət modeli işlənib hazırlanmalı və elmin maliyyələşdirilməsinin daha səmərəli formalarından istifadə olunmalıdır.

 

 

Ədəbiyyat:

 

[1] Azərbaycan Milli Elmlər Akademiyasının elmi bazalarda bibliometrik göstəricilərinin müqayisəli təhlili. Bakı: “Elm”, 2019.

[2] Hacıyev A. Elm və təhsil: gələcəyə aparan yol /30.05.2019/ -  http://www.azerbaijan-news.az/view-168583/elm-ve-tehsil-geleceye-aparan-yol

[3]  Xəlilov S. Azərbaycanda elm və onun aktual problemləri.  Bakı: “Oskar”, 2010

[4]  Обама: Сегодня наука нужна как никогда раньше. - http://eqworld.ipmnet.ru/ru/info/sci-edu/obama2009.htm

 

Aqşin MƏMMƏDOV

PAYLAŞ

Oxşarlar

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

27 İyul 2020

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, re… ƏTRAFLI

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

27 İyul 2020

Dünyada qlobal imperializmin ən strateji dayaqlarının həyati təhlükəsizlik uğrunda epidemik cəbhələrdən asılılığının davam etdiyi vaxtda liderlik … ƏTRAFLI