Məqalələr

Dilin coğrafiyası, coğrafiyanın dili

avatar
Humay Axundzadə
2019-09-24

Bakı Dövlət Universitetində psixologiya, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnib. Tədqiqat maraqları gender və qayğı sosiologiyası, ailə institutu, postsovet transformasiyaları, sosial tədqiqatlarda keyfiyyət metodlarını əhatə edir.

 

Azərbaycanda rus dilinin mövcudluğu problem olaraq qabardılarkən cəmiyyət bir növ süni şəkildə iki yerə bölünür. Ölkə bir tərəfdə azərbaycandillilər, o biri tərəfdə rusdillilər, onlar arasında isə keçilməz bir uçurum var imiş kimi təqdim olunur. Lakin bu, Azərbaycan cəmiyyətinin dil mənzərəsinə çox sadələşdirilmiş, bəsit bir baxışdır.

 
Belə yanaşma böyük bir insan kateqoriyasını nəzərə almır, onu kölgədə qoyur. Bu kateqoriyaya aid olanlar bütün sosial-mədəni təbəqələrdə rast gəlinən “ikidillilər ordusudur”. Dil mənzərəsinə ənənəvi baxış belə bir fikri rəhbər tutur ki, sanki dilin sərhədləri insanlar və insan qrupları arasından keçir.
 
Əslində isə bu mürəkkəb sərhədlər çoxdilli cəmiyyətlərdə insanların öz daxilindən keçən sərhədlərdir. Daha dərindən yanaşsaq, deməliyik ki, sərhədlər ümumiyyətlə gerçəkliyin birbaşa məhsulu olmayıb, insan təfəkkürünün məhsuludur. İnsan dünyanı, çevrəsini sərhədləməyə meyilidir. Bu, dünyanın mürəkkəbliyi və rəngarəngliyinin insanın dərketmə imkanlarından daha geniş olmasından irəli gəlir.
 
Bu səbəbdən insan təkəkkürü həmişə “biz” və “onlar”ı ayıran sərhədlər yaradacaq. Dünyanı sərhədlədikcə onu dərk etməyə, ona sahiblənməyə çalışacaq. Bu sərhədlərin ətrafında isə mürəkkəb münasibətlər, əlaqələr və münaqişələr qurulacaqdır. Çünki dünyanı belə qavramaq daha asandır. Bölüb öyrənmək, ayırıb idarə etmək. Belə bölgüyə zəmin yaradan bir amil də fərqliliklərin daha gözəçarpan olmasıdır. Oxşarlıqları görmək daha çətindir. Mürəkkəbliyi - eyni insanın öz şüurunda iki və daha artıq koordinatlar sistemini, dil sistemini ehtiva etməsini təxəyyül etmək isə daha çətindir. Baxmayaraq ki, tarixən yolların qovşağında, maraqların toqquşma məkanında yerləşən Azərbaycan insanı ətrafındakı müxtəlifliyi öz daxilində ehtiva edə bilib. Bir çox digər xalqlardan daha çevik, daha mütəhərrik olub.
 
İctimai şüurda belə bir mif də mövcuddur ki, guya insan mütləq olaraq iki dil arasında seçim etməlidir. Halbuki Azərbaycanda hər iki dil sistemini özündə birləşdirə bilən minlərlə deyil, onminlərlə insan var. Onların doğma dili zamana, məkana görə dəyişə bilər.
 
Onlar həm milli, həm də beynəlmiləldirlər. Lakin “rus sektoru-azərbaycan sektoru” məsələsi gündəmə gəldikdə çox zaman bu insanlar özləri də inanmağa başlayır ki, guya bir seçim etməli, ya “azərbaycandillilər”, ya da “rusdillilər” gəmisinə bilet almalıdırlar. Belə düşüncə tərzi həm də “sərhəd” anlayışına yanaşmadan asılıdır. Ümumiyyətlə, sərhəd deyilən nədir? Ayrılma xətti, yoxsa birləşmə xəttidir? Doğma dilini Azərbaycan dili hesab edənlərlə, doğma dilini rus dili hesab edən azərbaycanlıların dünyası sadəcə olaraq qarşı-qarşıya gələn, toqquşan dünyalar deyil. Məncə, bu sanki, iki üzüm tənəyi kimi bir-birilə çuğlaşan dünyalardır. Əgər kolonial keçmişimizdə tənəyin böyüyü rus dili idisə, müstəqilliyimiz sayəsində Azərbaycan daxilində tənəyin böyüyü Azərbaycan dilidir və bunun nə zamansa dəyişə biləcəyini düşünmək lazım deyil.
 
İki dil sisteminin hər ikisinə aid olmaq nə yalnış azərbaycanlı olmaq, nə ruslaşmış olmaq deyildir. İnsanın milli kimliyi, buna bağlı dünyagörüşü daha mürəkkəb, gözlənilməzliklərlə dolu fenomendir. Onu yalnız və yalnız dilə kökləmək də heç də həmişə özünü doğrultmur. 
 
Amma təəssüf ki, Azərbaycan kontekstində saysız-hesabsız “ikidillilər ordusu” hələ də elmi cəhətdən tədqiq olunmur. İki dil dünyasını özündə birləşdirmək heç də mütləq mənada “iki od arasında” olmaq da deyil. Bu bir şəxsiyyət kimi daha mürəkkəb, daha mütəhərrik, daha maraqlı olmaq deməkdir. Azərbaycanda belə mürəkkəb və maraqlı insanlar yetərincə çoxdur. Bu da Azərbaycanın daha bir zənginliyidir.
 
Ümumiyyətlə, müasir dövrün insanının bütün düşüncə və dəyərləri bir dilin çərçivələrinə yerləşdisə (hətta bu doğma ana dili olsa belə), o, qloballaşan dünyada çətin ki, irəli gedənlərdən olacaq. Odur ki, ikinci dil, hətta kolonial keçmişimizi xatırlatsa belə, bizi dünyaya inteqrasiya edən, sıralarda önə çəkən amildir və ona nə fanatik, nə fobik yanaşmadır, ancaq praqmatikcəsinə baxmaq doğrudur. Bəs, görəsən azərbaycanlıların özləri rus dili bilgisini necə qiymətləndirirlər? Dilin sosial, mənəvi, praqmatik və digər mücərrədliklərindən rəqəmli ifadəsinə keçsək, nə görərik? Qafqaz barometrinin rus dili bilgisinə dair 2013-cü il üzrə nəticələrinə baxsaq, belə bir mənzərə ilə rastlaşarıq.
 
 
Göründüyü kimi, üç ölkə arasında məhz azərbaycanlı respondentlər özlərinin rus dili bilgisini qonşu Gürcüstan və Ermənistandan olan respondentlərə nəzərən daha aşağı qiymətləndiriblər. Rus məktəbləri olan, rus dilində mətbuatı, rusdilli yazıçıları olan Azərbaycan respondentlərinin cəmi 7%-i rus dilini “advanced” səviyyədə, yəni sərbəst bildiklərini söyləmişlər, cəmi 28%-i isə orta səviyyədə bilirmiş.
 
Bunun qarşılığında rus dilinin statusunun, yumşaq desək, daha zəif olduğu Gürcüstanda respondentlərin 28%-i bu dili “advanced” səviyyədə, 42%-i isə orta səviyyədə qiymətləndirib. Bu rəqəmlər gözlənilməzdir və bir qədər sual doğurur. İnsan öz dil bilgisinə qiymət verərkən özünü hansı standartlarla müqayisə edir?
 
 
Bu standartlar cəmiyyətdə hər hansı dilə münasibət daha tolerant olandamı , yoxsa əksinə dil işğalçının dili kimi inkar olunandamı daha yüksəkdir? Bir azərbaycanlı rus dilini nə qədər səlis bilməlidir ki, öz bilgisinə əmin olsun, ya əksinə gürcü respondentin rus dilini nə qədər bilməsi yetərlidir ki, öz bacarığına yüksək qiymət versin?
 
Bəlkə, cəmiyyətdə dilin nüfuzu yüksək olduqca insanlar bu dilə nəzərən özlərinə daha tənqidi yanaşırlar? Suallardan suallar yaranır və bu suallar yeni tədqiqatlara cığır aça bilər. Bilinən odur ki dil, sadəcə olaraq məktəb dərsliyindən əzbər bildiyimiz “ünsiyyət vasitəsi” deyil.
 
Dil toplumlar arasında gözlənilməz birgəliklər yaradır, ya da əksinə onları ayırır, cəmiyyətlər haqqında nəyisə deyir, nəyəsə eyham vurur, tarixin təbəddülatlarını özündə əks etdirir və zaman-zaman siyasi münaqişələrin ifadə meydanına çevrilir. Bilinən həm də odur ki, dünyanı dəyişən kəslər yalnız öz ana dilini dünyaya yayanlar deyil, həm də başqasının dilini özününküləşdirərək fərqli dünyaları özündə birləşdirənlərdir.

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI