Yuxarıya
skip to main content

Çörəkdən şirin silah

02.11.2019

 

İndi ölkədəki əsas təhlükə olan demoqrafik axının-emiqrasiyanın qarşısını almaq üçün hökumət ən qabaqcıl şirkətlərin əli ilə 2050-ci ilə yönələn meqalayihələri təqdim etsə də iqtisadi izolyasiyada yaşayan bir xalqın həmin hədəflərə nail olacağı real görünmür. Belə şərtlər altında 30 il sonra 5 milyonuncu ermənini İrəvanda salamlamaq planı SSRİ dağılanda şok terapiyası ilə imperiyanın süqutundan qaçacağını düşünən sovet iqtisadçılarının əməllərini təkrarlamaq sayıla bilər.

 

Üstəlik, əvvəllər ermənilərin öyündüyü güclü siyasi-sosial kadr bazası da beyinləri ilə birgə ayaq köçü edənlərin sırasında daha çox yer alıblar və bunu təsdiqləyən çoxlu bitərəf tədqiqatlar mövcuddur.

 

XİN rəhbəri Zöhrab Mnatsakanyan da erməni lobbilərinin qarşısında tonunu dəyişərək təvəqqe dili ilə bu durumdan çıxış yollarının axtarılmasında soydaşlarından yardım istəyir. Lakin təhlillər fərqli mənzərəni göstərir və Ermənistanın manevr imkanlarının da qlobal çevrələrdə qıcıq yaratdığını təsdiq edir.

 

  • Ölkə beynəlxalq münasibətlər sistemində özünü ardıcıl bir xətt tərəfdarı kimi aparmır və dəqiq xarici siyasət kursunun sahibi olduğuna dair Brüsselə, Moskvaya və Vaşintona inandırıcı zəmanətlər verə bilmir. Başqa nə cür ola bilər ki? KTMT üzvlüyü ilə Qərblə arasında ortaq stul tapıb özünü neytral təqdim etmək ciddi dövlət mövqeyi sayıla bilməz. (halbuki, KTMT üzvü olan bütün ölkələrin Azərbaycanla əlaqələri daha  möhkəmdir).
  • Ölkənin Qərbə səpələnmiş məqsədli, amma nizamsız diaspor təşkilatları ianələr və qonorarlar yolu ilə dünya siyasi liderlərinə təsir etməyə çalışsa da, bu millətin  “soyqırım” tarixində ilişib qalması artıq dünyada da “qalmış su” effekti yaradır.
  • Geopolitik situasiyada ölkə tamamilə məğlub olmuş “sındırılmışlar batalyonu”nu xatırladır. Ölkənin heç bir qonşu ölkə ilə bütöv, tam, sadiq siyasi münasibəti mövcud deyil.
  • Qarabağın hələ də işğalda saxlanılması Ermənistanın bütün dünyadakı siyasi imicini yüksəltmir. Nüfuzlu BBC kanalındakı "Çətin söhbət" təkcə bir diplomatın deyil, bütün ermənilərin cavab verməkdə zorlandıqları dünyəvi qınağın ifadəsi adlandırıla bilər.

 

İndi isə hərbi birləşmələrin siyasətə çəkilməsi, zorakılıq, qətllər, nizamnamədənkənar davranışların önə çıxması 90-cı illər Azərbaycanını xatırladır. Qısa müddətdə əvəzlənən trio-əvvəlcə Seyran Ohanyan, sonra Vigen Sarkisyan və nəhayət, David Tonoyanın müdafiə nazirlikləri erməni ordusunun  durumunu düzəltmək iqtidarında olmadığının nümayişidir.

 

Ötən günlərdə Sem Bhutiyanın müəllifi olduğu və “Eurasianet” portalında dərc olunan yazı da  iki dövlətin  malik olduqları fərqi ciddi formada ortaya qoyur.

 

Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi onilliklərdir davam edir. Zəngin neft ehtiyatlarına malik Azərbaycan məhz bu üzdən, Silahlı qüvvələrinin modernləşdirilməsinə böyük vəsait xərcləyir. Ermənistanın Azərbaycanla bu sahədə rəqabət aparması isə onun büdcəsinin boşalması ilə nəticələnir.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yenilənmiş hesabatına əsasən, 2009-2018-ci illərdə Azərbaycanın hərbi xərcləri təxminən 24 milyard dollar təşkil edib. Ermənistan isə eyni dövrdə hərbi sahəyə təxminən 4 milyard dollar ayırıb.

 

 

Daha sonra isə müəllif xatırladır: dövlətin ümumi xərclərini nəzərə aldıqda isə Yerevanın müdafiə sahəsinə daha böyük vəsait ayırdığı görünür. Yenə də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına görə, Ermənistan dövlət xərclərinin 21%-ni birbaşa hərbi sahəyə yönəldib. Azərbaycanda bu göstərici təxminən 11%-dir.

 

Əhalisinin təxminən 26%-i yoxsul olan Ermənistanın hərbi sahəyə bu qədər vəsait xərcləməsi ölkənin iqtisadi inkişafına əngəldir.

 

 

Bu arada bir məqamı qeyd etmək yerinə düşər: dünyanın ən böyük silah ixracatçılarından olan Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəfə silah satır. Doğrudur, Moskva Yerevana hərbi avandanlıqları daha güzəştli qiymətlə verir  və bu, Ermənistanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasından irəli gəlir. Azərbaycan isə buna cavab olaraq, silah tədarük etdiyi ölkələrin siyahısını şaxələndirir. Bu sahədə o, İsraillə bütün region, hətt MDB ölkələrindən də daha çox yaxınlaşıb.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, Azərbaycan İsraildən hərbi avadanlıqlar alan ölkələr sıraslnda ikinci yerdədir. İsrailin Rəsmi Telə-Əvivin silah ixracının 17%-i Azərbaycanın payına düşür.Mühüm diqqət çəkən məqamlardan biri Prezidenti İlham Əliyev hələ 2016-cı ildə bəyan etmişdi ki, ölkəsi İsraildən 4,85 milyard dollarlıq hərbi avadanlıq alıb. Üstəlik, bu iki ölkə arasındakı əlaqələr birtərəfli deyil: Azərbaycanın İsrailə 2018-ci ildə ixrac etdiyi məhsulların (əsasən neft) dəyəri 1,3 milyard dollar olub. Bu, Azərbaycanın ümumi ixracatının təxminən 7%-i deməkdir.

 

Ermənistan isə iqtisadi sahədə daha çox region dövlətlərindən asılıdır.

 

Və bir qeydi də xüsusi edim ki, Azərbaycan ordusu hərbi-psixoloji hazırlıq baxımından Ermənistan ordusundan dəfələrlə üstün durumdadır.

 

Ermənistan ordusundakı qeyri-döyüş şəraitindəki itkilər dediklərimizin əyani sübutudur. Bu gün erməni anaları öz övladlarını Qarabağa göndərmək istəmir, əsgərlər ordudakı çağdaş “dedovşina”ya etiraz edir. Sosial mediadakı qruplarda gənclər kütləvi şəkildə öz narazılıqlarını bildirirlər... 

 

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır