Məqalələr

Bədənin aliliyi və həyatın tibbiləşməsi- (İkinci Hissə)

avatar
Sübhan Padarsoy
2019-12-13

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.

“Xəstəlik” anlayışı hər bir mədəniyyətdə və dildə var. Qədim zamanlardan bəri “narahatlıq” kəliməsi kimi “rahatlıq” yoxsulluğuna işarə edən bir anlayışın hər dildə semantik qarşılığı olub, hələ də var: ruhi ya da bədənən-fiziki bir narahatlıq, nizamsızlıq, halsızlıq, keyifsizlik... Lakin çağdaş istifadəsində “xəstəlik” məfhumu hər hansı bir formada “tibbi şərt” anlayışı ilə əvəzlənib. Bu fenomen artıq “xəstəlik” anlayışı ilə eyni mövqeyə sahibdir. Bununla bərabər, “tibbi şərt” özü ilə birlikdə “xəstəlik” anlayışına əlavə bir anlam gətirir. Bu, “rahatlıq yoxsulluğunu” tamamilə başqa bir lüğətə, bir şərtdən, o şərtin zəruriləşdirdiyi fəaliyyətə daxil edən yeni bir anlamdır. Xəstəlik ilə “tibbi şərti” identik olaraq gördüyümüz zaman xəstəlik halı tibbi bir fəaliyyətə tabe tutulan, buna uyğun və bunu tələb edən bir hal olaraq təsvir olunur.

Sağlamlıq idealının ona nail olunduqdan sonra modern insanı rahatlığa qovuşdura bilsə də, onun yerini alan “formada qalma” fetişizminin bir hüdudu yoxdur. Keçərli, ənənəvi anlamda insanın öz səhhətinə qayğıdan xüsusi olaraq fərqlənən daimi olaraq “fit” qalma uğrunda mübarizəsi əsla sona çatmayacaq. Nə qədər formada olsa belə, daha da formada ola bilmək mümkündür. Emosional tətminlərin bu anda olduğundan daha tətminedici, həzzlərin daha həzzverici, zövqlərin daha zövqverici olması mümkündür. Dərman şirkətlərinin yaradıcılığı, səhhət problemləri məsələsində inandırma qabiliyyətləri dayanmadan yüksələn fitnes və özünü bəyənmə fetişizmi ilə assosiasiya edilir. Bu yalnız istehlakçılardan ibarət bir cəmiyyətdə hər bir fərdin təqib etməyə sürükləndiyi, inandırıldığı və bunun üçün yetişdirildiyi bir obsessiyadır. “Daha çox formada qalma və özünü daha çox bəyənə bilmə ən yeni ticari malları təqib edərək onlara sahib olmaqdan keçir” inancı insanın yaşam fəlsəfəsinin və ortaq ağlının bir parçası halına gəldi. Ortaq ağlın ayrılmaz bir parçası halına gələn, hər kəsin bildiyi, hər kəsin təsdiqlədiyi və hər kəsin etdiyi şeylərdən birisinə çevrilən yaşam fəlsəfəmiz də şirkətləri bir-birilə savaşdıran sonsuz bir qazanc mənbəyinə transformasiya oldu.

        

Artıq çoxumuzun gündəlik olaraq bir rutin formasında yaşamağa vərdiş etdiyimiz narahatlıqlar, hətta utancaqlıq belə xəstəlik olaraq təsvir edilir. Qəribə və anlaşılmaz olduqları üçün insanda qayğı oyandıran bu xəstəliklər təcili tibbi yardımı vacib qılır. Kristofer Leyn həyatda ən tez-tez qarşılaşılan insani hallardan biri olan xroniki yaxud anlıq utancaqlığın tibb və dərman sektorunun əlində nə hala gəldiyini araşdırıb. Vicdanlı olsaq, hansımız özümüzü heç vaxt cəsarətsiz, təmkinli, ya da utancaq hiss etmədiyimizi söyləyə bilərik? Bu ümumi və tez-tez müşahidə edilən xoşagəlməz hal tibbi praktikada qulağa daha ciddi səslənən adı ilə “sosial əndişə nizamsızlığı” deyə adlandırılır. 1999-cu ildə dərman nəhəngi GalaxoSmithKline utancaqlığı, yəni “həddən ziyadə geniş yayılmış bu tibbi halı” basdırmağa, hətta ortadan qaldırmağa zəmanət verən “Paxil” adlı dərmanı bazara daxil etmək üçün milyonlarla dollara başa gələn anti-utancaqlıq kampaniyalarına başladı. Paxil-in istehsal direktoru Kristofor Leyn bildirir ki, hər bir marketerin xəyalı bilinməyən və ya adı qoyulmamış bir bazar tapmaq və onu genişləndirməkdir. Bizim utancalıq ilə etməyə nail olduğumuz məhz budur.

        

Tibbi vasitələr həyatın adi dərdlərindən və sıxıntılarından törəyən narahatlığa qarşı ümumi qorxularımızı və ya onlara meyilliyimizi heç bir zaman azaltmır. “Həyatı yaxşılaşdıran” o dərmanların potensialının boşluğu istehlakçılar üçün sonsuz bir xəyal qırıqlığı, reklamçıları və satıcıları üçün isə sonsuz bir qazanc mənbəyidir.

        

Guardian qəzetindən Katrin Bennetin müşahidəsinə görə, həkimlərin əksəriyyəti “sadə hallarındakı qadınların inkişaf etdirə biləcəkləri bir çox “fəaliyyət” sahəsi təqdim etdiklərini irəli sürür. Estetik cərahiyyə son illərdə həqiqətən ən sürətlə böyüyən sənayelərdən biri halına gəlib (estetik cərrahiyyə ilə tez-tez identikləşdirilən plastik cərrahiyə vücuddakı orqanların fiqural və funksional qüsurlarını cərrahi müdaxilə ilə düzəltməyə istiqamətlənmiş spesifik bir sahədir. Amma estetik cərrahiyyə vücudu və ya insan sağlamlığını deyil, vücudun görünüşünü yaxşılaşdırmaq üçün icad edilib. 2006-cı ildə sadəcə ABŞ-da 11 milyon estetik əməliyyat icra edilib. NBC televiziyasının müxbiri  Villiam Saletan bildirir ki, 2008-ci il maliyyə böhranından sonra estetik proseduraların son dərəcə mənfəətli olması reallığı qəbul edilməyə başlandı. Artıq dərmanlara deyil, estetik əməliyyatlara yönələn insanların sayındakı sürətli artım nəticəsində “estetik cərrahiyyə bazarının” illik gəliri 12-20 milyard dollar arasında qiymətləndirilir.

 

Xarici görkəmlərindən əndişə duyan (və buna görə də, sosial mövqeləri və “elit cəmiyyət” bazarındakı dəyərlərinin qalıcı olmayacağından da qayğılanan) qadınlar üçün böyük və mənfəətli bir sənayeyə çevrilmiş estetik klinikaların tipik reklamlarının nə qədər böyük, nə qədər şirnikləndirici olduğunu müşahidə etmək asandır. Bu şirnikləndirmənin sonu yoxdur, internet yayıldıqca hər qayğıya görə bir çarə, hər qadına görə bir qayğı ortaya çıxır. 

 

Kiçik “xəstəliklər” və nizamsızlıqlar faniliyimizin bir siqnalı olaraq xidmət edir. Onlar bədənin bizə əzab yaşatmaqla reaksiya verdiyi qeyri-tarazılığın siqnalıdır. Biz bu siqnallara məhəl qoymamağa deyil, onlara şüurlu şəkildə cavab verməyə dəvət edilirik. Onlar bizə fani olduğumuzu və öləcəyimizi xatırladır. Modern insan qarşılaşdığı hər bir fizioloji və psixoloji nizamsızlıq yaxud rahatsızlıq qarşısında heç bir fərq gözləmədən və mexaniki olaraq tibbi vasitələrdən istifadə etməklə cavab verir. Biz bu siqnalların əhəmiyyətini və ehtiva etdikləri “təhdidi” şişirtdiyimiz zaman onlar sağlamlığımız haqqında verməli olduğumuz şüurlu cavabları bizə xatırladan messencerlərə çevrilir.

 

        

Bədənizmin mesajları ilə gündəlik münasibətimiz mövcudiyyətin pedaqogikasını təşkil edir. Bu nizamsızlıqlarla, xüsusən də bədənimizin bizə nəql etdiyi siqnallar ilə münasibətimiz ilə biz bədənizmin böyük hadisələrini – doğum, xəstəlik, ölüm - görə bilirik. Kompleks cəmiyyətlədə doğum artıq qaçılmaz deyil. Bir tərəfdən kontraseptiv vasitələr, digər tərəfdən isə hamiləliyə və uşaq doğumuna müdaxilə texnikaları cəmiyyəti illərlə şərtləndirən fenomeni kökündən dəyişdirdi. Sosial sistemin reproduksiyası ilkin olaraq onun bioloji bazisindən, əhalinin reproduktivliyindən asılıdır. Doğum dərəcəsi ətraf mühit şərtlərinə, genetik və təkamül şərtlərinə müvafiq olaraq fərqliləşirdi. Lakin doğuma nəzarət vasitələri və texnikaları bu sabit bioloji aksiomanı kökündən dəyişdirməklə onu seçim və qərarvermə domeninə çevirdi. Təbii ki bu dəyişiklik dünyanın bütün sakinlərinə aid edilə bilməz amma bu metamorfozanın rüşeymləri hər yerdə mövcudur və ümumiləşdirilə bilmək potensialına sahibdir. Nə zaman və necə uşaq dünyaya gətirmək artıq bir alın yazısı deyil, seçim məsələsidir. İnsanın həyatverici bədənləri, xüsusən də qadın bədəni mümkünlük, məqsədli diqqət və seçim arenasına çevrilib. Modern istehlak cəmiyyətləri özlərini bir kollektiv katastrofa olaraq infeksion xəstəlik bəlasından xilas ediblər. Keçmişin bütün böyük epidemiyaları ya tədricən aradan qalxıb ya da tamamilə yer üzərindən silinib. Uşaq ölümlərinin səbəbləri kəskin şəkildə azaldıb. Lakin bu xəstəliklər və infeksiyalar stress, xərçəng, QİÇS, çirklənmə ilə bağlı xəstəliklər, fərqliləşdirmədən tibbi vasitələrin istehlakının səbəb olduğu iatrogenik xəstəliklər ilə əvəzlənib.

        

Sanitariyada, dietariyada, mənzil şərtlərində ümumi tərəqqi ilə birgə sağlamlıq təhsili və informasiyasının yayılması bizim sağlamlıq vəziyyətimizi daha dərindən dərk etmək qabiliyyətimizi artırdı. Eyni zamanda öz rifahımızın qayğısına qalmaqda muxtariyyətimiz və məsuliyyətimiz da çoxaldı.

 

Sağlamlığa qayğı sistemi effektiv fəaliyyət sferasını sürətlə genişləndirdi. Bu da səhiyyə menecmenti texnologiyasının və rifah siyasətləri ilə bağlı mexanizmlərin ortaya çıxmasına səbəb oldu. Artıq heç bir fərdi müxtəliflik gözlənilmədən önləyici tədbirlər bütün sosial kateqoriyalara tətbiq edilir. Fərdin hisslərindən müstəqil səhiyyə standartlarının qoyulması vətəndaşların totallığına xitab edən rifah siyasətləri üçün zərurət kəsb edir. İstənilən halda bu standartlar terapevtik müdaxilə imperativlərini özündə əks etdirir.

 

Bütün bunlar, bədənin artıq bir xilas obyekti olması faktını ortaya qoyur. Bədən, bu əxlaqi və ideoloji funksiyanı ruhdan qoparıb. Əsrlər boyu insanları bədənləri olmadığına inandırmaq üçün amansız cəhdlər göstərilirdi. Bu gün isə, daha kəskin cəhdlər insanları yalnız bədənləri olduğuna inandırmaq üçündür. Kapitalist cəmiyyətində bədənə, onun sosial funksionallıq tərzinə və onun haqqında sahib olduğumuz simvolizasiyaya müraciət edilir. Ənənəvi cəmiyyətlərdə bədənə narsist yatırım və ya onun mütəmadi nümayişinə əsaslanan dərki deyil, əmək prosesi və təbiətlə münasibət tərəfindən təlqin edilən instrumental təsəvvürü mövcud idi. Cari istehsal/istehlak strukturları daxilində bədənini dərindən bilmək marağında olmayan insan tamamilə fetişist və göstərişçi məntiq daxilində onu zahiri dünya üçün daha mükəmməl, daha hamar və daha funksional hala gətirmək məqsədilə ona “daxildən” narsistcəsinə yatırım edir. Bədən üzərində koloniyalaşdırılmış bakirə ərazi kimi əməliyyat aparan bu menecerial narsizm dəb bazarında zəfər qazanan gözəllik, sağlamlıq və xoşbəxtliyin gözlə görülən simvollarını hasil etmək üçün bir mədən depoziti kimi istismar edilir. Bədən artıq sadəcə fiziki olaraq sahiblənilən, manipulyasiya və istehlak edilən obyektlərin ən gözəli və ən yaxşısıdır. Lakin əsas məsələ ondan ibarətdir ki, azadlıq və emansipasiya mistisizminin səbəb olduğu bu narsist yenidən investisiya faktiki olaraq eyni zamanda iqtisadilik, rəqabətlilik və effektivlik yatırımıdır. Bu şəkildə yenidən sahiblənilən bədən kapitalist məqsədlər üçün sahiblənilir. Bədən subyektin muxtar məqsədləri üçün deyil, idarə edilən istehlak və istehsal cəmiyyətinin normalarına indeksasiya edilmiş hedonist faydalılığın normativ prinsipi baxımından yenidən mənimsənilir. Həzz aləti və şəxsi nüfuz göstəricisi kimi sağlamlaşdırılan bədənin tabe edildiyi yatırım əməyi onun iş gücü olaraq istismarından daha dərin bir yadlaşmış əməkdir.

        

Ali dəyər kimi funksional bədənin uzunmüddətli müqəddəsləşdirilməsi prosesində bədən artıq nə dini konseptlərdəki kimi vücuddur, nə də sənaye məntiqindəki kimi əmək gücü. Keçən əsrin ikinci yarısından etibarən, bədən öz maddiliyində sosial ritualların və taktikaların elementi yaxud narsist kult obyekti kimi (yaxud görünür ideallığında) yenidən dəyərləndirilməyə başlandı. Bu sosial ritualların əsas iki leitmotivi olan gözəllik və erotisizm birlikdə bədənə qarşı münasibətin yeni etikasını formalaşdırdı. Həm kişilər, həm də qadınlar üçün keçərli olsa da, bu etika öz daxilində qadın və kişi qütblərinə bölünür. Təməl elementləri bir-birilə əvəz oluna bilən bu iki əks model qadınlar üçün frineizm və kişilər üçün atletizm olaraq adlandırıla bilər. Qadın modelinin üstünlüyü var, çünki vurğulanan yeni etikanın şablonu kimi fəaliyyət göstərən məhz bu modeldir. Qadınlar üçün gözəllik mütləq və dini bir imperativə çevrilib. Gözəllik artıq nə təbiətin bir effektidir, nə də ki əxlaqi keyfiyyətlərə əlavədir. Gözəllik və uğura eyni mistik təməllər şamil edilir. Qadın üçün bu, bədəninin bütün hissələrini “daxildən” oyadan və kəşf edən həssaslıqdır. Bu dəb etikası energetik, seksual və jestual dəyərlər kimi bütün konkret istifadə dəyərlərini arzu və həzz, eyni zamanda ehtişamlı və mükəmməl bədən ideyasını özündə ehtiva edən vahid funksional “mübadilə dəyərinə” çevirməkdədir. Artıq həm bədən, həm gözəllik, həm də erotisizm iqtisadilik və rəqabətlilik məntiqinə tabe edilir. Produktivist məqsədlər naminə rasional olaraq istismar edilmək üçün bədən azad edilməli və sərbəstləşdirilməlidir. İdeologiyalar tarixinə nəzər salsaq bədənlə bağlı olanların ruh və qeyri-maddi prinsip mərkəzli spiritual ideologiyalara qarşı hər zaman kəskin və tənqidi mövqedə dayandığını müşahidə etmək mümkündür. XVIII əsrdən etibarən sensualist, emprisist və materialist fəlsəfə ənənəvi spiritualist ehkamları aradan qaldırmağa başladı. Ruh adlanan fundamental dəyərin tarixi dezinteqrasiyasının uzunmüddətli prosesi məhz bu şəkildə ortaya çıxdı. Nəinki fərdi qurtuluş və səlamət sistemi, eyni zamanda bütöv sosial inteqrasiya prosesi ruh ətrafında təşkil edilirdi. Bu müqəddəssizləşdirmə və dünyəviləşdirmə bütün Qərb sivilizasiyasının təkamülü ərzində məhz bədənin lehində inkişaf etdi. Bədən dəyərləri ən destruktiv dəyərlər olmaqla yanaşı, ən kəskin ideoloji zidiyyətlərin də mənbəyi idi. Bu gün, qeyd olunan dəyərlər mübahisəsiz şəkildə yeni etika olaraq qəbul edilir. Nəticədə isə, mütləq zəfər qazanan bədən yaşam gücü olmaq əvəzinə Ruhun taxtına sahib olmaqla mistik örnəyi, ehkamlar və qurtuluş sistemini özündə ehtiva etməkdədir. Hər zaman müqəddəsin tənqidini təmsil edən, daha böyük azadlıq, “həqiqət” və azadlıq arzusunda “insanlığa və Allaha qarşı mübarizədə” olan bədənin “yenidən kəşfi” eyni zamanda onun yenidən müqəddəsləşdirilməsi aktı kimi ortaya çıxır. Artıq bədən kultu ruh kultuna zidd deyil, o, ruh kultunun davamı və onun ideoloji funksiyasının varisidir. “Azad edilmiş” bədən sadəcə inkişaf etmiş istehsal-istehlak sistemi üçün qeyri-adekvat olan və ideoloji sosial inteqrasiyanı təmin etmək qabiliyyətində olmayan “dəbdən düşmüş” ruh ideologiyasının fərdi dəyər sistemi ilə birləşmiş daha funksional modern ideologiya ilə əvəzlənməsidir. Beləcə, ruhun transsendentallığı bədənin spontan olaraq aksiomatik immanentizmi ilə əvəzlənib. Ruh kimi bir ideyaya çevrilən bədən istehlak etikasının öncül mifidir. Bədən həm istehsal məqsədlərinə, həm fərdin yönədilən inteqrasiya prinsipinə, həm də sosial nəzarət strategiyasına daxil edilərək iqtisadi, psixoloji və siyasi olaraq istismar edilir. 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI