Məqalələr

Bədənin aliliyi və həyatın tibbiləşməsi- (Birinci Hissə)

avatar
Sübhan Padarsoy
2019-12-04

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya"  kitablarının müəllifidir.

Bu gün bədən bütün sosial sferanı işğal edir. Genişmiqyaslı tibbiləşmə prosesi, bədənin qayğısına həsr olunmuş klinikalar və mərkəzlərin institutsionallaşması, eləcə də xəstəlik və sağlamlıq kriteriyasını mütləqləşdirən ekspert və xidmətlər vasitəsilə bu işğal dominant şəkildə davam edir. Fiziki rifaha maraq getdikcə böyüyür. İdman fəaliyyətləri və fitnes daha aşkar formalarda ortaya çıxarkən, gerçək kontekstindən çıxarılmış yoqa da populyarlaşdırılır. Bütün bunlar koordinasiyasız və aşkarca fərdi fəaliyyətlər olsa da, onlar “bədən mədəniyyəti” və yeni kollektiv ehtiyacların ortaya çıxmasının işarələridir.

İnsani varlıqların təbii dimensiyasının yenidən aşkarı bu trendin bir komponentidir. İnsan digərləri arasında bir təbii sistemdir. Keçmiş cəmiyyətlər tarixin qanunları və transsendensiya prinsipləri ilə yaşayırdı. Bu prinsiplər daxilində, bədən (və ya bədənin ehtiyaclarının aliliyi) yalnız bir məhdudiyyət, bir əxlaqi çöküşün məhsulu və ruha qarşı olaraq degenerativ təbiət kimi dərk edilirdi. Tarixin sonu ilə insanın təbiiliyinin yenidən kəşfinə yol açıldı. Biologiya, sosio-antropologiya və genetik psixologiya kimi elmlər tərəfindən açılan yeni bilik domenləri insani varlıqları təbii dünyanın inteqral bir hissəsi olaraq müəyyən etməklə yanaşı, onun təbiətə şüuri müdaxilə etmək və onu dəyişdirmək potensialı ilə təmin edir. Bədənin biliyi insanlığın fiziki emansipasiyasını da şərtləndirən bir amil oldu. Bu yeni elmlərin sayəsində müəyyən edildi ki, cəmiyyət insanlığın – kollektiv fəaliyyətin bir məhsulu, eyni zamanda insani mənsubluğun iki sahəsi arasında qarşılaşma və konflikt domenidir: bizim təşkil olunduğumuz təbiət və bizim tərəfimizdən yaradılan, habelə təbii prosesə müdaxiləmizə icazə verən sosial münasibətlər.

           

Bədən impuls və arzuların bir mərkəzi, eləcə də misteriya qüvvələrinin sahib olduğu enerjinin mənbəyi kimi qəbul edilir. İstər libidodan bəhs edilsin, istərsə də, bioloji enerjidən, yeni bədən mədəniyyəti istrumental rasionallığa endirilə bilməyən və ya bir sapma simvolu olaraq düşünülməyən bir insani dimensiyanı ortaya çıxarır. Arzu, impuls, enerji və emosiyalar insani təcrübənin ölçülərinə çevrilməklə insanlığın bir ölçüsü olaraq tanınır və qəbul edilir.

           

Bədən mədəniyyətinin digər elementi digərləri ilə münasibətlərin yenidən kəşfidir. Sosial interkurslarda bir kommunikasiya aləti və affektiv simvol rolunu oynayan məhz bədəndir. Seksuallıq artıq instinktin qaranlıq səviyyəsinə endirilmir. Kommunikasiyanın essensial insani formasına çevrilən seksuallıq münasibətlər mümkünlüyünün geniş şəbəkələrini ortaya çıxarır. İnsanların qarşılaşması özünü bədənlərin qarşılaşması olaraq nümayiş etdirir. Nəhayət, bədənə qayıdış identiklik üçün yeni axtarışları doğurur. Bədən gizli bir sfera olaraq yalnız fərdin nəzarət edə bildiyi və cəmiyyətin gözləntiləri (eləcə də qanunları) tərəfindən məhudlaşdırılmadan fərdin özünü müəyyən etmək üçün qayıda bildiyi gizli bir domen olaraq meydana çıxır. Yaşadığımız əsrdə identikliyin sosial xarakteristikası “özəl məkan” hüdudu tərəfindən ənənəvi olaraq qorunan sahələri bütünlüklə fəth edir. İstehlak, seksuallıq və affektiv münasibətlər qeyri-özəl müdaxilə əraziləridir. Onlar fiziki-maddi rifah üçün zəruri olan produktivliyi və sosial performansı əldə etməyə, habelə rasionallaşdırma siyasətləri üzərində konsensusa nail olmağa köklənmiş sosial olaraq təlqin edilən davranış modellərinin arasıkəsilməz təzyiqinə tabedir. Sanki ən dərin impulslarımız və ehtiyaclarımız bizə məxsusdur və bizi müəyyən edir. Sanki bu ehtiyaclar və impuslar bədənimizə həkk olunub və bizim “kim” olduğumuzun essensiyasıdır.

           

Burada məqsəd təbiət-cəmiyyət dixotomiyasını yenidən oyatmaq deyil. Vurğulamaq istənilən şey çağdaş cəmiyyətlərdə identikliyin kultural tərifinin sahib olduğu formadır. İnsani varlıq enerji, eros və aqressivlik olaraq yenidən kəşf edildi. Unikal və vazkeçilməz xüsusiyyət olaraq görülən bədən sosial düzənin təzyiqlərinə qarşı gəlmək və onlara müqavimət göstərmək iqtidarındadır. Bu kontekstdə nəzərə alınmalı olan məqam bədənə əsaslanan identiklik axtarışındakı konflikt potensialıdır.

           

Bədənin “azadlığında” dərin ikimənalılığın mövcudluğu inkarolunmaz bir reallıqdır. Reallıqda bədən ehtiyaclar və qadağaların, impulslar və məhdudiyyətlərin qaçılmaz qovuşma sahəsidir. Bədənin azadlığı – kommunikasiya və ekspressivlik üçün insan qabiliyyətinin aktuallaşması – yalnız sosial mövcudiyyətinin hüdudlarında özünü ifadə edə bilən fərd daxilində reallaşdırıla bilər.

           

Bədən mədəniyyətinin inkişafı ilə biz bədənin zəfərinə və onun vahid bölüşülən sosial mahiyyəti ehtiva edən bir obyekt kimi disfunksionallaşmasına şahidlik edirik. Bədən anlayışının özü bədənə fokuslanan müxtəlif praktika və diskussiyanı stimullaşdıran müxtəlif anlamların plürallığına doğru parçalanmaya məruz qalır. Bədən artıq ona təbiət elmləri tərəfindən şamil edilən harmonik həndəsəyə sahib deyil. Çünki bədənin orqanları, funksiyaları və sistemləri təbiət, affektivlik və sosial münasibətlər arasındakı əlaqələrin təcrübəsi tərəfindən yenidən sorğulanır. Artıq bir obyekt olmayan bədən sosial və kultural ziddiyyətlərin müəyyən olunduğu fəaliyyət sahəsinə çevrilib.

           

Biz insani təcrübənin maddi dimensiyasına məhəl qoyulmadığı yaxud da bu dimensiyanın fiziki performans və iş üçün instrumental dəyərə malik olduğu, daha ali düzənin spiritual və mental fəaliyyətlərinə tabe olduğu mədəniyyətdən bədənin müqəddəslik müstəvisində dəyərləndirildiyi mədəniyyətə daxil olduq. Transsendensiyanın ilahi prinsipinin təsirinə görə, bədən ruhun azadlığı qarşısında bir əngəl olaraq dərk edilirdi. Bədən və onun gücləndirilməsi üzərində özünü göstərən digər faktor arzu dimensiyasıdır. Qədim mədəniyyətlər instinktlər, fiziki-bioloji ehtiyaclar ilə bağlı olan hər şeyə şübhəli yanaşırdı. Bədən impulslarının mənşəyi və təsiri etibarilə şəri təmsil etdiyinə inanılırdı. Lakin bu gün bədən bizi reallıq və digərləri ilə kommunikasiyaya daxil edən və hətta reallığı yaratmağa və onu transformasiya etməyə bizi qadir edən həyati enerji olaraq dərk edilir. Ümumiləşdirilmiş leksikonun bir parçası olan “enerji” anlayışı bizi təbiətlə kontakta daxil olmağa qadir etməklə təbiəti transformasiya etməyimizə yardım edir. Kommunikasiya instrumenti və simvolu kimi bədən affektivlik kanalı olaraq fəaliyyət göstərir.

            

Bədən üzərində diskurslar belə paradoksal xarakterlidir. Bədən mədəniyyətləri ya sürətlə ritorikaya çevrilir ya da yeni mistiszmə. Onlar bazar tərəfindən asanlıqla istismar edilir. Bədən ritorikası və onun bir əmtəə olaraq istismarı onun paradoksallığını örtür ya da bədənin yüksək, parıldayan nümayişi vasitəsilə aradan qalxır. Bədən dinlənilməli, deşifrə edilməli və cavab verilməli bir mesajdır. Bədən sadəcə olaraq geniş ictimai nümayiş vasitəsilə deyil, bizim hər birimizə şəxsi olaraq verdiyi siqnalları vasitəsilə danışır.

           

Hər bririmiz müəyyən qədər kiçik xəstəliklərdən, bədən nizamsızlıqlarından əziyyət çəkirik. Bu bədən nizamsızlıqları hər zaman normal olaraq qəbul edilib. Lakin bu gün bu nizamsızlıqlar spesifik xarakter qazanmaqla, panika və təhdid elementinə çevrilib. Fiziki xarakterli bu nizmasızlıqlar və rahatsızlıqlar psixoloji təcrübəmiz, ruh halımız və emosiyalarımız ilə birləşib. Əgər yaşamımızın repetitiv dimensiyasını inkar etmək kimi kultural tendensiya mövcuddursa, bizim bədən rahatsızlıqlarımız və xəstəliklərimiz bir anomaliyadır. Lakin biz onları gündəlik həyat rutinlərimizdə sistematik olaraq aradan qaldırmağa çalışdıqca onların özündə ehtiva etdiyi təhdid elementi daha obsessiv xarakter alır. Sadəcə bir vərdiş olan rutinin digər aspektlərindən fərqli olaraq kiçik bədən rahatsızlıqlarının təcrübəsi özündə bir panikanı, bir təhdidi, ciddi xəstəlik mümkünlüyü qorxusunu  ehtiva edir. Təcrübənin bu domeni qaranlıq bir nukleus, təhdidkar saatlı bomba kimi dərk edilir. Onlar potensial olaraq daha ciddi əzabın, siqnalları və “müjdəçiləridir”.

 

           

Fiziki rahatsızlıqlara verdiyimiz ümumi cavab yüksək dərəcədə etimad göstərilən dərman qayğısına müraciət etməkdən ibarətdir. Bu kontekstdə dərmandan istifadənin müqəddəsləşdirildiyi, insanların daha müntəzəm və daha azad şəkildə həkimlərə müraciət etdiyi söylənilə bilər. Demokratik olaraq istifadə edilən tibbi məhsullar sehirli funksionallığa və müqəddəsliyə sahibdir. Bu, iki tamamlayıcı modallığın ortaya çıxmasına zəmin yaradır: narsist yatırım və şəxsi nüfuz nümayişi. Dolayısı ilə, psixi dimensiya və bir status dimensiyası. Beləliklə, bədənin fərdi şəkildə müqəddəsləşdirilməsi və yenidən kəşfi ilə medikallıq - tibbilik bütöv və geniş kütlələri əhatələyən bir domenə çevrilir.

 

Modernist cəmiyyətlərdə ağrıkəsicilərin, sakitləşdiricilərin, sedativlərin, stimyulantların istehlakı misli görünəmiş həddə yüksəlib. Bu da, əczaçılıq sənayesinin bazar dəyərinin yüksək payının əsasını təşkil edir. Tibbi məhsullar iki məqsəd üçün istifadə edilir. İlk olaraq, onların distress halını aradan qaldırmaq və ya azalda bilmək kimi fizioloji effekti var. Digər psixoloji perspektivdən isə, onlar bizim psixi nizamsızlıqlarımızı yox etmək gücündədir. İkincisi tibbi vasitələrin ən mühüm effekti olmaqla, onun kütləvi və nəzarətsiz istifadəsini izah edir. Müvəqqəti ağrıkəsicilər olaraq onların effektivliyi fizioloji perspektivdən sorğu-sual edilməsə də, medikasiyanın (medikasiya – dərman müalicəsi) ilkin məqsədi sehirli eliksirlər kimi psixoloji olaraq fəaliyyət göstərməkdir. Onun ilkin funksiyası istənilməyən qonağı – ciddi bir xəstəlik təhdidini bütövlükdə eradikasiya (eradikasiya – tamam ilə, kökündən yox etmə) etməkdir.

 

PAYLAŞ

Oxşarlar

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir - Detallar

27 İyul 2020

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, re… ƏTRAFLI

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları

27 İyul 2020

Dünyada qlobal imperializmin ən strateji dayaqlarının həyati təhlükəsizlik uğrunda epidemik cəbhələrdən asılılığının davam etdiyi vaxtda liderlik … ƏTRAFLI