Məqalələr

“Avropa Birliyinin İnsan Hüquqları ilə bağlı Qlobal Sanksiya Rejimi”: yeni mexanizmin milli dövlətlərin insan haqları ilə bağlı fəaliyyətinə mümkün təsirləri

avatar
Əkbərova Lalə
2020-12-09

Azərbaycan Dövlət İqtisad Universitetinin-UNEC- “Beynəlxalq İqtisadi münasibətlər” fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-ın Lindenvud Universitetində “Beynəlxalq münasibətlər və qlobal araşdırmalar” ixtisası üzrə magistr dərəcəsini alıb. Milli Məclisin İnsan Haqları Komitəsinin eksperti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantıdır.

 

Avropa Birliyi dünyada insan haqlarının pozulmasına görə sanksiyaların tətbiq edilməsi üçün yeni  mexanizm hazırlayıb. 2020-ci il 7 dekabr tarixində nazirlər tərəfindən rəsmi olaraq təsdiqlənəcək sənədin, 10 dekabr “İnsan Hüquqları Günündə”- Ümumdünya İnsan Haqları Bəyannaməsinin 77-ci ildönümü münasibətilə yeni sanksiya  rejiminin Birlik tərəfindən rəsmi olaraq imzalanması nəzərdə tutulub. Sənəd Avropa Birliyinin İnsan hüquqları ilə bağlı Qlobal Sanksiya Rejimi”  (EU Global Human Rights Sanctions Regime) adlanır.[1]

 

İnsan haqları ilə bağlı “Magnitski Aktı (qanununa)” [2]bənzər bir sanksiya rejiminin tətbiqi ehtimalı istiqamətində  ilk müzakirələrə  Avropa Birliyi hələ  oktyabr ayında başlamışdı. 19 Oktyabr 2020-ci il tarixində Avropa Komissiyasının iclasında dünyada insan haqlarının pozulmasına görə sanksiya rejimi təklifi təsdiq edildi. Bu haqda ilk açıqlamanı Avropa Komissiyası sədrinin müavini M. Sefçoviç Brüsseldə keçirdiyi mətbuat konfransında verib. O, xüsusilə vurğulayıb ki, "İnsan hüquqlarının pozulması ilə əlaqədar yeni Qlobal Sanksiya Rejimi rejimi qüvvəyə minərsə, bu, dünyanın harasında baş verməsindən asılı olmayaraq, hər yerdə ciddi hüquq pozuntularına yol verən şəxslərin və ya bu imkanlardan sui-istifadə edənlərin   məsuliyyət daşıması və  mühakimə olunması baxımından AB üçün daha çox çevikliyi təmin edəcək.

 

Hələ 2018-ci ilin dekabrında AB Şurası insan haqlarının pozulmasına görə sanksiya rejimi hazırlamaq üçün hazırlıqlara başlamağı nəzərdə tuturdu. Sanksiyaların ABŞ-da olduğu kimi  “Maqnitski Aktı” adlanmaması da diqqəti cəlb edir. Avropa Parlamentində yeni rejimin adını rusiyalı şəxsin xatirəsinə ilə olduğu kimi adlandırmaq istəyənlərin çox olmasına baxmayaraq, bunun əleyhdarları da kifayət qədərdir. İkincilər- mövqelərini sanksiya rejiminin hər hansı bir ölkə və ya bölgəyə münasibətdə məhdudlaşdırmaq istəməmələri ilə əsaslandırır.

 

Artıq qanunvericiliklə bağlı bütün prosedur işləri yekunlaşıb. Yeni sanksiya rejiminin qəbulu haqda son qərarı Avropa Birliyi Şurası vermək ərəfəsindədir.

 

Yeni sanksiya mexanizmi niyə lazımdır və onun üzv ölkələrə təsiri olacaqmı, yaxud necə olacaq?-kimi suallar hazırda qızğın müzakirə edilən məsələlər sırasındadaır.

 

  • İnsan haqları ilə bağlı  sanksiya siyasəti: yaxın tarixə nəzər

 

Məlum olduğu kimi, insan haqları ilə bağlı ayrı-ayrı ölkələrə münasibətdə tətbiq edilən  beynəlxalq sanksiyalar təcrübəsi artıq son illər geniş tətbiq edilib. Müasir dövlətlərin xarici siyasət aləti kimi sanksiyaların rolu, bu kimi məhdudlaşdırıcı tədbirlərin tətbiqinin lokal və regional xüsusiyyətləri, müxtəlif ölkələrə qarşı tətbiq olunan sanksiyaların hədəfləri, habelə sanksiyaların təsirinə qarşı mübarizənin nəticələri və strategiyaları haqda kifayət qədər geniş araşdırmalar mövcuddur.  [3]

 

Tramp administrasiyası, xüsusilə də, iqtisadi sanksiyaların tətbiqi istiqamətində əvvəlki ABŞ administrasiyalarına nisbətən daha aqressiv fəaliyyət ortaya qoydu.  2017-ci ilin avqustunda qəbul edilmiş “Amerikaya Qarşı Olanlara   Sanksiyalarla Mübarizə Qanunu” (Countering America’s Adversaries Through Sanctions Acts (CAATSA)  ilə, Vaşinqton İran, Şimali Koreya və Rusiyaya təzyiqləri dəfələrlə artırıb. Venesuela, İran, Kuba, Şimali Koreya və Rusiya iqtisadiyyatları əvvəlki və son dövrdə Vaşinqton tərəfindən tətbiq olunan sanksiyalar üzündən ciddi şəkildə zərər görməkdədir.

 

2019-cu ilin noyabrında bir qrup ABŞ senatoru insan haqlarının pozulmasına görə Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq olunmasını təklif etmişdi. O zaman, əsasən siyasi hakimiyyətlərin müxalifət və müxalif liderlərlə bağlı verdiyi qərarları nəzərdə tutulurdu.

 

Sona çatmaqda olan bu ildə Belorusiya hadisələri ilə bağlı insan haqlarına görə tətbiq edilən sanksiyalar məsələsi xüsusi aqressivliklə gündəmdən düşməyib.

 

Cari 2020-ci ilin əvvəlindən Konqres- ABŞ prezident administrasiyasını insan haqlarının pozulmasına görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıran qərar qəbul etdi. Sənəd Rusiyanı "siyasi məhbusları dərhal sərbəst buraxmağa", D. Trampı “insan haqları pozuntularına cavabdeh olanlara sanksiya tətbiq etməyə" çağırırdı. Qətnamədə jurnalistlərə, müxalifətçilərə, vətəndaş cəmiyyəti fəallarına və din azadlığı tərəfdarlarına qarşı təzyiqlər pislənilirdi.[4]

 

01 yanvar 2021-ci il tarixindən Avropa Birliyindən çıxmağa hazırlaşan Böyük Britaniya da artıq  sanksiyalar siyasətini müstəqil şəkildə reallaşdırmağa başlayıb. Belə ki,cari ildə  İngiltərə Xarici İşlər Naziri Dominic Raab, Belarusiyada insan haqlarını pozmaqda günahkar olanlara qarşı sanksiyalar hazırlamağı əmr edib. O, deyib: “Lukaşenkonun inauqurasiyasını və Brüsselin sanksiyalarla bağlı  gecikməsini nəzərə alaraq, Xarici İşlər Nazirliyinin sanksiya şöbəsinə sanksiyalar hazırlamağı əmr etdim”. Onu da qeyd edək ki, Belorusiya ilə bağlı ABŞ-ın sanksiya siyahısında da 16 yüksək vəzifəli şəxsin adı var.

 

AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Josep Borrell, Belarusiyaya qarşı sanksiyaların qəbul edilməsi üçün hər cür səy göstərəcəyinə söz verib.

 

Sanksiyalar siyasətində Qərbin reaksiyası Lukaşenkonun prezident kimi tanınmaması ilə məhdudlaşmayıb. Sanksiya açıqlamalarına həmrəylik nümayiş etdirən ölkələrin sayı çoxalıb. Almaniya, Danimarka, Latviya, Litva, Hollandiya, Polşa, Slovakiya, Çex Respublikası, Estoniya, Ukrayna, Kanada və ABŞ rəsmiləri tərəfindən də dəstək ifadə edilib.

 

  • Avropa Birliyi insan hüquqları pozuntularını daha "tez cəzalandırmaq" istəyir.

İnsan haqları ilə bağlı yeni hesab edilən sənədi şərti olaraq “Avropa Maqnitski Qanunu”da adlandırmaq olar.  Bununla yanaşı, AB-nin sanksiyalarla  bağlı bu addımı görünməmiş-yəni presedenti olmayan bir yeni layihə hesab edilmə bilər. İndiyə qədər Avropa Birliyində 34 dövlətə qarşı 40 məhdudlaşdırıcı rejim fəaliyyət göstərib. Onlardan bəzilərinin insan hüquqlarının müdafiəsinə yönəldilməsinə baxmayaraq, Avropa, Qərb-Amerika həmkarlarının etdiyi kimi indiyə qədər “Maqnitski Aktı”nın müddəaları üzrə insanın hüquqların pozulması  ilə bağlı pul cəzasının (aktivlərin dondurulmasının) tətbiq edilməsinə qarşı qanunu qəbul etməmişdi.

 

Hazırda isə, bəhs edilən “İnsan hüquqlarının qorunması üçün Qlobal Sanksiya Rejimi” layihəsi ((EU Global Human Rights Sanctions Regime) Avropa Komissiyasının sədri Ursula von der Leyen və AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissar Josef Borrell tərəfindən təqdim edilib. Yeni sanksiya rejimində əksini tapan maddələr arasında, AB ölkələrinə giriş qadağası və məhdudiyyətlərin tətbiq edildiyi şəxslərin maliyyə-pul aktivlərinin dondurulması saləhiyyəti də var. Onlar, yeni mexanizmin dünyada fərdlər və təşkilatlar üzərində məhdudiyyətləri tətbiq etməyə imkan yaratmaqla Avropa Birliyini (AB) gücləndirəcyinə əmindir.

           

Sanksiyalarda başlıca olaraq 2 maddə: 1. Hüquq pozucusu hesab edilənlərin Aİ-yə girişinə qadağa qoyulması; və 2. Onların Avropa Birliyi ərazisindəki aktivlərin dondurulması;- şəklində tətbiq ediləcəyi nəzərdə tutulur. Görünməmiş yenilik də məhz-  Avropa Birliyinin giriş qadağasına riayət olunmasına nəzarət səlahiyyətini  ilk dəfə əldə etməsidir,belə ki,bu vaxta qədər həmin səlahiyyət müstəsna olaraq milli dövlətin suveren hüququ olub. Hər bir dövlət öz ərazisinə giriş məsələsini özü tənzimləmək hüququna malik idi.

 

AB-nin yeni mexanizmi qəbul etməsinə başlıca zərurət və səbəbləri də məhz bununla izah edir. İndiyə kimi Birliyə üzv ölkələrdə səyahət qadağaları ilə bağlı müstəsna səlahiyyət yalnız milli dövlətlərə aid olduğu üçün Birliyin hər hansı fərdlərə səyahət qadağalarını tətbiq etmək hüququ yox idi. Sanksiya səlahiyyətləri siyasi-coğrafi amilllərdən asılı olaraq hədəflənmişdi. Lakin artıq 10 dekabr tarixindən, yeni sanksiya qanununu təsdiqlədikdən sonra Avropa Birliyi   insan haqlarının pozulmasında iştirak edən şəxslərin maliyyə aktivlərin dondurulması və səyahət qadağaları qoyulması səlahiyyətlərini milli hökümətlərdən ala biləcək. Burada  nəzərdə   tutulan məhdudlaşdırıcı tədbirlər: soyqırım və işgəncədən tutmuş,qanunsuz həbs və qadağalara və s.  qədər cinayətlərdə iştirak edənləri hədəf alacaq. Yeni hüquqi akt onu hazırlayanların fikrinə görə, “dünya miqyasında ciddi insan haqları pozuntuları və qanunsuzluqlara qarşı məqsədyönlü məhdudlaşdırıcı tədbirlər üçün ümumi bir çərçivə yarada biləcək”.  

 

Belə bir sanksiya rejimi ilə bağlı razılaşmanın əldəe dilməsi hələlik cəzaların tətbiqi deyil, onların təsbiti  üçün  bir hüquqi baza yaradıb. Növbəti addım konkret şəxslərin sanksiya siyahısına salınması olacaq. Bunun üçün AB Şurasının yeni yekdil qərarı lazımdır.Həmin qərarın isə, qeyd edildiyi kimi dekabrın 10-da verilməsi gözlənilir.

           

Beləliklə, sanksiya rejimində yeni mexanizm kimi, Avropa Birliyinin sanksiyalara məruz qalan insanların səyahət qadağanına nəzarət etməyə imkanını əldə edib. Qeyd edildiyi kimi,  bu funksiya milli hökumətin əlindən (qismən-siyahıya salınanların səyahəti ilə bağlı) alınıb. Təsadüfi deyil ki, J.Borrell açıqlamasında yeni sanksiya rejimini presedent adlandırıb. Buradan irəli gələn digər yenilik-hər hansı bir sanksiyanı bütün ölkələrin konsensusu əsasında deyil, əksəriyyətin qəbul etməsinin nəzərdə tutulmasıdır. Həmçinin, təklif olunan tədbirlər, Suriya, Belarusiya, Venesuelada  və s. insan haqlarının pozulmasında iştirak edən şəxslərə qarşı tətbiq olunan məhdudiyyətləri əvəz etməyəcək. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri David McCallister  “AB Qlobal Sanksiyalar Rejimini” dəstəkləyərək vurğulayıb: "AB insan haqlarını pozanlara qarşı “nöqtəvi” (pinpoint)-məqsədyönlü sanksiyalar tətbiq edə bilməlidir".. Hollandiyanın xarici işlər naziri Stef Block da layihənin müsbət nəticələr verəcəyinə əminlik bildirib.

 

Avropa Birliyinin  indiyə kimi sanksiyaların tətbiq edilməsi üçün mövcud olan 40 mexanizmin birləşdirilməsinə və   bu şəkildə yeni sanksiya rejimini formalaşdırmasına qərar verməsi birmənalı qarşılanmayıb.  “Yeniliyin”- sanksiyalar tətbiq etmək üçün daha sadə bir prosedur təmin etmək məqsədi olduğu kimi izah edənlər çoxdur. Bu yanaşmanın yalnız bir müddət "işləri qaydasına salmaq" üçün müvəqqəti işlək olacağını deyən skeptiklər də var.

 

Sual-mübahisə yaradan məsələlərdən biri də,hər hansı bir sanksiyanı bütün ölkələrin konsensusu ilə deyil, əksəriyyətin  səs çoxluğu ilə qəbul edilməsinin nəzərdə tutulmasıdır.

 

  • Brüsselin insan haqlarının pozulmasına görə cəza vermək istəyi:Yeni rejim nə kimi vədlər və təhdidlər yarada bilər?

           

Artıq vurğulandığı kimi,  analoji mexanizm kimi ABŞ-da, eləcə də Breksit hadisəsindən sonra   İngiltərədə qəbul və tətbiq edilən Magnitsky Aktı mövcuddur. Bununla yanaşı, indiyə qədər bütün Avropa Birliyini əhatə edən ümumittifaq hüquqi alət olmayıb.

   

Magnitski Aktında əksini tapan mövcud qaydaların AB-nin insan haqlarının pozulmasına görə universal şəkildə sanksiya tətbiq etməsinə icazə vermirdi. Burada sanksiya qərarı milli hökumətlərin əlində qalırdı. 10 dekabr tarixində Birliyə üzv ölkələr belə bir maneənin götürülməsinə nail olarsa, sanksiyalar işlək qaydada tətbiq oluna bilər.

 

Görünən həm də budur ki, Avropa Birliyi nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla, insan hüquqlarının qorunması ilə bağlı bütün qərarların yerinə yetirilmədiyi qənaətinə gəlib. Yeni qaydalar qanun pozucularının cəzalandırılmasına imkan verəcək.

 

Yeni sanksiyaların qəbul-səsvermə mexanizmi ilə bağlı çətinliklər ola biləcəyini deyən şərhçilər də var.  Yeni qaydalar bütün dövlətlərin mütləq konsensusu ilə deyil- səs çoxluğu ilə tətbiq olunmasına imkan verəcək. Hal hazırda məhdudiyyətlərin tətbiqi üçün bütün dövlətlər onları dəstəkləməlidir. Bu baxımdan AB-nin kiçik ölkələrinin qərar qəbuluna qarşı çıxa biləcəyini vurğulanır. Belə ki, onlar bunu öz mənafelərinə qəsd olaraq görə bilər. Məs. AB-nin Türkiyəyə "təzyiq göstərməməsindən" inciyən Kiprin də layihəyə qarşı çıxa biləcəyi ehtimallar sırasındadadır.

 

  • Sanksiyaların insan haqlarına təsiri:

Beynəlxalq təşkilatlar insan haqları ilə bağlı istədikləri qərarı qəbul edə bilərmi?

Bunun üçün hər hansı hüququ məsuliyyəti varmı?

 

Getdikcə yüksələn sanksiyalar dalğası, konkret ünvanlı tətbiq edilən snksiyalar beynəlxalq hüquqa və insan hüquqlarına necə təsir göstərir? Onlar bu sahədə beynəlxalq hüququn inkişafına necə təsir edəcək?

 

2020-ci ilin martında BMT İnsan Hüquqları Şurası sanksiyaların insan haqlarına mənfi təsirləri barədə Xüsusi Məruzəçi təyin edib.  Bu təsadüfi müzakirə deyildi. Daha sonra, 2020-ci ilin iyununda tarixdə ilk dəfə beynəlxalq təşkilatların məsuliyyəti məsələsi gündəmə gəldi. 11 iyun 2020-ci il tarixində ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsi ilə əlaqəli şəxslərin əmlakının dondurulması barədə İcra Sərəncamı imzaladı.  

 

Həqiqətən də, bu gün ayrı-ayrı dövlətlərin və regional təşkilatların sanksiyaları getdikcə daha geniş tətbiq olunur. Bunlar sanksiyalar altında olan dövlətlərin iqtisadiyyatına və hədəfə alınan şəxslərin fəaliyyət və hüquqlarına mənfi təsir göstərir. Sanksiyalar, yaşamaq hüququndan iqtisadi və sosial hüquqlara qədər insan hüquqlarının bütün spektrini əhatə edir. Çox sayda olduğunu və bunları hər gün eşitdiyimizi nəzərə alsaq, təəssüf ki, sanksiyalar artıq istisna sayılmır və adi bir şey kimi qəbul edilir. Lakin beynəlxalq hüquqdakı statusları heç bir şəkildə birmənalı deyil.

 

Müasir beynəlxalq münasibətlər sistemi Birləşmiş Millətlər   Nizamnaməsində   təsbit edilən  beynəlxalq hüququn bu  əsas prinsiplərinə əsaslanır:

 

1.güc tətbiq etməmək və güc təhdidi prinsipi, 2.dövlətlərin suveren bərabərliyi prinsipi, 3.dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi, 4.beynəlxalq öhdəliklərə uyğunluq prinsipi. Sənədə görə, yalnız BMT Təhlükəsizlik Şurası dövlətlərə sanksiyalar tətbiq etmək hüququna malikdir.Bu hüquq- yalnız sülhü təhdid, sülhün pozulması və ya təcavüz aktı hallarında tətbiq edilə bilər. Ancaq dövlətlər silahlı hücumlara məruz qaldıqları təqdirdə özünümüdafiə məqsədilə güc tətbiq edə bilərlər.

 

Bununla yanaşı, Maqnitski Aktları göstərir ki, BMT Nizamnaməsində təsbit olunmuş yanaşma heç də dövlətlərin başqa ölkələrə heç bir şəkildə təsir göstərə bilməməsi anlamına gəlmir. Müqavilə azadlığı prinsipini əsas götürərək, hansı dövlətlərlə və hansı formada əməkdaşlıq edəcəyinə özləri qərar verirlər. Əməkdaşlıqdan imtina sanksiya deyil. Eyni zamanda, dövlətlər öz fəaliyyətlərində beynəlxalq hüquq prinsiplərini və qəbul edilmiş beynəlxalq öhdəlikləri, o cümlədən əməkdaşlıq, ticarət, investisiya, insan hüquqları sahəsində müqavilələr normalarını poza bilməzlər.

 

Beynəlxalq hüquqa görə, dövlətlər beynəlxalq öhdəlikləri yalnız tərəfdaş dövlət tərəfindən müvafiq müqaviləyə riayət etmək üçün bu cür öhdəliyin pozulmasına cavab olaraq poza bilər. Hər hansı bir dövlətdə bir soyqırımı, əsas insan hüquqlarının kobud şəkildə pozulması  vəziyyətində də görülən tədbirlər həqiqətən zəruri, mütənasib olmalıdır və beynəlxalq hüququn prinsiplərini, insan hüquqlarına hörmət borclarını və beynəlxalq humanitar hüququ pozmamalıdır. Beləliklə, dövlətlər yalnız beynəlxalq hüququn pozulmasını istisna edən və ya yuxarıdakı hallarda beynəlxalq hüquqa uyğun olaraq qanunsuzluğu istisna edilən təzyiq tədbirlərini tətbiq edə bilərlər.

 

Təəssüf ki, praktikada birtərəfli sanksiyalar adlanan xeyli sayda hərəkət göstərilən meyarlara cavab vermir və beynəlxalq hüquqların, o cümlədən insan hüquqlarının qorunması öhdəliklərinin pozulmasını təşkil edir.

 

  • Ən çox tətbiq olunan sanksiyalar hansılardır?

 

Bu gün tətbiq olunan sanksiyalar çox müxtəlifdir. Xarici siyasətdə təzyiq vasitəsi kimi iqtisadi sanksiyalar şübhəsiz ki,ilk yerlərdə durur. BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin VII Fəsli əsasında qəbul etdiyi sanksiyalar xüsusi bir yer tutur. BMT Təhlükəsizlik Şurası 1990-cı illərdə sanksiyalar tətbiq etməkdə çox fəal idi. Bu dövr hətta "sanksiyalar onilliyi" adlandı. Bununla birlikdə, sonradan Təhlükəsizlik Şurası, qanuniliyi mübahisəsiz olan bu sanksiyaların da kifayət qədər təsirli olmadığı, eyni zamanda əhali üzərində son dərəcə mənfi təsir göstərdiyindən, tətbiq olunmasına daha diqqətlə yanaşmağa başladı. Daha sonra, BMT Təhlükəsizlik Şurası, hərəkətləri Şuranın fikrincə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən konkret şəxslərə və ya təşkilatlara qarşı getdikcə daha çox hədəflənmiş sanksiya tətbiq etməyə başladı.

 

Təəssüf ki, müvafiq qanunvericilik bazasının olmamasına və BMT Təhlükəsizlik Şurasının təsdiqinə baxmayaraq bu gün birtərəfli sanksiyalar daha çox tətbiq olunur. Xüsusilə, məqsədyönlü sanksiyalar getdikcə barışıq üçün təhdid və ya barışığın pozulması hallarında deyil, məhkəmə icraatı aparılmadan və dövlətlərin hüquqlarını və nüfuzlarını qorumağa imkan vermədən çox geniş bir əsasda tətbiq olunur.

 

Ayrı-seçkiliksiz tətbiq olunan sözdə sahəvi sanksiyalar - müəyyən bir ərazidə müəyyən bir dövlətdə fəaliyyət göstərən bütün və ya bir çox təşkilata (məsələn, Venesueladakı maliyyə və neft sektorundan və ya Rusiyadakı maliyyə, enerji, mədən və dəmir yolu sənayesindən danışa bilərik) Təcrübədə bu sahə sanksiyaları bütövlükdə dövlətə qarşı tətbiq olunan sanksiyaların tətbiqinə çox yaxındır.Onun uyğunluğu icraçı dövlətlərin sakinləri üçün cinayət təqibi və cərimələr təhdidi və ya qeyri-rezidentlərin sanksiya siyahısına salınması ilə təmin edilir.Mülki məsuliyyət altında olan 289 min dollara qədər və ya 10, bəzi hallarda isə 20 il həbs cəzasına məhkum edilir.

 

Günümüzdə iqtisadi və ya ticarət sanksiyaları çox vaxt tətbiq olunur, sanksiyalar altında bir əyalətdə malların alınmasını qadağan edir və ya ümumiyyətlə onlarda malların tədarükünü, müəyyən bir növ mal və ya istehsal olunan komponentlərin müəyyən bir hissəsindən çoxunu ehtiva edən malların, məsələn, ABŞ-da tədarükünü maneə törədir; milli bankın və ya digər bankların hesablarının dondurulması, pulun, məsələn, ABŞ dollarında ödənilməsini və ya köçürülməsini qadağan edən və ya müəyyən qurumlara ödənişlərin qadağan olunduğu maliyyə sanksiyaları; bir dövlətin və ya bir dövlətin vətəndaşının xüsusi tətbiqetmə və ya platformadan istifadə etməsinə mane olan kiber sanksiyalar. Bir pandemiya kontekstində bir təzyiq tədbiri olaraq ABŞ, İran, Venesuela, Kuba və Sudandan Beynəlxalq Valyuta Fondu və Dünya Bankından borc istəmələrini maneə törətməyə çağırıla bilər. Hədəfli sanksiyalar arasında ən çox viza verilməsi və ya dövlət ərazisinə giriş qadağası, hesabların və əmlakın dondurulması yer alır.

 

  • ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı son əməliyyatı sanksiyalar məsələsində ziddiyətiə müsal kimi 

 

5 Mart 2020-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM)(The International Criminal Court (ICC) Apellyasiya Palatası, ümumi yurisdiksiya prinsipinə istinad edərək, ABŞ-ın Əfqanıstandakı əməliyyat zamanı hərbi cinayətlər törətməkdə olan ABŞ hərbi qulluqçuları və ABŞ-ın nəzarətində olan bölmələrinin mühakimə olunmasına dair istintaqı təsdiqlədi. BCM-nin yurisdiksiyasını tanımışlar.

 

Buna cavab olaraq, 11 iyun 2020-ci il tarixində ABŞ Prezidenti BCM-nin ABŞ rəsmilərinə və müttəfiqlərinə qarşı beynəlxalq cinayətlərə dair ittihamlarla bağlı istintaqını kəskin şəkildə etiraz etdiyi, bu cür cinayətlərin araşdırılmasını milli təhlükəsizliyə və ABŞ suverenliyinə təhdid kimi tanıdığına dair bir sərəncam imzaladı və qadağaların qoyulmasına icazə verdi. BCM hakimlərinə, digər vəzifəli şəxslərə, ailə üzvlərinə və BCM-nin səylərini dəstəkləyən digər şəxslərə viza verilməsi; hesablarını dondurma və nəzarəti altında olan və ABŞ-da yerləşən başqa əmlaka əl qoyma ehtimalını təmin etdi.

 

  • BCM əməkdaşlarına qarşı ABŞ  tədbirləri- insan haqlarının pozulması kimi

 

Sanksiyaların tətbiqi BCM personalının ABŞ-ın razılığı olmadan və ya ABŞ müttəfiqlərinin personalına qarşı istintaq, həbs, həbs və ya ABŞ işçilərinə qarşı ittiham irəli sürülməsinin qarşısını almaq məqsədi daşıdığından, bu cür hərəkətlər BCM-nin işlərinə müdaxilə təşkil edir və hakimlərin, prokurorun və vəzifəli şəxslərin bacarıqlarını poza bilər. BCM rəsmi vəzifələrini qərəzsiz yerinə yetirir. Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktına (ICCPR) görə, hakimlərin müstəqilliyi, xüsusilə beynəlxalq cinayətlərə görə məsuliyyətə gəldikdə, insan hüquq və azadlıqlarının təmin edilməsində təməldir. Bənzər qaydalar, prokurorların müstəqilliyi ilə bağlı beynəlxalq hüquqda da təsbit edilmişdir. Beynəlxalq hakimlərə və BCM-nin digər işçilərinə qarşı məqsədyönlü sanksiyaların tətbiqi onları beynəlxalq vəzifəli şəxslərin imtiyazlarından və toxunulmazlıqlarından məhrum edir və eyni zamanda ədalətli mühakimə etmə hüququnun (ICCPR-in 14-cü maddəsi), sərbəst hərəkət etmə hüququnu (ICCPR-nin 12-ci maddəsi), müdafiə hüququnun pozur(Maddə 17 ICCPR).

 

İcra qaydasında BCM səlahiyyətlilərinə kömək edən şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin təmin edilməsi, insan hüquqları müdafiəçilərinin və insan hüquqları təşkilatlarının hüquqlarını pozur. Ən əsası isə bu cür hərəkətlər müharibə cinayətlərindən zərər çəkmiş şəxsləri özlərinə və ya yaxınlarına qarşı cinayət törətmiş şəxsləri səmərəli müdafiə etmək və məsuliyyətə cəlb etmək üçün son şanslarından məhrum edir.

 

  • Beynəlxalq ictimaiyyət, xüsusən də BMT mexanizmləri ABŞ-ın BCM-nə qarşı tədbirlərinə necə reaksiya göstərir?

 

Beynəlxalq Cinayət Məhkəməsi işçilərinə qarşı tədbirlərin beynəlxalq hüququn inkişafına hansı təsiri olacaqmı?-BCM hakimləri və işçiləri, ailə üzvləri və istintaqında onlara kömək edən digər şəxslərə qarşı birtərəfli sanksiyaların tətbiqi beynəlxalq hüquqa ziddir. Milli səviyyədə olduğu kimi, beynəlxalq hüquqda da qanunazidd hərəkətlərin edilməsi hüquqi normanı dəyişdirmir və yenisini yaratmır. Bu səbəbdən də BCM, 11 iyun 2020-ci il tarixli bir açıqlamasında, ABŞ tərəfindən obyektiv istintaqa və qərəzsiz mühakiməyə mane olan tədbirlərin qəbuledilməz olduğunu bildirdi.

 

Bənzər bir mövqeyi BMT Baş Katibinin mətbuat katibi, AB Xarici Siyasət üzrə Ali komissarı, bir sıra AB dövlətləri, İsveçrə,  BMT-nin 34 xüsusi məruzəçisi və xeyli sayda beynəlxalq qeyri-hökumət təşkilatı səsləndirdi.

 

  • “Avropa Birliyinin Yeni Qlobal İnsan Haqları Sanksiya Rejimi”nin Azərbaycana nə kimi təsirləri ola bilər?  

 

Artıq yeni sanksiya rejiminin tətbiqi qaçılmazdır və müxtəlif ölkələrdə ekspertlər : “sanksiyaların təsiri necə olacaq, yeni mexanizm konkret ölkələrə necə təsir göstərəcək?”kimi suallara cavab axtarışındadır.

 

Ekspertlərdən bəziləri hesab edir ki, “Sanksiyalar insan hüquqları pozuntularında iştirak edən fiziki və hüquqi şəxslərə qarşı bir standart yanaşma olacaq. Lakin burada bir məqam var. Belə ki, sanksiyalar əgər təhlükəsizlik və güc strukturlarına qarşı tətbiq edləcəksə, burada başqalarının zərər görmə ehtimalı çox deyil. Yaxud əksinə, sanksiyalar iqtisadi ağırlıqlı şəxslərə yönəlik, iqtisadi amillərə bağlı olarsa, strateji şirkətlərə və ya müəssisələrə qarşı olacaqsa, bunun nəticəsinə hamının qatlaşacağı üçün pis olacaq.

 

Digər qisim ekspertlər hesab edir ki, yeni sanksiya rejiminin digər ölkələrdəki insan haqları vəziyyətinə təsir etməsi ehtimalı azdır. Təsir sistemli olmayıb, hədəf şəxslərə, şirkətlərə yönələcək. Yeni mexanizm insan hüquqları ilə bağlı  qeyri-məqbul fəaliyyət göstərən insanlar üçün siyasi bir siqnal rolunu oynaya bilər. Yəni kim isə əgər insan haqlarını pozursa o zaman AB-yə girişi qadağan ediləcək. Maliyyə varlığınız varsa, dondurulacaq. Rusiya müxalifət lideri A. Navalnı, sanksiyalarla bağlı AvroParlamentinin xarici əlaqələr komitəsinə verdiyi açıqlamada,   sanksiyaların Rusiyanın ən zəngin adamlarını hədəf almasının vacibliyini qeyd edib.Onun fikrinə görə, Avropada bir çox mülkləri və bank hesabları olmayan hüquq orqanları əməkdaşlarına sanksiya tətbiq etməyin mənası yoxdur.Əsas olan  yalnız  oliqarxlarını hədəfə alınmasıdır.  

 

  • Yeni sanksiya rejimi və Azərbaycan:proqnozlar, ehtimallar, mümkün təhdidlər

 

Avropa Birliyinin icra orqanlarının dünyada insan haqlarının pozulmasına görə hazırladığı yeni sanksiya tətbiqetmə mexanizminin Azərbaycana mümkün  təsirinin qiymətləndirilməsi, bununla əlaqədar proqnozların verilməsi vacibdir.

 

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olub və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasını ratifikasiya edib. Azərbaycan hüquq sistemi müvafiq olaraq, Avropa Şurası üzvlüyünə qəbul zamanı müəyyən öhdəliklər götürüb. Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edərək,onu daxili qanunvericiliyinin bir hissəsinə çevirib.  Avropa Məhkəməsi Avropa Şurasının əsas orqanlarından biri olmaqla məhkəmə vasitəsilə üzv dövlətlərin əsas insan hüquq və azadlıqlarının müdafiəsinə çalışır. Doğrudur, Avropa Məhkəməsi üzv dövlətlərin məhkəmələrinin çıxardığı qərarları ləğv etmir, milli məhkəmələrə göstəriş vermir və onlar üzərində nəzarəti həyata keçirmir. Çünki, Avropa Məhkəməsi hər hansı bir dövlətin yuxarı məhkəmə instansiyası hesab olunmur. Məhkəmə yalnız şikayət əsasında icraatına götürmüş olduğu mübahisələr üzrə şikayətçinin konvensiyada nəzərdə tutulmuş hüquqlarının üzv dövlət və onun orqanları tərəfindən pozulub -pozulmadığını məyyən edir.

 

Bununla yanaşı, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitutsiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının Qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Konstitusiya və refenrendumla qəbul olunan aktlar istisna olunmaqla) dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr əsas götürülməlidir.  Xatırladaq ki, analoji müddəa Rusiya qanunvericilik praktikasında da mövcud idi. Hazırda bu maddəyə dəyişiklik edilib və ölkənin öz qanunları əsas hesab edilir.

 

Reallıqda, 2002-ci ildən başlayaraq Avropa Məhkəməsinə  vətəndaşlarımız tərəfindən şikayətlər göndərilməkdədir. Bu o deməkdir ki, Azərbaycan Respublikasının məhkəmələri cinayət və mülki işlər üzrə  qərarlar çıxardığı zaman,Avropa Məhkəməsinin presedent huququnu diqqətdə saxlamalıdırlar.

  

  • Erməni lobbisi bu istiqamətdə mütəşəkkil fəaliyyət qura bilər.

 

Sirr deyil ki, yeni sanksiyalar müharibədən qalib çıxan Azərbaycanda "insan haqlarının pozulması" ritorikası altında maskalanan dünya/Avropa erməni lobbisi hədəfə götürə bilər. Ermənistanın lobbi qruplarının gecə gündüz fasiləsiz olaraq, Azərbaycanın dünyada və Qərbdə mənfi imicini yaratmaq,ölkəmizin beynəlxalq hüquq təşkilatları və digər ölkələrlə  münasibətlərini pozmaq  yönündə fəaliyyəti hər bizimizə məlumdur. Hətta belə pozucuuq fəaliyyəti dünya ermənilərinin həm  həyat tərzi,həm də strategiyasıdır. ABŞ Konqresində 1992-ci ildə "Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəlişi xatırlamaq kifayət edər. Doğrudur, son illərdə ABŞ ölkəmizə Ermənistandan daha çox yardım hərbi yardım ayırması ilə düzəlişin qüvvədən düşmüş hesab edənlər də var.

 

Azərbaycan dövlətinin daxili və xarici siyasəti tamamilə müstəqil və suveren qərarlar qəbul etmək üzərində qərarlaşıb. İnsan Haqları ilə bağlı yeni məhdudiyyətlərin Azərbaycan iqtisadiyyatına təsir etməyəcəyini  söyləmək olar. Ehtimal etmək olar ki, bəzi iri məmurlar bu siyahılara düşə bilər. Bunların    nazir olacağı ehtimalı azdır. Ən çox gümanla siyahıda güc strukturlarının təmsil edən rəsmilər, vəkillər və ya hakimlər  ola bilər. Bütövlükdə ad yeni olsa da,AB Qlobal Sanksiya rejimi qismən ABŞ-ın Magnitsky siyahısını təkrarlayacaq.  

 

Bununla yanaşı, bütövlükdə, ölkəmizin hüquq-mühafizə sistemində qəbul edilən qərarların bu həssas məqamı nəzərə alınmaqla verilməsi   gündəmdə olacaq.  Avropa Məhkəməsinə şikayətin verilməsinə səbəb olmuş işlə əlaqədar Konvensiyanın tələblərini pozmuş hüquq sisteminin əməkdaşları qərarlar verərkən  unutmamalıdır ki,ölkəmizin cavabdeh tərəf kimi AİHM-ə cəlb olunub-olunmaması onların fəaliyyətindən bilavasitə asılıdır. Burada əsas məsələ insan haqları ilə bağlı şikayətlərin maksimum azalmasını,Avropaya daha çox xüsusi hüquqi məsələlərlə bağlı işlər çıxarılmasını şərtləndirməkdir.

 

Bu baxımdan, “AB-nin Yeni Qlobal Sanksiya Rejimi”ilə bağlı müvafiq aidiyyətli sahələrdə hüquqi-maarifləndirmə tədbirlərinin aparılmasına da ehtiyac yaranacaq.Hər bir hüquqşünas qərarlar verərkən öz  məsuliyyətini dərk etməlidir.

 

  • Sanksiyalarla bağlı tətbiq ediləcək siyasət insan hüquqları sahəsində haqlı-haqsız  mütəmadi olaraq tənqid olunan dövlətimizlə bağlı qərarlara təsir edə bilərmi?

Avropa İnsan Hüquqları Konvensiyasına (AİHK) əsasən, Avropa Şurasına üzv dövlətlər Strasburq məhkəməsinin qərarlarını icra etməlidirlər. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət mexanizminin gücləndirilməsi üçün AİHK-nın 46-cı maddəsinə 4-cü bənd əlavə edilib. Maddə 46.4 ilk dəfə məhz Azərbaycana münasibətdə- "İlqar Məmmədov qrupu işi"nə tətbiq olunub.Bunun üçün 12-yə yaxın beynəlxalq təşkilat bir araya gəlib. [5] ( Amnesty International, the Baku Human Rights Club, the Election Monitoring and Democracy Studies Centre, the European Human Rights Advocacy Centre , the European Implementation Network , the Human Rights House Foundation, the International Partnership for Human Rights , the Legal Education Society and the Netherlands Helsinki Committee.)

 

Bəzi subyektiv əsaslı,haqsız qərarlara baxmayaraq, Azərbaycan yenə də dünyada Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) edilən şikayətlərin statistikası baxımından yaxşı hesab ediləcək sıralarda yer alması xüsusilə qeyd edilməlidir. Bununla bağlı son 3 ildə Azərbaycandan  AİHM-ə göndərilən şikayətlərin statistik müqayisəsinə nəzər salsaq onların ildən ilə azaldığını görə bilərik.

 

2018-ci ildə AİHM-də baxılmasını gözləyən ərizələrin 80 faizindən çoxu 10 ölkənin payına düşüb.   Cəmi: 56350 işdən: Rusiyaya-11750; Rumıniyaya-8500; Ukraynaya-7250; Türkiyəyə-7100;İtaliyaya- 4050; Azərbaycaa-2050; Ermənistana-1900; Gürcüstana-1850;Serbiyaya-1800; Polşaya-1300; digər 37 ölkəya-8800 şikayət düşüb.

 

2019-cu ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayı 397 olub. Baxılmasını gözləyən işlər 2019-cu ilin sonu Rusiya-15050;Türkiyə-9250; Ukrayna-8850; Rumıniya-7900; İtaliya- 3050; Azərbaycan-1950;Ermənistan-1650;Bosniya-1600; Serbiya-1350; Polşa-1250;Digər 37 ölkə - 7900 olub.Müqayisə edilsə, ölkəmizdən gedən şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.  Üstəlik də, şikayətlərin hamısı insan haqları ilə bağlı olmayıb. Mülki işlər çoxluq təşkil edib.

 

Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2020-ci ilin birinci yarısına- iyun ayına olan məlumata görə, hazırda AİHM-də baxılmasını gözləyən şikayətlərin cəmi 3,3 faizi Azərbaycanın payına düşür.Bu kateqoriya üzrə sıralamaya görə, Rusiya 1-ci (ümumi şikayətlərin 22.7 faizi), Türkiyə 2-ci (16,5%), Ukrayna 3-cü (15,3%), Rumıniya 4-cü (13,5%), İtaliya 5-ci (5%), Azərbaycan isə 6-cıdır.2020-ci ilin iyun ayına kimi Azərbaycanla bağlı 244 qərar qəbul edib.  

 

Dövlətlər və ayrı-ayrı maddələr üzrə İnsan Haqlarının pozuntularının statistikası (2019) Rusiya Türkiyə Ukrayna Rumıniya ilk beşliklərdə, Cənubi Qafqaz ölkələri:  Azərbaycan və Ermənistanda eyni rəqəm-20-dir. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin sayı, Ermənistanla müqayisədə  milyonlarla nəfər çoxdur, şikayətlərlə bağlı vəziyyətin də   dəfələrlə yaxşı olduğu qənaətinə gələ bilərik.

 

  • 2019-cu il üçün AİHM-də baxılan-kommunikasiyada olan işlər.

Mənbə: ANNUAL REPORT European Court of Human Rights.2019.// https://www.echr.coe.int/Documents/Annual_report_2019_ENG.pdf

Şikayətlərin ümumi əhalı sayına nisbətlə müqayisəsi: 

 

[2] ABŞ Senatı 2012-ci ildə Rusiya ilə bağlı “Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Akt”nı (Global Magnitsky Human Rights Accountability Act)qəbul edib.(Həbsxanada vəfat edən Maqnitski korrupsiya işini araşdıran Moskvalı vəkil/ vergi müfəttişi olub.) V.Putin Akt-la bağlı hiddətlənərək,rus uşaqlarının ABŞ-da övladlığa götürülməsini qadağan etmişdi.Sonradan Akt digər ölkələrə də aid edildi. Qanun, beynəlxalq insan haqlarını pozan, korrupsiyada əli olanlara viza imtinası və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. Sanksiya    siyahısını dövlət katibinin “Demokratiya, İnsan haqları və Əmək üzrə müavini” təqdim edə bilər. ABŞ prezidenti siyahını ətraflı araşdırmalı və sanksiya barədə son qərarı haqda məlumat verməlidir.

[3] Effectiveness of sanctions as a foreign policy tool for Washington. //https://www.setav.org/en/effectiveness-of-sanctions-as-a-foreign-policy-tool-for-washington/;

 

PAYLAŞ

Oxşarlar

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

Dissonant modernizm və demodernizasiya - (Birinci Yazı)

03 Mart 2021

Modernizmin yaratdığı diskontentasiyalar (diskontentasiya – məmnuniyyətsizlik, xoşnudsuzluq, tədirginlik) əsas olaraq insani fəaliyyət sferalarının texn… ƏTRAFLI

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

01 Mart 2021

Hər il internet istifadəçilərinin sayı sürətlə artır. Dünya ölkələrində və Azərbaycanda informasiya cəmiyyətinin davamlı inkişafı &uum… ƏTRAFLI

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

Azərbaycan yenidən, güclü, bütöv və böyük şəkildə inşa edilir

27 Fevral 2021

Böyük Azərbaycanın planları – Prezident Əliyevin təsis manifestosu   Xanlıqlar dövrünün başlaması ilə tarixi Azərbaycan tor… ƏTRAFLI