Məqalələr

Akademik sosial şəbəkələr: alimlər onlardan necə və niyə istifadə edir?

avatar
2020-06-08

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.

XXI əsrin əvvəllərində ünsiyyət vasitələri və metodlarında baş verən dəyişikliklər ictimai həyatın bir çox sahəsinə nüfuz etdi, bəşəriyyət yeni bir kommunikasiya dövrünə qədəm qoydu [2]. Web 2.0 texnologiyaları adi bir istifadəçini rəqəmsal məzmunun yaradıcısına çevirdi və bununla da virtual cəmiyyətin formalaşmasına zəmin yaratdı və 2000-ci illərin ortalarında sosial şəbəkələr meydana çıxdı [8].

“We Are Social”  qlobal reytinq şirkətinin 2019-cu ilin oktyabr ayının 20-nə olan  məlumatına görə, Yer kürəsi əhalisinin sayı 7.734 milyarda, internet istifadəçilərinin sayı 4.479 milyarda (58 %), aktiv sosial media istifadəçilərinin sayı isə 3.725 milyarda (48%) çatıb [3].

Sosial media istifadəçilərinin  sayında 2019-cu ildə artım 10%-ə yaxın, yaxud 328 milyon nəfər təşkil edib. “Digital in 2019.Azerbaijan” qlobal reytinqin məlumatına görə isə Azərbaycanda 3,10 milyon nəfər aktiv sosial media istifadəçisidir. Beləliklə, dünyada, o cümlədən Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrdən istifadə aktivliyi xeyli artıb.

 

 

Elm sahəsi də bu dəyişikliklərdən kənarda qalmayıb. Bu sahədə ünsiyyət elm adamları arasında konsensus əldə etmək üçün bir şərtdir, bu da öz növbəsində yeni biliklərin istehsalından asılıdır [4]. Forumlar, bloglar, təhsil platformaları və biliklərin yayılmasında ixtisaslaşmış sosial şəbəkələr kimi internetkommunikasiyanın bu cür alətləri, onlayn ünsiyyət vasitələri elm adamları tərəfindən nisbətən son zamanlarda fəal şəkildə istifadə olunur, hətta bəziləri üçün mövcudluq rejiminə çevrilib. Bu, əsasən xarici maneələrin aradan qaldırılması və açıqlıq prinsipi kimi əsas üstünlüklərə görə baş verdi [6].

 

Beləliklə, Web 1.0 texnologiyaları tədqiqatçılara məlumat əldə etmək üçün geniş imkanlar yaratdısa, Web 2.0 texnologiyaları tədqiqatçılara digər elm adamları ilə qarşılıqlı əlaqə qurmaq, öz elmi kontentini yaratmaq, əsərlərini yayımlamaq və mənbələr paylaşmaq imkanı verdi. Tədqiqat sahəsində bir çox Web 2.0 tətbiqi mövcuddur [5].

 

Bu məqalədə elm adamlarının yeni media platformalarının imkanlarına münasibətinə əsaslanaraq, “Alimlər akademik sosial şəbəkələrdən necə və niyə istifadə edir?” sualına cavab verməyə çalışacağıq.

 

Elmi mühit və akademik sosial şəbəkələrdə ünsiyyətin əhəmiyyəti

 

 

Akademik həyatda iştirakın yeni formaları alimlər üçün müxtəlif perspektivlər açır. "Akademik mühit" - "bilik istehsalı" əlaqəsi XX - XXI əsrlərin müxtəlif nəzəri və empirik tədqiqatlarının obyekti olmuşdur. Məhz empirik tədqiqatlar sayəsində internetdə akademik sosial şəbəkələrdə müasir elmi mübadilənin xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür: onların köməyi ilə elm adamları biliklərini artırmaq və yaymaq üçün səy göstərirlər, bu həm motivlər, həm də təcrübə səviyyəsində təsdiqlənir. Elm adamları həmkarlarının nailiyyətlərindən xəbərdar  olmaq, uğurlarını bölüşmək – bir sözlə, elmi ictimaiyyətin bir üzvü olduqlarını hiss etmək istəyirlər [9].

 

Açıq və qlobal elm ideyasının təcəssümü olaraq, akademik şəbəkələr müxtəlif coğrafi uzaqlıqla olan tədqiqatçıları bir araya gətirir. Elm adamlarına layihələrini və nəşrlərini elan etməyə, tam mətnləri açıq girişdə yerləşdirməyə və fikir mübadiləsi aparmağa imkan verir. Akademik şəbəkələrdə onlayn ünsiyyət gündəlik elmi təcrübənin ayrılmaz hissəsinə çevrilir və elmi iş üçün tamamilə yeni imkanlar təqdim edir. Bəs virtual elmi ünsiyyətin inqilabi mahiyyəti nədir? Axı elm adamları hər zaman bir-biri ilə əlaqədə olmuş və bu, birbaşa əlaqə və yazışmalar yolu ilə həyata keçirilmişdir [7]. Bu şəbəkələrdən səmərəli istifadə edərək elmi fəaliyyətlərini geniş platformada nümayiş etdirmək fürsətinə əlavə olaraq, alimlər və tədqiqatçılar dünyanın digər ucundakı bir tədqiqatçı ilə əməkdaşlıq etmək və ya müxtəlif meyarlara görə yaradılan reytinqlər vasitəsilə özünün və qurumunun səviyyəsini izləmək imkanına malik olurlar. Akademik sosial şəbəkələr kollektiv sosiallaşmanın yeni növü kimi də qəbul edilir.

 

Beləliklə, alimlərin elmi əsərlərinin dünya elmi ictimaiyyəti arasında yayılmasında və elmin populyarlaşdırılmasında akademik sosial şəbəkələrin mühüm rolu var. Akademik sosial şəbəkələr alimlərin öz istinadlarını hesablamasında, istinadların sayının artırılmasında, həmçinin elmi-analitik məlumatların ötürülməsi və informasiya mübadiləsinin aparılmasında xüsusi əhəmiyyət kəsb edir.

 

Alimlərin akademik sosial şəbəkələrdən istifadəsini zəruri edən əsas səbəblərdən biri də beynəlxalq miqyasda ölkənin və elmi müəssisələrin elmi reytinqinin artmasını təmin etməkdir. Akademik sosial şəbəkələrdən geniş istifadə olunması “web” axtarış sistemlərində ölkəyə dair məlumatların sayını artırır. “ResearchGate” (https://www.researchgate.net), Linkedin
(https://www.linkedin.com), “Academia.edu” (academia.edu), Google scholar, Methodspace, Inomics, NewEngineer.com, Mendeley dünya elmi ictimaiyyəti arasında ən geniş istifadə olunan və yüksək reytinqə malik olan akademik sosial şəbəkələrdir. Bu sosial şəbəkələrin ən son elmi nailiyyətləri bölüşmək, müxtəlif elm sahələrinə aid məlumatları əldə etmək, elmi ictimaiyyətə sorğu göndərmək kimi funksiyaları vardır.

 

Akademik sosial şəbəkələrdən istifadənin əhəmiyyəti müxtəlif elmi ədəbiyyatlarda aşağıdakı kimi qiymətləndirilir:

 

- akademik sosial şəbəkədən istifadə etməklə tədqiqatçı öz
elmi məqaləsini populyarlaşdıra, o cümlədən şəxsi təcrübəsini, ideyalarını, bacarıqlarını, elmi əsərlərinə edilmiş istinadları,  əsərlərin oxunma sayını ictimailəşdirə, bir sözlə, öz şəxsi reputasiyasını yüksəldə bilər;

- akademik sosial şəbəkələr tədqiqatçılara öz məqalələrini kibersferada xüsusi platformada nümayiş etdirmək imkanı yaradır və bu yolla onlar əsərlərinin elmi ictimaiyyət tərəfindən oxunmasını və sürətlə yayılmasını təmin edir;

- elmi müəssisələrin reytinqinin artmasında əsas faktorlardan biri də təşkilatın, həmçinin əməkdaşların beynəlxalq əlaqələrinin olmasıdır. Bu istiqamətdə də akademik sosial şəbəkələrin böyük rolu vardır. Tədqiqatçılar əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün ənənəvi vasitə olan birgə konfransların keçirilməsinə üstünlük verirlər;

- müasir dövrdə dünyada akademik sosial şəbəkələr birgə
konfransların keçirilməsinin, beynəlxalq əlaqələrin qurulmasının ən səmərəli vasitəsi hesab olunur. Çünki akademik sosial şəbəkələr tədqiqatçılar arasında birbaşa əlaqələrin qurulması üçün daha geniş imkanlar yaradır;

- akademik reytinq müəllifə olunan istinadların sayı və məqalənin çap olunduğu jurnalın reytinqi ilə ölçülür. Akademik sosial şəbəkələrdə isə bu reytinq müəllifin əsərlərinin oxunma və yüklənmə sayı ilə formalaşır  [1].

 

Azərbaycan alimlərinin sosial şəbəkələrdən istifadə aktivliyi:

“ResearchGate” və “Academia.edu” nümunəsində

 

ResearchGate Dr. İjad Madiş, Horst Fickenş və Dr. Sören Hofmayer tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu şəbəkənin yaradılmasında əsas məqsəd dünyada aparılan elmi tədqiqatların, tədqiqatçıların vahid şəbəkəsini formalaşdırmaq və onların əlçatanlığını təmin etməkdir. Hazırda bu şəbəkənin istifadəçilərinin ümumi sayı 17 milyon nəfərdən çoxdur [12].

ResearchGate akademik sosial şəbəkəsinə aşağıdakı xidmətlər daxildir:

 

1. Nəşr olunmuş əsərlərin paylaşılması (ictimailəşdirilməsi).

 

2. Statistik məlumatlar – elmi nəşrlərin oxunma sayı, istinadlar və s.

 

3. İş axtarmaq imkanı – elmi istiqamətlərə və qabiliyyətlərə
uyğun işlərin elan olunması və tapılması.

 

4. Əməkdaşlıq və birgə fəaliyyət üçün əlaqələrin qurulması.

 

5. Sual-cavab  [1].

 

2019-cu ilin əvvəlində ResearchGate portalında AMEA-nın 280-nə yaxın əməkdaşı qeydiyyatdan keçmişdir. Ümumilikdə bu bazaya AMEA əməkdaşları tərəfindən 1.070-ə yaxın elmi əsər yerləşdirilmişdir. Qeyd edək ki, AMEA-nın bu məlumat bazasında göstəricisi reallığı əks etdirmir. Bu yalnız AMEA-nın institutsional emaili vasitəsilə qeydiyyatdan keçənlərin siyahısıdır. Bu baxımdan AMEA-da işləyən tədqiqatçıların məhz akademik email vasitəsilə bu sosial şəbəkələrdən qeydiyyatdan keçməsi AMEA-nın elmi reytinqinin yüksəlməsi üçün çox vacibdir. Məlumat üçün qeyd edək ki, AMEA-dan bu bazaya daxil olan elmi əsərlərə ən çox baxış Azərbaycan, Rusiya və Amerika istifadəçiləri tərəfindən olmuşdur [1].

 

Alimlərin reytinqi onların əsərlərinin oxunma sayı və onlara edilən istinadlarla ölçülür ki, bu da ResearchGate portalında avtomatik hesablanır və analitik təhlil edilir.
ResearchGate tədqiqatçı alimlərə özlərinin şəxsi reputasiyasını ölçmək üçün imkan yaradır. Belə ki, alimlərin elmi əsərlərinin oxunma sayı yüksəldikcə şəxsi reputasiyaları da yüksəlir ki, bu da onların təmsil etdiyi təşkilatın reputasiyasının yüksəlməsinə birbaşa təsir göstərir. Hazırda ResearchGate şəbəkəsində AMEA-nın “RG” balı 1,485.76 təşkil edir. Qeyd edək ki, bu göstərici 2016-cı ildə 1,169.87 olmuşdur [1].

 

Dünya tədqiqatçıları arasında ən çox istifadə olunan digər akademik sosial şəbəkə olan “Academia.edu” elmi əsərlərin bölüşməsi və elmi müzakirələrin aparılması üçün əhəmiyyətli vasitə hesab olunur. Bu şəbəkənin missiyası dünya araşdırmalarını sürətləndirməkdir.

 

Alimlər Academia.edu-dan öz elmi tədqiqat işlərini bölüşmək, ən son elmi nailiyyətləri və araşdırmaları izləmək üçün istifadə edirlər. Hazırda bu akademik sosial şəbəkənin 126 milyondan çox istifadəçisi var və bu bazaya 25 milyondan çox elmi məlumat xarakterli informasiya yüklənmişdir. Ayda 70 milyondan çox unikal ziyarətçi cəlb edir [11].

 

Academia.edu-da AMEA-nın 200-ə yaxın əməkdaşının istifadəçi profili qeydə alınmışdır və müxtəlif mövzularda 1 500-dən çox elmi məlumat xarakterli informasiya yüklənmişdir. Qeyd edək ki, 2016-cı ildə bu bazada paylaşılan məlumatların sayı 400-ə yaxın olmuşdur. Hazırda bu göstərici 2016-cı il ilə müqayisədə 3.5 dəfə çox olsa da, AMEA-nın elmi işçilərinin və il ərzində nəşr olunan elmi əsərlərinin ümumi sayı ilə müqayisədə dəfələrlə azdır.

 

Akademik sosial şəbəkələrin əsas üstünlüklərindən biri də aparılan elmi tədqiqatların nəticələrinin əlçatanlığını təmin etməkdir. Yəni öyrənən və öyrədənlər arasında virtual elmi şəbəkənin formalaşması tədqiqat obyekti və mövzular haqqında məlumatların oxunma sayının artmasına xidmət edir. Bu da fərdi olaraq hər bir alimin reytinq göstəricisinin yüksəlməsinə səbəb olur.

 

Son illər həm AMEA-da, həm də respublikanın ali məktəblərində fəaliyyət göstərən alim və tədqiqatçıların akademik sosial şəbəkələrdə fəaliyyətlərində aktivlik müşahidə edilir. Heç şübhəsiz, akademik sosial şəbəkələrdən istifadə Azərbaycanın elmi reytinqinin yüksəlməsi ilə yanaşı, həm də Azərbaycan həqiqətlərinin və mədəniyyətinin dünyaya çatdırılmasında böyük rol oynayır. Xüsusilə postpandemiya dövründə geniş elmi diskussiyaların aparılması üçün akademik sosial şəbəkələrdən istifadənin elmi ictimaiyyət arasında daha da  aktuallaşacağı gözlənilir.


 

ƏDƏBİYYAT:

 

Azərbaycan dilində:

  1. Azərbaycan Milli Elmlər Akademiyasının elmi bazalarda bibliometrik göstəricilərinin müqayisəli təhlili. Bakı: “Elm”, 2019.

 

İngilis dilində:

  1. Castells M. Communication Power. Oxford, UK: Oxford University Press, 2009.
  2. Digital 2019. Q4 Global Digital Statshot. - https://wearesocial. com/blog/2019/10/ the-global-state-of-digital-in-october-2019
  3. Laudan L. Science and Values: The Aims of Science and Their Role in Scientific Debate. Berkeley, CA: University of California Press, 1984, 160 p.

 

Türk dilində:

  1. Emel Güler,  Mehmet Emin Mutlu. Akademik personelin akademik sosyal ağları kullanım düzeyi:  Anadolu Üniversitesi örneği. - http://www.jret.org/FileUpload/ks281142/File/07._emel_guler_emin_mutlu.pdf

 

Rus dilində:

  1. Душина С.А., Куприянов В.А., Хватова Т.Ю. Социальные академические интернет-сети как репрезентация «открытой науки» // Социология науки и технологий, 2018,  т. 9,  № 3, c. 80–99.
  2. Душина С.А., Хватова Т.Ю., Николаенко Г.А. Академические интернет-сети: платформа научного обмена или инстаграм для ученых? (На примере ResearchGate). - https://www.researchgate.net/publication/325089993_INTERNET-SETI_PLATFORMA_NAUCNOGO_OBMENA_ILI_INSTAGRAM_DLA_UCENYH_Na_primere_ResearchGate
  3. Камнева А.В. К «коммунизму знаний»: что могут дать ученым академические социальные сети в интернете? - https://cyberleninka.ru/article/n/k-kommunizmu-znaniy-chto-mogut-dat-uchenym-akademicheskie-sotsialnye-seti-v-internete
  4. Фуллер С. Социология интеллектуальной жизни: карьера ума внутри и вне академии / Пер. с англ. С. Гавриленко. М.: Дело, 2018, 384 с.
  5. Шибаршина С. Социальные сети для ученых: новая форма социальности? // Эпистемология и философия науки, 2019, т. 56, № 4, c. 21–28. - https://cyberleninka.ru/article/n/sotsialnye-seti-dlya-uchenyh-novaya-forma-sotsialnosti/viewer

 

İnternet resursları:

 

  1. http://www.academia.edu/about
  2. https://www.researchgate.net/about
PAYLAŞ

Oxşarlar

Koronavirus pandemiyası dövründə  müxalifət-iqtidar münasibətləri

Koronavirus pandemiyası dövründə müxalifət-iqtidar münasibətləri

14 İyul 2020

Koronavirus pandemiyası dövründə  müxalifət-iqtidar münasibətlərində müşahidə edilən 2 istiqaməti fərqləndirmək olar. Bunlardan… ƏTRAFLI

Sınma, gül! - ESSE

Sınma, gül! - ESSE

11 İyul 2020

Yunan əsatirlərində və fəlsəfəyəqədərki dövrdə olan bütün irrasional dünyagörüş formalarında qələbə qazanan və gülən … ƏTRAFLI

Sosial şəbəkələrin yeni statusu: Hüquqi tənzimləmə sosial sifariş kimi

Sosial şəbəkələrin yeni statusu: Hüquqi tənzimləmə sosial sifariş kimi

09 İyul 2020

  Sosial şəbəkələrin (ən geniş yayılanı Facebookdur) dünyaya virtual çıxış və ifadə azadlığı üçün hüdudsuz imkan… ƏTRAFLI