Yuxarıya
skip to main content

Konvensional və qeyri-konvensional siyasi iştirak- (Dördüncü Hissə)

18.11.2019

Ekspertlərin əksəriyyətinin fikrincə, Azərbaycan əhalisi siyasi iştirakda aktivlikdən kənar qalmağa üstünlük verir:

 

“Siyasət elə sferadır ki, azərbaycanlılar ona iradi formada daxil olmağa meyilli deyillər. Əhalinin əksəriyyəti hesab edir ki, bu sahə müstəsna şəkildə idarəçiliyin təsiri altında qalmalıdır. Onlar siyasətlə sadəcə maraqlanmırlar. Siyasi proseslərdə iştirakları adətən seçki prosesi ilə bağlı olur”.

 

Respondentlərin müəyyən hissəsi isə əksini düşünərək belə hesab edir ki, vətəndaşların siyasətdə iştirak səviyyəsi yüksəkdir. Bu, onların birbaşa siyasi iştirakı ilə yanaşı, həm də siyasi prosesləri öyrənmələri ilə paralel olaraq meydana çıxır:

Mən hesab edirəm ki, Azərbaycanda xalqın əksəriyyət hissəsi hakimiyyətin lehinə, az qismi isə əleyhinədir. Lakin hər iki qrup insanlar ölkədə siyasi proseslərə daxil olmaq imkanına malikdirlər”.

“Bu və ya digər formada, ölkə əhalisinin 80%-i siyasi proseslərdə iştirak edir. Bununla bağlı, Azərbaycanda insanların siyasi şüur və siyasi savadlılığı digər MDB dövlətlərindəki vəziyyətlə müqayisədə olduqca yüksəkdir”.

 

Bəzi respondetlər isə hesab edirlər ki, əvvəllər vətəndaşların siyasi proseslərdə iştirakı yüksək olsa da, hal-hazırda bu məsələdə açıq-aşkar azalma tendensiyası müşahidə olunmaqdadır:

Əgər biz müəyyən dinamikaya nəzər salsaq görə bilərik ki, 90-cı illərin ortalarından etibarən siyasi aktivlik azalan xətt üzrə qeydə alınmışdır. Müxtəlif vaxtlarda, əlbəttə,  müəyyən yüksəlmə dövrlərinin müşahidə olunmasına baxmayaraq ümumilikdə bu prosesdə azalma tendensiyası özünü göstərir.

 

Siyasi proseslərdə iştirakın qeyri-ənənəvi formaları əksər hallarda qəbul edilməsə də, hökm sürən siyasi dəyərlərin dəyişməz statusu belədir – “Azərbaycan xalqı inqilabçı əhval-ruhiyyədə deyil”, “əgər hökumət xalqın maraqları naminə xidmət həyata keçirirsə deməli xalq uğrunda çalışır, buna görə də, xalq hakimiyyəti sona qədər dəstəkləyir. Ümumilikdə, ölkə əhalisi inqilaba meyilli deyil, xalq inqilabı dəstəkləmir”.

 

“Bir növ konservativ düşüncə isə belədir –  əhali daha çox mövcud sabitliyə maraqlıdır, nəinki nəticəsi bəlli olmayan yola çıxaraq inqilabi ruha bürünmək məqsədinə köklənib”.

 

Vətəndaş aktivistləri də siyasi iştirakın konvensional formasını üstün tuturlar: seçkilərdə iştirak, referendum, sosial şəbəkələrdə aktivlik və s.

 

Ekspertlər qeyd edir ki, qeyri-konvensional düşüncənin rol oynadığı istisna hallar (repondentlərin fikrincə, bunlar əksərən sülh yönümlü etiraz aksiyalarıdır) sadəcə iqtisadi çətinliklər və ya Qarabağ məsələsi ilə bağlı yaranan spontan vəziyyətlərlə əlaqədar baş verir. Lakin bu cür halların baş verməsi və siyasi proseslərə təsir imkanları isə ümumilikdə zəif olaraq qiymətləndirilir:

“Məsələn, Azərbaycanda müxalifət iri miqyaslı mitinqlər keçirdiyini elan etsə də, faktiki olaraq aksiyalarda adətən 1200-1500 nəfərin iştirakı qeydə alınır. Siyasət elmində mitinqlərin miqyasını ölçməyə imkan verən metodlar mövcuddur. Həmin üsulların tətbiqinə əsasən demək mümkündür ki, 10.000 nəfərdən az iştirak sayı qeydə alınan aksiyalar kiçik miqyaslı və az əhəmiyyətli toplaşmalar hesab edilir ki, onlar ictimaiyyətin fikrinə təsir imkanına malik deyildir. Qeydlərə əsasən, son 20 il ərzində Azərbaycanda geniş miqyasda aksiyalar keçirilməyib”.

 

Əhalinin siyasətdə iştirakını zəif olaraq qiymətləndirən respondentlərin əhəmiyyətli hissəsi isə hesab edir ki, bəzən gözlənilməz paralellər ortaya çıxsa da, ümumən qeyd edilən məsələlərlə bağlı ölkənin reallığında hansısa neqativ situasiya nəzərə çarpmır:

“Mən hesab edirəm ki, əgər insanlar öz həyatları ilə, işləri və ya biznesləri ilə məşğul olurlarsa, bu neqativ amil və ya göstərici kimi çıxış etməməlidir. Əksinə, bu o deməkdir ki, ölkə inkişaf yolunda irəliləyir, burada davam edən sabitlik və rifah hökm sürür. Məntiqi olaraq, əgər bir ölkədə sabitlik və inkişaf xətti davam edirsə, orada insanlar “yuxarı dairələr”də  baş verənlərlə maraqlanmağa meyilli olmayaraq siyasi proseslərdə aktiv iştiraka üstünlük vermirlər”.

“Mən çox istərdim ki, Azərbaycanda da Estoniyadakı vəziyyət formalaşsın. İnsanlar nə zaman siyasətlə maraqlanırlar? – Onlar aşağı gəlirə malik olduqda və ölkədə proseslər düzgün qaydasında getmədikdə. Lakin düzgün qərarlar qəbul edilərək uğurlu siyasət həyata keçirildiyi təqdirdə, cəmiyyətdə mitinqlərdə iştirak və ya siyasi çıxışlara ehtiyac yaranmır”.

 

Müsahibə iştirakçılarının əksər hissəsi belə düşünür ki, nə qədər əhali aparılan idarəçilik siyasətindən razıdırsa, o halda bir o qədər şüurlu surətdə hakimiyyətə sadiqlik nümayiş etdirən insanların sayı müxalif meyillilərin sayından çoxluq təşkil edir:

Bu gün hökumətin siyasəti dəstəklənir, alqışlanır və xalq çoxluq etibarilə öz prezidentinin fəaliyyətini arzuolunan hesab edir. Dövlətin başında ağıllı, savadlı, intellektual və mədəni səviyyəsi yüksək olan Prezident dayanır”.

“Hətta ölkənin ən ucqar yerlərində belə bu gün yol infrastrukturu, işıq və qaz xətləri mövcuddur. Bu, ölkənin iqtisadi səviyyəsinin müsbət göstəricilərindəndir. Müxalif meyillilərin sayı isə hazırki dövr etibarilə azlıq təşkil etməklə indiyədək müşahidə edilməyən olduqca aşağı səviyyədə özünü göstərir”.

 

FOKUS QRUPLAR: EKSPERT RƏYİNİN ADEKVATLIĞININ YOXLANILMASI

 

Fokus qrup iştirakçılarının mütləq əksəriyyəti bu və ya digər dərəcədə (əksərən yüksək səviyyədə) özlərinin Azərbaycanda və ondan kənarda baş verən siyasi hadisələrə olan maraqlarını açıq formada bəyan edirlər:

“Hər kəs kimi məni də ətrafda baş verənlər maraqlandırır – mən bu cəmiyyətin üzvüyəm və rifaha çatmağımı müəyyənləşdirəcək, bütövlükdə cəmiyyətin və dövlətin taleyi ilə bağlı hadisələr məni də kifayət qədər maraqlandırır”.

“Bütünlüklə olmasa da, mən ölkə gündəmində baş verən yenilikləri izləyir və əsas siyasi hadisələrə nəzər yetirirəm”.


(Birinci Hissə)

(İkinci Hissə)

(Üçüncü Hissə)