Yuxarıya
skip to main content

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

09.03.2021

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbər heyəti arasında görüş keçirilib.

Görüşdə STM-in İdarə Heyətinin sədr müavini, millət vəkili Elşad Mirbəşir oğlu Mərkəz haqqında məlumat verərək həyata keçirilən layihələrdən danışıb.

Baş verən proseslərin cəmiyyətə təsir imkanlarının müəyyənləşdirilməsi məqsədi ilə Mərkəzin reallaşdırdığı tədqiqat və sorğu fəaliyyətinin vacibliyinə toxunan sədr müavini, növbəti mərhələdə məhz bu kimi addımlarla önəmli bir maliyyə seqmenti olan sığorta sahəsinin inkişafında da maraqlı olduqlarını bildirib. Mərkəz rəsmisi eyni zamanda son dövrlər sığorta sahəsində xüsusi bir canlanma yarandığını və bu müsbət dəyişiklikdə ASA-nın önəmli rol oynadığını xüsusi qeyd edib.

Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev də öz növbəsində qurum haqqında ətraflı məlumat verib. İcraçı direktor Mərkəzin fəaliyyətini yaxından izlədiklərini və həyata keçirilən layihələrin mövcud vəziyyətdə yaratdığı müsbət təsirlərin müşahidə edildiyini bildirən sədr iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin növbəti mərhələdə aparılacaq sorğu və tədqiqatlar nəticəsində sığorta sektorundakı fundamental problemlərin aşkarlanmasında, onların tez zamanda aradan qaldırılmasında və bununla da ölkə iqtisadiyyatının dayanıqlı inkişafında maraqlı olduqlarını bildirib.

Görüşün sonunda ASA ilə STM arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.