Yuxarıya
skip to main content

Xocalı cinayətini törədən caniləri necə mühakimə etmək olar?

26.02.2020

Ermənistan Respublikasının silahlı birləşmələrinin Rusiyanın 366-cı alayının iştirakı ilə Dağlıq Qarabağın Xocalı şəhərində  soyqırım, insanlıq əleyhinə və hərbi cinayətlər törətdiyi vaxtdan 28 il keçir.

 

Bütün müharibə qayda və ənənələrinə, beynəlxalq humanitar hüququn normalarına zidd olaraq həyata keçirilən bu əməliyyat 1992-ci ilin 25 fevral tarixində gecə başlamış, 26, 27 və 28 fevral tarixlərində davam etmişdir.

 

Azərbaycanın müvafiq orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qətlə yetirilən, əsir, girov götürülən  insanların sayı, yaş və cins tərkibinə dair müfəssəl məlumatlar toplanmışdır. Eyni zamanda əməliyyat nəticəsində insanların şəxsi mülkiyyətinə və dövlətə dəyən zərər də müəyyən edilmişdir. Mən bu qısa yazımda hamımıza məlum olan bu acı statistikanı göstərmirəm. Xocalıda baş verən  hadisələrin beynəlxalq cinayətlər kateqoriyasına aid edilən soyqırım, insanlıq əleyhinə və hərbi cinayətlərin hər üçü iştirak edir.

 

Xocalıda baş verən cinayət soyqırım cinayəti idi. Çünki məqsəd konkret ərazidə yaşayan və konkret milli mənsubiyyətə məxsus olan əhali qrupunu məhv etmək olmuşdur.  Əməliyyatı hazırlayanlar, onun həyata keçirilməsinə göstəriş verənlər və onu icra edənlər öz məqsədlərinə çatmış və əhalinin əhəmiyyətli hissəsini yaş, cins tərkibinə əhəmiyyət vermədən məhv etmişlər.

 

Xocalıda baş verənlər insanlıq əleyhinə cinayət idi. Çünki əməliyyatı həyata keçirən tərəf şəhər üzərində nəzarəti təmin edərək dinc əhaliyə qarşı amansız divan tutmuş, bütün yaş qrupuna daxil olan insanları qətlə yetirmiş, işgəncə vermiş, əsir götürmüş, uzunmuddət psixoloji və fiziki təzyiqlər altında saxlamış, cinsi zorlama, zorla hamilə etmə, orqanların çıxarılması kimi qəddar və hərbi əməliyyatlara aidiyyatı olmayan və mülki əhaliyə yönələn vəhşiliklər törətmişlər.

 

Xocalıda baş verənlər hərbi cinayət idi. Çünki baş verən qətllər, digər zorakı hərəkətlər, şəhərin tamamilə yerlə yeksan edilməsi hərbi məqsədlərə çatmaq üçün zəruri olan hədlərdən çox kənara çıxırdı. Həyata keçirilən əməliyyatın məqsədi təkcə bir inzibati ərazi vahidinin işğal olunması deyildi, həm də bu şəhərin sakinlərinin və özünün məhvi idi.

 

Xocalıda baş verən soyqırım, insanlıq əleyhinə və hərbi cinayətlərdən bir neçə il ötəndən sonra 1995-ci ilin iyul ayında Avropada, Bosniyanın Srebrenisa anklavında Xocalıda baş verən cinayətin analoqu tətbiq olundu. Bosniya serblərinin hərbi birləşmələri beynəlxalq sülhyaratma qüvvələrinin gözü qabağında 10-65 yaş arasında 8000 kişini qətlə yetirdi, qadın əhalini isə kütləvi surətdə cinsi zorlamaya məruz qoydu.

 

Hər iki hadisəni müqayisə etdikdə və paralellər apardıqda çoxsaylı oxşarlıqlar ortaya çıxır. Amma bir fərq var. Srebrenitsa cinayətlərini törədənlər ədalət məhkəməsi qarşısında cavab verməkdədir. 2007-ci ilin yanvar ayında Keçmiş Yuqoslaviya üzrə ad hoc Tribunal Srebrenisa cinayətlərini soyqırım cinayəti kimi təsnif etdi. Avropa İttifaqının Parlamenti 2009-cu ilin yanvarında cinayətin həyata keçirilməyə başlandığı günü -11 iyulu “Srebrenisa soyqırımı qurbanlarının xatirəsi günü” elan etdi.

 

Hərbi tribunal Srebrenisa soyqırımı ilə bağlı çoxsaylı cinayət işləri başlamış və cinayətdə təqsirli bilinənlərin bir qismi mühakimə olunmuş və hal-hazırda da bu proses davam edir. Biz Xocalıda baş verən sülh və bəşəriyyət əleyhinə yönələn  soyqırım, insanlıq əleyhinə və hərbi cinayətləri törədən caniləri mühakimə edə biləcəyikmi? Belə bir məhkəmə vardırmı? Yuxarıda qoyulan suallar hər il Xocalı faciəsinin ildönümü ərəfəsində ictimai müzakirələrdə əsas mövzuya çevrilir.

 

Bəli, dünyada belə bir məhkəmə var.  Bu, Azərbaycan Respublikası məhkəmələridir. Ərazi yurisdiksiyası üzrə Gəncə, Lənkərən və Naxçıvan ağır cinayətlər məhkməsi.

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsində Xocalıda baş verən soyqırım və digər beynəlxalq cinayətləri törədən caniləri mühakimə etmək üçün maddələrin hamısı vardır.

 

Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, Soyqırımın törədilməsinə təhrik etmə, əhalini məhv etmə, köləlik, əhalini deportasiya etmə və ya məcburi köçürmə, cinsi zorakılıq, məcburi hamiləlik,  işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə, hərbi soyğunçuluq.

 

Bu maddələr caniləri mühakimə etmək üçün kifayət edir. Bu cinayətlərə müddətlər tətbiq olunmur. Nə vaxt yaxalanmaqlarından asılı olmayaraq belə cinayət törətmiş şəxsləri mühakimə etmək mümkündür.

 

Bəs beynəlxalq çərçivədə bu cinayətlərin təqibi mümkündürmü? Ən çox müzakirə olunan mövzu bu cinayətlərin Niderlandın Haaqa şəhərində yerləşən hərbi tribunalda təqib olunması ilə bağlıdır.

Haaqada Dağlıq Qarabağda, o cümlədən Xocalıda baş verən soyqırım, insanlıq əleyhinə və hərbi cinayətləri təqib edən hər hansı məhkəmə yoxdur. Söhbət cinayət törətmiş fərdləri mühakimə edən məhkəmədən gedir.

 

Hazırda Haaqada bu tipli iki məhkəmə fəaliyyətdədir.

 

BMT Təhlükəsizlik Şurasının 25 may 1993-cü il tarixli qətnaməsi ilə yaradılmış Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal. Bu ad hoc tribunaldır və onun yurisdiksiyası konkret ərazi və vaxt çərçivələri ilə hüdudlanır. Bu tribunalın keçmiş Yuqosloviya ərazisindən kənarda baş verən hər hansı cinayəti təqib etmək üçün səlahiyyəti yoxdur.

 

1998-ci ildə qəbul olunmuş “Beynəlxalq Cinayət Məhkəməsinə dair Roma Statutu” əsasında 2002-ci ilin iyul ayında Haaqada yaradılmış permanenet məhkəmə olan Beynəlxalq Cinayət Məhkəməsi (International Criminal Court-ICC).

 

Bu məhkəmə də Xocalıda baş verən soyqırım və digər beynəlxalq cinayətləri törədən caniləri mühakimə edə bilməz. Roma Statutunun 24-cü maddəsinə görə Statutun retroaktiv qüvvəsi yoxdur (ratione personae), yəni onun geriyə qüvvəsi yoxdur. Məhkəmə 2002-ci ilin 1 iyul tarixində təsis olunmuşdur. Məhkəmə bu tarixdən əvvəl baş verən cinayətləri təqib edə bilməz.

 

Nə Azərbaycan, nə də Ermənistan Roma Statutunu ratifikasiya etməmişdir.

 

Dağlıq Qarabağ üzrə hərbi Tribunal yaradıla bilərmi?

 

Nəzəri  və hüquqi baxımdan bu mümkündür, praktiki baxımdan isə demək olar ki, yox.

 

Belə Tribunalların yaradılması tarixinə baxdıqda da bu mümkünsüzlüyü aşkar görmək mümkündür. Belə tribunalın yaradılması üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır. Belə qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin tam səsi lazımdır. 

 

Faciədən 28 il keçir. Beynəlxalq Cinayətlərə müddətlər tətbiq olunmur. Amma hadisələrdən uzaqlaşdıqca belə tribunalın yaradılması şansı da minimuma enir.

 

Belə tribunalların yaradılması və saxlanması üçün həddən artıq çox vəsait tələb olunur. Belə bir tribunal BMT-nin requlyar büdcəsinin 5-10%-ni yeyir. Maliyyə böhranı içərisində batan BMT belə tribunal yaratmaq iqtidarında deyildir, hətta buna siyasi maneələ olmasa belə…

 

Sahib Məmmədov