Yuxarıya
skip to main content

Azərbaycanda etnik-dini siyasət: tarixdən bu günə

08.04.2021

Azərbaycana dilindən və dinindən asılı olmayaraq maraq göstərən xalqların, millətlərin sayı çoxaldıqca, onun ərazisinə köçüb gələnlərin, onunla öz taleyini əbədi qovuşduranların da sayı artmağa başlamışdır. Ayrı-ayrı dövrlərdə Yaxın və Orta Şərqin, Şimali Qafqazın və Orta Asiyanın bir sıra xalq və etnik azlıqları qrup halında Azərbaycanın indiki ərazilərinə köçürülmüşlər. Eləcə də, istər Azərbaycana sasanilərin, ərəblərin və monqolların yürüşlərindən, Orta Asiya türklərinin növbəti gəlişindən sonra bu əraziyə köçürülmüş tayfalar və etnoqrafik qruplar talelərini əbədi olaraq Azərbaycanla bağlamışlar. Qədim yazılı mənbələrə görə, bu birliyin ilk əlamətlərinə Midiya və Qafqaz Albaniyası kimi dövlətlərin ənənələrində rast gəlirik. Qədim salnamələrdə Qafqaz Albaniyasının polietnik mənzərəsindən bəhs edilərkən burada türkdilli, irandilli və qafqazdilli 26 tayfa və tayfa birləşməsinin yaşadığı bildirilir. Onların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar [15]. Əsrlərdən bəri Azərbaycanı özlərinə məskən seçmiş bu etnoslar zaman keçdikcə Ümum-Azərbaycan maddi-mədəni və mənəvi dəyərlərinə sahib olmaqla yanaşı, etnik identikliklərini də qoruyub-saxlamışlar. Bununla da Azərbaycan mənəvi irsinin daha da zənginləşməsinə öz töhfələrini vermiş, onun mədəniyyətinə özünəməxsus çalarlar qatmış, bu rəngarəng etnomədəni mənzərəni tarixin bütün mərhələlərində mühafizə edə bilmişlər [12]. 

           

Azərbaycanda tarixən yaşayan xalqlar və etnik qruplar həm ilkin orta əsrlərdə meydana çıxmış Azərbaycan dövlətlərində, xüsusilə bir az sonra yaranmış Səfəvilər dövlətində, həm də xanlıqlar dövründə öz identikliklərini qoruyub saxlamış, dövlət himayəsini hiss etmişlər.

           

Hazırda "Qafqaz Albaniyasının mədəni irsi" kimi təqdim olunan orta əsr xristian kilsələrinin bir çoxu məhz Atabəylər dövlətinin mövcud olduğu illərdə inşa olunmuşdu. XIII əsrdə Qaraqoyunlu hökmdarı Cahan şah xristian Həsən Calala məliklik rütbəsini və "dövlə" rəsmi ünvanını vermişdi. Səfəvi dövlətində Şah I İsmayılın fərmanına əsasən, buradakı xristian və yəhudilərə dini etiqad azadlığı, əmlak toxunulmazlığı hüququ verilmiş, onların məbədlərinin normal fəaliyyəti üçün şərait yaradılmışdı. Səfəvi dövlətində şiəlik məzhəbinin dominantlığına baxmayaraq, qızılbaş hərəkatına qoşulanlar arasında süni kürd əşirətləri də var idi. Şah İsmayılın əmirləri arasında kürd və talışların da adları çəkilir.

           

Bundan başqa, Tiflis şəhərində bu gün də fəaliyyət göstərən bir sıra xristian kilsələrinin bərpası və tikintisi, İsfahan yaxınlığında erməni məhəlləsinin salınması Şah I Abbasın adı ilə bağlıdır [9]. Həmçinin 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasibin fərmanı ilə əhalisi əsasən sünni müsəlmanlardan ibarət olan İlusu sultanlığı yaradılmış, Rusiya imperiyasının işğalınadək Şimali Azərbaycan ərazisində Dərbənd, Bakı, Gəncə, Naxçıvan, Şamaxı yeparxiyaları fəaliyyət göstərmiş, Qafqaz Albaniyası həvari kilsəsi mövcudluğunu XIX əsrin əvvəllərindək qoruyub-saxlamışdı (Təəssüf ki, imperator I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsasən Rusiya Senatının təsdiq etdiyi 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə uyğun olaraq, Alban Həvvari kilsəsi erməni Qriqoryan kilsəsinin tabeliyinə verilib. Bununla da Alban kilsəsinin müstəqilliyinə son qoyulub. Ermənilər ötən dövr ərzində “Alban kilsəsi” məfhumunun məhv edilərək “erməni kilsəsi” kimi qələmə verilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçiriblər. Bunu Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad olunmasından sonra qarşılaşdığımız mənzərə bir daha sübut edir).

 

Bundan başqa, Dağıstanda dini mənsubiyyətinə görə təqib olunan dağ yəhudilərinin (cuhurların) Quba xanlarının razılığı ilə Azərbaycanın şimal bölgəsində məskunlaşması da "Azərbaycan islamı" modelinin radikal dini ehkamlara deyil, tarixi etnomədəni ənənələrə söykənməsindən xəbər verir [12]. 

           

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də Azərbaycan xalqının tolerantlıq ənənələri inkişaf etdirilmişdir. Əgər Avropa XX əsrin 90-cı illərindən başlayaraq insan haqlarından danışmağa başlayırdısa, Azərbaycanda hələ 1918-1920-ci illərdə insan haqlarına hörmətlə yanaşılmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın “İstiqlaliyyət Bəyannaməsi”ni qəbul edən AXC hökumətiAzərbaycan  ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi vermişdir. Bu məsələ ilə bağlı Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində qeyd olunurdu:

 

"3. Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir.

4. Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir" [7].

           

AXC-nin sosial-mədəni sahədə fəaliyyəti ölkənin çoxmillətli əhalisi ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilirdi. Milli azlıqların mədəni-maarif ehtiyaclarının ödənilməsi ücün müxtəlif imkanlardan (dövlət xərcləri, ictimai təşkilatların və xeyriyyəçilik cəmiyyətlərinin qüvvəlləri) istifadə  olunurdu. Nazirlər Şurasının qərarı ilə yeni məktəblər açmaq və dərsliklər almaq üçün Rus Milli Şurasına 500 min manat ayrılmışdı. Yəhudi Milli Şurası və yəhudi dini və mədəni təşkilatları sərbəst şəkildə fəaliyyət göstərməkdə davam edirdi. Hökumət yəhudi məktəblərinə müntəzəm olaraq maddi yardım göstərirdi. Erməni əhalisinə münasibətdə də eyni prinsiplər tətbiq olunurdu [1]. 

           

AXC dövründə etnik azlıqların dillərinə də xüsusi diqqət verilirdi. 7 sentyabr 1918-ci ildə  "Milli azlıqlardan olan xalqların öz ana dilində təhsil alması haqqında" Qanun qəbul edilmişdi. Bu Qanuna əsasən, hər hansı muxtar vilayətdə yerli əhali əksəriyyət təşkil etdiyi təqdirdə orta təhsil də o dildə aparılmalı idi. Bundan əlavə, xüsusi olaraq qeyd edilirdi ki, əgər bir məktəbdə azlıqda qalan xalqlardan olan tələbələrin sayı 40-a qədər olsa, təhsil onların dilində aparılmalıdır. 1919-cu il oktyabrın 1-dən Dağ­lıq Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradılmışdı. Burada ermənilərin maarifi və mədəniyyəti sahəsində 13 maddəlik əsasnamə təsdiq edilmişdi. Hətta ayrı-ayrı şəxslərə öz hesabına xüsusi məktəblər açmaq imkanı yaradılmışdı [11]. 

           

AXC-nin ifrat millətçilik mövqeyində deyil, məhz mütərəqqi azərbaycançılıq mövqeyində durduğunu sübut edən başqa bir nüans o idi ki, ilk parlamentimizin tərkibində digər millətlərin nümayəndələri də fə­al iştirak edirdilər. Belə ki, dövlətin qanunverici orqanının tərkibi formalaşdırılarkən ölkənin sosial-siyasi həyatında xidməti olan azsaylı xalqlara, eyni zamanda Rusiya imperiyası dövründə əhalinin etnokonfessional tərkibində müəyyən say əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdı. Belə ki, parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına, 1-i Alman Milli Təşkilatına, 1-i Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi [3].   Qeyri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan AXC hökuməti multikultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir edəcəyini nəzərə alaraq, ölkədə alman koloniyalarının salınmasının 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi üçün şərait yaratmış və bu yubiley 1919-cu il iyunun 9-da təntənəli şəkildə Yelenendorf  koloniyasında keçirilmişdi [10].

           

Bundan başqa, həmin dövrdə yenicə yaranmış Bakı Dövlət Universitetinə yüksək ixtisaslı 6 nəfər alman müəllimi işə götürülmüşdü. Universitetə və başqa tədris müəssisələrinə alman uşaqlarının qəbul edilməsi üçün güzəştlər qoyulmuşdu [4].

 

AXC dövründə müxtəlif dinlərin nümayəndələrinin rəsmi fəaliyyət göstərən dini konfensiyalarının, milli azlıqların və müxtəlif ictimai birliklərın multikultural dəyərlər əsasında fəaliyyətləri üçün bütün şərait yaradılmışdı. Milli-dini bayramlar münasibəti ilə Cümhuriyyət ərazisində yaşayan ayrı-ayrı xalqlar üçün qeyri-iş günlərinin elan edilməsi ənənəvi hal almışdı [3]. 

           

Sovet dövründə də bu siyasət qismən davam etdirilmişdir. 1920-ci ilin iyulunda Az.KP MK yanında Milli azlıqlar şöbəsi yaradılmış, milli azlıqlar arasında mədəniyyət-maarif işinin təşkilinə xüsusi diqqət yetirilməyə başlanılmışdı. Milli azlıqlar şöbələri məktəblər, kitabxanalar və digər mədəni-maarif idarələri açır, yeni dərsliklər və ədəbiyyat nəşr edirdi. Pedaqoji kadrlar hazırlamaq məqsədilə tədrisin ana dilində aparıldığı xüsusi kurslar açılmışdı. Bu dövrdə respublikanın çoxmillətli tərkibini nəzərə alaraq, Azərbaycan hökuməti tərəfindən milli azlıqların maraqlarına xələl yetirmədən doğma dildə danışmaları, qəzetlərin nəşri, məktəblərin açılması haqda normativ akt qəbul edilmişdi. 27 iyun 1924-cü ildə Azərbaycanda "Hökumət müəssələrində dövlət dili, yerli əhalinin dili və yerli azlıqların dili haqqında" Dekret qəbul olunmuşdu [14].    

           

1940-1941-ci ildə 68,9%, 1963-1964-cü tədris ilində isə 71% şagird Azərbaycan dilində təhsil alırdı. Respublika üzrə 3.533 orta təhsil məktəbindən 2.848-i Azərbaycandilli, 178-i rusdilli, 254-ü ermənidilli, 9-u isə gürcüdilli məktəblər idi [14].   

           

1937-ci il martın 14-də IX Sovetlər Qurultayında yeni Konstitusiya qəbul edildi. Çoxmillətli ölkədə sosial və iqtisadi dəyişikliklər prosesində milli məsələ öz əhəmiyyətini itirməyə başladı. Sosializm quruculuğunda milli məsələnin təhrif olunması əhalisi müsəlman olan respublikalarda xüsusilə aydın şəkildə təzahür edirdi.

           

Sovetlər Birliyinin dağılmasından sonra postsovet məkanında bir çox respublikalarda "etnik təmizləmə" siyasəti həyata keçirildi. "Etnik təmizləmə"yə məruz qalan milli azlıqlar monoetnik dövlətlərə transformasiya olundular. Bu sırada Ermənistan MDB məkanında daha "öndə" getdi.

 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanda bu prosesin başlanmasına, ümumiyyətlə, cəhd edilməmişdir. Əsrlər boyu formalaşan dini və etnik rəngarənglik ümummilli lider Heydər Əliyevin və onun uğurlu davamçısı Prezdent İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoydu, çoxmədəniyyətlilik ənənəsinin qorunması, zənginləşdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildi. Beləliklə, Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələri həm hüquqi, həm də siyasi əsaslarla möhkəmləndirildi.

 

Müstəqillik dövründə Azərbaycanda yaşayan xalqlar və etnik qruplara yönəlik dövlət siyasəti

 

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Ümummilli lider Heydər Əliyev etnik azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərin birində demişdir: "Biz, Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır".

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2009-cu ildə ölkədə həyata keçirilən siyahıyaalmanın nəticələrinə əsaslanaraq təqdim etdiyi məlumata görə, Azərbaycanda əhalinin milli tərkibi aşağıdakı kimidir: azərbaycanlılar – 8 172 800 (91,6%),  ləzgilər – 180 300 (2%),  ruslar – 119 300 (1,3%), ermənilər – 120 300 (1,3% - Dağlıq Qarabağda yaşayanlarla birgə - müəllif), talışlar – 112 000 (1,3%), avarlar – 49 800 (0,6%), türklər - 38 000 (0,4%), tatarlar - 25 900 (0,3%), tatlar - 25 200 (0,3%), ukraynalılar - 21 500 (0,3%), saxurlar - 12 300 (0,1%),  gürcülər - 9 900 (0,1%), yəhudilər - 9 100 (0,1%), kürdlər - 6 100 (0,1%),  qrızlar - 4 400 (0,04%),  udinlər - 3 800 (0,04%),  xınalıqlar - 2 200 (0,02%),  digər millətlər - 9 500 nəfər (0,1%) [5]. 

           

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə yaşayan etnik azlıqların hüquqlarının qorunması sahəsində bir sıra addımlar atılmışdır. Məsələn, dil sahəsində əldə olunmuş ən mühüm nailiyyətlərdən biri burada yaşayan xalqların və etnik qrupların dillərinin funksional inkişafının təmin olunması sahəsində atılmış addımlardır. Onların sovet dövründə ictimai sahələrdə işlədilməsinə qoyulmuş qadağalar aradan qaldırılmış, bu dillərdə ilk mətbu orqanları işıq üzü görmüş, ibtidai məktəblərdə tədrisinin əsası qoyulmuşdur.

           

Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların və etnik qrupların  dilləri, əsasən, dörd böyük dil ailəsinə - Türk, Qafqaz, Hind-Avropa və Hami-Sami - mənsub olsa da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq Türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti məhz bu dildə danışır.

 

Azərbaycan Respublikasında yaşayan xalqların və etnik qrupların sayının,

dilinin və sıx yaşayış yerlərinin struktur tərkibi

Xalq və ya etnik qrup

Dili

Sayı  (min nəfər, /%)

Sıx yaşadığı ərazi

Ləzgilər

Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qrupunun Ləzgi qoluna aid olan ləzgi dili, həmçinin Azərbaycan və rus dilləri

180,3  (2,0)

Azərbaycanın şimal bölgələri (Qusar,  Quba, Xaçmaz, Şəki, Qax, 

Zaqatala, İsmayıllı, Oğuz, Qəbələ)

Ruslar

Hind-Avropa dilləri ailəsinin Avropa qolunun Şərqi-slavyan qrupuna aid olan rus dili

119,3 (1,3)

Sənaye şəhərləri (Bakı, Sumqayıt, Mingəçevir), eləcə də bir neçə kənd təsərrüfatı rayonu

Ermənilər

Hind-Avropa dilləri ailəsinin Yunan-frigiya-erməni dil qrupu Frigiya-erməni dil yarımqrupu

 

 

 

120,3 (1,3)

(1999-cu ilin məlumatı)

Əsasən, Qarabağın dağlıq hissəsində yaşayırlar. Onların bu bölgəyə İran və Türkiyə ərazilərindən kütləvi surətdə köçürülməsinə XIX əsrin 20-30-cu illərindən başlanılmışdır. Dini mənsubiyyətlərinə görə əsasən xristian-monofizitdirlər.

30 il davam edən işğal nəticəsində Dağlıq Qarabağ ərazisində 2009-cu ildə siyahıyaalma keçirmə mümkün olmamışdır.

Qeyri-rəsmi məlumata görə, 30 minə yaxın erməni Dağlıq Qarabağdan kənarda, o cümlədən Bakıda yaşayır

Talışlar

Hind-Avropa dilləri ailəsinin İran dilləri qrupu

Şimal-Qərbi İran dilləri yarımqrupuna aid olan talış dili, eləcə də Azərbaycan dili

112,0 (1,3)

Cənub bölgələri (Lənkəran, Astara, Lerik, Masallı)

Avarlar

Qafqaz dilləri ailəsinin

Nax-Dağıstan qrupunun Avar-əndi-tsez qoluna aid olan avar dili, eləcə də Azərbaycan dili

49,8 (0,6)

Şimal bölgələri (Balakən, Zaqatala)

Axıska/Məhsəti türkləri

Türk dilləri ailəsinin Oğuz qrupunun Oğuz-səlcuq yarımqrupuna aid olan Azərbaycan dili

38,0 (0,4)

Şimal və aran bölgələri

Tatarlar

Türk dilləri ailəsinin Qıpçaq qrupu Volqaboyu-qıpçaq yarımqrupuna aid tatar dili, eləcə də rus dili

25,9 (0,3)

Azərbaycanın şəhərləri

Tatlar

Hind-Avropa dilləri ailəsinin İran dilləri qrupuna aid olan tat dili, eləcə də Azərbaycan dili

25,2 (0,3)

Abşeron yarımadası, Şimal bölgələri (Quba, Şamaxı, Şabran,  Xızı, İsmayıllı (Lahıc)) 

Ukraynalılar

Hind-Avropa dilləri ailəsinin Avropa qolu Şərqi Slavyan  qrupuna aid olan Ukrayna dili, eləcə də rus dili

21,5 (0,3)

Bakı

Saxurlar

Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qrupunun Qərbi-ləzgi qoluna aid olan saxur dili, eləcə də Azərbaycan dili

12,3 (0,1)

Qax, Zaqatala, Balakən

Gürcülər

 Qafqaz dilləri ailəsinin  Kartvelian qrupuna aid olan gürcü dili 

9,9 (0,1)

Qax, Zaqatala

Yəhudilər: Avropa (Aşkenazi), dağ və gürcü yəhudilərinə bölünür

Hami-Sami dilləri  ailəsinin Sami dilləri qrupuna aid olan ibri dili və ya ivrit dili

9,1 (0,1)

Bakı, Quba, Oğuz

Kürdlər

Hind-Avropa dilləri ailəsinin İran dilləri qrupunun Qərbi İran dilləri yarımqrupuna aid olan kürd dili

 

6,1 (0,1)

Ermənistanla silahlı münaqişədən (I Qarabağ müharibəsindən) əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında sıx məskunlaşmışdılar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq köçürülüblər.  Həmçinin Naxçıvan MR-in Sədərək, Culfa və Şərur rayonlarında da məskunlaşıblar.

Qrızlar

Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qrupunun Cənub ləzgi qoluna  aid olan qrız dili, eləcə də Azərbaycan dili

4,4 (0,04)

 Şimal bölgələri (Quba, Xaçmaz)

Udinlər

Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qrupunun  ləzgi qoluna aid olan udi dili, eləcə də Azərbaycan dili

3,8 (0,04)

Şimal bölgələri (Oğuz, Qəbələ)

Xınalıq

Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qrupunun ləzgi qoluna aid olan Xınalıq dili

2,2 (0,02)

Quba

Digər azlıqlar

 

9,5 (0,1)

 

            Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin (Azərbaycanın statistik göstəriciləri - 2013. Bakı, 2013, 804 s.) və AR Xarici İşlər Nazirliyinin (Milli azlıqlar - http://www.mfa.gov.az/content/114 ) məlumatları əsasında müəlliflər tərəfindən hazırlanmışdır.

 

Ölkə ərazisində yaşayan xalqların və etnik qrupların assimilyasiyadan sığortalanması və dillərinin müdafiəsi də ilkin olaraq təhsillə əlaqəli şəkildə reallaşdırılır. Azərbaycanda həm məktəbəqədər, həm də ümumi, peşə və ali təhsilin əlçatanlığının yüksəldilməsi və keyfiyyətli təhsilin verilməsi dövlətin prioritet məqsədidir və vətəndaşları arasında milli dəyərlərin yayılmasını, iqtisadi rifahı və ölkədə vətəndaş bərabərliyi mədəniyyətinin yüksəldilməsini şərtləndirir.

           

Ölkəmizin ümumtəhsil məktəblərində təlim Azərbaycan, rus, gürcü və erməni (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda) dillərində aparılır. Buna müvafiq olaraq, təlim 3 dildə olan məktəblər üçün tədris planları təsdiq edilmişdir. Respublikanın təhsil sistemində fəaliyyət göstərən 1.764 məktəbəqədər təhsil müəssisələrindən 248-də 8.347 uşaq rus dilində, 7-də isə 300-dən çox uşaq gürcü dilində təlim-tərbiyə alır [13]. 

 

Respublikanın 13 rayonunda (Lənkəran, Astara, Balakən, Oğuz, Quba, Qusar, Qəbələ, Zaqatala, İsmayıllı, Lerik, Masallı, Samux və Xaçmaz) yaşayan milli azlıqların uşaqlarının öz ana dilini, milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Azsaylı xalqların və etnik qrupların dillərinin tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklərin, dərs və metodik vəsaitlərinin, tövsiyələrin və s. hazırlanması və nəşri də daimi diqqət mərkəzindədir.

 

Respublikanın təhsil sistemində fəaliyyət göstərən 435 məktəbəqədər tərbiyə müəssisəsində 7719 uşağın təlim-tərbiyəsi rus dilində, 320-yə yaxın uşağı əhatə edən 17 müəssisədə gürcü dilində aparılır. Milli azlıqların kompakt şəkildə məskunlaşdıqları bölgələrdə isə məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar öz ana dillərində danışırlar [13]. 

 

Eyni zamanda, 3910 nəfər şagird əhatə olunmaqla 16 məktəbdə təlim yalnız rus dilində, 673 şagird əhatə olunmaqla 6 məktəbdə isə gürcü dilində aparılır. Təlim Azərbaycan və rus dillərində aparılan 321 məktəbdə 100089 şagird rus bölməsində, təlim Azərbaycan-gürcü dilində aparılan 3 məktəbdə 359 şagird gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 103 şagird gürcü bölməsində, 90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 337 məktəbində 103999 şagird rus dilində, 10 məktəbində isə 1135 şagird gürcü dilində təhsil alır [13]. 

 

Bundan başqa, respublikada tədris gürcü dilində aparılan 10 ümumtəhsil məktəbi mövcuddur. Bu məktəblər Qax (7 məktəb), Zaqatala (2 məktəb) və Balakən (1 məktəb) rayonlarında fəaliyyət göstərir.

 

Azərbaycanın bir sıra bölgələrini təmsil edən ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Təsdiq olunmuş tədris planına görə, bu dillərin hər birinin tədrisinə həftədə 2 saat vaxt ayrılır. Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris olunur. Həmin dillərin əhatə dairəsi aşağıdakı kimidir: Ləzgi dili (98 məktəb, 12325 şagird), talış dili (225 məktəb, 19010 şagird), avar dili (22 məktəb, 1489 şagird), saxur dili (5 məktəb 492 şagird), udin dili (3 məktəb 183 şagird), kürd dili (2 məktəb 42 şagird), xınalıq dili (1 məktəb 109 şagird), ivrit dili (1 məktəb 74 şagird).

 

Beləliklə, respublika üzrə 357 ümumtəhsil məktəbində milli azlıqlara mənsub 33719 şagird öz ana dilini öyrənir [13]. 

 

Bundan başqa, Bakı Slavyan Universitetinin nəzdində Ukrayna dili öyrədilən Bazar günü məktəbi, Qafqaz xalqlarının dilləri və mədəniyyəti cəmiyyəti fəaliyyət göstərir.

 

Bakının 46 nömrəli məktəbində 10 ildən çoxdur ki, ivrit dili tədris olunur. Artıq bir neçə ildir ki, yəhudi dili, tarixi və mədəniyyəti öyrədilən özəl orta məktəb fəaliyyətə başlamışdır [13]. 

           

Milli azlıqların dillərinin tədrisinə kömək məqsədi ilə “Talış dilinin tədrisinə dair”, “Talışca-azərbaycanca məktəbli lüğəti” nəşr olunmuşdur. “Ləzgicə-azərbaycanca-rusca lüğət” və Tat dilində “Əlifba” dərsliyinə dair metodik rəhbərlik” adlı kitablar istifadəçilərin ixtiyarına verilmişdir. Bütün bu proqram, dərslik və metodik vəsaitlər Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “Azərbaycan dili” bölməsinin “Azsaylı xalqların dilləri” yarımbölməsində müzakirə edilərək təsdiq olunmuş və nəşrə tövsiyə edilmişdir [13]. 

           

Ümumiyyətlə, məktəb dərsliklərinin Azərbaycanda mövcud etnik müxtəlifliyi əks etdirməsi, stereotiplər və diskriminasiya elementlərini ehtiva etməməsi də əhəmiyyətli məsələdir.

           

Etnik azlıqların gənc nümayəndələri üçün Azərbaycanda keyfiyyətli ali təhsil almaq imkanlarının yaradılması mühüm  prioritet təşkil edir və bu sahədə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda etnik azlıqların orta ixtisas təhsili ilə əhatə olunması üçün respublikanın cənub və şimal bölgələrində bir neçə orta ixtisas təhsili müəssisəsi – Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji, Zaqatala İdarəetmə və Texnologiya, Quba Dövlət Sosial İqtisad kollecləri fəaliyyət göstərir. Bu müəssisələrdə, əsasən, pedaqoji, incəsənət, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, rabitə və nəqliyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

           

Etnik azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır. Dövlət radiosu tərəfindən mütəmadi olaraq, kürd, ləzgi, talış, gürcü, rus və erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişlər yayımlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır [8].  "Samur" ləzgi dilində, "Qusar" (azərbaycan və ləzgi dillərində) qəzetləri, “Çıraq” və “Alam” jurnalları, talış dilində "Tolışi sədo", “Tolışon sədo” və "Söz" jurnalı (azərbaycan və talış dillərində), xınalıq dilində “Xınalıq” qəzeti (Quba), "Şəlalə" (Qax rayonu) qəzetində gürcü dilində səhifə, Qırmızı Qəsəbədə (Quba rayonu) yəhudi icmasının “Birlik” “Yedinstvo” qəzeti və “Qudyal” jurnalı çap olunur. "Dənge kürd" (“Kürdün səsi”) qəzeti "Ronayi" Kürd Mədəniyyət Mərkəzinin, "Vestnik", “Oko” qəzetləri Azərbaycan Rus İcmasının, "Sodrujestvo" - "Sodrujestvo" Cəmiyyətinin, "Akkord" - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin, “Vısnik” - Azərbaycanda Ukrayna İcmasının müntəzəm mətbuat orqanlarıdır [2; 8].

           

Ümumilikdə Azərbaycanda etnik azlıqların 15-dək mətbu nəşri (talış, kürd, rus, ləzgi, avar, yəhudi, bolqar, axısqa və s.) Ədliyyə Nazirliyində qeydə alınmış və hazırda maneəsiz fəaliyyət göstərir [2; 8].

           

Azərbaycan dövlət televiziyası rus dilində 1 ay ərzində 15 saatdan çox xəbərlər proqramı təqdim edir. Ölkə teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti yaradılmışdır. Özəl kanallarda rus dilində verilən verilişlərin həcmi sutka ərzində verilən verilişlərin 25-30%-ni təşkil edir. Etnik azlıqların kompakt şəkildə yaşadığı rayonlarda — Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV", Lənkəranda "Lənkəran TV" və s. adlı yerli telekanallar fəaliyyət göstərir [2; 8].

           

Araşdırmalar sübut edir ki, Azərbaycanda etnik azlıqların dili, mədəniyyəti, həyat tərzi və problemlərinin KİV-də işıqlandırılması yüksək səviyyədədir. Bu, Azərbaycan KİV-ləri üçün prioritet mövzulardan biridir.

 

Azərbaycanda yaşayan xalqların və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Mədəniyyət Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir.

 

Sovetlər Birliyi dağılandan sonra etnik azlıqlar tarixlərini, mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlamaq üçün öz mədəniyyət mərkəzlərini yaradıblar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Belə təşkilatlardan "Ronayi" Kürd Mədəniyyət Mərkəzi, "Samur" Ləzgi Milli Mərkəzi, Ləzgi Mifologiyasını Öyrənmə Mərkəzi, Ləzgi Gənclər Mərkəzi, "Dağıstan" Mədəniyyət Mərkəzi, Azərbaycanda Ukrayna İcması, “Saxur" Mədəniyyət Mərkəzi, Talış Mədəniyyət Mərkəzi, "Orayin" Udi Mədəniyyət Mərkəzi, Alban-Udi xristian dini icması, Avar Milli Mədəniyyət Mərkəzi, "Lahıc" Xeyriyyə Cəmiyyəti, "Azəri" Tat Mədəniyyət Mərkəzi, Azərbaycanda Rus İcması İctimai Birliyi, Azərbaycan Slavyanlarının Mədəniyyət Mərkəzi, "Sodrujestvo" Cəmiyyəti, "Tuğan tel" Tatar Mədəniyyət Cəmiyyəti, Azərbaycan Tatar İcması, “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi, Azərbaycan Gürcü İcması, Axısqa türklərinin "Vətən" Cəmiyyəti, Axısqa türklərinin "Axısqa" Mədəniyyət Mərkəzi, "Buduq" Mədəniyyət Mərkəzi, "Şahdağ" Mədəniyyət Mərkəzi, Avropa Yəhudiləri Dini İcması, Azərbaycan Dağ Yəhudiləri Dini İcması, Gürcü Yəhudiləri Dini İcması, "Azərbaycan-İsrail" Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Təşkilatı, "İudaika" Beynəlxalq Cəmiyyəti, Alman Milli Mədəni Cəmiyyəti, "Xınalıq" Mədəniyyət Mərkəzi, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, Azərbaycan Polyak İcması və s.  göstərmək olar. Bu təşkilatlar milli azlıqların sosial-iqtisadi və mədəni məsələlərinin həll olunmasında, onların yaşadıqları cəmiyyətə inteqrasiya olunmalarında mühüm rol oynayır, hökumətdən maliyyə yardımı alır, yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir. Hal-hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış milli azlıqların 50-dən çox qeyri-hökumət təşkilatları mövcuddur [2; 8].

           

Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada etnik azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir.

           

Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur. Misal olaraq Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndindəki kilsələri göstərmək olar Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsrə aid məscid bərpa olunmuşdur. Dövlət tərəfindən Qax rayonu ərazisində yerləşən Allahverdi kilsəsində "Milli azlıqların mədəniyyəti və etnoqrafiyası" adlı muzeyin yaradılması ideyası əsasında layihə hazırlanmış və həmin layihə Avropa Şurası tərəfindən müsbət qiymətləndirilmişdir [8].

           

2006-cı il oktyabr ayının 16-dan 23-ə qədər  UNESCO-nun Paris şəhərindəki mənzil-qərargahında "Azərbaycan həftəsi" adlı mədəni tədbirlər çərçivəsində Azərbaycanda yaşayan etnik azlıqlara aid fotosərgi nümayiş etdirilmişdir.

           

Etnik azlıqların sıx yaşadıqları Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Balakən, Zaqatala, Gədəbəy, Xaçmaz, Dəvəçi, Qusar, İsmayıllı, Qax, Qəbələ rayonlarında fəaliyyət göstərən 41 uşaq musiqi və incəsənət məktəbində 12 mindən çox yeniyetmə müxtəlif ixtisaslar üzrə təhsil alır.

           

Azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. Bu qəbildən olan bir çox xalq kollektivləri, nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də tanınır [8].

 

Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir etnik azlıqların incəsənəti festivalı keçirilir [8].

           

2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsaylı xalqların folkloru bölməsi yaradılmışdır. Bu da Azərbaycanda yaşayan xalqların və etnik qrupların folklor nümunələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir.

           

Bundan başqa, Azərbaycanda etnik azlıqların hüquqları iqtisadi və sosial həyatda da qorunur. Ölkənin iqtisadi və sosial həyat praktikasında azlıq dillərinin istifadəsinə heç bir məhdudiyyət qoyulmur.

 

Beləliklə, “Azərbaycan Respublikasının siyasi-coğrafi və etnomədəni ərazisi çərçivəsində Azərbaycan xalqına məxsus vahid və ortaq Azərbaycan milli mədəniyyəti mövcuddur və dominant xalqın etnik mədəniyyəti də daxil olmaqla, bütün etnomədəni irs nümunələri onun ayrılmaz tərkib hissələridir. Bu gün Azərbaycan Respublikasının yürütdüyü milli siyasət ölkədə yaşayan xalqların hüquq bərabərliyini, onların mədəni irsə malik olma hüquqlarını, ana dillərinin, mədəniyyətlərinin qorunması və inkişafını təmin edir. Azərbaycan dövlətinin etnik siyasətində əsas prioritet istiqamət vətəndaş inteqrasiyası, Azərbaycançılığın əsas amalı isə bu siyasətin reallaşması üçün təbii şəraiti formalaşdırmaq, özünəməxsus etnik rəngarəngliyi ilə seçilən Azərbaycan xalqının bütün komponentlərini, fərdlərini vahid Vətən, vahid məqsəd ətrafında birləşdirmək, etnik və ya dini kimliklərindən asılı olmayaraq onların hər bir nümayəndəsinin özünəməxsusluğunu qorumaq, yaşatmaq və inkişaf etdirməkdir. Vətəndaş birliyi, vətəndaş inteqrasiyası isə nə assimilyasiya, nə də adaptasiyadır. Bu, bizim həyat tərzimizdir” [12]. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də, bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Bu gün də bu gözəl ənənələr yaşayır. Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır”.


Ədəbiyyat:

 

 

 

  1. Azəbaycan Cümhuriyyəti (1918-1920). AMEA Tarix İnstitutu, Bakı: Elm, 1998, s.9-10
  2. Azərbaycan Respublikasinda mədəni müxtəliflik. - http://www.mfa.gov.az/content/114
  3. “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel 1920). /Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Üç cilddə: I cild. Bakı: Qanun,2015, 656 s.; II cild, Bakı: Qanun, 2016, 560 s.; III cild. Bakı:Qanun, 2017, 552 s.
  4. Cavadov Q.C. Azərbaycanın azsaylı  xalqları və milli azlıqları. Bakı, 2000, 334 s.
  5. Əhalinin milli tərkibi. Azərbaycanın statistik göstəriciləri – 2013 (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi). Bakı, 2013, s.80-81.
  6. Fourth Report submitted by Azerbaijan pursuant to Article 25, paragraph 2 of the Framework Convention for the Protection of National Minorities (Received on 10 January 2017) - - https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=09000016806dcc4e
  7. İstiqlal Bәyannamәsi. - http://axc.preslib.az/az_b1.html
  8. Mədəni müxtəliflik. - http://multiculturalism.preslib.az/az_a5.html
  9. Məmmədov Ş. XVIII əsrə qədərki dövrdə Rusiya-erməni əlaqələri. // Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər, 2016, № 5(79) (s.18-23), s.19
  10. Nəbiyev V.C. Azərbaycan Xalq Cümhuriyyəti dövründə multikulturalizm siyasəti. // "Zaman" qəzeti,  23 oktyabr 2015-ci il, s.13.
  11. Niftiyev N. Azərbaycanda birgəyaşayış və multikulturalizm. Bakı, 2015.
  12. Paşayeva M., Qurbanov A. Biz azərbaycanlıyıq. Bakı, 2018.
  13. Təhsil. - https://multiculturalism.preslib.az/az_a6.html
  14. Новрузова Г.Т. Административно-Территориальное деление и динамика численности населения Куткашенского Района Азербайджанской ССР. // Азербайджан и азербайджанцы, Баку,2012, с. 150
  15. Ямпольский З.И. Древнейшие сведения о тюрках в зоне Азербайджана. //Учен. зап. АГУ им. С.М.Кирова, 1966, № 2

Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.