Yuxarıya
skip to main content

Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi Avropa İttifaqı ilə münasibətlərin inkişaf perspektivləri, sosial aspektləri- I HİSSƏ

01.04.2021

Avropa İttifaqı sərhədlərinin təhlükəsizliyini qorumaq üçün bir sıra proqramlar qəbul edib. Regional təhlükəsizlik kompleksi nəzəriyyəsinə əsasən demək olar ki, dövlətlərin təhlükəsizlikləri bir-biri ilə qarşılıqlı asılı və əlaqəlidir. Bir dövlətə, onun milli təhlükəsizlik konsepsiyasına təsir edən proses bütün regiona təsir edə və onu təhlükə qarşısında qoya bilər. Milli təhlükəsizlik konsepsiyası ancaq ənənəvi hərbi məsələləri deyil, həmçinin sosial, iqtisadi və bu qəbildən digər məsələləri də əhatə edir. Xatırladaq ki, Avropa İttifaqının (Aİ) quruulduğu tarixdən hazırki dövrə qədər fəaliyyətinin əsas funksiyası Qərbi Avropanın, sonra isə yaxın ətrafının təhlükəsizlik və sabitliyinin təmin edilməsi istiqamətində olub. Bu funksiyanın yerinə yetirilməsi zamanı müraciət edilən ən effektiv xarici siyasət vasitələrindən biri isə genişlənmə siyasəti olub. Aİ demokratik idealları və azad bazar iqtisadiyyatını qəbul edən ölkələri, İttifaq çətiri altında toplayıb təhlükəsizlik və sabitlik mühitini hərbi qüvvə sərf etmədən formalaşdırıb. 1990-cı illərin əvvəllərində Sovet İttifaqının, Şərqi və Mərkəzi Avropada kommunizm rejiminin dağılması ilə birlikdə Aİ-nin təhlükəsizlik və sabitliyi təmin edmək rolu daha geniş, dərin və əhəmiyyətli şəkil almağa başladı. Avropa İttifaqının yaxın sərhədlərində baş verən hadisələr onun daxili təhlükəsizliyinə təsir edir və buna görə də, Aİ həmin ölkələr ilə sıx əlaqələr yaratmaqda maraqlıdır. Məhz bu kimi səbəblərə əsasən Avropa Qonşuluq Siyasəti (AQS) proqramı qəbul edilərək Aİ-nin öz qonşuları ilə münasibətlərini tənzimləməsi qaydaları və hüquqi şərtləri iki istiqamətdə - Aralıq dənizi bölgəsi və Şərq istiqamətində həyata keçirilməyə başladı.

2009-cu ilin mayında təsis edilmiş, “Şərq tərəfdaşlığı” proqramı  isə Polşa və İsveçin təşəbbüsü ilə olmuşdur. “Şərq Tərəfdaşlığı” (ŞT) proqramı əsasən Aİ-nin ətrafında  "rifah və dostluq mühiti yaradılmasının" zəruriliyi və şərq sərhədlərində təhlükəsiz region yaratmaq üçün hesablanmışdır. Aİ-nın ŞT təşəbbüsünün məqsədi keçmiş SSRİ-nin 6 ölkəsini Şərq qonşuları ilə regional əməkdaşlığı əhatə edən və dəstəkləyən Avropa İttifaqı (Aİ), onun üzv dövlətləri və altı tərəfdaş ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus Moldova və Ukrayna - arasında münasibətləri dərinləşdirmək, gücləndirmək və əməkdaşlıq mühiti yaratmaqdan ibarətdir. Həmçinin, “Şərq tərəfdaşlığı” proqramının digər iki əsas məqsədi: post - sovet məkanının qeyd olunan 6 ölkəsini siyasi, hüquqi, iqtisadi-ticari cəhətdən Avropa standartlarına uyğunlaşdırmaq və bu ölkələrdə islahatlar - keçid prosesini dəstəkləməkdir. Onu da qeyd etmək lazımdır ki, “Şərq tərəfdaşlığı” proqramı bir çox mütəxəssislər tərəfindən Aİ-nın post-sovet məkanı ilə bağlı geostrategiyasına xidmət edən “yumşaq güc“ siyasəti kimi də dəyərləndirərək Rusiyanın bu proqrama müsbət yanaşmamasını həm də bu amillə əlaqələndirirlər.

 

Bu təşəbbüs Avropa Qonşuluq Siyasəti çərçivəsində qeyd edilən 6 ölkə ilə dərin və hərtərəfli azad ticarət sazişlərini, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşmanı, İttifaqın maliyyələşdirdiyi proqramları, vizasız səyahəti, insanlar arasında əlaqələrin intensivləşdirilməsini, “mobillik və təhlükəsizlik paktları“nı, Aİ-nın əmək bazarına daxil olmanı nəzərdə tutur.

 

ŞT ölkələrində iqtisadi dayanaqlığın təmin olunması Aİ-nin sabit qonşuluq istiqamətində töhfəsinin əsasını təşkil edir. ŞT fəaliyyət istiqamətləri ancaq hökumətlər arasında əlaqələrdən ibarət deyil. Bu istiqamətlər həmçinin, yerli hökumətlər, vətəndaş cəmiyyəti, media, gənclər, biznes və bu qəbildən digər sahələridə əhatə edir. Bu kontekstdə, Aİ və ŞT ölkələri region boyu daha güclü, şaxələndirilmiş və dinamik iqtisadiyyatların qurulması üçün birgə fəaliyyət göstərirlər. Bu istiqamətdə, kiçik və orta sahibkarlığın genişlənməsinə dəstək, yeni investisiyaların cəlb olunması və iş yerlərinin açılması, eləcə də yeni bazarlara çıxışı təşviq və təmin etməklə ticarət imkanlarının artırılması kimi fəaliyyətləri də qeyd etmək olar.

 

ŞT və Aİ ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyası (AK ) və Aİ Şurasının rəhbərlərinin, habelə Avropa Parlamenti və Aİ-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə iki ildən bir keçirilir. Əvvəlki sammitlər 2009-cu ildə Praqa, 2011-ci ildə Varşava, 2013-cü ildə Vilnüs və 2015-ci ildə Riqada və 2017-ci ildə Brüsseldə[1] keçirilmişdir. 13-14 may 2019-cu il tarixlərində Brüssel şəhərində ŞT-nin 10 illik yubileyinə həsr olunmuş ŞT ölkələrinin Dövlət Başçılarının şam yeməyi, habelə Aİ və ŞT ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü və yüksək səviyyəli konfrans keçirilmişdir.

 

2020-ci ilə kimi ŞT ölkələri arasında, regionda yaşayan vətəndaşların gündəlik həyatında hiss ediləcək faydaları vermək öhdəliyini götürürək,  dörd prioritet sahədə 20 hədəfə çatmaq üzərində işi davam etdirmək barədə razılığa gəlinmişdi. Bu dörd prioritet: İqtisadi inkişaf və bazar imkanları üçün “Daha güclü iqtisadiyyat”; İnstitutların gücləndirilməsi və yaxşı idarəçilik üçün “Daha güclü idarəçilik”; Əlaqələr, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi səhasində əməkdaşlıq üçün “Daha güclü əlaqələr”; Mobillik və insanlar arasında əlaqələr üçün isə “Daha güclü cəmiyyət” sahələrini əhatə edir.[2]

 

Şərq Tərəfdaşı ölkələrinin Avropa İttifaqına münasibəti ictimai rəy sorgusunda

 

Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir. ŞT layihəsi çərçivəsində hər il altı şərq tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirilir. İllik ictimai rəy sorğuları Aİ haqqında ümumi təsəvvür, Aİ ilə əlaqələndirilən dəyərlər, Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi, Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun effektivliyinin qiymətləndirilməsi, məlumat mənbələri, ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər kimi  geniş sahələri əhatə edir.

 

İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Aşağıda nəticələri təqdim edilən illik rəy sorğusu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilmişdir (yerli qaydada) və hər ölkədən 1000 nəfərdən ibarət seçilmiş respondentlərlə üz-üzə müsahibələrə əsaslanır.[3]

 

2020-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Şərqi tərəfdaş ölkələrinin vətəndaşlarının 49%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı ildə qeydə alınan göstəricidən 4% yüksəkdir.
  • ŞT ölkələrinin vətəndaşlarının 70%-i öz ölkələri ilə Aİ arasında əlaqələrin "yaxşı" olduğunu düşünür.
  • ŞT ölkələrinin vətəndaşlarının 57%-i Aİ-nin ölkələrinə göstərdiyi maliyyə dəstəyindən xəbərdardır və onların 53%-i həmin dəstəyin səmərəli olduğunu düşünür. Bu göstərici 2016-cı il ilə müqayisədə 10% yüksəlmişdir.
  • Aİ-nin maliyyə dəstəyindən xəbərdar olan ŞT ölkələrinin vətəndaşlarının yarıdan çoxu (53%) Aİ tərəfindən onların ölkələrində maliyyələşdirilən konkret proqramlardan azı biri haqqında məlumatlıdır. Burada 2017-ci il ilə müqayisədə 18% əhəmiyyətli dərəcədə artım qeydə alınmışdır.
  • Avropa İttifaqı ən çox etibar edilən beynəlxalq qurumdur və ŞT ölkələrinin vətəndaşlarının əksəriyyətinin (60%) etibar etdiyi yeganə beynəlxalq təşkilatdır.[4]

 

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi

 

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir. Belə ki, Azərbaycan Aİ-nın “Şərq Tərəfdaşlığı” proqramının fəal iştirakçılarından biridir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Həm Azərbaycan, həm  Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir.

 

Xatırladaq ki, Avropa İttifaqının (Aİ)  Azərbaycanla ikitərəfli münasibətləri 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu ildən qüvvəyə minən Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə (TƏS) əsaslanır. TƏS sənədi Aİ ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlığın formatını müəyyən etməklə münasibətlərin hüquqi əsasını təşkil edir. 10 il müddətinə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin icra müddəti 2009-cu ildə bitdiyi üçün onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.   

 

Azərbaycan - Aİ münasibətlərinə təsir göstərən amilləri əsasən Azərbaycanın geostrateji, iqtisadi - siyasi maraqları, Aİ-nın Cənubi Qafqazda geosiyasi maraqları kimi qısa olaraq belə qeyd etmək olar.  ŞT proqramının ikitərəfli və çoxtərəfli olaraq iki aspekti var. Aİ Azərbaycanla habelə digər  tərəfdaş ölkələrlə hər iki istiqamət üzrə əməkdaşlıq edir. Azərbaycan isə Avropa İttifaqı ilə əsasən ikitərəfli münasibətlərə üstünlük verir.  ŞT Azərbaycan üçün çoxtərəfli platformada müəyyən məsələlər üzrə fikir mübadiləsi aparmaqla, regional siyasət kontekstində öz milli maraqlarını inkişaf etdirmək, bunun üçün müxtəlif təşəbbüslər irəli sürmək və beləliklə də, Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.

 

Münasibətlərin inkişaf perspektivləri  və prioritet istiqamətləri

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021- ci il martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüş  zamanı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə dövrü, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

 

Aİ ilə əlaqələr baxımından mütləq surətdə siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan verən  məqamlar vurğulanır. Məhz həmin səbəbdəndir ki, rəsmi Bakı Aİ ilə assosiativ üzvlük  formatı əvəzinə, hər iki tərəf üçün faydalı olan strateji tərəfdaşlıq üzrə yeni hərtərəfli saziş təklifini irəli sürüb. Xatırladaq ki, 2015-ci ildə Riqa Zirvə görüşündən sonra, Aİ - Azərbaycan münasibətlərində keyfiyyət və mahiyyətcə yeni gündəliyə keçid başladı. Azərbaycanın rəhbərliyi bu barədə açıq və konkret mövqe bildirdi. Azərbaycanın qətiyyətli mövqeyi  rəsmi Brüssel tərəfindən qəbul edildi, Aİ rəhbər şəxslərinin ölkəmizə səfərləri təşkil edildi və TƏS-i əvəzləyəcək yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara Aİ tərəfindən mandat verildi.

 

Beləliklə, Aİ tərəfi ilə dialoqda daha bərabərhüquqlu ruhda əməkdaşlığın bünövrəsi qoyuldu. 2017-ci ildə Azərbaycan tərəfindən təklif edilən əməkdaşlıq formatı/saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən edirdi.[5] Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişə dair danışıqlar, siyasi dialoq və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üzrə fəaliyyətə başladı və 2018-ci ildə "Tərəfdaşlığın prioritetləri" adlı sənəd imzalandı. Azərbaycan öz qəti mövqeyi ilə iqtisadi, siyasi, geosiyasi, müstəqilliyini qoruyub saxlayaraq Aİ ilə strateji tərəfdaş olmağa hazır olduğunu göstərdi. Bunun əsasında Aİ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını əks etdirən yeni bir sənədi də qəbul etdi. Həmçinin bu saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən etdi. Bu, Şərq Tərəfdaşlığının dörd prioritet istiqaməti ilə yanaşı, Aİ Azərbaycan siyasi dialoqunu və əməkdaşlığını da müəyyənləşdirir. Həmçinin, Aİ Azərbaycanın iqtisadi modernləşdirilməsinə öz töhfəsini verir, bu əməkdaşlıq xüsusilə də təhsil, sahibkarlıq və regional inkişaf kimi sahələri də əhatə edir. Aİ, həmçinin Azərbaycanda investisiya və biznes mühitinin daha da təkmilləşməsi prosesinə öz dəstəyini göstərir. “2018-2020-ci illər üçün Azərbaycan - Aİ Tərəfdaşlıq Prioritetləri” sənədinin hazırlanması hədəfi qoyulmuşdur. Bu sənəd, tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə prioritetlərin müəyyən edilməsi və 3 il üçün (2018-2020) konkret layihələr şəklində həyata keçirilməsi məqsədini daşıyıb. Müəyyən edilmiş əməkdaşlıq istiqamətlərinə uyğun olaraq aşağıdakı prioritetləri əhatə edir: 

 

  1. Qurumların gücləndirilməsi və yaxşı idarəçilik
  2. İqtisadi inkişaf və bazar imkanları
  3. Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti
  4. Yerdəyişmə və insanlar arasında əlaqələr

 

Azərbaycan Aİ-nin bir çox proqramlarında və agentliklərində iştirak edir. Buna dair Aİ və Azərbaycan arasında Protokol 2014-cü ildə imzalanmışdır. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş, 6 iyul 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.  

 

Azərbaycan Respublikası və Aİ arasında viza rejiminin sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanıb. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minib. Bu, Azərbaycan vətəndaşlarına, xüsusilə də tez-tez səyahət edənlərə, daha asan və ucuz viza almaqla Aİ-nin bir çox ölkələrinə səfər etmək imkanı ilə təmin edir. Həmçinin viza rejiminin sadələşdirilməsi sazişi əsasən təqaüdçülər, tədqiqatçılar, tələbələr, 12 yaşına qədər olan uşaqlar viza rüsumundan tamamilə azad olunurlar. Qeyd etmək lazımdır ki, Aİ-nin Erasmus+ proqramı 2015-ci ildən 2018-ci ilə kimi Azərbaycanın təxminən 1300 tələbə və müəllim heyətinə Aİ ölkələrində təhsil almaq və ya dərs demək imkanı verib.[6]

 

Azərbaycan Respublikası, Aİ və onun iştirakçı üzv dövlətləri arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamənin 5 dekabr 2013-cü il tarixində Brüsseldə imzalanmışdır. Birgə Bəyannamə Sənədi Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli 312 nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur. Birgə Bəyannamənin əsas məqsədi Azərbaycan Respublikası və Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

 

Azərbaycan Respublikasının Avropa İttifaqının proqramlarinda iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu Avropa Komissiyasının sabiq prezidenti J.M.Barrozunun 14 iyun 2014-cü il tarixində Bakıya səfəri zamanı tərəflər arasında imzalanmışdır.

 

Qeyd etmək lazımdır ki, Aİ, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə  ölkəmizin yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmasını əsas gətirərək, 22 fevral 2014-cü il tarixindən etibarən Azərbaycanın Aİ-nin Ümumiləşdirilmiş Üstünlüklər Sxemindən (GSP) istifadəsini dayandırmışdır. Hazırda Azərbaycan üçün standart “Ən Əlverişli Ölkə” (Most Favoured Nation) rejimi  tətbiq olunur.[7]

 

Aİ ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalmaqda davam edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Aİ ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı təqribən 42 faiz, o cümlədən idxalda 20 faiz, ixracda isə 54 faiz təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikasının Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi təqribən 12,9 milyard  ABŞ dolları, o cümlədən idxalın həcmi 2,3 milyard ABŞ dolları, ixracın həcmi 10,6 milyard ABŞ dolları təşkil etmişdir. Bu göstəricilər əsasən, Aİ ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı təqribən 42 faiz, o cümlədən idxalda 20 faiz, ixracda isə 54 faiz təşkil etmişdir. 2020-ci ildə isə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları təşkil edib. Son 8 ildə Aİ-nin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 20 milyard dollardan çoxdur.[8]

 

2017-ci il Aİ-nin Azərbaycan üzrə nümayəndəliyi üçün daha çox bölgəni əhatə edən və müxtəlif alətlərin cəlb edildiyi ən intensiv il “ictimai diplomatiya ili” oldu. “İctimai diplomatiya ili”/2017-ci il ərzində Aİ tərəfindən Azərbaycanda İMAGİNE Avropa Tolerantlıq Festivalı, Avropa Kino Festivalı, müzakirələr, mühazirələr, debatlar, regionlara Avropa avtobus turları, "ASAN Radio"da “AvropadASAN” verilişinin və www.sizinavropa.az portalının açılması həyata keçirildi. Həmçinin sosial sahədə aparılan islahatlar və milli prioritetlər barədə Avropa İttifaqı missiyasının ölkəmizdə fəaliyyəti ilə bağlı qeyd etmək lazımdır ki, İttifaqın Azərbaycan üzrə 2021-2027-ci illər üçün Çoxillik İndikativ Proqramlaşdırmanın aparılması prosesi ilə əlaqədar fəaliyyət həyata keçirir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasının, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının formalaşdırılmasının həmin prioritetlər sırasındadır və Azərbaycan bunun formalaşmasında tərəfdaş qurum və ölkələrlə əməkdaşlıq edir. Həmçinin, 2021-ci ilin fevral ayında Avropa İttifaqı Azərbaycanda 131 layihə nümayiş etdirən yeni veb saytı www.eu4azerbaijan.eu təqdim edib.

 

ŞT proqramı çərçivəsində Azərbaycan Tvinninq layihələri vasitəsilə Aİ ilə fəal əməkdaşlıq edir. Son on il ərzində Azərbaycan digər ŞT ölkələrindən daha çox Tvinning alətindən istifadə edib. Bu nadir əməkdaşlıq aləti Azərbaycana Aİ-nin ən yaxşı təcrübələrini və standartlarını gətirib. 10 il ərzində Azərbaycanın 25-dən çox nazirliyi və ictimai təşkilatı Aİ-nin texniki biliklərini və dövlət qulluqçularının praktiki təcrübələrini əhatə edən 50 tvinninq layihəsində iştirak etmişdir. Bu fəal əməkdaşlıq, yerli qanunverciliyin Aİ standartlarına uyğun hazırlanması və təkmilləşdirilməsinə öz töhfəsini verdi. 10 il ərzində həyata keçirilən 50 tvinninq layihələrindən 34-ü başa çatmış, 11-i davam edir, 1-i isə hazırlanır.[9]

 

2007-ci ildən etibarən Azərbaycanda Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tətbiq olunur. Bu alət çərçivəsində Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün yardım göstərilməsi nəzərdə tutulur. AQTA-ya büdcəyə dəstək, Tvinninq, texniki yardım, TAİEX, SİGMA kimi yardım alətləri daxildir. AQTA çərçivəsində 2011-2013-cü illər üçün Avropa İttifaqı və Azərbaycan arasında prioritet əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin bu sahələrə yardımın göstərilməsi məqsədilə Milli İndikativ Proqram imzalanıb. 2007-2013-cü illərdə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti həyata keçirilib. 2014-2020-ci illər üçün AQTA-nı,  Avropa Qonşuluq Aləti əvəz edir. Avropa Qonşuluq Aləti qonşuluq siyasətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş əsas Aİ maliyyə alətidir.[10]

 

Çoxmədəniyyətli Azərbaycan və çoxçətirli Avropa İttifaqı

 

Azərbaycan dövlətinin malik olduğu tolerantlıq və çoxmədəniyyətlilik Aİ-nin də dəyərləri sırasında yer alır. Bu Azərbaycan və Aİ-ni birləşdirən xüsusiyyətlərdən biridir. 2016-cı ilin dekabrında Bakıda “Dinlərarası dözümlülük və medianın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. 2017-ci ilin sentyabrında və 2018-ci ilin iyun ayında Azərbaycanın müxtəlif dini icmalarının liderlərinin Aİ-nin Brüsseldə yerləşən institutlarına səfəri təşkil edilib. Bunun ardınca isə 2017 və 2018-ci ilin oktyabr ayında Bakıda mədəniyyətlərarası dialoq və dözümlülük dəyərlərini incəsənət yolu ilə təşviq etmək üçün hər il ənənəvi keçirilən “Təsəvvür et” adlı Avropa Tolerantlıq Festivalı təşkil olunub. 2019- cu ilin aprelində Bakıda Dinlərarası Dialoq və Radikallaşmanın Qarşısının Alınmasına dair Konfrans keçirilib.[11]

 

Avropa İttifaqı Azərbaycan cəmiyyətinin rəyində: İctimai rəy sorğusu

 

2017-ci ildə keçirilən illik ictimai rəy sorğusuna əsasən, Azərbaycanda insanların Aİ-yə qarşı müsbət münasibətinin artdığı görülür (2016-cı ildə 26%, 2017-ci ildə 47%). Sorğuda iştirak edən azərbaycanlıların 68%-i hesab edirlər ki, Aİ və Azərbaycan arasında münasibətlər yaxşıdır. Bu, regional göstəricidən (61 %) daha yaxşıdır. Həmçinin, Azərbaycanlıların 51% Aİ-yə etibar edirlər. Müqayisə üçün, BMT-yə azərbaycanlıların 35 %-i, Avrasiya İqtisadi İttifaqına 26%-i, NATO-ya isə 32 %-i etibar edir. Azərbaycanlıların 33% Aİ-nin maliyə dəstəyindən xəbərdardır. Onlardan 65 %-i bu dəstəyin effektiv olduğunu düşünür. Müqayisə üçün, bu suala cavabın regional göstəricisi 53 % təşkil edir.

 

2020-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Azərbaycan vətəndaşlarının 44%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı il ilə müqayisədə 17% artmışdır. Əhalinin cəmi 9%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.
  • Azərbaycanlıların 30%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır, onların 76%-i bu dəstəyin səmərəli olduğunu düşünür.
  • Avropa İttifaqı haqqında məlumatlı olan Azərbaycanlıların 69%-i Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür.
  • Aİ ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir (2018-ci illə müqayisədə 13% yüksəlmişdir).[12] [13]

İstifadə edilən mənbələr:

  1. https://ec.europa.eu/commission/presscorner/detail/en/IP_17_4845
  2. https://www.euneighbours.eu/sites/default/files/publications/2020-06/EUNEIGHBOURS_east_AS2020report_AZERBAIJAN_0.pdf
  3. https://www.euneighbours.eu/en/east/stay-informed/publications/opinion-survey-2020-regional-overview
  4. https://eeas.europa.eu/sites/default/files/eap_factsheet_azerbaijan_en.pdf
  5. https://mfa.gov.az/en/content/193/european-union
  6. https://eeas.europa.eu/sites/default/files/eu_business_climate_report_azerbaijan_2020_march_verified.pdf
  7. https://minenergy.gov.az/az/beynelxalq-teskilatlarla-elaqeler/avropa-qonsuluq-ve-terefdasliq-aleti-aqta
  8. https://www.euneighbours.eu/en/east/stay-informed/publications/opinion-survey-2020-azerbaijan

Elnarə Qəribova
Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.