Yuxarıya
skip to main content

“Sonuncu insan” və palliativ cəmiyyət

29.09.2022

F.Fukuyamanın “Tarixin sonu” kitabı Kommunizmin çöküşü kontekstində sadəcə liberal-demokratiyanın mədhinə yönəlmiş təktərəfli enkomium deyil. Kəskin qeyri-birmənalılığı özündə əks etdirən kitabın sonuncu fəsli “Sonuncu insan”da bildirilir ki, liberal-demokratiya Nitzşenin “sonuncu insani varlığ”ının simvollaşdırdığı palliativ (palliativ – rahatladıcı amma keçici, qısamüddətli terapiya, çarə) cəmiyyəti meydana çıxarıb. Bu, konstant anestetizasiya cəmiyyətidir. “Hərdən bir həzzverici arzulara yol açan bir azca zəhər... Və həzzverici ölüm üçün sonda daha çox zəhər... Sonuncu insani varlıqlar xoşbəxtliyi icad etdilər və göz qırpdılar”...  

Fukuyamanın antropoloji tezisinə görə, heroik proporsiyalara varan superiyorluq və şan uğrunda cəhd – meqalotimiya - insani varlıqlar üçün essensialdır. Bu həm də tarixin hərəkətverici qüvvəsidir. Lakin liberal-demokratiyada meqalotimiya digərləri ilə bərabərlik cəhdinin, habelə konformizm və təhlükəsizlik maniyasının – izotimiyanın - təzyiqi altında sıxışdırılır. Liberal-demokratiya məhz beləcə meqalotimiyanı həyatdan sürgün etməklə və onu rasional istehlak ilə əvəzləməklə sonuncu insanın meydana çıxmasına səbəbiyyət verir.

Lakin Fukuyamanın iddia etdiyi kimi Sonuncu insanın meydana çıxması heç də liberal-demokratiya ilə bağlı deyil. “Sonuncu insan” daha çox Modernizmin doğurduğu bir fenomendir. Bu sonuncu insan heç də liberal sistemi tənqid etmir. O, totalitar rejimdə yaşamaqdan kifayət qədər xoşbəxtdir. Bu gün Çin ABŞ kimi “sonuncu insan”lar tərəfindən məskunlaşıb. Hər yerdə heroizm hedonizm qarşısında tamamilə geri çəkilib. Məhz bu səbədən dolayı, E.Yünger Modernizmə qarşı qəti fəlsəfi mövqe qoyur. Onun “On Pain” adlı kitabı “Sonuncu insan əsri”nin sonu ilə bağlıdır. “Ticari məhsullar və maddi həzzləri bölüşən insanların çoxsaylılığı bir rifah simvoludur. Burada insan ekksentrik bir şəkildə havasını qaplayan bir narkotik kimi arzuladığı acısız, həm də qayğılı və təlaşlı bir komfort hiss edir. Xalis konformizmin keyfiyyəti texnoloji vasitələrin fantastik ekspansiyasının inteqral parçasıdır. Sonuncu insan öz realizasiyasına tam olaraq çatıb”. Yüngerə görə, “Sonuncu insan”ın ən uzun yaşayan insan olduğu doğru deyil. Onun əsrini biz artıq geridə qoymuşuq.

2000-ci illərə doğru nəzər yetirən Yünger yazır ki, “Nitzşenin “Sonuncu insan”ı artıq bir tarixdir. Biz 2000-ci illərə hələ çatmamış olsaq da, onun E.Bellaminin utopiyasında təsvir olunandan fərqli olmayacağı aydındır”. Yünger burada Bellaminin “Looking Backward: 2000–1887” adlı utopik əsərinin iztirabdan azad cəmiyyətinə istinad edir. Lakin Yüngerin öngörməsinin yanlış olduğunu qeyd etməliyik. XXI əsr tam olaraq “Sonuncu insan”ın əsridir. Yüngerin vurğuladığı iki müharibə arasındakı qəhrəman əsri sadəcə tarixin qısa epizodu idi. XXI əsrin palliativ cəmiyyəti bütün heroik davranışlar və aktları istisna edir.

Fukuyamanın proqnozisinin də doğru olmadığı söylənilə bilər. Tarix liberalizmin zəfəri ilə sona çatmadı. Xüsusən bu gün radikal sağa və avtokratiyaya olan geniş dəstək bu deyilənin bir göstəricisidir. Sağ qalma cəmiyyəti olaraq palliativ cəmiyyət heç də liberal-demokratiyadan asılı deyil. Pandemiya ilə mübarizədə bəşəriyyət sürətlə bio-siyasi müşahidə rejiminə doğru yönəlməyə başladı. Qərb liberalizminin virusun meydanoxumasına qarşı aciz olduğu meydana çıxdı. Tezliklə aydın oldu ki, pandemiyaya qarşı mübarizədə fokus hər bir fərdin davranışı üzərində olmalıdır. Lakin fərdin bio-siyasi müşahidəsi liberalizmin azadlıq prinsipləri ilə uzlaşmır. Gigiyenik düzənlənmə və mexanizmin təsiri altında survivalist cəmiyyət liberal prinsipləri kənara atmağa məcbur oldu.

Faktiki olaraq, proto-totalitar səciyyəli rəqəmsal müşahidə rejimi azadlığın liberal ideyasını təməldən sarsıdır. Fərd data yığınına transformasiya edilib və gəlir naminə istismar edilir. Biz alqoritmik tellər tərəfindən yönləndirilən marionetlər kimiyik. “Big Data”nın psixo-siyasi instrumenti insan davranışlarını öncədən təyin edilə və nəzarət edilən bilən hala gətirir. Könüllü olaraq ən intim şəxsi datamızı belə ifşa edirik. Özümzü bu şəkildə ifşa etməyimizin səbəbi buna məcbur olmağımız ilə deyil, daxili ehtiyacımız ilə bağlıdır. Bütün yaşam aspektlərimizin skrutinizasiyasına icazə veririk. Dominasiya azadlıq ilə çulğalandığı zaman total xarakter alır. Burada biz azadlığın dialektikasını yaşayırıq. Qeyri-məhdud kommunikasiya azadlığı total müşahidəyə transformasiya olur.

Pandemiya şoku insan bədəninə əlçatanlığa icazə verən qlobal bio-siyasi müşahidə rejiminin zəfərinə yol açacaq. Yalnız rəqəmsal bio-siyasət kapitalizmi pandemiya əleyhinə peyvəndləyə bilər. Rəqəmsal bio-siyasət sistemik boşluğu doldursa da, onun müşahidə rejimi liberalizmin sonu, liberalizmin sadəcə tarixin bir epizodu olduğunun aşkarlaşması anlamına gəlir.

“Sonuncu insan” liberal-demokratiya partizanı deyil. Çünki onun üçün komfort azadlıqdan daha ali bir dəyərdir. Rəqəmsal psixo-siyasətin qeyri-liberalizmi onu qəti qayğılandırmır. Onun sağlamlıq maniyası öz-özünü konstant şəkildə monitorinq etməsi həddindədir. O, bir internal diktatorluq, özü daxilində kontrol rejimi yaradır. Bu daxili diktatorluq bio-siyasi müşahidə ilə qarşılaşdıqda onu oppresiv olaraq qəbul etmir, çünki bu müşahidə sağlamlıq adı ilə meydana çıxır. Bio-siyasi rejimdə fərd özünü azad hiss edir. Dominasiya və azadlıq yenə üst-üstə düşür.

Nitzşe iztiraba qarşı palliativ cəmiyyətin gəlişini görürdü. “bir gün gələcək, sizi heç bir iztirabın olmadığı qızıl bulud içərisinə qaplayacaq, ruhun öz tükənmişliyindən məmnun olacağı bir gün... Bir yay günündə gecə səmasının rənglərini əks etdirən dalğaları sonsuz, məqsədsiz, tətmin və arzusuz bir şəkildə sahilə çırpılan bir göl kimidir bu ruh”...

Fukuyama bildirir ki, dözülməz cansıxıntısını tərk edən insan tarixi yenidən hərəkətləndirə, “Sonuncu insanlar”ın cəmiyyəti bestial ilk insanların cəmiyyətinə - qeyri-məhdud meqalotimiya cəmiyyətinə yol aça bilər. Lakin keçmişə belə bir qayıdış olmayacaq. Bütövlükdə bizi gözləyən Sonuncu insan və onun cansıxıntısının aradan qalxacağı post-insan əsridir.

“Hedonist imperativ” adlı əsərində transhumanist Devid Pirs gələcəyin iztirabdan azad olacağını bəyan edir. Gələcək minilliklərdə əzabın bioloji substrataları tamamilə aradan qalxacaq. Oxşar şəkildə, “fiziki” və “mental” əzab da evalyusiyonar tarixdə yox olmağa məhkumdur. Sevginin əzabı, sevginin tradisional üslublarının ruhu dağıdan qəddarlıqları da aradan qalxacaq. Transhumanizmin məqsədi sublim, hər şeyə nüfuz edən xoşbəxtlikdir. Transhumanizm hətta sonuncu insanı da geridə buraxacaq. Çünki o hələ də həddən ziyadə insanidir, cansıxıntısının istilasındadır. Transhumanizm inanır ki, cansıxıntısı biotexnologiya ilə aşıla bilər. O bildirir ki, bir neçə nəsil daxilində cansıxıntısını yaşamaq neyro-fizioloji olaraq qeyri-mümkün olacaq. Lakin Nitzşe bildirirdi ki, hətta Tanrılar belə cansıxıntısına qarşı əbəs yerə mübarizə apardılar.

İztirabdan azad, konstant xoşbəxtlik həyatı insani həyat deyil. Öz neqativliyini tərk edən həyat öz-özünü inkar edən həyatdır. İztirabı yox etməyə çalışmaq ölümü ləğv etməyə yönəlmiş cəhdlərin yolunu açacaq. Ölümsüz və əzabsız həyat insani deyil, ölü canlı həyatıdır. İnsanlar sağ qalmaq naminə, öz-özlərini yox edirlər. Onlar ölümsüz olmaqda uğur qazana bilərlər, lakin həyatın özü bahasına.


 

                  Ədəbiyyat:

  1. Friedrich Nietzsche, Thus Spoke Zarathustra, Cambridge: Cambridge University Press, 2006, p. 10
  2. Francis Fukuyama, The End of History and the Last Man, New York: The Free Press, 1992, p. 314
  3. Ernst Jünger., On Pain, Telos Press Publishing, 2008, p.38
  4. Shoshana Zuboff, The Age of Surveillance Capitalism: The Fight for a Human Future at the New Frontier of Power, London: Profile Books, 2019
  5. Friedrich Nietzsche, Human, All Too Human, Cambridge: Cambridge University Press, 1996, p. 291
  6. David Pearce, The Hedonistic Imperative, chapter 0.1 (all chapters can be accessed at https://www.hedweb.com/hedethic/tabconhi.htm )