Yuxarıya
skip to main content

Avropada enerji böhranına qarşı hazırlıqlara start verilib

08.09.2022

Avropada enerji böhranı ilə bağlı ciddi narazılıqlar baş verməkdədir. Son olaraq Rusiya Federasiyasının Nordstream 1 qaz borusu ilə ötürülən təbii qaz axınını dayandırması qərbdə ciddi narahatlığa səbəb olub. Əvvəlcə kəmərdə sızıntı olmasını bəhanə göstərən Gazprom şirkəti daha sonra ümumən qaz ötürülməsini bilinməyən bir zamanadək dayandırdığını elan etdi.

Bütün bu hallardan sonra isə Rusiya rəsmi şəkildə ona qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmaması halında təbii qaz ötürməsini davam etdirməyəcəyini də elan etdi. Hazırda isə inflyasiya və enerji məhsullarında qiymətlərin hədsiz artması Avropa İttifaqı daxilində səs-küyə təkan verdi. Leyptsiz başda olmaqla iri alman şəhərlərində, həmçinin Çexiyanın paytaxtında minlərlə insan küçələrə axışaraq sanksiyaların aradan götürülməsini tələb etdi.

Son olaraq Almaniya kansleri Olaf Şolts açıqlamasında sanksiyaların götürülməyəcəyini və onların Rusiya qarşısında diz çökməyəcəyini bildirdi. Bəs Avropada çətin qış ayları üçün indidən hansı hazırlıqlar görülməkdədir ?

 

  1. Almaniya.

 

  • Almaniyada hökumət xalqın yuxarıda adı çəkilən tələblərindən dərhal sonra benzin və bu qəbildən məhsullarda vergiləri endirdi.
  • Aylıq 9 avroya içərisində metro və avtobusun olduğu ictimai nəqliyyat biletlərini satışa çıxardı. Bununla da almanlar 9 avro qarşılığında ay ərzində istədikləri qədər ictimai nəqliyyatdan istifadə edə biləcəklər.
  • Qənaət məqsədilə hökumət üzgüçülük məqsədli hovuzların isidilməsinin qarşısını da aldı.
  • Şəhərlərdə gecə işıqlandırmaları dayandırıldı.

 

  1. Böyük Britaniya.

 

  • İngiltərədə Sizewell Atom Elektrik Stansiyasının işə salınmasına icazə verildi.
  • Bəzi kömür stansiyalarının fəaliyyət müddəti artırıldı.

 

  1. Fransa.

 

  • Fransada dövlət binalarının isidilmə və soyudulma dərəcələrinə limit gətirilib.
  • İş yerlərində qış aylarında isidicilər maksimum 19 dərəcəyədək çalışacaq.
  • Mağaza və vitrinlərin işıqları gecə 1-dən səhər 6 saatlarınadək sönülü olacaq.

 

  1. İspaniya.

 

  • Müəsisələrin kondisioner işləmə rejimi maksimum 27 dərəcə olacaq.
  • Mağaza vitrinləri və dövlət binalarındakı aydınlatmalar saat axşam 10-dan sonra söndürüləcək.
  • Xalqdan və biznes mərkəzlərindən enerji istifadəsində qənaətcil olmaları tələb olunub.

 

  1. Belçika.

 

  • Belçikada da dövlət binalarında axşam 7-dən səhər saat 6-ya qədər işıqlar istifadə olunmayacaq.
  • İstilik sistemləri ən yüksək 19 dərəcə, soyutla isə 27 dərəcədə məhdudlaşdırılacaq.
  • 2 AES-in fəaliyyət müddəti 10 il uzadılıb.

 

  1. İtaliya.

 

  • Küçə işıqlarının 40% azaldılması ilə yanaşı dövlət binalarının erkən bağlanması fikri düşünülməkdədir.

 

Bütün bu sadalananlar onu göstərməkdədir ki, hazırda Avropada ciddi surətdə qarşıdan gələn qış aylarına hazırlıqlar görülməkdədir. Əgər Rusiyadan gələcək qaz qış boyunca da gəlməməyə davam edərsə bu zaman yuxarıdakı göstərilən planlar daha da sərtləşdirilə və siyahı artırıla bilər.

 

Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzi