Yuxarıya
skip to main content

Texnologiyalar insana qarşı: Növbəti 50 ildə necə yaşayacaq, sevəcək, düşünəcəyik?

24.08.2022

Riçard Uotson  dünyada tanınmış futurist, London Biznes Məktəbinin professorudur. O, "Gələcəyin faylları" kitabı ilə şöhrət qazanıb. Kitab 14 dilə tərcümə edilib.

Onun “Texnologiyalar insana qarşı” kitabı da maraq doğurur. Kitab oxunaqlı, zəngin informativ, kəskin tənqidi, lakin balanslaşdırılmış, rəqəmsal texnologiyanın nailiyyətləri və proqnozlarının yaxşı tədqiqiatı kimi qiymətləndirilir.

Müəllif bu kitabında yazır ki, bir zaman insanlar uçan maşınlar, ayda otellər haqqında düşünürdülər, indi isə sosial şəbəkələrdə informasiyalarla tanış olmağa tələsirlər. İnsanların öz gələcəklərinin ssenarisini yazdıqlarını və hər şeyin onların özündən asılı olduğunu ifadə edir.

R. Uotson texnologiyanın insan münasibətlərinə gətirdiyi fəsadlardan elmi araşdırmalar əsasında bəhs edir. Onlardan bəzilərinə nəzər salaq:

 

-  ABŞ-ın Milli Sosial Elmlər İnstititunun tədqiqatlarına görə, 1985-ci ildən 2006-cı ilə qədər adambaşına düşən yaxın dostların (çətin durumlarda etibar edəcək insanların) orta sayı  2,94-dən 2,08-ə düşüb. Yaxın dostları olmayanların sayı  isə 8%-dən 23 %-ə qədər artıb.

-  2013-cü ildə Almaniyanın Humboldt Universitetinin nəzdində İnformasiya Sistemləri İnstitutunun əməkdaşlarının keçirdiyi tədqiqatın nəticələrinə görə, Facebook insanlarda qəzəb və kədər kimi emosiylar yaradır.

-  Böyük Britaniyada əlaqələrlə bağlı keçirilən bir sorğunun nəticələrinə görə 4,7 milyon insanın bir nəfər belə yaxın dostu yoxdur.

-   Böyük Britaniyada keçirilən digər bir sorğunun nəticələrinə görə, 14-21 yaşlı şəxslərin çəkdiyi və sosial mediaya yüklədiyi fotoların yarısı selfilərdir. Hər səkkiz nəfərdən biri internet aludəçisidir. Ölkədə orta hesabla böyüklər ayda 400, gənclər 3700 mətn göndərib qəbul edir.

-  BBC-nin  keçirdiyi sorğuların nəticəsi göstərir ki, britaniyalıların 33%-i (27%-ni 18-24 yaşında olanlar təşkil edir) özlərini atılmış hesab edirlər. Respondentlərin 85%-i isə insanların bir-biriləri və ailələri ilə ünsiyyətinin üzbəüz olmasına tərəfdar çıxıblar.

Müəllif qeyd edir ki, bütün insan irqi bir qədər autizmliyə çevrilir, əsasən tək yaşamağa, qorxu içində yaşamağa üstünlük verir, başqaları ilə yalnız istəksiz və uyğun olmayan şəkildə ünsiyyət qurur. Real və virtual dünyalar arasındakı fərq bulanıqlaşır.

R.Uotson kitabda  bizi bu günün dünyası haqqında dərindən düşünməyə və gələcəkdə necə bir dünya yaratmaq istədiyimizi təsəvvür etməyə dəvət edir. Maraqlı bir şəkildə texnologiyanın həyatımızın hər sahəsinə mümkün təsirlərini araşdırır. “Tərəqqinin işıqları bizi tam olaraq hara aparır?”  sualına cavab tapmağa yönəldir. İnsanlar və texnologiyalar arasında əlaqənin önümüzdəki 50 ilin taleyini müəyyənləşdirdiyini iddia edir.