Yuxarıya
skip to main content

Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyü, Zəngəzur dəhlizi məsələsi – Araşdırma

24.08.2022

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri bütün Beynəlxalq normaları pozaraq, ağır artileriya silahlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinə qarşı təxribat əməliyyatı keçirməsindən artıq 2 il ötür. Bu isə Azərbaycan ordusunun yekun əks həmləsi ilə nəticələnmişdi. Artıq müharibənin startından bir neçə il əvvələ qayıtsaq biz bu əməliyyatın siqnallarını açıq aydın şəkildə görə bilərik.

Bütün diqqətlərin cəbhədəki əməliyyatlara yönəlməsi tam 44 gün davam etdi və nəticədə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan Respublikası ərazilərini yenidən nəzarət altına aldı.

Uğurlu hərbi əməliyyatların sonunda isə həmişə olduğu kimi yaranması mötəbər olan sülh danışıqlarına start verilməli idi. Burada Azərbaycanın əsas məqsədlərindən biri Naxçıvan Muxtar Respublikasını Azərbaycan ilə quru vasitəsilə birləşdirmək idi. İlkin siqnallar onu göstərdi ki, bu məsələ öz həllini tapacaq və Azərbaycan burada israrlı, tələbkar mövqeyindən keçməyəcək. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsindən dərhal sonra bu məsələlər artıq aktuallıq qazanmağa başladı. Əvvəlcə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də qətiyyəti ilə döyüşsüz və qan tökülmədən ordumuz Laçın, Kəlbəcər və Ağdam kimi işğal olunmuş böyük və müstəsna önəmə sahib ərazilərə nəzarəti bərpa etdi. Buradan sonra isə bir çox beynəlxalq ekspertlər bu addımın olduqca vacib strateji gediş olduğunu qeyd etdi. Artıq kapitulyasiya olmuş və Qarabağda yerləşdirdiyi silahlı qüvvələrinin böyük bir hissəsini itirmiş Ermənistanın Kəlbəcər və Laçın kimi çətin relyefli ərazilərdə döyüşmək imkanları çox az idi.

Hazırda isə Prezident İlham Əliyevin də siyasi kursunun əsas istiqamətlərindən biri Ermənistanın düşmənçi davranış tərzini aradan qaldırmaqdır. Təbii ki, müharibədə qalib gəlmiş ordunun və ölkənin rəhbəri kimi İlham Əliyev tələbkarlığından, öz dövlətinin maraqlarını yüksək səviyyədə qoruyur.

Bir sıra xarici siyasi ekspertlər də düşünür ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bu münaqişənin tam həllinin yeganə vasitəsidir. Burada isə əsas faktor Ermənistanın revanşist qüvvələrinin baş nazir Nikol Paşinyana prosesi başlatmaqda maneə törətməməli olmasıdır.

Amerikalı diplomat, bir müddət ATƏT-in Minsk qrupunun həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza isə Sosial Tədqiqatlar Mərkəzinə verdiyi açıqlamada eynən belə düşündüyünü qeyd edib. O da özlüyündə bu qənaətdədir ki, Azərbaycan tam haqlı şəkildə hüququn normalarını öz ordusundan aldığı inamla həyata keçirib və burada Ermənistanın edə biləcəyi heç nə yoxdur.

“Mən Azərbaycan və Ermənistan arasında sülhə nikbin baxıram. Səbəb isə budur ki, Azərbaycan indi daha güclü tərəfdir və açıq şəkildə sülh istəyir. Azərbaycan nəhayət ki, öz perspektivini formalaşdırıb, ədalət isə öz yerini tapıb və ölkə özünün əvvəllər işğalda olan bütün torpaqlarını, demək olar ki, hamısını azad edib. Görünən isə odur ki, Ermənistanın Azərbaycanı heç bir şəkildə təhdid etməyə qadir olan hərbi gücü yoxdur” – deyə keçmiş səfir bildirib.

Həmçinin bir zamanlar ATƏT Minsk qrupunun həmsədri olmuş Metyu Brayza düşünür ki, bölgədə Rusiyaya məxsus sülhməramlı qüvvələri hazırda münaqişənin yenidən eskalasiya etməməsinin vacib oyunçularından biridir.

“Rusiya sülhməramlıları gərginliyi azaltmaq üçün kifayət qədər səy göstərməsələr də, konstruktiv rol oynayırlar. Lakin şübhəsiz ki, onlar Gürcüstanda və Moldovada olduğundan fərqli hərəkət edirlər. Düşünürəm ki, bu, Vladimir Putinin hazırda Ukraynada əlində bir çox problem olduğunu başa düşməsinin səbəbidir. Mən düşünürəm ki, Vladimir Putin həmişə Azərbaycan və Ermənistan arasında açıq müharibədən qaçmaq istəyirdi.” – Metyu Brayza.

Son zamanlar isə Qarabağda qanunsuz yer edinmiş erməni terrorçu silahlı qüvvələri hələ də bu ərazidə niyə var olduqlarının rəsmi bir səbəbini açıqlaya bilmir. Bu isə zaman-zaman cəmiyyətimizdə mümkün anti-terror əməliyyatının ehtimalını artırmaqdadır. Keçmiş səfir olan həm də bölgədəki siyasi diskusiyaların tam mərkəzində yer almış Metyu Brayza isə düşünür ki, Qarabağda artıq yenidən silahlı qarşıdurmaların yaranması mümkün görünmür. Onun sözlərinə görə, ən son baş verən “Qisas” əməliyyatı Azərbaycan tərəfindən edilmiş labüd və lazımi bir hərəkət idi. Bu addımı ilə Azərbaycan özünün nə qədər ciddi, qətiyyətli və güclü tərəf olduğunu göstərdi. Bu həm də mesaj xarakteri daşıyırdı.

“Mən inanmıram ki, bu münaqişədə hərbi əməliyyatların yenidən bərpası olacaq. Hesab edirəm ki, yekun sülh sazişinin əldə edilməsi münaqişəni birdəfəlik dayandırmağın yeganə yoludur. Lakin erməni daxili siyasətində qarşıdurmalar öz həllini tapana qədər sülh müqaviləsi imzalanmayacaq. Hazırda vacib olan odur ki, Paşinyan siyasi partiyasının bir il əvvəl parlament seçkilərindəki qələbəsindən sonra siyasi hakimiyyətini möhkəmləndirə bilsin. O, açıq-aşkar sülh sazişini imzalamaq istəyir, üstəlik, Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədi də tanımaq istəyir. Nikol Paşinyanın siyasi opponentləri olan millətçi erməni siyasətçiləri deyirlər ki, Ermənistanın əslində müharibədə uduzması qəbul edilməz bir haldır. Deyərdim ki, onlar reallıqdan uzaqlaşır və xalqın nəbzini tuta bilmir. Hər gün daha çox erməninin müharibənin bitdiyini anladığını hiss edirəm. Nəhayət, erməni xalqı irəli getməli və öz milli mifindən imtina etməli, müharibəni uduzduqları gerçəyini anlamalıdır. Ermənistan öz qaydaları ilə oyunu oynamalıdır, beynəlxalq qanunlar var və onlar bu qaydalarla davranmalıdırlar, bu o deməkdir ki, onlar Azərbaycanın beynəlxalq ərazilərini tanımalıdırlar. Məncə, o gün hələ gəlib çatmasa da, həmin gün çox yaxındadır. Təbii ki, imzalanacaq sülh sazişinə qədər həftələr əvvəl baş verən faciəli hadisələr yenidən təkrar oluna bilər. Ötən dəfə Azərbaycanın erməni qüvvələrinin təxribatına cavabı dərhal, sürətli və güclü oldu. Bu, Azərbaycanın erməni tərəfinə açıq mesajı idi ki, bu atışmalardan heç nəyə nail ola bilməz. Aydın məsələdir ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı öz istəyinə nail olacaq. Sadəcə bütün bu sualların aydınlıq tapması artıq sadəcə vaxt məsələsidir. Ermənistan baş naziri Paşinyan da artıq bu koridorla bağlı fikrini bildirib və məlumdur ki o dəhlizə razılıq verib” – Metyu Brayza.

Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağda məskunlaşan ermənilər arasında Laçın koridoru vasitəsilə problemsiz əlaqənin təmin edilməsi məqsədi ilə bütün mümkün şəraiti yaradıb. Laçın dəhlizi üzərində suverenlik beynəlxalq sənədlərdə öz əksini tapdığı, 10 noyabr bəyanatında yenidən təsdiqləndiyi kimi Azərbaycanın hüquqi öhdəliyi və nəzarəti altındadır. Hazırda Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə düşən öhdəlikləri nəzərdə tutulan qaydada yerinə yetirməsə, bu zaman Azərbaycan Laçın dəhlizini bağlamağa məcbur olacaq. Buna səbəb isə odur ki, Azərbaycan dəhlizlərlə bağlı belə qeyri-bərabərliyə tab gətirmək niyyətində deyil.

Paşa Bayramov