Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzində “Laçın və Laçın yolu: “Vətən müharibəsində qələbənin strateji vektoru” mövzusunda dəyirmi masa keçirilib

23.09.2022

Dəyirmi masada STM-in İdarə Heyətinin üzvləri, millət vəkilləri, media  və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirin moderatorluğunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu edib. O, qonaqları STM-in binasında salamlamaqdan məmnunluğunu bildirib. Mövzunu açıqlayan Elşad Mirbəşiroğlu bildirib ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi istiqamətində Azərbaycan üzərinə düşün bütün addımları atıb, 32 km uzunluğunda olan yolu öz ərazisində tamamlayıb. Ermənistan isə bu günə qədər məsələ ilə bağlı da üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması, suverenliyinin bərpası uğrunda strategiyanı uğurla həyata keçirir, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələri gerçəkləşdirilir. Vurğulayıb ki, Ermənistan Qarabağda yaşayan ermənilərin taleyi ilə maraqlanmır. Yeni dəhlizlə bağlı layihənin reallaşmasında iştirakçı olmaması bunun bariz nümunəsidir. Bildirib ki, Ermənistanın sərgilədiyi mövqe  Azərbaycan ərazisində yaşayan ermənilərin yeganə sığınacaq yerinin Azərbaycan dövləti olduğunu, onların talelərini yalnız Azərbaycana bağlaya biləcəklərini göstərir.

Sonra dəyirmi masanın proqramına uyğun məruzələr dinlənilib.

Milli Məclisin deputatı, YAP İH-nin üzvü Hikmət Məmmədov Laçın yoluna üçtərəfli bəyanatın şərtləri kontekstində diqqət çəkib. Ermənistan dövlətinin bəyanatın şərtlərinə necə əməl etməsindən danışıb. Qeyd edib ki, 30 ilə yaxın işğala Azərbaycan Ali Baş Komandanın qətiyyəti, ordumuzun qəhrəmanlığı nəticəsində son qoyuldu, Cənubi Qafqazda yeni siyasi reallıq yarandı. Millət vəkili Ermənistan tərəfindən üçtərəfli bəyanatın yerinə yetirilməyən bəndlərinə toxundu. Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin ordumuzun bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində şəhid verdiyimizi bildirib. Bunu siyasi terror kimi dəyərləndirmək lazım olduğunu ifadə edib. "Qisas" əməliyyatından sonra isə artıq Ermənistanın qərarlarında dəyişiklik edərək, Zəngəzur və Laçın dəhlizi ilə bağlı layihəni dəstəklədiyini bildirib. Qeyd edib ki, Azərbaycan öz milli gücünün müxtəlif komponentlərini işə salaraq bəyanatın tələblərinin yerinə yetirilməsinə çalışır, yumşaq və hərbi gücü paralel tətbiq edərək özünün qüdrətini bir daha göstərir.

Laçında davam edən ekoloji terror və mədəni abidələrə qarşı erməni vandalizmindən bəhs edən STM-in İdarə Heyətinin üzvü, Daxili Siyasətin Təhlili Departamentinin müdiri, professor Tahirə Allahyarova bu əməllərin insanlıq əleyhinə cinayət kimi beynəlxalq hüquqi qiymətləndirilməsinin önəmini vurğulayıb. Bildirib ki, Ermənistan Azərbaycana qarşı bütün soyqırım modellərini, növlərini törədib.  Qeyd edib ki, Ermənistanın üzərinə götürdüyü Laçın şəhəri, Zabux və Sus kəndlərinin tamamilə boşaldılması öhdəliyi avqust ayının sonuna kimi yekunlaşacaq və bundan əvvəl 2020-ci ilin dekabrında olduğu kimi, ermənilər tərk etdikləri ərazilərdə apara bilmədikləri nə varsa hamısını yandırmağa, məhv etməyə, dağıtmağa başlayıblar. Ermənistanın insanlıq əleyhinə cinayətlər törətməklə, beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqla, regional və qlobal təhlükəsizliyə ciddi təhlükə törədən dövlət olmasını nümayiş etdirməkdə davam etdiyini ifadə edib.

İdarə Heyətinin üzvü qeyd edib ki, Ermənistanın son 30 ildə Qarabağda həyata keçirdiyi terrorçuluq, vandalizm çoxşaxəli olmaqla, siyasi, hüquqi, iqtisadi, ekoloji, mülkiyyət əleyhinə, insan hüquqları, mədəni soyqırımı, şəhərlərin məhv edilməsi və təbiətə qarşı törədilən cinayətlərin tam bir kompleksini formalaşdırıb. Vurğulayıb ki, Zəfər tarixinin yazılması ilə dövlətimiz nəinki son iki ildə, bu gün, həmçinin, paralel olaraq, son 30 ildə törədilən bütün cinayətlər kompleksini heç bir istisna olmadan beynəlxalq hüquqi instansiyalara daşınmasını təmin edəcək.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov beynəlxalq hüquq kontekstində Laçın rayonunda qanunsuz məskunlaşdırma mövzusuna toxunub. Bildirib ki, 30 ilə yaxın davam etmiş, 44 günlük müharibəylə son qoyulmuş işğal dövründə Ermənistan kütləvi şəkildə beynəlxalq cinayətlər törədib ki, bunlardan biri qanunsuz məskunlaşdırmadır. Qeyd edib ki, müharibələr və silahlı münaqişələr dövründə qeyri-qanuni məskunlaşdırmanın həyata keçirliməsi beynəlxalq humanitar norma və prinsiplərinə ziddir. Bu addımla məqsədin  regionda demokratik vəziyyətin dəyişdirilməsi, həmin dövrdə mövcud olan status-kvonun saxlanması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasının qarşısının alınmasından ibarət  olduğunu vurğulayıb. Bu cinayətləri törədən şəxslərin ədalət mühakiməsi qarşısında cavab verəcəyinə ümidini bildirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev Laçın ərazisində mina çirklənməsindən söz açıb. Bildirib ki, Laçın dəhlizi Birinci və İkinci Qarabağ müharibəsinin taleyini həll edən ən strateji nöqtə olub. Bu gün Laçında Azərbaycan bayrağı dalğalandığından qürurla bəhs edib. Söyləyib ki, Laçın dəhlizinin ləğvi ilə  Qarabağa giriş-çıxış Azərbaycanın tam nəzarətinə keçir. Bildirib ki, Ermənilər Laçındakı meşələri yandırır, abidələrimizi məhv edir. Vurğulayıb ki, onlar yerin altını da minalarla çirkləndirilər və bu, insanlığa qarşı törədilən bəşəri cinayətdir. Ermənilərin hələ də Azərbaycan torpaqlarında minalar basdırmağa davam etdiyini ifadə edib.  Mina qurbanları, zərərçəkən hadisələrinə toxunub. Qeyd edib ki, azad olunan ərazilərdə ən böyük təhlükə minalardır və Azərbaycan ən yüksək mina təhlükəsi olan ölkələr siyahısındadır.

Daha sonra mövzu ətrafında müzakirələr baş tutub.