Yuxarıya
skip to main content

Amerikalı yeniyetmələr arasında hansı sosial şəbəkə populyardır?

11.08.2022

Sosial medianın mənzərəsi, xüsusən də , tez-tez onun əhatəsində olan yeniyetmələr arasında daim dəyişir.

Pew Araşdırma Mərkəzinin 13-17 yaş arası amerikalı yeniyetmələr arasında apardığı yeni sorğu TikTok-un bir neçə il əvvəl Şimali Amerikada istifadə olunmağa başlandıqdan sonra populyarlığını artırdığını və sorğuda əhatə olunan platformalar arasında yeniyetmələr üçün ən yaxşı sosial media platforması olduğunu müəyyən edib.

Yeniyetmələrin təxminən 67%-i nə vaxtsa TikTok-dan istifadə etdiklərini, 16%-i isə demək olar ki, daim istifadə etdiklərini deyir. Mərkəzin 2014-2015-ci illərdə keçirdiyi sorğunun nəticələrində yeniyetmələr arasında dominant sosial media platfroması Facebook olub. İndi isə Facebook-dan istifadə edən  yeniyetmələrin göstəricisi 71%-dən 32%-ə düşüb.

YouTube isə bu yaş qrupu arasında istifadəsinə görə hazırda birinci yerdədir (95%). Sorğuda əhatə olunan platformalar arsında ikinci yerdə Tik-Tok (67%), daha sonra isə təxminən on yeniyetmədən altısının istifadə etdiyi Instagram və Snapchat gəlir. Növbəti yerdə Facebook-dur (32%). Twitter, Twitch, WhatsApp, Reddit ve Tumblr istifadə edən isə daha azdır.

Yeniyetmələrin sosial media seçimlərində bəzi nəzərəçarpacaq demoqrafik fərqlər var. Məsələn, yeniyetmə oğlanlar YouTube, Twitch və Reddit-dən istifadə etdiklərini söyləyən qızlardan daha çoxdur.  Yeniyetmə qızlar isə TikTok, Instagram və Snapchat-dan bu yaş kateqoriyasındakı oğlanlara nisbətən daha aktiv istifadə edir.

Bu tədqiqat həmçinin yeniyetmələrin ən yaxşı heab etdiyi beş onlayn platformanın (YouTube, TikTok, Instagram, Snapchat və Facebook) hər birində onların olma tezliyini də araşdırır.  Yeniyetmələrin 35%-i onlardan ən azı birini demək olar ki, daim istifadə etdiklərini deyirlər. Ümumilikdə, onların 19%-i YouTube-dan 16%-i TikTok-dan, 15%-i isə Snapchat-dan həmişə istifadə edirlər.

Sosial mediada keçirdikləri vaxtı dəyərləndirən ABŞ yeniyetmələrinin əksəriyyəti (55%-i) deyir ki, onlar bu proqramlar və saytlara düzgün  miqdarda vaxt sərf edirlər.  Onların təxminən üçdə biri (36%-i) sosial mediada çox vaxt keçirdiklərini qeyd edirlər. Yeniyetmələrin yalnız 8%-i bu platformalarda çox az vaxt keçirdiklərini düşünürlər.

ABŞ yeniyetmələri sosial mediadan istifadədən imtina ilə bağlı da fikirlərini bildiriblər. Onların 54%-i bunun bir qədər çətin,  46%-i isə bir qədər asan olacağını söyləyirlər.  Yeniyetmə qızlar yeniyetmə oğlanlara nisbətən sosial mediadan imtina etməyin çətin olduğunu daha çox düşünür (58% -ə qarşı 49%). Bu yaş kateqoriyasındakı oğlanların dörddə biri sosial mediadan imtinanın çox asan olacağını düşünür,  qızların isə 16%-i bu fikirdədir.

 15-17 yaş arası hər on yeniyetmədən altısı (58%-i) sosial mediadan imtina etməyin bir qədər çətin olacağını deyir. 13-14 yaşında olanların isə 48%-i eyni fikirdədir.

Təxminən gündə bir dəfə və ya daha çox internetdən istifadə etdiyini söyləyən amerikalı yeniyetmələrin payı 2014-15-ci illərdən bəri bir qədər artıb. Bu gün onların 97%-i gündəlik internetdən istifadə etdiklərini deyirlər, 2014-15-ci illərdə isə eyni fikirdə olan yeniyetmələrin 92% olub.

Daim internetdən istifadə etdiklərini söyləyən yeniyetmələrin sayı da artıb. 2014-cü ildə onların göstəricisi 24% idisə, hazırda onların 46%-i demək olar ki, daim internetdən istifadə etdiyini bildirir.

Şəfanə İbrahimova