Yuxarıya
skip to main content

Polşanın iqtidar partiyası nüfuz itirməkdədir

10.08.2022

Polşa, Brüsselin ayıracağı pul müqabilində məhkəmə dəyişikliklərinə getmək tələbindən çəkinməyə çalışır.

Rəsmi Varşava iyul ayında vəd etdiyi vəsaiti buraxmaq üçün Brüsselə rəsmi müraciət etməyib. Ölkənin İnkişaf Fondları və Regional Siyasət Nazirliyi şərh sorğusuna da cavab verməyib.

Polşada hazırda Avropa İttifaqının qoyduğu mərhələli dəyişikliklər paketindən qaçma prosesi baş tutur. Belə ki, hökumət dəyişiklikləri sistemə oturtmağa tələsmir. Komissiyanın sədri Ursula von der Leyen keçən həftə Polşanın məhkəmələri daha sərt siyasi nəzarət altına alaraq Aİ qaydalarını pozan ədliyyə sistemini birliyin ümumi ab-havasına mənfi təsir göstərdiyini deyib.

Polşanın hakim Vahid Sağ koalisiyası iyulun 15-də Ali Məhkəmədə hakimləri intizamlandıran mübahisəli palatanın adını dəyişdirərək Komissiyanın tələblərinə doğru irəliləyən qanunu qəbul edib. Lakin bu tədbirlər kifayət qədər uzağa getməyib, Von der Leyen bu fikirləri Polşanın “Dziennik Gazeta Prawna” qəzetinə bildirib.

Lakin Varşava bu öhdəlikləri yerinə yetirmək üçün əlavə addımlar planlaşdırmır.

Çərşənbə axşamı Prezident Dudanın kabinetinin rəhbəri Pavel Şrot Polşa televiziyasında bu məsələlərlə ciddi məşğul olduğunu deyib.

“Prezident artıq bu sahədə fəaliyyətini başa vurduğunu bəyan edib, qanun qəbul edilib, Avropa İttifaqı institutlarına təqdim edilib”.

O, məsələ ilə bağlı ikitərəfli kompromis lazım olduğunu təkrarlayaraq əlavə edib ki, Avropa İttifaqı bu səylər müqabilində Polşaya vəsaiti ayırmalıdır.

Qərb araşdırmaçı institutları bu məsələni hökumət üçün siyasi mina olaraq adlandırır.

İyulda Polşada inflyasiya 15,5 faiz təşkil edib ki, bu da Aİ-də ən yüksək göstəricilərdən biridir və hökumətin maliyyə durumu artan gərginlik altındadır. Həmçinin, millətçi hakim koalisiyada lider partiya olan “PiS” son rəy sorğusunda birinci yeri müxalifətdəki Vətəndaş Platforması partiyasına verməli olub. Bu, 2015-ci ildən bəri bir ilkdir və gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində baş verməsi əsas maraq doğuran hadisədir.

"Partiya 2015-ci ildən bəri yürütdüyü siyasətdə məğlubiyyətini etiraf etməli olacaq" deyə Varşava analitik mərkəzi olan İctimai Əlaqələr İnstitutunun rəhbəri Yaçek Kuçarçik bildirib.  Ekspertlər hesab edir ki, gedişat iqtidar partiyasının etimadına böyük zərbə olacaq və bu hal rəy sorğularında əsl çöküşə səbəb ola bilər.

Yaçek Kuçarçikin sözlərinə görə, Komissiyanın qanunun aliliyinə dair sərt mövqeyi Varşavanı təəccübləndirib.

İndi Varşava Komissiya ilə gözləmə oyunu oynayır və ümid edir ki, Aİ nəhayət bu təkidindən imtina edəcək.

Yuxarıda göstərilən infoqrafika isə ötən seçkilərə aiddir. Burada yaranan mənzərə onu göstərir ki, hazırda iqtidar partiyası ən az 7% səs itkisi yaşamaqdadır. Bu itkinin cəmi 3 il ərzində formalaşması isə ekspertlərin marağına səbəb olub.

 

Paşa Bayramov