Yuxarıya
skip to main content

Dinin ailədaxili münasibətlərə təsiri

19.11.2019

Dini xüsusiyyətlərə görə ailənin təsnifi: Ailə, insanlıq tarixinin ilk dövrlərindən etibarən dini bir birlik olaraq qarşımıza çıxmaqdadır. Bir dini qrup kimi ailə İslam dini daxil digər beynəlmiləl dinlərdə də dini əhəmiyyətini qorumuşdur. Müəyyən dəyişikliklərə baxmayaraq müasir ailə qrupu, dini həyatın yaşanması baxımından yenə də əhəmiyyətli bir sosial qrupdur.

 

Politeist xalq dinlərində ailə ibadət, ayinlər və dini mərasimlərin icra edildiyi məkan kimi xarakterizə edilir. Ailə institutunun eyni zamanda bir ayin və ibadət məkanı halına gəlməsi, bu qrup üzvləri arasında birlikdə yaşamaq və qohumluq əlaqələrindən daha güclü həmrəylik yaratmışdır. İnanc və ibadət birliyi ailəni ayrılmaz bir bütün halına gətirir. Ailə başçısının kişilərdən olduğu patriarxal ailələrdə, dini ayin və ibadətləri yerinə yetirən əsas subyekt atadır. O, ayin və mərasimləri təkbaşına idarə edir, digər ailə üzvləri isə ona tabe olurlar. Atanın dini liderlik rolu, patriarxal ailələrdə onun mövqeyini daha da gücləndirmişdir. Ana hakimiyyətinə əsaslanan matriarxal ailələrdə isə, əksinə olaraq dini ayinləri icra etmə vəzifəsi ailənin ən yaşlı qadını tərəfindən yerinə yetirilir. Patriarxal ailələrdə oğlanların gələcəkdə dini ayinləri idarə etmə bacarıqlarının təlim edilməsi atanın üzərinə düşdüyü, matriarxal ailələrdə isə qızların öyrənməsi vacib hesab olunurdu.

 

Azərbaycanda daha çox xanlıqlar dövründə din ailəyə dərin nüfuz etmiş cəmiyyətdə patrixal və matriarxal ailələr hakim qüvvə olmuşdur. Ata ailədə eyni zamanda dini lider mövqeyində olmuş, bu da onun güclənməsinə ona tabeliyin yaranmasına şərait yaratmışdı. Ana isə ailədəki qadınlar üzərində təsirli olmuşdu. Bu vəziyyət çar dövründə mədrəsələrin yerini məktəblərin alması ilə dəyişmişdir. Müasir məktəbləri inşa etdirən və xalqın dünyəvi elmlərlə maariflənməsini təmin edən milli burjaziya idi.  Məktəblərin artması ilə Azərbaycan cəmiyyətində ənənəvi genişləndirilmiş ailələrə keçiş yaşanmışdır.

 

Ənənəvi genişləndirilmiş ailələr ailə fərdlərinə sadəcə dini təlim etməklə yetinməməkdə, eyni zamanda dini vəzifələrini yerinə yetirib-yetirmədiyinə nəzarət edir. Ana, ata və evlənməmiş uşaqlardan ibarət olan ailəyə nuklear ailə adı verilir. Bu ailə tipi, xüsusilə sənayeləşmə prosesindən sonra şəhərlərdə geniş yayılan ailə tipi kimi bilinir. Ənənəvi genişləndirilmiş ailəyə nisbətən, nuklear ailənin həm funksiyalarında, həm də həcmində azalma meydana gəlmişdir. Müasir nuklear ailədə, qohum-əqrəbaların ailə fərdləri üzərindəki nəzarəti azalmışdır. Ailənin məskunlaşdığı yer, əsasən nə atanın, nə də ananın yaşayış yerindədir. Evliliklərin əksəriyyəti, ənənəvi ailələrdən fərqli olaraq fərdlərin şəxsi seçimi ilə başlayır. Ailədə doğulacaq uşaqların sayına da, ər-arvad özləri qərar verir. Nuklear ailədə irsiyyət nə ata, nə də ana tərəfinə bağlıdır. Uşaqlar mirasdan bərabər pay alırlar. Boşanma qərarının alınmasında da cinsiyyətlər arasında fərqliliklər yoxdur. İstər qadın olsun, istərsə də kişi, hər biri ayrılıqda boşanma qərarı verə bilir. Bu xüsusiyyətləri daşıyan nuklear ailənin dini funksiyalarında azalma meydana gəlmişdir. Azərbaycan cəmiyyətində adət və ənənələr ailə institutlarında daha təsirli görünməkdədir.

 

Din, Tanrı, insan və cəmiyyət anlayışında yaşanan dəyişmələr təbii qrup əlaqələrinin zəifləməsinə yol açmış, ailə qurumu kiçilmiş, bütün bunların nəticəsində ailə, ənənəvi-dini xüsusiyyətlərimin bir çoxundan sıyrılmışdır. Ənənəvi geniş ailə, ailə fərdləri baxımından sayca çox olduğu üçün istehsal, hakimiyyət və dini nəzarət funksiyasını yerinə yetirirdi. Günümüzdə isə bütün bu funksiyalar dövlətə keçmiş, ailə birliyi də nisbətən sekulyar mahiyyətə bürünmüşdür. Məsələn, bir çox dövlətlərdə olduğu kimi Azərbaycan da rəsmi nikahı məcburi, dini nikahı isə sərbəst etmişdir. Dini motivlərin geniş yayıldığı ənənəvi ailə qaydalarına görə boşanmalar, ailə həyatını davam etdirmənin mümkün olmadığı ən son hallarda baş verərkən; müasir dövrdə, ailənin dini xüsusiyyətlərinin azalması səbəbilə daha sıx baş veridyi müşahidə edilir. Dinin ailəni qoruyucu və davamlılığını təmin etdiyi funksiyaları zəiflədikcə, ailənin boşanmağa qarşı dayanıqlığı da azalır. Müasir cəmiyyət strukturlarında boşanmanın çoxalmasını, dini amillərin zəifləməsi ilə izah edən sosioloqlar, həll yolunu da din amilinin gücləndirilməsində görürlər.

 

Müasir nuklear ailələrin dini funksiyalarında ciddi azalmaların yaşanması ilə yanaşı, bu ailələrin tamamilə dini xüsusiyyətlərdən təcrid olunduğu kimi başa düşülməməlidir. Məsələn, bir çox ölkələrdə evlilik həyatına giriş dini nikahlarla gerçəkləşir. Bəzi hallarda isə rəsmi nikahın yanında, dini nikahlar da qıyılır. Bir çox xristianlar kilsədə evlənir; müsəlmanların əksəriyyəti, rəsmi statusu olmasa da dini nikahların qıyılmasma əhəmiyyət verirlər. Evlilikdə həyat yoldaşının seçimində də, dinin xüsusi rolu vardır. Çünki insanlar əksər hallarda öz dini inancında olanlarla evlənirlər. Azərbaycanda da öz dinindən evliliklər üstünlük təşkil edir. Bəzi cəmiyyətlərdə evliliyin başlanmasında olduğu kimi, boşanmalar üzərində də dinin müəyyən təsirləri vardır. Bəzi dinlər boşanmağa heç bir şəkildə icazə vermir, digərləri isə ancaq qaçnılmaz olduğu hallarda boşanmağa icazə verir. Misal olaraq, katolik kilsəsi evliliyi dini bir davranış hesab etmiş, ailənin boşanma ilə sonlanmadığını, ancaq kilsənin qərarı ilə ləğv edilə biləcəyinə qərar vermişdir. İslam dinində boşanma hüququ ancaq kişilərə verilib, qadın isə bu hüquqdan məhrum edilib. Azərbaycanda din dövlətdən ayrıdır. Ölkə qanunlarla idarə olunduğu üçün hər iki cinsə də boşanma hüququ vermişdir.

 

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Konstitusyasında yer alan aşağıdakı maddələrdə dinə münasibət öz əksini tapmışdır:

  1. Hər kəsin vicdan azadlığı vardır.
  2. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
  3. Dini mərasimin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaq zidd deyildirsə, sərbəstdir.
  4. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
  5. Heç kes öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. 

 

Şəhər ailəsində din: Müasir dövrdə din ilə əlaqəsi olmayan heç bir cəmiyyət tipi yoxdur. Bu, şəhər cəmiyyətinin din ilə münasibətləri üçün də belədir. İstər müqəddəs kitablar və şifahi dini ənənələrdə, istərsə də arxeoloji və antropoloji məlumatlarda olsun, bütün bunlar din ilə şəhər həyatı arasıda çox qədim münasibətlərin olduğunu göstərir. Bununla yanaşı son bir neçə əsrdə urbanizasiya (şəhərləşmə) prosesinin sürətlənməsi, dini həyatda müəyyən dərəcədə dünyəviləşmənin yaranmasına zəmin hazırlamışdır. Bütün dinlər böyük şəhərlərdə ortaya çıxmışdır. Çünki din şəhərlərdə məqsədinə çatır, özünü geniş kütləyə ifadə etmə imkanı tapır. Dinlərin yaranma və inkişaf etmə yerləri də şəhərlər olmuşdur. Azərbaycanda yaygın olan İslam dini də bir şəhər dinidir. Tarixi perspektivdən baxdıqda, İslam dininin köçəri və ya feodal iqtisadi münasibətlərin geniş yayıldığı kəndlərdə deyil, böyük şəhərlərdə inkişaf etdiyi məlumdur. Şəhərlərlə din arasında yaşanan sıx münasibətlər çox qədim zamanlara getməklə yanaşı, modernləşmə və sənayeləşmə prosesləri ilə bu vəziyyət dəyişməyə başlamışdır. İstər Qərb, istərsə də Şərqdə şəhərlərin mərkəzlərində böyük məbədlər və ya ticarət məkanları olduğu halda, sənayeləşmədən sonra bunların yerini fabrik və zavodlar almağa başladı. Bu da öz növbəsində şəhər cəmiyyəti ilə din arasında müəyyən məsafələrin yaranmasına səbəb olmuşdur. Şəhər qruplaştırmasma görə Şərq tipli şəhərlərlə Qərb tipli şəhərlər dini həyat yönündən aşağıdakı fərqlilikləri göstərirlər:

  • Şərq tipli şəhərlərə köç edənlərin, şəhər norma və dəyərlərini mənimsəmədən, özlərinin keçmiş dini və ictimai mənsubiyyətlərini olduğu kimi şəhərlərdə davam etdirdikləri irəli sürülürdü;
  • Qərb tipli şəhərdə isə, əksinə olaraq yeni köç edənlər dini-ictimai dəyərlərini dəyişdirərək şəhər mədəniyyətini tamamilə mənimsəmiş; keçmiş sosial münasibətlərini tərk etmiş; şəhərlərə tam interqrasiya edib, yeni tərzdə bir həyat inşa etmişlər.

 

Müasirləşmə və urbanizasiya prosesində ortaya çıxan iş bölgüsü müəssisələşmə kimi əhəmiyyətli struktur dəyişmələri həm mədəni həyatda, həm də dini həyatda ciddi sarsıntılara səbəb oldu. Buna görə də şəhərdə meydana gələn mədəni inkişaf, fərqli mədəni dəyərlərin toqquşması və adaptasiya proseslərinin yaşanması ilə şəhərlərin ictimai strukturları, qaçınılmaz olaraq gündəlik həyatı və sosial münasibətləri identifikasiya edən fərqli dini qavrayış çərçivəsi tələb edir və özünəməxsus bir şəhər dindarlığı tipini ortaya çıxarır. Çünki şəhərlərdə yaşayan insanlar arasında sürətli mobilizasiya (yerdəyişmə), digər tərəfdən də müxtəlif siniflər arasında qarşılıqlı münasibətlər şəbəkəsi vardır. Beləliklə, çox müxtəlif məsləki və sivil xarakterdə olan bu münasibətlərin nəticəsində insanlar, siniflərinə və sosial statuslarına uyğun olan dini həyat formalarını inkişaf etdirirlər. Dindarlıq səviyyəsi, ümumi olaraq urbanizasiya səbəbilə keşmişə nisbətən zəifləmişdir. İlk dinsiz qruplar da, xüsusilə şəhərlərdə ortaya çıxmış, yeni həyat tərzləri yenə də şəhərlərdən başlayaraq kəndlərə doğru yayılmışdır. Bunlar qismən şəhərlərlə sıx münasibətlər nəticəsində, qismən də şəhərlərdə yaşanan proseslərin artıq kənd cəmiyyətlərində də görülməsi səbəbindən irəli gəlir. Müasir cəmiyyətin pluralist strukturu, kütlələrin üzərində ənənəvi dinin təzyiqi azaltma funksiyasını yerinə yetirir. Beləliklə, daha öncə avtoritar bir şəkildə məcburən qəbul etdirilən dini ənənələr, artıq şəhər insanının fərdi seçimi halına gəlir. Modern şəhər cəmiyyətinin pluralist xarakteri, dini qurumların sanki satış mərkəzləri, dini ənənələrin isə istehlak malları halına gəldiyi bir bazar mahiyyətini daşıyır.

 

Bütün bunlara baxmayaraq dini qrupların növləri və xüsusiyyətləri aktallığını da tamamilə itirməmişdir. Bəzi ölkələrdə dini cəmiyyətdən tamamilə təcrid etmək və dinsiz, ateist cəmiyyət yaratmaq təşəbbüsləri hər zaman iflasa məruz qalmışdır. Müasir dövrdə, şəhər həyatında dindarlığın mahiyyətində dəyişiklikər yaransa da, din, insanların həyatına hələ də təsir göstərir. Ancaq bu təsirlərin, ənənəvi cəmiyyətlərdə olduğu kimi əhatəli olmadığını da vurğulamaq lazımdır.

 

Nəticə olaraq, sekulyarizasiya nəzəriyyəsinin iddia etdiyi kimi, modemliklə dindarlıq arasında həll edilməz bir təzad yoxdur. Əsas problem ənənəvi dini struktur ilə çulğalanmış bir dindarlıq tipinin yeni mədəniyyət, müasir dəyərlər və sosial quruluşa adaptasiya ola bilməkdir. Beləliklə, keçmiş dövrlərin avtoritar, qaydaçı, qorxuya əsaslanan, mifoloji və modern elmlərlə təzad təşkil edən dindarlığın yerini, daha fərdiyətçi və könüllülük prinsipinə əsaslanan yeni dindarlıq tipinin almasıdır. Çünki,sosial dəyişmə prosesində, cəmiyyətin digər sektorları arasıda yaranan təzadlar necə zamanla həll edilirsə, dində də eyni şəkildə dəyişən şərtlərə uyğunlaşma və özünü yeni vəziyyətlərə adaptasiya etmək xüsusiyyəti vardır. Beləliklə, dinin mədəni həyatdakı rolları həqiqətən də dəyişikliyə uğramışdır. Müasir həyatda dinin ətrafını tamamilə sekulyarlaşmış sahələr əhatə edir. Ancaq din insanların həyatına nüfuz edərək onu nizamlama potensialını itirmədikçə, mədəni həyatın mərkəzində qalmağa davam edəcəkdir.

 

Müasir ailə və din: Modernləşmə dövründən öncə, ənənəvi cəmiyyətlərdə din və adət-ənənə birləşmiş vəziyyətdə idi. Bu cəmiyyətlərdə din mədəni həyatın bütün sahələrini əhatə edir, cəmiyyətin fundamental institutları (ailə, təhsil, iqtisadiyyat, sərbəst zaman, və s.) və sosial qruplar üzərində dinin təyin edici rolu vardı. Din eyni zamanda, cəmiyyətdə ictimai nəzarət mexanizması funksiyasını da yerinə yetirirdi. Modern şəhər cəmiyyətlərinin əksinə, ənənəvi kənd cəmiyyətlərində din ənənələrin bütününü meydana gətirməkdə və sosial həyatın bütün sahələrinin tənzimləməkdə, cəmiyyətdə sosial, iqtisadi, siyasi və mədəni sahələr tamamilə dini normalara görə fəaliyyət göstərirdi. Ancaq modernləşmə prosesi artıq kəndlərdə də dinin təyin edici funksiyasını zəiflətmişdir. Şəhərlərdə texnoloji innovasiyalar səbəbilə dini həyatın zəifləməsi, artıq kənd cəmiyyətlərini də təsiri altına almağa başlamışdır. Müasir dövrdə ən ucqar kəndlərlə şəhərlər arasında sürətli nəqliyyat vasitələri mövcuddur. Artıq texnikanın və şəhər həyatının müxtəlif aspektlərinin olmadığı bir kənd düşünmək də mümkün deyildir. Bu vəziyyət kənd həyatının sürətli modernləşməsi və dəyişməsinə səbəb olmuşdur. Xülasə olaraq deyə bilərik ki, kənd cəmiyyətlərində din sosial sistemlərin ən əhəmiyyətlisidir. Din kənd həyatının tənzimlənməsində, fərdlərin əxlaqi davranışlarında, dünya həyatı və ölüm sonrası mərasimlərin təşkilində əhəmiyyətli bir faktor kimi çıxış edir. Buralarda yerləşən məbədlər müştərək inanc və əqidə ətrafında cəmləşən dindar insanların toplaşdığı ibadət yerləridir. 

 

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.