Reklamlarımızın dili
Dil yalnız ünsiyyət/əlaqə vasitəsi deyil, həm də dünyanı, ətraf aləmi dərketmə alətidir. Ötən əsrin 90-cı illərindən dilimizin vəziyyətini həm də reklamlarda görməyə, duymağa başladıq. Həmin dövrün informasiya mənbələrinin kasadlığında reklam kampaniyaları bir növ “ayaq açıb” həyatımıza daxil olmağa başladı. İlk günlər bu “informasiya məmulatı” insanlara xoş təsir bağışlayır, küçələrə vurulmuş reklam lövhələri onların diqqətini çəkirdisə, gün keçdikcə reklamın kommersiya və biznes yaratma məqsədlərinə xidmət etməsindən doğan reallıq dilimizə öz dərin izlərini buraxmağa başladı. Reklamlar bizi “məlumatlandırmaqla” sanki yaşadığımız şəhərin dilinə “çevrilməyə” başladı.
Reklamlar artıq hər yerdədir: televiziya vasitəsilə evimizin içinə daxil olur, radioda, qəzetlərdə, küçələrdə, afişalarda, plakatlarda, bukletlərdə, etiketlərdə, internetdə, virtual aləmdə və s. qarşımıza çıxır. Palitrası, rəngarəngliyi, cəlbediciliyi və təbii ki, səhvləri ilə birlikdə.
Tarixə qısa baxış
...144 illik mətbuatımızın bayraqdarı olan “Əkinçi” qəzetində çap olunan reklamlar kommersiya ideyasını yerinə yetirməklə yanaşı, sosial-iqtisadi problemlərin yaratdığı drammatik vəziyyəti də əks etdirirdi: “Məhz bu səbəbdən çar hökuməti üç il ərzində 56 sayı çapdan çıxmış qəzetin nəşrini dayandırdı. Bu dövrdə qəzetin çap olunan 23 sayında 33 reklam elanı dərc olunmuşdu. Reklam elanlarından gələn gəlir qəzetdə məqalələri dərc olunan 21 müxbirin əmək haqqı ilə yanaşı, digər xərclərin ödənilməsinə və xeyriyyəçiliyə sərf olunurdu. Reklam – kommersiya mexanizmi qəzetin iqtisadi müstəqilliyinə şərait yaradırdı. Bu iqtisadi müstəqillik isə avtoritarları sarsıdan yazılı fikrin formalaşmasına münbit şərait yaradırdı” [6, 17-18]. “Əkinçi”dəki bu ənənə XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranan digər mətbu orqanlar tərəfindən də davam etdirildi. Bu dövrdə reklamın elan, anons, afişa kimi vasitələri geniş yayılmışdı.
Sovet dövrünün KİV sistemində reklam, ümumiyyətlə, müşahidə edilmirdi: “Planlı təsərrüfatla yaşayan, xarici iş adamlarını ölkəyə buraxmayan sovet dövləti KİV-də reklam işini qadağan etmişdi. Reklam işi dövlətin inhisarında idi. Sovet hökuməti xüsusi reklam işinə yalnız yeni iqtisadi siyasət dövründə imkan vermişdi... 1970-ci illərdə bəzi qəzetlərdə həftəlik reklam əlavəsinə icazə verildi. Xüsusilə axşam qəzetləri öz səhifələrində reklama yer ayırdılar. Azərbaycanda “Bakı” və “Baku” axşam qəzetləri sovet jurnalistikası dönəmində ilk reklam dərc edən qəzet oldu” [8, 199-200].
Ötən əsrin 90-cı illərinin başlanğıcında SSRİ-nin süqutuna qədər artıq reklam işi formalaşmağa başladı və qəzetlərin reklam tipi meydana gəldi. Çox keçmədən reklamların virual, dijital və s. bu kimi növləri yarandı.
Reklamlarda dilimizin vəziyyəti
Müasir insan hər gün müxtəlif hadisələr mühitindədir, həmin mühit reklamlarla əhatə olunub. Apardığımız müşahidələr göstərir ki, müstəqillik illərində Azərbaycan dilinin milli dil kimi saflığının qorunması və inkişafı üçün kifayət qədər qərarlar və qanunlar qəbul edilsə də, bu qərarların icrasında ciddi nöqsanlar, boşluqlar qalmaqdadır. AMEA Nəsimi adına Dilçilik İnstitutunun apardığı monitorinqlər və müşahidələr də bir daha sübut edir ki, reklamlarımızın dilində ciddi problemlər müşahidə edilir. Dilçilər, adətən, reklamların dilini funksional-üslubi cəhətdən təhlil edirlər.
Küçə və prospektlərdə hər an reklam mətnlərindəki norma pozuntuları ilə qarşılaşmaq olur. Reklamlarda daha çox orfoqrafik, leksik və qrammatik normalar pozulur.
Müşahidələr sübut edir ki, Azərbaycanın xüsusilə efir məkanında nümayiş etdirilən reklamlar xaricdən ölkəmizə idxal edilən məhsulları əhatə edir. Onların dilimizə tərcüməsi isə bərbad vəziyyətdədir.
Reklam mətnlərində açar sözlər və ifadələr bir çox hallarda düzgün seçilmir. Ona görə də insanlar reklamda əks etdirilən fikri, məqsədi başa düşə bilmir. Məsələn: "Qutab evi”, Oboy evi” və s. bu kimi məntiqsiz adlarla rastlaşırıq. Ümumiyyətlə, son illər "ev” sözü yeni birləşmələrin yaranmasında fəal iştirak edir: şərab evi; təkər evi, kabab evi və s. Olmaz ki, “Oboy evi” yox, “Divar kağızı çeşidləri” olsun? Bu fikirlə tamamilə razıyıq ki, “ev” insana, “hin” toyuğa, “dam” itə, “tövlə” mal-qaraya aid anlayışlardır. Bu sözlərin daşıdığı mənanı qarışdıranlar nəinki ədəbi dili, hətta məişət leksikasını belə bilmirlər. Belə misalların sayı onlarladır.
Araşdırmalar onu da göstərir ki, alınma sözlər heç bir səbəb olmadan bəzən orijinalda olduğu kimi yazılır. Xüsusilə Bakının mərkəzində firma, mağaza, restoran, bar və s. adları əcnəbi dillərdə yazılır, Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini “bəzəyir”, bununla da dil qanunları pozulur.
Bəzən isə ana dilində olan adlar "ə" hərfinin "e" hərfinə çevrilməsi ilə yazılır: "Mermer", "Gözellik salonu", "Perde evi" və s.
İnternet reklamları, sosial şəbəkələr sosiumun həyatını əks etdirə bilmir. Məsələn: “Online alış-veriş mərkəzi. 100+ mağaza 50000+ məhsul” nə deməkdir?
Tez-tez tikintilərin hasarlanmış hissələrində belə bir cümlə ilə rastlaşmaq olur: Narahatçılığa görə üzr istəyirik. “Narahatçılıq” sözündə -çı şəkilçisi asemantikdir, yəni artıqdır. “Narahatlıq” olmalıdır.
Reklam mətnlərində kulminasiya və final effekti özünü doğrultmur, praqmatik fon və psixoloji şərtlər gözlənilmir: “Hər uşağın gələcəyi olmalıdır. Uşaqları axırda kəşf et”. "Kebab keyfi restoranı”, “Hər kəsə çadır xidməti”, “Uşaqların gələcəyinə inanaq”.
Reklam mətnləri müəyyən funksiyanı yerinə yetirməyə meyildir, həvəsdir, tələbdir, çağırışdır. Reklam mətnlərindən əsas məqsəd tələb olunan xidmətlərin yayılmasıdır; müxtəlif əşyalar, mallar, xidmətlər, brendlər, kampaniyalar və s. [7].
Əksər dilçilər bu fikri bölüşür ki, reklamlarımızda hər şeydən öncə millilik, milli xüsusiyyət, milli təqdimat çatışmır.
Əslində reklam dili necə olmalıdır?
Reklam dili – xüsusi bir sahə kimi kütləvi kommunikasiyanın müasir elm çərçivəsində öyrənilməsidir. Bu məsələlər bir sıra müasir elmlərin qarşılıqlı əlaqəsində - linqvistika, sosiologiya, psixologiya və iqtisadiyyatda öyrənilir: “Reklamların dilini iki xüsusiyyətinə görə öyrənmək lazımdır:
- informasiyavericiliyinə görə;
- inandırdığına, sübut etdiyinə görə.
Bu xüsusiyyətlərinə görə, reklam dili cəmiyyətdə kommunikativ funksiyanı yerinə yetirir. Qısalıq və lakoniklik reklam üçün mühüm xüsusiyyətlərdəndir. Dil oyunu və kommunikativ məkan reklam dilinin əlverişli təyinidir. Reklamların dilinə dilin xüsusi strukturu kimi baxmaq, onun qanunları çərçivəsində, bəzən də ümumdil normalarının bu mətnlərdə pozulması faktı kimi nəzər salmaq lazımdır. Reklam mətnlərinin əsas kommunikativ məqsədi reklam məhsullarının, xidmətlərinin seçilməsidir. Bu, mətnlərdə verbal (sözlü) və qeyri-verbal (sözsüz) komponentlərdən istifadə olunmasıdır” [7].
Burada onu da xüsusi olaraq qeyd edək ki, ölkədə sosial reklamların çəkilməsinə ehtiyac daha çox hiss edilir. Xüsusilə Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılmasını özündə sadə bir dildə ehtiva edən sosial xarakterli reklamların sayı həddən çox azdır.
Qanunvericilik nə deyir?
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 sentyabr 2002-ci il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7-ci maddəsi dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsinə həsr olunub. Qanunda reklamların dili haqqında aşağıdakılar qeyd olunur: “
- 7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
- 7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir.
- 7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.
- 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
- 7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır” [1].
Bundan başqa, Prezident İlham Əliyevin 01 noyabr 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda qeyd olunur ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir [2].
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratsın.
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsini artıq təsdiq edib. Nizamnaməyə əsasən, Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə kompleks nəzarətin həyata keçirilməsi;
- televiziya və radioda yayımlanan verilişlərdə, çap və elektron kütləvi informasiya vasitələrində, reklam, elan və afişalarda, küçə adlarında ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilinin aparılması, ədəbi dil normalarının pozuntularının aradan qaldırılması üsullarının müəyyənləşdirilməsi;
- reklamlarda, müxtəlif xidmət sahələrində, çap və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi;
- filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsi [3].
Bundan başqa, 15 may 2015-ci il tarixində təsdiq olunmuş “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” [5].
Reklamların dili ilə bağlı bu sahədə fəaliyyət göstərən qurumların mövqeyi
İlk növbədə qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əsas məqsədi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir. Bu isə öz növbəsində açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların işinin asanlaşması deməkdir. Bununla yanaşı, Agentlik texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində tədbirlər görməlidir. Açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili və dövlət rəmzləri ilə bağlı səhvlərə yol verilməməsi, mövcud texniki tələblərə əməl olunması və ümumiyyətlə, belə hallarla qarşılaşmamaq üçün sahibkarlar Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq, Dövlət Reklam Agentliyinə müraciət edərək, reklam yerləşdirilməsinə icazə almalıdırlar [4].
Azərbaycan Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov yaradılan şəraitə baxmayaraq sahibkarlar tərəfindən mövcud texniki tələblərə əməl olunmaması ilə yanaşı, dövlət dilinin tətbiqi zamanı müəyyən ciddi səhvlərə yol verildiyini də qeyd edib.
Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev də reklamların dilinin uğurlu olmadığını bildirib: “Reklamın dili uğurlu və ürəkaçan deyil. Çünki reklamlar ölkəyə xaricdən gəlir və onlar dublyaj edilərkən ciddi dil fərqi ortaya çıxır. Tərcümə zamanı Azərbaycan dilinin qaydalarına əməl olunmur. Məsələn, “bizimlə keyfə baxın” bunu necə başa düşmək olar? Sözün quruluşu düzgün deyil. Sırf xarici mənbədən alınan reklamların üzərində adi tərcüməçi çalışır və qeyri-peşəkar iş ortaya çıxır... Xarici mənbədən reklam alınarkən həmin ölkənin reklamçıları ilə müəyyən olunmuş ödəmə şərtləri daxilində danışıqlar aparılmalıdır. Çünki onun reklamı başqa ölkədə tanıdılır, reklam şirkəti yeni auditoriya qazanır. Təəssüf ki, bizim ölkədə bu danışıqlar aparılmır. Nəticədə də uğursuz iş ortaya çıxır” [9]. Hacıəmi Atakişiyev küçə reklamlarının da dilində problemlər olduğunu, sahibkarların istehlakçıları nəzərə almadıqlarını deyir. “Sahibkarın mağazaya verdiyi ad istehlakçının başa düşəcəyi formada olmur. Çox vaxt insanlar yazını anlamadığı üçün o mağazalara girmirlər nəticədə isə uduzan istehsalçı olur. Reklam agentliklərinin tapşırığı əsasında hazırlanan reklamların dili daha bərbaddır”. Reklamçılar İttifaqının sədri problemin aradan qalxması üçün yeni kadrların hazırlanmasını və koorperator məktəbinin yaradılmasının vacib olduğunu bildirir. “Reklamın dili ilə bağlı problemin həll yolu təhsil sistemində kadrlar hazırlamaq və koorperator məktəbini yaratmaqdır. Koorperator reklam səhəsində tam ixtisaslaşmış kadrlardır, həm jurnalist, həm dilçi həm də dizaynerdir. Amma olduqca bahalıdır. Reklamın dizaynı ilə dili vəhdət təşkil edərsə, problem bir qədər azalmış olar” [9].
Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov da reklamların dilindən narazıdır. “Azərbaycanın reklam bazarında reklamların dilində böyük problem yaşanır. Reklamların 30%-i istehlakçıların başa düşmədiyi və çaşdırıcı dildədir. Reklam istehlakçıların başa düşmədiyi formada yazılır. Malların üzərinə vurulan etiketlərin 50%-i isteklakçıya düzgün məlumat vermir. “Dövlət dili haqqında” Qanunda da qeyd olunub ki, malların etiketlərində olan məlumatlar xarici dillə yanaşı milli dildə də olmalıdır. Məhsulların 50%-i idxal olunur, həmin ərzaqlar haqqında istehlakçıya doğru məlumat verilmir. Xüsusən körpə qidalarında, ümumi həcmi kiçik olan mallarda düzgün informasiya olmur. Nazirlər Kabinetinin 343 saylı qərarında qeyd olunub ki, məcburi sertifikatlaşdırılmalı olan malların sertifikatlaşdırılmamış reklamı qadağandır. İstehlakçılar reklam olunmuş məhsulun keyfiyyətsiz olduğunu görəndə isə onlarda reklama qarşı ikrah hissi yaranır. Nəticədə Azərbaycanda reklam bazarı ölür, ölməyə də məhkumdur. Artıq nə reklam, nə də reklam qoyulmuş xərc isteklakçının diqqətini çəkir” [9].
Nə etməli?
Reklamlar bir növ hər bir xalqın dil və yazı mədəniyyətinin göstəricisidir. Heç şübhəsiz, ilk növbədə ədəbi dil normaları gözlənilməlidir. Bunun üçün “dil mütəxəssisləri reklam müəssisələri ilə müntəzəm əlaqə qurmalı, reklam agentləri ilə məsləhətləşmələr aparmalı, heç olmasa, reklamlar hazırlanarkən üslubi formalardan, qanunauyğunluqlardan (trop və sintaktik fiqurlardan, metafora və metonimiyalardan, perifrazlardan) istifadə etmə yollarını öyrətməlidirlər. Reklam mətnləri obrazlı, aforistik, aydın olmalıdır; lakonik, sintaktik üzvlənmə pozulmamalıdır, söz birləşmələrinin əlaqəsi bu baxımdan pozulur... Reklam mətnlərinin təşkili mexanizmi ölkədə zəifdir. Belə mətnlərin strukturu, məna və üslubi keyfiyyətləri düzgün əksini tapmalıdır. Dilçilik İnstitutunun müvafiq şöbələrində təkcə praktik işlər yox, reklam mətnləri linqvistik tədqiqatların obyekti olduğu üçün həmin istiqamətdə araşdırmalar aparılmalıdır. Həmin araşdırmalarda reklam mətnlərinin kütlələrə təsir imkanları, qeyri-verbal vasitələri, eləcə də funksional-üslubi xüsusiyyətləri öyrənilməlidir” [7].
Bu istiqamətdə ən böyük məsuliyyət Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin üzərinə düşür. Mərkəz qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq reklam, afişa və elanlarda, küçə adlarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün tədbirlər görməli, reklam, elan və afişalarda aparılan monitorinqlərin effektli olması üçün dövlət və bələdiyyə orqanları, idarə, təşkilat və müəssisələrlə birgə layihələr həyata keçirməli, monitorinqlərin nəticələri ilə bağlı məlumatların təhlili əsasında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq məqsədilə təklif və tövsiyələr verməlidir. Bu gün dilimizi bu “epidemiyalar”dan qorumaq üçün qanunvericilik bazasına söykənərək daha sərt inzibati tədbirlər həyata keçirməli, nəzarət mexanizmlərini gücləndirməliyik. Hər bir vətəndaş dilin qoruyucusu kimi çıxış etməlidir.
[1] “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun. - http://www.e-qanun.az/framework/1865
[2] “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. /01 noyabr 2018-ci il/ - https://president.az/articles/30563
[3] Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi. / Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarı ilə təsdiq edilmişdir. - http://www.e-qanun.az/framework/43084
[4] “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”. /Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəlitəsdiq edilmişdir. - http://www.e-qanun.az/framework/37330
[5] “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu. - http://www.e-qanun.az/framework/30348
[6] Dadaşov A. Kütləvi informasiya vasitələrində reklam və marketinq problemləri. Bakı, 2001.
[7] Kazimov İ. “Dil və biz, biz və dil” silsiləsindən. / 06 iyun 2018/ - http://kaspi.az/az/dil-ve-biz-biz-ve-dil-silsilesinden/
[8] Məmmədli C. Müasir jurnalistika. Bakı, 2003.
[9] http://simsar.az/news/a-34706.html
Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.