Yuxarıya
skip to main content

Yeni xəstəliklər, yeni tədqiqat prioritetləri...

06.06.2022

Dünya 2019-cu ildən bəri dünyada geniş şəkildə yayılaraq böyük panikaya səbəb olmuş COVID-19 pandemiyasından hələ yeni qurtulmuşdu ki, son zamanlar daha bir xəstəliyin yayılması insanları narahat etməyə başlayıb. Xüsusən Böyük Britaniya mətbuatı ilkin mərhələ ölkədə bir neçə bu xəstəliyə yoluxmuş insanın olduğunu xəbər vermişdi. Daha sonra isə bir neçə ölkədə də meymunçiçəyi xəstəliyinin əlamətlərinə rast gəlindiyi barədə məlumat yayıldı. Ən son isə Türkiyədə bu xəstəliyə rast gəlindi. Belə ki, əfqanıstanlı immiqrantların bir neçəsində bu xsətəliyin əlamətlərinə rast gəlinib və onlar təcili xəstəxanaya aparılıb.

Hazırda isə bu məsələ ciddi narahatlıq doğurub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı da bəyanat yayıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən araşdırma planı tərəfindən çağırılan qlobal tədqiqat məsləhətləşmələrinə hazırlıq işləri görülür. Hazırda xəstəliyin son yoluxmalarını nəzərə almaqla, meymunçiçəyi üçün tədqiqat prioritetlərini müzakirə etmək məqsədilə 500-dən çox mütəxəssis və 2000-dən çox iştirakçı toplanılıb.

Dünyanın hər yerindən tədqiqatçılar və yüksək səviyyəli ekspertlər virusun epidemiologiyası ilə bağlı mövcud sübutları nəzərdən keçirmək məqsədilə virtual olaraq artıq iki gün görüşüb. Xəstəliyin yoluxma dinamikası, klinik xüsusiyyətləri, ictimaiyyətin iştirakı, müalicə və peyvəndlər daxil olmaqla, xəstəliyin nəzarətdə saxlanılması üçün əks tədbirlərə də başlanılıb. İştirakçılar razılaşıb ki, effektiv əks tədbirlər görülməlidir.

Endemik ölkələrdə meymunçiçəyinə yoluxma hallarında artımı aradan qaldırmaq xəstəliyin başqa ərazilərə sıçramasına nəzarət etmək üçün çox vacibdir. Araşdırmaçılar bildirib ki, digər ölkələrin tədqiqatçıları ilə birlikdə əməkdaşlığın gücləndirilməsi elmi biliklərin daha sürətlə irəliləyişini təmin edəcək.

Mütəxəssislər xəstəliyin epidemiologiyasını, onun klinik nəticələrini və müxtəlif ötürülmə üsullarının rolunu daha yaxşı başa düşmək üçün sürətləndirilmiş tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.

Son olaraq qeyd olunub ki, bu məsləhətləşmələr silsiləsi bir çox ölkəni əhatə edən epidemiyaya cavab olaraq ÜST-ün fəaliyyətlərinin hələ bir hissəsidir.


Paşa Bayramov