Torpaqları almağın alternativ yolu
Sələflər-Xələflər
Son 31 ildə Qarabağla bağlı nə dəyişib? Əslində bir neçə şiddətli qarşıdurma və onun da nəticəsində əldə edilən uğurlar torpaqlarımızın tamamilə işğaldan azad edilməsinə səbəb olmasa da, psixoloji üstünlüyü Azərbaycan tərəfi ələ keçirib.
1988-ci ildən bu yana isə daha çox dəyişən bir mail var, o da cəmiyyətdir. Yəni ictimaiyyətin Qarabağa baxış tərzində müəyyən korrektələr mövcuddur.
Əgər I Qarabağ savaşının getdiyi dönəmlə (1988-1994) hazırkı şəraiti müqayisə etsək, müəyyən oxşarlıqlar tapmaq mümkündür. Bu oxşarlıqlara rəğmən hazırkı dönəmlə keçmiş arasında böyük fərqlər də mövcuddur.
Konflikt əslində heç zaman həll olunmur. Bütün qonşular nə zamansa konfliktləri yada salır və bu müəyyən dövrlərdə partlayışa səbəb olur. Konfliktə bu kontekstdən yanaşsaq, onun ictimai düşüncənin daxilinə qoyulan saatlı bomba kimi təsvir edə bilərik. Zamanı gələndə bu bomba aktiv hala gəlir, partlayır, xaos yaradır və xaosdan sonra yeni nizamı formalaşdırır.
Azərbaycan-Ermənistan konfliktinə bu baxımdan nəzər yetirilməsi çox önəmlidir. Belə ki, iki dövlət arasındakı konflikt özünün pik nöqtəsinə çatdıqdan sonra yenidən öz aktivlik dərəcəsini aşağı salmağa başlayıb. Doğrudur, 31 il öncəkindən fərqli olaraq artıq konflikt latent formada getmir.
Atəşkəsin imzalanması ilə sakitlik dönəminə qədəm qoyan konflikt nəsil dəyişkənliyi ilə əlaqədar artıq yüksələn xətlə yenidən zirvəyə doğru zaman-zaman addımlamağa başlayır. Konfliktlərdə isə bu çox önəmli məqamdır.
Hələ bu məsələdə Azərbaycan tərəfinin reallığa nəzər yetirəndə, yəni torpaqları işğala məruz qalan ölkə üçün görə bilərik ki, müharibədən başqa heç bir imkan qalmır.
Nəsil dəyişkənliyinin müharibə ehtimalı artırması isə daha çox qisas faktoruyla bağlıdır. Belə ki, estafeti uduzmuş sələflərindən alan xələflər həyatlarına olduqları nöqtədən yox, onu daha da yaxşılaşdıraraq davam etmək istəyirlər. Azərbaycan ictimaiyyətinə nəzər yetirsək, məhz sələflər-xələflər məsələsi analogiyasını burada da görmüş olarıq. Burada əsas diqqət ediləsi məqam ondan ibarətdir ki, yeni nəsil daha millətçi olaraq yetişir. Bu o demək deyil ki, I Qarabağ savaşını yaşayanlar millətçi deyildilər. Sadəcə olaraq yeni nəsilin həyat şərtləri və düşdüyü situasiya 31 il öncəkindən daha fərqlidir. Üstəlik, yeni nəsilin Qarabağa və uduzmaq məsələsinə yanaşması da keçmişdən fərqlənir. Bu isə Qarabağda müharibə faktorunu artırır. Müharibəni görməyən nəsil üçün savaş artıq müharibəni görənlərdən tamam fərqli anlayışdır. Onlar savaşa “itirməmək üçün yox, bu dəfə özlərinin olanı geri almaq üçün gedirlər” psixologiyasına sahibdirlər ki, bu da onlara əlavə üstünlük qazandırır. Üstəlik, I Qarabağ savaşından sonra cəmiyyətdə mövcud olan depressiyanı yaşamaması, onun imkanlarını artırır və tərəddüdlərini yox edir. Hakimiyyətin ictimaiyyətin əhval-ruhiyyəsində xəbərdar olduğunu nəzərə alarsaq, Azərbaycanın Qarabağla bağlı dözüm limitinin azaldığını və artıq hərb yolu ilə həll etmə mövqeyinə doğru çox sürətlə hərəkət etdiyini görə bilərik. Hazırda bunun müəyyən işartıları özünü müxtəlif parametrlərdən göstərməyə başlayır.
“Müharibə, yoxsa sülh?” sualı son 30 ildə Cənubi Qafqazda aparılan sorğuların əsas sualını təşkil edib: Bu, Ermənistanda aşağıdakı kimidir:
Ermənilərin cəmi 8 faizi Azərbaycana güzəşt tərəfdarıdır. Yəni Ermənistanda, o cümlədən, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətində yaşayanlar rəsmi Bakıya hər hansı güzəştin əleyhinə çıxırlar. Onlar sülh şanslarına getdikcə daha bədbin yanaşırlar. Son illər Ermənistanda qarşı tərəfə münasibət sərtləşib və bu, 2016-cı ilin aprel döyüşlərindən sonra daha da güclənib. Axı, Ermənistan 1994-cü il atəşkəsindən bəri ilk dəfə həmin döyüşlərdə ərazi itirdi.
2004-cü ildə keçirilmiş bir sorğu ermənistanlıların üçdə ikisinin sülh naminə Azərbaycana bəzi güzəştlərə getməsinə dəstək bildirmişdilər. Amma 2017-ci il sorğusu “güzəştə hazırlığın ciddi azaldığını” üzə çıxarıb. Cəmi 8 faiz güzəştə dəstək bildirib. Hesabat müəllifləri qeyd edirlər ki, “Ermənistanda və Dağlıq Qarabağda barışmaz mövqe ənənəvi forma almağa başlayıb. Bu yanaşmalar münaqişənin dinc yolla həlli perspektivlərinə təhlükə yaradır”. İrəvanda yerləşən Qafqaz İnstitutu bu əhval-ruhiyyəni bəzi məlumatlarla dolğunlaşdırır: “Azərbaycanlılarla fərdi dostluq fikrində olanların sayı da azalmaqdadır. 2009-cu ildə keçirilmiş sorğulara görə, ermənilərin 30 faizi azərbaycanlıyla dostluğu mümkün sayırdı, azərbaycanlıların cəmi bir faizi ermənilər barədə belə bir düşüncədə olduğunu paylaşmışdı. Bu nəhəng fərq təəssüf ki, son illər azalmaqdadır”. (Faktlar Joshua Kuceranın “Ermənilər sülh istəmir: Çıxış yolu müharibədir” adlı məqaləsindən götürülüb).
Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. İşğal olunmuş ərazilərinin azad edilməsi isə Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının dünyaya çatdırılması ilə məşğul olmalıdırlar. Həqiqətən də proses bu formada davam etməkdədir, Azərbaycan rəhbərliyi problemin həll edilməsi üçün yalnız bir şərtin olduğunu keçən hər gün daha aydın və açıq şəkildə qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyü pozula bilməz.
Üstəgəl, 2016-cı ilin aprelində baş verən toqquşmalardan sonra hər iki ölkədə münaqişəyə baxış tamamilə dəyişdi.
Ermənistanda böyük psixoloji depressiya yaradan aprel toqquşmaları Azərbaycanda problemin həlli üçün hərbi əməliyyatlar variantını daha da aktuallaşdırdı.
Qarabağ – müharibə yoxsa sülh?
Yuxarıda qeyd etdiyim kimi, Qarabağ kifayət qədər qəliz konfliktdir və onun gecikən həlli həm bölgə dövlətləri, həm də onları üçün risklər yaradır. Əslində Qarabağ savaşının ilk illərində bu konflikti həll etmək imkanları indiki dönəmdəkindən daha çox idi. Bununla belə hələ də həll üçün ümidlər qalır.
İstənilən konfliktin həlli üçün iki yol var. Bunlar sülh və müharibədir. Hər iki variant digər konfliktlərdə olduğu kimi Qarabağa da aiddir. İndiki dönəmdə Azərbaycan bu variantların hər ikisi ilə eyni məsafədə dayanıb. Əvvəlcə Qarabağın hərbi yolla həlli variantına diqqət yetirək.
Doğrudur, beynəlxalq hüquq Azərbaycana öz ərazi bütövlüyünü təmin etmək imkanı yaradır. O da düzdür ki, BMT nizamnaməsi Azərbaycana öz ərazisində hərbi əməliyyat keçirmək imkanı verir. Burada ortaya çıxan ən maraqlı sual isə bu gün beynəlxalq hüququn nə qədər işlək vəziyyətdə olmasıdır. Təbii ki, dünya nizamının dəyişməyə başladığı dönəmdə beynəlxalq hüquq sadəcə kağız üzərində qeyd edilən qəliz quruluşa malik cümlələr toplusudur.
Bütün bunlar savaş amilinin riskli olması imkanları yaradır. Lakin bu o demək deyil ki, Qarabağda lokal savaşlar və orta müddətli perspektivdə böyük müharibə olmayacaq.
Sülh məsələsinə gəlincə burada da təzadlı məqamlar mövcuddur. Bayaq dediyimiz kimi beynəlxalq hüquq artıq öz işləkliyini itirib. Beynəlxalq hüquq öz işləkliyini itirsə də maraqların təmini məsələsi hələ də min illər öncə olduğu kimi aktual olaraq qalmaqdadır.
Torpaqları geri qaytarmaq istəyən Azərbaycan ilk növbədə diplomatik aktivliyini artırmalıdır. Bu isə o deməkdir ki, Azərbaycan diplomatik fəaliyyətini daha çox Qarabağ məsələsində birbaşa təsir gücü olan dövlətlərdə gücləndirməlidir. Bu isə həmin ölkələrdəki diasporaların gücləndirilməsi deməkdir.
Ən önəmli başqa addım isə Azərbaycanın xüsusi fondların yaradılması və ya maliyyələşdirilməsində iştirakıdır. Bu, Azərbaycana nüfuzla bərabər xüsusi dəstək də gətirmiş olacaq.
Əziz Əlibəyli
Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.