Yuxarıya
skip to main content

İcra hakimiyyətləri: yeni yanaşma və məqsədlər

12.11.2019

Beləliklə, Konta görə lokal idarəçiliyin uğuru işçilərin ümumi məsuliyyət ruhundan daha çox idarə edənin fərdi proqressiv psixologiyası ilə bağlıdır. Məsələn, idarəetmə nə qədər mücərrədləşməyə məruz qalırsa, o qədər də ləngimələrə düçar olur. İdarə edənin hadisələri öncədən proqnozlaşdırmaq qabiliyyəti insanları səfərbər edən regional gücü ortaya qoyur. Ümumiyyətlə, mənə görə yaxşı icra hakimiyyəti başçısı həm də bunları xarakterizə etməlidir:

 

  • Əhali ilə işləmək qabiliyyətləri yüksək olmalıdır. Müxtəlif sosial qrupları dəqiq müəyyənləşdirmək, xalq içərisində nüfuzlu şəxsləri təşkilatlandırmaq və idaərçilikdə onlara mənəvi səlahiyyətlər tanımaq, ictimai təşəbbüslərə meydan vermək və ən başlıcası, iqtisadi proqramlarla və azadlıqlara daimi dəstək göstərmək bir nömrəli tələb kimi qarşıya çıxır.
  • Yüksək vəzifə məsuliyyəti hər bir qərar və sərəncamın, sözün və  hərəkətin nəticələrini əvvələcədən hesablamağı tələb edir.
  • İctiami fikri və gündəliyi daima qidalandırmağı bacarmaq, rəy liderləri, media qrupları və müasir kommunikasiya vasitələri ilə işləmək keyfiyyətləri...
  • Mərkəzi orqanlarla harmonik münasibətlər qurmağı bacarmaq və təmsil etdiyi bölgənin hökumətlə, dövlət təşkilatları ilə vəhdətinə nail olmaq.
  • Yüksək siyasi və mədəni dəyərlərə, vəzifə əxalqına, etik prinsiplərə əməl etmək.

 

 

Müasir politoloji diskurslarda vəzifə "insanın özü qarşısındakı məsuliyyəti” kimi qiymətləndirir. Onun müxtəlif sahələr üzrə üzərinə götürdüyü məsuliyyətin ismi olmağa başladı.

   

Sosiologiyada "vəzifə sahibi” dedikdə ona biçimlənmiş işi “birbaşa özü” həyata keçirən şəxslər nəzərdə tutulurdu. Psixoloqlar bunun üzərinə məsuliyyət şüurunu əlavə etməyə başladı.

 

20-ci əsrə qədər psixologiyada məsuliyyət anlayışına qıcıq vardı. Freydistlər hesab edirdilər ki, insana hansısa məsuliyyəti aşılamaq onun yükümlülüyü halına gəlir və bu da azadlıq ilə uzlaşmazlığa səbəb olur.

 

Vəzifə hərəkət deməkdir. Passivlik və kabinet xəstəliyi onun ruhuna ziddir. Sadəcə dinləmək, düşünmək və izləmək burada kifayət etmir. Borxes vəzifəni "hərəkətin siması” hesab edirdi.

Vəzifə fəlsəfədə nəticə hasil edənin adıdır. Öhdəlik daşıdığın sahə üzrə tələbləri yerinə yetirmək və problemlərə əməli reaksiya göstərmək qabiliyyətdir.

 

Vəzifə həm də yaratmaqdır. "Yaradıcı adam” anlayışı indi ancaq ədəbiyyat, yazı və incəsənətlə məşğul olan adamlara deyilir, amma fəlsəfədə hər insanın vəzifəsi yaradıcılıqdır. Antik yunan filosofu Aristotel vəzifə və səlahiyyətin başladığı yeri ailə olaraq görürdü. Əsrlər öncədən antik fəlsəfədə ailənin hər üzvü həm də müstəqil bir fərd kimi dəyərləndirilirdi. Deməli, qədim insan təfəkkürünün çoxdan aydınlaşdırdığı müstəqillik və vəzifə arasındakı əlaqəni çağdaş fəlsəfə hələ də izah etmir. Aristotelə görə vəzifə sahibinin müstəqilliyi onun məsuliyyət daşıdığı digər insanların müstəqilliyindən əsla çox deyildir. Prataqor buna görə vəzifəsi olan fərdləri digərlərindən ayırırdı. Ona görə, hər insanın təbiət önündə bir vəzifə öhdəliyi var.

 

Fəlsəfə tarixinin elə bir dövrü olmayıb ki, vəzifəli insanların aydınlatma funksiyası qeyd olunmasın. Bu məsələlərdə daha ifrat və anti mövqe tutan Trostskidə belə bir həssaslıq mövcud idi. Sokrat vəzifə ilə bağlı yazırdı ki, bunu mənimsəyən insan öncə özünün və ətrafının, daha sonra isə bütöv cəmiyyətin istiqamətini müəyyən edən, aydın fikirə malik olan insanlar olmalıdır.

 

Sokrat "vəzifə qorxusu”nu iyrənc hesab edir. Cəsarəti və özünə əminliyi vəzifənin uğurla həyata keçməsində əsas vasitə sayırdı. Qələbənin yolu cəsarətdən asılı idi. Necə ki, Platon buna uyğun "qorxaqlar heç bir zaman zəfər abidəsi tikə bilməz” ifadəsini işlətmişdi. Vəzifə adamı aydınlanmanı öz ölkəsi, toplumu və ətrafı üçün bir məşəl edən adamdır.

 

Kant məsuliyyət anlayışının mahiyyətini etik konsepsiyalarla izah edirdi. O əxlaqi qaydaları bir dərs kimi görürdü. İnsan bu dərsi, tapşırığı etməlidir və bu onun həyatda nə qədər yaxşı bir "yaşam tələbəsi” olmasının qarantı sayılır. Kanta görə əxlaqi məsuliyyət bir asıllılıq yox, qaydadır. Yaxşı bir vətəndaş öz konstitusiyasının qanunlarına riayət etməyə borclu olduğu kimi, yaxşı bir insan da əxlaqi qaydaları mənimsəməyi bacarmalıdır. Bunun əksinə iddia edən "bəzədilmiş” azadlıq anlayışı burada iyrənc görünməyə başlayır. Kant bütün anlayışları "Ənənələrin metafizikasına dair” əsərində izah etməyə çalışır.

 

Kanta görə, "dünyada və dünyanın kənarında yaxşı istəkdən başqa yaxşı sayıla biləcək heç nə yoxdur.” Ona görə insan əgər yaxşı olmağı qarşısına məqsəd qoymuşsa, bunun təməli yaxşı istəkdən və yaxşı düşüncədən keçir. Volterin fəlsəfi mühakimələri ilə bir bənzərlik var idi bu yanaşma tərzində.

 

Kant deyirdi ki, insan əxlaqı onun vəzifə duyğusu ilə formalaşır. Onun yaradıcılığında rast gəldiyimiz bu tezislər təsəvvüfdə və islam fəlsəfəsində "təqva” anlayışı ilə davam etmişdir. Ancaq bəzən burada eyniləşdirmə cəhdlərinə də rast gəlirik. Bunu isə heç doğru və dəqiq bir üsul hesab etmək olmaz. Çünki dinin "təqva” dediyi vəzifə duyğusu özündə ancaq ilahiyyat anlamlı məsuliyyəti ehtiva edir.

 

Sosioloji lüğətdə sonralar məsuliyyətin fəlsəfi izahı verildi. 21-ci əsrdən etibarən məsuliyyət "insanın üzərinə götürdüyü vəzifələrə qarşı həssaslığı” hesab edilirdi.Buna görə Şopenhauer insanın qəbahətini də məsuliyyətsizlikdən törəyən hadisə sayır. Və hesab edirdi ki, səhv edən insan öz məsuliyyətini anlamaq yerinə, başqalarında günah axtamaqla özünü təkmilləşdirmədən, özü-özünü tərəqqidən saxlayır.

 

Dostoyevski yazılarının birində məsuliyyətdən qaçan və özünü inkişafdan saxlayan insanları "mənəvi dünyalarının sui-qəsdçiləri” adlandırırdı. Məsuliyyət anlayışından çoxlu yeni terminoloji ifadələr yarandı. Vitgenşteynin fəlsəfəsində isə "cəzadan kənar məsuliyyət” anlayışı fərqləndirilir. Onsuz da, hüququn dilində məsuliyyət bir başa məsuliyyətsizlikdən törəyən cəzaların konstitusional izahıdırsa, fəlsəfənin dilində məsuliyyət və məsuliyyətsizlik anti-tezislər formasında izah olunur.

 

 

Sovet sisteminin dağılması ölkələr qarşısında yeni vəzifələr qoydu.

 

  • Partiya sisteminə köklənən idarəçilik mexanizmləri sıradan çıxdı.
  • Köhnə sistemin qalıqlarından qurtulma büün ölkələrin və xalqların bir nömrəli qayğısına çevrildi.
  • Daim yenilənən və dünyanın  “özü”ylə ayaqlaşa biləcək yeni siyasi tələbatlar ortaya çıxdı.

 

Artıq bölgələrdəki lokal idarəetmələr də vahid mərkəzi sistemə partiya ideologiyasından çox çevik idarəetmə və qərar qəbuletmə meyarları ilə formalaşmalı idi. Bütün bu çağırışlar 90-cı illərdə Azərbaycanda o qədər asan baş verə bilməzdi. Bunun da bir sıra səbəbləri vardı:

 

  • Ölkəyə ərazi iddiaları,
  • Qarabağ savaşı,
  • Beynəlxalq əlaqələrin qurula bilməməsi,
  • Daxili siyasi apatiya (laqeydlik) və sair.

 

Təəssüf ki, yenicə müstəqillik qazanmış Azərbaycanda yeni, zamanın çağırışlarını ehtiva edən konstitusiya qəbul edilmədi. Mahiyyətcə Sovet üsul-idarəçiliyindən elə də fərqlənməyən idarəçilik modelləri formalaşdırıldı ki, bu da mahiyyət etibarilə sovetizmin adı dəyişən halını xatırladırdı. İlk illərdə (Mütəllibov hakimiyyətsizliyində) nəinki yerli idarəetmələr, heç mərkəzi administrativ ierarxiya özü formalaşa bilmədi. Xocalı faciəsindən sonra xalq hərəkatının dalğasında bir neçə fasilədən sonra o, 1992-ci ilin martın 6-da istefa verməyə məcbur oldu.

 

Şuşanın işğalından sonra ölkədə yaranmış xaos şəraitində mayın 15-də Xalq Cəbhəsinin kütləvi etirazı qarşısında davam gətirməyən Mütəllibov ölkəni tərk edir. Əlbəttə ki, belə bir durumda da vahid, mərkəzi hakimiyyətə bağlı, təkmil icra hakimiyyətlərindən söhbət belə gedə bilməzdi.

 

Meydandan birbaşa partnomenklaturanın kreslosuna yerini dəyişən qüvvələr böyük nailiyyətlər və yeniliklər vəd etsələr də, onlara nail ola bilmədilər. Əvəzində ölkə siyasi xaosun girdabında üzürdü. Guya fransız prefekt üsulunu icra hakimiyyətlərinin idarə etməsində tətbiq edəcəklərini bəyan edənlər yerlərdə idarəetməni iflic duruma saldılar.

 

Mərkəzi hakimiyyətin verdiyi qərarlar demokratik sayılan bir hakimiyyətin bölgələrdəki təmsilçiləri tərəfdən demokratikcəsinə ləğv edilir, sayılmır, yerinə yetirilmirdi. Tam və hissələr arasında bağlar qırıldığından xalqın siyasi cəhətdən tanıyacağı və hesablaşacağı ünvan itirilmişdi. Belə taleyüklü dövrdə icra hakimiyyətlərinin formalaşması, xalqın tələb və çağırışlarını əks etdirməsi məhz 1993-cü illərdən sonraya təsadüf edir.

 

 

Yerli icra hakimiyyətlərinin formalaşdırılmasının ilk mərhələsi də ölkədəki siyasi xaosu durdurmada böyük rol oynadı. Bölgəsəl miqyaslı adamların önə çıxarılması həmin dövrdə zərurətə çevrildi. Ayrı-ayrı periferiyalarda  əvvəlki hakimiyyətdən qalma icra hakimiyyətlərindəki dağınıq durumları nizamlamaq üçün, ola biləcək silahlı üsyanların qarşısını almaq məqsədi ilə bir sıra güclü və nüfuzlu adamları yerlərdə önə çıxarmaq, onların malik olduqları mənəvi statusu belə demək olarsa, rəsmiləşdirməyə qərar verildi. Ağa dayılar, aslanovlar, daşdəmirovlar o vaxt səhnəyə çıxarıldılar.

 

Ölkə xaos və qarışıqlıqdan nizama doğru irəliləməli idi və icra başçılarının sabitlik yaratma vəzifələri bütün digər tapşırıqlardan əvvəl gəlirdi. Ümidlər özünü doğrultdu. Bölgəsəl nüfuz qazanan adamların ismi müəyyən müddət sonra kölgə altına düşsə də ölkəni normal relslər üzərinə qaytaran Heydər Əliyevin şahmat taxtası üzərində qurduğu plan baş tutdu. İnsanları təzədən müəyyən inzibati ierarxiyanın hökm sürdüyü hüquqi müstəviyə qaytarmaq mümkün oldu. Baxmayaraq ki, dinc dövrdə “birinci dalğa”nın gətirdiyi simalar artıq yeni əsrin yol ayrıcını keçməyə qadir deyildilər.

  

2000-ci illərə doğru hiss olunurdu ki, ictimai-milli çağırışlar dəyişir, yeni rəhbər kadr tipləri, yeni rəhbər obrazları bölgələrdə həyati əhəmiyyət daşımağa başlayırdı. Başa düşülən idi, çünki bütün inqilabi dağıcılıq proseslərinin episentrinə çevilən paytaxt Bakıda sabitlik əldə olunmuşdu, ölkə inkişaf edirdi və dövlət üzünü regionalara çevirməkdə qərarlıydı.

 

İlham Əliyevin liderliyi dövründə texnokrat bacarıqlı insanlar icra hakimiyyətlərinə rəhbər təyin olundular. Onlar rayonların sovetlərdən miras qalan dağınıq iqtisadiyyatını bərpa etməkdə, infrastrukturun təzələnməsində müəyyən rol oynaya bildilər. Hərçənd ki, yerli məmur obrazlarına sadə vətəndaşların münasibəti hələ də istismarçı keçmişin ənənələri üzərində olduğuna görə ümidləri doğrulmayan insanlar getdikcə daha çox bölgələrin birinci simalarını bütün çətinliklərin səbəbkarı kimi göstərməyə çalışırdılar. Enerji sektorundan su təsərrüfatına, yollardan hər hansı istehsal sahəsinədək hər yerdə paytaxtın hüquqi-siyasi-iqtisadi qurumlarından asılı olmaq başqa nəticə doğura bilməzdi.

 

Digər tərəfdən demoqrafik disbalans hökuməti təcili tədbirlər görməyə vadar edirdi. Paytaxtın yüklənməsi və boşalan kəndlər təkcə sosial yükün coğrafiyasını dəyişdirmirdi, eləcə də Mərkəzdəki idarəçiliyi çətinləşdirir, əvəzində büdcəyə uzanan əllər yaradırdı. Təsadüfi deyil ki, regionların iqtisadi proqramları məhz dövlət rəhbərinin əhalinin məşğulluq və iqtisadi problemlərini öz ünvanında həll etmək məramından irəli gəlmişdi. Yalnız bir rəqəmi demək kifayətdir ki, 2003-2015 ci illərdə bölgələrə qoyulan vəsait 50 milyard manata çatmışdı. Nəticədə daxili urbanizasiya və miqrasiya tempi xeyli azaldı və geridönüş baş verdi. İqtisadiyyatın coğrafiyası şaxələnə bildi. Təkcə onu xatırladaq ki, bu ilin yanvar-iyun aylarında regionlardan vergi daxilolmaları 22,7 faiz artıb.

 

Bu faktın bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artmasına və büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərdiyinə, digər tərəfdən isə regionların özünümaliyyələşdirmə imkanlarının yaxşılaşdığına dəlalət etdiyini xüsusi qeyd edim.

 

Cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ərazi vergi orqanları üzrə daxilolmalar 12,6 faiz artıb, bunun cəmi daxilolmada xüsusi çəkisi 9,5 faizdən 10 faizə qalxıb.

 

2018-ci ildə də İlham Əliyevin regionlara ayırdığı diqqət büdcə daxilolmalarının durumunu göstərmişdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkəmizdə ümumilikdə 192 mindən artıq iş yeri yaradılıb

 

Yeni iş yerlərinin strukturunda əsas yer (70 faiz) regionların payına düşür. Bu, bölgələrdə əlverişli işgüzar mühitin göstəricisi olmaqla yanaşı, vergi daxilolmalarının artımına da öz təsirini göstərib. Regionlarda, torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin bütün növ ödənişlərdən azad edilməsinə baxmayaraq, digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin iqtisadi fəallığı artıb.

 

2018-ci ilin ilk 10 ayı ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 576,7 milyon manat vəsait daxil olub ki, bu da proqnoz tapşırığına 111,6 faiz əməl edilməsi deməkdir. Yerli mənbələr hesabına, yəni mərkəzləşdirilmiş qaydada ödənilən vəsaitlər istisna olmaqla, bölgələrdən 431,4 milyon manat (16,2 faiz artıq) vergi toplanılıb. Qeyri-neft sektoru üzrə ÜDM-in 1%-lik real artımı fonunda ərazi vergi orqanlarında yerli mənbələr üzrə vergi daxilolmaları 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz çoxalıb.

 

 

Regionlarda vergi daxilolmalarının strukturuna diqqət yetirdikdə, özəl sahibkarlıq subyektlərinin xüsusi üstünlüyünü görmək mümkündür. Azad biznesə dövlət dəstəyi tədbirlərinin artırılması, vergi güzəştlərinin tətbiqi, vergi inzibatçılığının sadələşdirilməsi və vergi yükünün optimallaşdırılması özəl sektorun payının həm iqtisadi layihələrdə, həm də dövlət büdcəsinə ödənilən vergilərin həcminin artmasında özünü göstərməkdədir.

 

İlham Əliyevin 2003-cü ilin oktyabrında prezident seçildikdən sonrakı dövrdə iqtisadi sahədəki fəaliyətinin təhlili göstərir ki, regionların sosial-iqtisadi inkişafı problemi onun iqtisadi siyasətinin əsas prioriteti kimi qiymətləndirilə bilər. Hər şeydən əvvəl qarşıya qoyulan məqsəd və vəzifələrin coxcəhətliliyi diqqəti cəlb edir. Əslində regionların iqtisadi, sosial, mədəni həyatının elə bir sahəsi yoxdur ki, mühüm dövlət proqramlarında öz əksini tapmasın. Qəbul olunmuş sənədlərdə regionların inkişafını təmin etmək üçün 46 respublika miqyaslı tədbirin-inkişaf istiqamətinin və 668 region miqyaslı tədbirin həyata keçirməsi nəzərdə tutulmuşdu.

 

Dəyişən mənzərə təkcə vizual deyil, daxili mahiyyətinə və fundamental xarakterinə görə indi ayrı-ayrı rayonlarımız mərkəzdən daha çox müstəqllik əldə etməyə və sərbəst yaşamaq qabiliyyətinə yiyələniblər. 33 rayonun özünümaliyyələşdirmə durumu dediklərimizə sübutdur. O baxımdan hər bir yerli rəhbərin işinə məlum iqtisadi nailiyyətlər əsasında qiymət veriləcəyi, vətəndaşlarla daimi ünsiyyət mühitini bərqərar etmək, şəffaf və yüksək ictimai əxlaqa söykənərək rəhbərliyi həyata keçirmək “3-cü dalğa” saya biləcəyimiz yeni mərəhələnin başlıca məqsədini təşkil edir.

 

Menecerlik qabiliyyəti olan, bölgələrə investisiyalar cəlb etməyi bacaran kadrlar indi önəm daşımağa başlayıb. Dövlət başçısının irəli sürdüyü yeni islahatlar dalğasında icra hakimiyyətlərinin qarşısına qoyulan tələblər də dəyişmiş olur.

 

 

Gənc, dinamik, korrupsiya və rüşvətdən uzaq olan, təhsili yüksək, yeni tiplər artıq icra hakimiyyətləri obrazında yeni dalğadır. Kəndlərin inkişafı, bölgələrin daha da güclənməsi ölkə başçısının siyasətində əsas qayəni təmsil edir. Məhz kəndi idarə edən adamların uğurları onların paytaxt səviyyəsində regional inkişafı daha da təkmilləşdirməsi ilə nəticələnəcək.

 

Artıq vəzifə məsuliyyətindən kənar, büdcəni talamaq üçün məqam güdən bəzi yarıtmaz məmurlar da istər-istəməz ya dəyişəcək, ya da vəzifə eşalonlarından kənarlaşacaq.

 

Azərbaycanda artıq icra hakimiyyətləri yeni obrazları tələb edir:

 

  • Kəndi inkişaf etdirən
  • Paytaxta əmək miqrasiyasını azaltmağı bacaran
  • İnvestisiya cəlbini inkişaf etdirən
  • Texnika və texnologiyaları mənimsəyən
  • Müasir menecment və idarəetmə biliklərinə yiyələnən obrazlar dövlətin əsas diqqətindədir.

 

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır