Yuxarıya
skip to main content

Kiçik müəssisələr iqtisadiyyatda hansı paya malikdir?

11.11.2019

 

Avropa ölkələrində bütün müəssisələrin 93 faizi işçilərinin sayı 10 nəfərdən az olan müəssisələr təşkil edir. Ümumi işçilərin 67  faizi mikro, kiçik və orta sahibkarlıq subyetkərində çalışır və ümumi əlavə dəyərin 58 faizi onların payına düşür.

 

Azərbaycanda Nazirlər Kabineti 2018-ci ildə sahibkarlıq subyektlərinin yeni meyarlarını təsdiq edib.  Həmin meyarlara görə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü belədir:   

 

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları

İşçilərinin orta siyahı sayı

(nəfər)

İllik gəliri (ig)

(min manat)

Mikro sahibkar

1 - 10

ig ≤ 200

Kiçik sahibkar

11 - 50

200 < ig ≤ 3 000

Orta sahibkar

51 - 250

3 000 < ig ≤ 30 000

İri sahibkar

251 və ondan yuxarı

30 000 < ig

 

Qeyd edək ki, müəyyən vergi güzəştlərinin, investisiya qoyuluşlarının təşviqi üçün meyarların müəyyən edilməsi önəmli faktorlardan sayılır. Azərbaycanda 1 aprel 2019-cu il tarixinə qeydiyyatdan keçən 996 min 296 sahibkarlıq subyekti var. Bu sahibkarların yalnız yarısı aktiv fəaliyyətlə məşğuldur. Bu meyarlar arasında ölkədə fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayını aşağıdakı cədvəldə təqdim edirik:      

 

   

 

Ümumi sahibkarlıq subyektlərinin 99,5 faizini, özəl müəssisələrin isə 91,4 faizini MKOS-lar təşkil etsə də, məşğulluqda əsas yük dövlət sektorunun üzərindədir. Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğularda iştirak etmiş 1557 respondentin demoqrafik göstəricilərinin təhlilindən görünür ki, dövlət sektorunda çalışanların payı özəl sektorda çalışanların payından  bir neçə dəfə çoxdur.  Dövlət sektorundakı 520 nəfərin 78,8%-i dövlət orqanlarında (nazirlik, komitə, komissiya, xidmət, agentlik, icra hakimiyyəti), 7 %-i payı dövlətə məxsus təşkilatlarda (ASC, QSC və s.) çalışırlar. Özəl sektorda çalışan 156 respondentin 3-də bir hissəsi (33.3%) ticarətlə məşğul olur.

 

MKOS-ın iqtisadiyatın məhul buraxılışındakı payı 6 faiz, işçilərin sayındakı payı isə 20,8 faizdir. 2016-ci ildə qəbul olunan Strateji Yol Xəritəsinin də əsas hədəflərindən biri 2020-ci ilədək  kiçik və orta sahibkarlığın ÜDM-də payının 15 faizə, onun məşğulluqda payının 20 faizə, ölkənin qeyri-neft ixracında isə payının 10 faizə çatdırılması durur.

 

Özəl biznesin, sahibkarlığın inkişafı, iqtisadiyyatda, məşğulluqda rolunu artırmaq, kölgə iqitsadiyyatını azaltmaq üçün Vergilər Məcəlləsində mühüm dəyişikliklər edildi. Həmin dəyişikliklərə görə, kiçik və orta biznes üçün bir sıra güzəştlər nəzərdə tutulur:

- Kiçik və orta biznes (KOB) təbəqəsinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər.

- Kiçik subyektlər üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi də daxildir.

- MKOB əmlak vergisindən azaddırlar. 

 

Qeyd edək ki, Azərbaycanda ən böyük “kölgə iqtisadiyyatı”, ikili mühasibatlıq da məhz MKOS-lardadır. Beynəlxalq Valyuta Fondunun "kölgə iqtisadiyyatı"nın durumu ilə bağlı qlobal hesabatında 2015-ci il üçün Azərbaycanda “kölgə iqtisadiyyatı”nın vəziyyətini 43,7 faiz göstərir. Hesabata əsasən, 2010-cu ildən “kölgə iqtisadiyyatı”nın göstəricisinin cüzi dəyişdiyini müşahidə etmək olur.

 

 

MKOS-lara “kölgə iqtisadiyatı”nın yüksək olmasının, bu sektorda məşğul əhalinin az olmasının səbəbləri müxətlifdir. Bu gün fərdi sahibkarların böyük bir qismi orta və kiçik müəssisələrində xidmət müqaviləsi göstərən şəxslərdir. Sahibkarlar vergi yükünü azaltmaq üçün işçilərlə əmək müqaviləsiylə deyil, xidməti müqavilə üzərindən işləyir.  Xidmət müqaviləsi göstərən sahibkarlar isə birbaşa olaraq fiziki şəxs kimi reyestrə daxil olur. Ona görə də 990 mindən çox sahibkarlıq subyektlərinin yarısının aktiv fəaliyyəti yoxdur. Çünki bu şəxlərin bir qismi iş yerlərini tərk etdikdə “işsiz” kimi deyil, qeyri-aktiv “sahibkar” kimi qeydiyyatda qalır.

 

Bundan əlavə, mikro, kiçik və orta sahibkarlıq subyektlərində çalışan xeyli sayda işçilərin rəsmi qeydiyyata alınmaması halları da mövcuddur. Buraya dayəlik, taksi, satıcı, repititorluq, mebel, tikinti, iaşə obyekləri və sair sahələr daxildir. Bu sahədəki “kölgə iqisadiyyatı”nın azaldılması üçün vergi qanunvericiliyində optimallaşdırma aparılmalıdır.  Son dəyişikliklərdə xidmət müqaviləsi ilə çalışanların vergi yükü əmək müqaviləsi ilə işləyənlərlə müqayisdə artıb. Bu, bir növ əmək münasibətlərini xidmət müqaviləsiylə deyil, əmək müqaviləsi üzərindən tənzimlənməsinə sövq edir. Aparılan müşahidələr əsasında onu deyə bilərik ki, kiçik sahibkarlar vergi yükünün artmasının onların mal və xidmətlərini bahalaşdırdığını deyirlər. Digər tərəfdən sahibkarlıq subyektlərində çalışan işçilər rəhbərliklə əmək münasibətlərini müqavilə əsasında tənzimləməkdə çətinlik yaşayırlar, xidmət müqaviləsi ilə işləmək isə artıq belə işçilərə sərf etmir.

      

MKOB-ların maliyyə əlçatanlığı

 

İqtisadiyyatda yaşanan problemlərdən biri də biznesin, xüsusilə də kiçik və orta sahibkarlığın uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının məhdud olmasıdır. Bu gün Azərbaycanda kredit faizləri çox yüksəkdir. Eyni zamanda kredit şərtləri də ağırdır. Belə vəziyyətdə kiçik və orta sahibkarlar uzunmüddətli planlar qura bilmirlər. Kreditlər ən yaxşı halda 5 illiyə verilir, faizlər yüksək olur, nəticədə aylıq ödənişlər böyük məbləğlərdə ifadə olunur. Xüsusilə, Azərbaycan qeyri-neft sektorunda aqrar sektorun inkişafını əsas prioritet olaraq görür. Aqrar sektorda çalışan sahibkarların isə qısamüddətli və bahalı kreditlərlə hansısa biznes layihəsini həyata keçirməsi mümkün deyil. Məsələn, hansısa bitkiçilik, tingçilik sahəsində məşğul olan fermerin əkdiyi sahədən məhsul eldə etməsi və orada mənfəət götürməsi üçün ən azı 5-6 il müddət lazım gərəkir. Lakin kiçik sahibkara təklif olunan kredilərin müddəti 5-6 il olur ki, bu da əlverişli sayıla bilməz. Belə sahibkarlar üçün xüsusi kredit güzəştləri yalnız dövlət maliyyə institutları tərəfindən həyata keçirilir. 

 

Azərbaycanda sahibkarlara kredit verən təşkilatlar:

-Bank Olmayan Kredit Təşkilatları (BOKT)

-Kommersiya bankları

-Sahibkarlığa Kömək Milli Fondu

-Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi və sair.

 

Strateji Yol  Xəritsində maliyyə resurslarının çıxışına dair yol xətti var və orada Kredtilərin Zəmanət Fondunun yaradılması nəzərdə tutulub. 2017-ci ildə Prezident fərmanı ilə İpoteka və Kreditlərin Zəmanət Fondu yaradıldı. Fond kommersiya bankları tərəfindən verilən minimum 30 mindən başlayan və faiz dərəcəsi 20 fazidən çox olmayan kreditlərə zəmanət verir. Bununla bankların risklərini azaldır. Regionlarda kreditlərin zəmanətlə verilməsi ən vacib amillərdən biridir. Çünki banklar üçün regionlarda kreditlərin verilməsi riskli görünür və kredit portfelinin 80 faizi Bakının payına düşür. 

 

 

Bank və bank olmayan kredit təşkilatları üzərindən apardığımız qısa araşdırmada mikro, kiçik və orta sahibkarlığa yönələn kreditlərin faiz dərəcələrinin yüksək olduğunun şahidi olmaq olur. Hazırda ölkədə 30 kommerisiya bankı, 92 BOKT-ı fəaliyyət göstərir.  Onların MKOS, aqrar sektor üçün verilən kreditlərin faizi 19-40 faizi arası dəyişir. Bu gün ölkə iqitsadiyyatında fiskal risklərin çox olması kredit faizlərinin yüksək olmasına yol açan amillərdən biridir. Sahibkarlıqla məşğul olan subyektin rentabelliyi ən azı 40-50 faiz olmalıdır ki, kredit faizlərini ödəyə bilsin. MKOS-lar üçün rahat lizinq xidməti, ucuz kreditlərlə əlçatanlıq genişlənməlidir

 

Hələ ki ucuz maliyyə mənbələri dövlət təşkilatı hesab edilir. Bu təşkilatlar “Aqrarkredit” QSC, “Sahibkarılığın İnkişaf Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 7 faizlə,  Sahibkarlığın İnkişafı Fondu isə 5 faizlə kredit verir. 2019-cu ilin 9 ayının nəticələrinə görə bu təşkilatlar tərəfindən biznesə yönələn kredtilərin həcmi 98.8 milyon manat olub. Bu vəsaitlərin regionlar üzrə bölgüsü aşağıdakı qrafikdə göstərilir:



 

                  

 

Göründüyü kimi, bölgələrdə sahibkarlıq subyeklərinin maliyyələşməsi daha çox dövlət sektorunun üzərinə düşür. 

 

2018-ci ildə ixracda əsas yük-92.3 faiz neft-sektorunun, yəni iri şirkətlərin üzərində olub. Nəinki MKOS-ların, ümumiyyətlə, qeyri-neft sektorunun  ixracatda payı 10 faizə çatılmayıb. Maliyyə əlçatanlığın zəifliyi kiçik və orta sahibkarlığın ümumi Azərbaycan iqtisadiyyatında, o cümlədən ixracatda payının aşağı olmasına təsir edən ən başlıca səbəblərdən biridir. 

 

Vüsalə Rüstəmova
Bakı Dövlət Universitetini bitirib. 2003-cü ildən jurnalist kimi bir sıra mətbuat orqanlarında çalışıb. Hazırda tədqiqatçı kimi fəaliyyət göstərir.