Yuxarıya
skip to main content

VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNDƏ ALİ BAŞ KOMANDANIN FƏALİYYƏTİ İCTİMAİ RƏYDƏ

01.01.1970

Sosial Tədqiqatlar Mərkəzi (STM) yarandığı vaxtdan etibarən dövlət başçısı, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki fəaliyyəti ilə bağlı ictimai rəy sorğuları əsasında analitik hesabatlar təqdim edir.


Sorğular Azərbaycanda davamlı aparılması baxımından ilk dəfə olmaqla yanaşı, dünya təcrübəsində “İnam indeksi”, həm də performans kimi məlum olan, dövlət başçılarına ictimai rəydə etibar, dəstək reytinqlərini müəyyən edən tədqiqatlarda tətbiq edilən elmi metodlarla aparılır. Bu silsilədən olan tədqiqatlarda əsas məqsəd ictimai rəydə prezidentin fəaliyyətinə münasibəti operativ öyrənmək, çevik dəyərləndirmək, rüblük monitorinqlərin nəticələrini müqayisəli təhlil etməklə ictimai rəyin dinamika və tendensiyalarını izləməkdir. Təqdim edilən rəy sorğusu 2020-ci ilin son rübündə müasir tariximizin Zəfər salnaməsinin yazıldığı Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə münasibəti əks etdirir. Sözügedən dövrdə Azərbaycanın siyasi liderinin milli maraqlara və siyasi iradəsinə əsaslanan qərarları sayəsində müstəqil dövlətçiliyimizin tarixində yeni-şanlı Zəfər səhifələri yazıldı. Müvafiq olaraq, Prezidentin fəaliyyəti ilə bağlı ictimai rəydə inam və etimad daha da yüksəlib.

Vətən müharibəsində qələbənin milli dövlətçiliyimizin taleyində tarixi-siyasi, ideoloji dəyəri, lokal, regional və qlobal müstəvilərdə beynəlxalq əhəmiyyəti, Azərbaycanın əldə etdiyi yeni hərbi-geosiyasi üstünlük və statusu, bir sıra analitiklərin “Azərbaycanın müharibə modeli”, “Qələbə formulu” kimi adlandırdığı yeni hadisə hələ uzun zaman tədqiqat və müzakirələrin mövzusu olacaq. STM-in “İnam indeksi” silsiləsinin davamı olaraq təqdim edilən bu hesabatda 2020-ci ilin son rübündə Prezident İlham Əliyevin fəaliyyətinə ictimai münasibətin nəticələri əksini tapıb.

2020-ci il sentyabrın 27-də II Qarabağ-Vətən müharibəsi başladı. Həmin gün dövlət başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”. Bir-birinin ardınca işğaldan azad edilən, lokal Qarabağ torpaqları regional geosiyasi transformasiyalara və qlobal əhəmiyyətli hadisələrə vəsilə oldu. Azərbaycanın Vətən müharibəsi beynəlxalq hərbi və geosiyasi gündəmdə “zəlzələ effekti”ni yaratdı. Qarabağda ən müasir hərbi-texnoloji inqilabın nəticələrinin tətbiq edildiyi hərbi əməliyyatlar qlobal ekspert cəmiyyəti tərəfindən “5-ci nəsil müharibə”, “XXI əsrin müharibəsi” kimi səciyyələndirildi. Dünya mediasında qaynar xəbər başlıqlarının episentrini, hərbi analitiklərin qızğın müzakirələrinin mövzusunu təşkil etdi. Müasir dövlətçilik tariximizin hərbi-siyasi təqviminə “Vətən müharibəsi, Qələbə/Zəfər günləri” adlanan səhifələri əbədi həkk edildi.

Təqdim edilən rəy sorğusunda respondentlərə aşağıdakı istiqamətlər üzrə suallar ünvanlanıb:

- Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəliliyinin dəyərləndirilməsi;

- Qarabağın hərbi yolla azad edilməsinə inamın əsasında duran amillərin öyrənilməsi

- Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərin dəyərləndirilməsi

- 2020-ci ildə ölkə başçısının fəaliyyətində daha çox təqdir edilən və təqdir edilməyən məqamlar

- Müharibə və pandemiya dövründə əhalinin hiss etdiyi əsas təhlükələrin öyrənilməsi

Vətən müharibəsində qələbə 2003-cü ildən hədəfə alınan “Böyük strategiya”nın gerçəkləşdiyi tarixi həqiqət anı oldu. Bu gün Zəfər tarixini mümkün edən əsas determinantlardan biri Prezidentin ölkəmizdə daxili ictimai-siyasi sabitliyi təmin etməyə qadir olmasıdır. Bu da öz növbəsində “Böyük strategiya”da ordu quruculuğunun aparıcı statusuna dəlalət etməklə yanaşı, dövlət başçısının tarixin sınağından çıxmış “Ordum varsa, yurdum var” imperativini nə qədər ciddi hesab etməsinə işarədir. Məhz bu siyasətin nəticəsində, qlobal indekslərdə regionun ən güclü ordusu kimi yer alan Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Zəfər ordusuna, XXI əsr 5-ci nəsil müharibəsindən qalib çıxan rəşadətli orduya çevrildi. Dövlət başçısının hərb siyasəti nəticəsində ordumuz sarsılmaz milli birliyin, Qarabağda hər qələbədən sonra ucalan bayrağımızın simvoluna, Azərbaycana beynəlxalq rəğbət və hörmətin, polietnik və çoxkonfessiyalı xalqımızın Azərbaycançılıq dəyərlərinə sadiqliyinin, ayrılmaz həmrəyliyinin nümayişinə çevrildi.

Son iki əsrdə nəinki dövlətçilik tariximizdə, həmçinin dünya tarixində rast gəlinməyən, demək olar ki, heç bir ölkəyə nəsib olmayan qalibiyyət hadisəsi - işğal edilmiş torpaqların hərbi güclə geri qaytarılması baş tutdu. Təsadüfi deyil ki, Ali Baş Komandanın son 200 ildə itirilmiş torpaqları ilk dəfə geri alması respondentlərin 96.4%-i tərəfindən 2020-ci ildə ölkə başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirilib. Sitat: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi” (Prezident İlham Əliyev).

Rəy sorğusunda “Ali Baş Komandanın genişmiqyaslı hərbi əməliyyatlara başlamaq qərarı verərkən ən çox nəyə güvəndi?” sualına respondentlərin cavabında da ilk yerdə ordu və xalq sıralanır. “Vətən müharibəsində qələbəmizin əsasında hansı amillər dayanır?” sualına cavab verən respondentlərin 64,1%-i “müasir hərbi texnoloji təminatlı ordu”nu bu amil qismində görür. “Xalqa müraciətlər” və ictimai rəy: sarsılmaz milli birliyə, səfərbərliyə çağırış və yeni qələbə xəbərlərinin bəyan olunması Vətən müharibəsinin gedişində Ali Baş Komandanın fəaliyyəti ilə bağlı keçirilən ictimai rəy sorğusunda dövlət başçısının xalqa müraciətlərinin dəyərləndirilməsi də mühüm yer tutur. 65.6% respondent Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini təqdir edib. Sentyabrın 27-dən başlayan müraciətlər, Prezidentin nitqləri respondentlər tərəfindən milli birliyin təmin edilməsi, eləcə də siyasi, tarixi, mənəvi və ideoloji əhəmiyyəti baxımından yüksək qiymətləndirilib. Dövlət başçısının sentyabrın 27-də yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına etdiyi ilk müraciət xalqımızı səfərbərliyə çağırışın müjdəsi oldu. Bu müraciətlərin otuz ilə yaxın Ali Baş Komandanın əmrini gözləyən xalqımızda necə mənəvi-rüh yüksəkliyi yaratdığını sözlə ifadə etmək çətindir. Müqəddəs Vətən müharibəsinin başlanması ilə bağlı bəyanat minlərlə könüllü vətəndaşın hərbi səfərbərlik çağırışına qoşulmasına start verdi. Sonrakı müraciətlər, paradoksal olaraq, yalnız yeni qələbələrin bəyan edilməsinin gözləntisinə çevrildi. “Xalqa müraciət” ifadəsi ictimai rəydə yeni qələbə müjdəsi ilə eyniləşdi. Hər bir vətəndaşın bu müraciətləri evdə, işdə, küçədə, ictimai nəqliyyatda ürək döyüntüsü ilə gözləməsi, ən başlıcası, Ali Baş Komandana, Zəfərə mütləq inamı respondentlərin cavablarında da öz əksini tapıb. Paradoksal hesab ediləcək bu inamın nədən qaynaqlanmasının özü də tədqiqatların mövzusudur. Müraciətlərin ana xəttini “Hər şey Vətən üçün! Hər şey Qələbə üçün! Birlikdə güclüyük” ideyası təşkil edirdi. Onu da vurğulamaq lazımdır ki, daxili auditoriyaya ünvanlanmış olsa da, Ali Baş Komandanın xalqa müraciətləri bir sıra nüfuzlu xarici mətbu orqanlarda da gündəmə çevrildi. Düşmən ölkənin mediası da müraciətlərdə deyilən hər kəlməni diqqətlə izləyirdi. Respondentlər 44 günlük müharibənin gedişində Prezidentin xalqa müracətləri ilə bağlı rəylərində ilk olaraq döyüşlərə rəhbərlik edən ali şəxsin gecə-gündüz tükənmək bilməyən fədakarlığını, səmimiyyətini, müharibənin gedişatı ilə bağlı dövlətimizin mövqeyinin xalqla bölüşməsini, şəffaflıq və hesabatlılıq kimi dövlət idarəçilik prinsiplərinin üstünlüyünü vurğulayıblar.

Digər mühüm məqamlar kimi müraciətlərdə Prezidentin sosial şəbəkədəki səhifələri üzərindən işğaldan azad olunan kənd, qəsəbə və şəhərlər haqqında məlumatları xalqa çatdırması ictimai rəydə böyük ruh yüksəkliyi formalaşdırdı. Müraciətlərdəki ifadələrin xalqımızın dilində yeni deyimlərə çevrilməsi, uşaqdan böyüyə nitqlərin əzbər söylənilməsi, sosial şəbəkələrdə kütləvi paylaşılması, dövlət başçısına olan səmimi hisslərin nümayişi olmaqla yanaşı, müharibənin gedişində həm də böyük ruh yüksəkliyini təmin etdi.

Qarabağ zəfərinə gətirən Azərbaycan xarici siyasəti ictimai rəydə Son 17 ildə xarici siyasətdə, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında dövlətimizin “informasiya blokadasından informasiya hücumuna” qədər gəldiyi yol göz önündədir. Xalqımız illərlə qəbul edilən onlarla ədalətsiz qətnamələrə şahidlik edib. Dünyaya münaqişəni həll edən tərəf kimi təqdim edilən Minsk qrupuna üzv ölkələrin Vətən müharibəsində ortaya qoyduğu qərəzli mövqe siyasi əxlaq və beynəlxalq hüququn bütün çərçivələrini aşdı. Sitat: “Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda, münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi” (Prezident İlham Əliyev). Məhz hərbi-strateji təfəkkür sayəsində dövlətimiz formalaşmaqda olan nadir tarixi fürsəti milli zəfərin əzəmətinə çevirməyi bacardı.

Qlobal media gündəmini silkələyən müsahibələr informasiya müharibəsinin “xüsusi təyinatlı qüvvəsi” oldu. Ay yarım davam edən Vətən müharibəsində Prezidentin çoxsaylı xarici KİV-lərə verdiyi müsahibələr informasiya müharibəsi cəbhəsində dünya erməni və antiazərbaycançı şəbəkəsinin bütün səylərinin üzərindən xətt çəkdi. İlham Əliyevin parlaq şəxsi keyfiyyətləri ilə baş tutan ardıcıl müsahibələr “informasiya bombası” effektini yaratdı, düşməni bu sahədə tərksilah etdi. Müsahibələr informasiya cəbhəsinin xüsusi təyinatlı qüvvəsinə çevrilərək, Azərbaycanın otuz illik haqq davasından dönməyəcəyinin, sentyabrın 27-dən dövlət başçısına edilən fövqəladə aqressiv xarici təzyiqlərin dəf edilməsinin bəyanına çevrildi. Respondentlərin bu müsahibələrlə bağlı rəyləri sorğu gedişində öyrənilib. “Dövlət başçısının fəaliyyətində hansı məqamları daha çox təqdir etdiniz?” sualına respondentlərin 61.2%-i dövlət başçısının xarici KİVlərə müsahibələrini və hücum diplomatiyasını onun cari ildəki fəaliyyətinin əsas təqdirəlayiq elementlərinin biri kimi görür. Əvvəlki illərlə müqayisədə II Qarabağ müharibəsindən sonra Prezidentin siyasi liderlik xarakterində aşkar edilən yeni dəyişikliklər, keyfiyyətlər də ictimai rəyə əsasən müsahibələr gedişində bəlli olub. Yeni keyfiyyətlər sırasında dövlət başçısının “Diplomatiya sahəsində bu qədər güzəştsiz və prinsipial olması”, “Xüsusilə xarici televiziya kanallarına verdiyi müsahibələrdə sərt və kəskin məntiqinin müşahidə edilməsi”, “Heydər Əliyev kimi milli lider olması”, “Xalqa çox yaxın və onun fikrini olduqca dəyərləndirən insan olması” kimi cavablar səsləndirilib.

Dövlət başçısının diplomatik və hərbi strateq dühasının təntənəsi 10 noyabrda sülh razılaşması ilə bağlı bəyanat və Ermənistanın təslim olması, Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan alınması oldu. Bu sahədə dünyada ilk mənbə hesab edilən Sun-Tszının “Hərb məharəti” (Sun Tzu, The Art of War) əsərindəki 36 hərbi stratagemadan ən məşhuru “Düşməni döyüşsüz məğlub etmək” noyabrın 10-dan sonra baş verdi. Bu, Vətən müharibəsində Azərbaycanın etibarlı strateji tərəfdaş statusunu və beynəlxalq nüfuzunu daha da yüksək səviyyəyə qaldırdı. İlham Əliyevin diplomatiya modeli nəinki regionun simasını, bütövlükdə qlobal geosiyasi konfiqurasiyanı - qüvvələr balansını dəyişməsi proseslərinə təkan verdi. Beləliklə, ikiqütblü dünyanın çöküşünə vəsilə olan I Qarabağ müharibəsindən sonra, 27 sentyabrda başlayan II Qarabağ müharibəsi də köklü geosiyasi transformasiyanın başlanğıcı, geosiyasi təlatümlərin tətiyi kimi çıxış edəcək. Azərbaycan formalaşacaq yeni geosiyasi konfiqurasiyanın episentridir. Vətən müharibəsində qələbəyə gətirən xarici siyasətimizin beynəlxalq geosiyasi əhəmiyyəti hələ dərindən dərk edilməyib. Prezident Azərbaycanın haqq işini döyüş meydanında müdafiə edərək, BMT qətnamələrini icra edərək, ədaləti bərpa etdi. Qarabağ zəfəri dünyada davam edən həll edilməmiş münaqişələrdən çıxış yolu, örnək-presedent oldu. Qeyd edilən bu məqam respondentlərin “Son 6 ayda Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına cavabda əksini tapıb. Dövlət başçısının bu sahədə həyata keçirdiyi sosial dəstək paketləri 60,1% respondent tərəfindən bəyənilib. Prezidentin pandemiyaya qarşı mübarizədə strateji qərarlar qəbul etməsi 58,8% respondent tərəfindən yüksək qiymətləndirilib. “Görünməyən düşmən” - koronavirusla müharibə dövründə dövlət başçısının qlobal mübarizə platformasını yaratmaq yönündə irəli sürdüyü təşəbbüslər xüsusilə diqqəti cəlb etdi.

Beləliklə, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bu sorğunun əvvəlkilərlə müqayisəli təhlili ictimai rəydə Prezidentə inamın dinamikasının indiyə qədər heç vaxt bu qədər yüksək olmadığını aşkara çıxarıb. Dövlətlərin qazandığı uğurlarla siyasi liderlərə yüksələn xətt üzrə artan inamın mütənasiblik təşkil etməsi kimi sosioloji qanunauyğunluq bu hesabatda bir daha əsaslı təsdiqini tapmış olur.

Sorğunun əhatə dairəsi Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb. Respondentlərin seçimi Sorğuda təsadüfi üsulla seçilmiş 1217 respondent iştirak edib. Seçmənin birinci mərhələsində hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib. Növbəti mərhələdə hər yaşayış məntəqəsindən sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda təsadüfi qaydada stasionar telefon nömrəsi seçilib. Seçilmiş klasterlər üzrə telefon nömrələrinin olduğu baş məcmuda hər üçüncü nömrəyə zəng edilib. İmtina hallarında növbəti-üçüncü nömrə ilə əlaqə saxlanılıb.

Tədqiqat yanaşması və sorğunun aparılma üsulu: Tədqiqat yanaşması olaraq, təkrar tədqiqat dizaynı seçilib. Metodologiya elmində təkrar tədqiqat dizaynı uzunmüddətli dövrdə tendensiyaları ölçmək üçün istifadə edilir. Belə ki, cari sorğu 2020-ci ilin əvvəlində başlayan və artıq 2 dəfə keçirilmiş sorğunun sayca üçüncüsünü təşkil edib. Tədqiqatın keçirilməsində kəmiyyət metodologiyası çərçivəsində anket sorğusundan istifadə edilib. Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibəsi üsulundan və SurveyToGo proqramından istifadə edilib. Sahə işi 2020-ci ilin 6-13 dekabr tarixlərində aparılıb. Telefon zəngləri saat 10:00-21:00 arasında həyata keçirilib. Sorğunun orta keçirilmə müddəti 23 dəqiqə 17 saniyə olub. Etik prinsiplər Bütün müsahibələrdə anonimlik ciddi şəkildə təmin edilib. Respondentlər tam əmin ediliblər ki, onların cavabları yalnız ümumiləşdirilmiş şəkildə istifadə olunacaq. Bu amil sorğu nəticəsində toplanılan məlumatların yüksək etibarlılığına səbəb olub. Təlimat Sorğuya başlamamışdan öncə intervüyerlərə Mərkəzin əməkdaşları tərəfindən təlim keçirilib. Eyni zamanda, təlim zamanı intervüyerlər anket və təlimatlarla təmin ediliblər. Son olaraq isə sorğu anketindəki hər bir sual üzrə geniş izahlar verilib və intervüyerlər tərəfindən test sorğusu aparılıb. Məlumatların işlənilməsi və təhlili Sorğu başa çatdıqdan sonra hər bir anket üzrə birbaşa bazada toplanan məlumatlar SPSS - Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib. Təsviri analizlərlə yanaşı, dəyişənlər arasında bir sıra korrelyasiyalar (əlaqələr) müəyyənləşdirilib, həmçinin X² testindən istifadə edilib. Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.


Analitik hesabatın elektron versiyası: İnam indeksi