Rəsulzadənin plakatı altında tüğyan edən siyasi ekstremizlə nə etməli?
100 il əvvəlki və indiki mühacirət. Sosial və siyasi miqrasiya arasındakı bir əsrlik paralellər
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ali təhsil almaq üçün xarici ölkələrə göndərdiyi gənclərdən bir qismi də bolşevik işğalından sonra Vətənə dönməyərək mühacirət həyatını seçib. Həmin gənclərdən biri olan Hilal Münşi mühacirətdə fəal siyasi xadim və publisist kimi tanınmış və Azərbaycan Milli Mərkəzinin Berlin təmsilçisi olub. İkinci Dünya müharibəsindən sonra da siyasi səbəblərlə əlaqədar (almanlara əsir düşdüklərinə, yaxud Vətənin qurtuluşu uğrunda milli hərbi birliklərin tərkibində sovet qoşunlarına qarşı döyüşdüklərinə görə) cəbhədən geriyə qayıda bilməyən soydaşlarımızın hesabına Azərbaycan mühacirətinin sıraları növbəti dəfə sıxlaşdı. Belə ki, Vətənə qayıdıb NKVD zindanının zirzəmisində edam olunmaqdan, yaxud Sibirə sürgün edilməkdənsə, xarici ölkələrdə qalmağı üstün tutan milliyyətçi azərbaycanlıların bir qismi mühacirətimizin siyasi qanadına qoşuldu və istiqlal savaşını bu yolla davam etdirməyə başladı.
Hərb meydanından siyasi mühacirətin sıralarına qatılanlardan A.Dağlı, T.Atəşli, S.Təkinər 1950-1970-ci illərdə Azərbaycan mühacirətinin ədəbi fikrinin inkişafında mühüm xidmətlər göstəriblər. Bu məqamları xüsusi vurğulamaqda məqsədimiz diqqəti Azərbaycan siyasi mühacirətinin təşəkkülünü və inkişafını şərtləndirən amillərin müxtəlifliyinə yönəltmək və bununla da Azərbaycan mühacirət nəsri, «mühacir» və «mühacirət» sözlərinin, təcrübədə, müxtəlif lüğət və ensiklopediyalarda onlara verilən izahlardan daha geniş məna yükü daşıdıqlarını təsbit və aşkar etməkdir.
Siyasi mühacirət insanların yalnız siyasi motivlərlə öz ölkəsini tərk edib başqa ölkəyə köçməsinin nəticəsində deyil, eyni zamanda onların müxtəlif münasibətlərlə getdikləri ölkələrdən yenə də siyasi motivlərlə əlaqədar geriyə – vətənə dönməmələri nəticəsində də yarana bilir. Azərbaycan siyasi mühacirətinin tarixi ilə bağlı yuxarıda xatırlatdığımız faktlar bunun əyani sübutu, bariz təsdiqidir. XX əsrdə baş verən iki dünya müharibəsi, çoxsaylı regional hərbi əməliyyatlar, irqi, dini və milli zəmində törəyən münaqişələr, inqilablar, iqtisadi böhranlar və s. mühacirətin əvvəlki yüzilliklərlə müqayisədə xüsusilə geniş miqyas almasına səbəb olub. Bu isə öz növbəsində dünyada gedən sosial-siyasi proseslərdə, ayrı-ayrı millət və dövlətlərin tarixi taleyində mühacirətin, özəlliklə, siyasi mühacirətin rolunun əhəmiyyətli dərəcədə artmasını, bir sıra hallarda isə həlledici amilə çevrilməsini şərtləndirib.
Özü də siyasi mühacir olan M. B. Məhəmmədzadəni cəsarətlə Azərbaycan mühacirətşünaslığının banisi saya bilərik. Belə ki, onun mühacirət tariximizə dair çoxsaylı məqalələri, xüsusilə “Milli Azərbaycan hərəkatı” adlı qiymətli araşdırması- Azərbaycan mühacirət nəsrinin müvafiq fəsilləri buna əsas verir. “İstilaya məruz qalmış yurdunu qurtarmaq, hürriyyət və istiqlalını qaytarmaq üçün apardığı şanlı savaşda hər millət qəhrəmanlıqlar, fədailər, mücahidlər, şəhidlər və məzlumlarla yan-yana, bir də siyasi mühacirət yaradır” – deyən Mirzə Bala sözügedən araşdırmasında dünya mühacirət hərəkatının tarixindən, müxtəlif millətlərin müqəddəratında siyasi mühacirətin şanlı rolundan müxtəsər bəhs etmiş, Azərbaycan mühacirətinin tarixi kökləri, inkişaf mərhələləri üzərində ətraflı dayanaraq, onun Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra formalaşan yeni mərhələsinin fəaliyyətini müfəssəl təhlil edib.
Milli mühacirətimizin sosial tərkibinin daim dəyişdiyini, yeniləşdiyini, şəkildən-şəklə düşdüyünü, bu toplum içərisində müxtəlif səviyyəli zümrələrin bir-birinə qarışdığını, müxtəlif mənafelərin çarpışdığını qeyd edən M.B.Məhəmmədzadə Azərbaycan mühacirətini siyasi və sosial olmaq üzrə iki qrupa ayırır. Milli istiqlal hərəkatını – “Azərbaycan istiqlal mübarizəsi”ni xarici ölkələrdə aparan, təbii ki, mühacirətimizin siyasi qolu idi. Azərbaycan sosial mühacirətini yaradanlar da məhz siyasi mühacirlərimiz idi. Sosial mühacirət dedikdə isə aşağıdakılar nəzərdə tutulur:
- Vətəndəki quruluşa və qayda-qanuna münasibətdə açıq müxalifət mövqeyində dura bilir;
- Hər zaman, heç olmazsa, zəif də olsa, nostalgiyanın acısını ifadə edir;
- Vətən mühiti ilə bilavasitə deyil, yaddaş vasitəsi ilə bağlıdır və mənsub olduğu xalqın çağdaş həyatından zaman və məkan baxımından ayrı düşüb;
- Vətəndəki tarixi dəyişiklikləri öncədən duyur və kəskin hiss edir;
- İkidilliliyə və ikimədəniyyətliliyə, yaxud ən azı bir dili digər dillə və ya doğma (milli) mədəniyyəti yaşadığı ölkənin mədəniyyəti ilə zənginləşdirməyə meyillidir;
- Vətəni həm daxildən, həm də xaricdən görür (çıxış və yeni sığınacaq nöqtələrindən dünyanın miqyaslı görünüşü);
- Ölkələr, xalqlar, mədəniyyətlər arasında körpü salır. Yuxarıda sadalanan universal xüsusiyyətləri müəyyən qeyd-şərtlə Azərbaycan sosial mühacirətinə də şamil etmək olar. Bununla belə, hər bir xalqın, o cümlədən Azərbaycan xalqının siyasi və sosial mühacirəti, təbii ki, özünün spesifik cəhətləri ilə seçilir.
İlk növbədə onu qeyd edək ki, Azərbaycan mühacirəti 1920-1991-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına qədər olan dövrü əhatə edir. Doğrudur, Azərbaycan siyasi mühacirətinin tarixi kökləri daha əvvəllərə – XΙX əsrin ilk rübünə gedib çıxır. Lakin əvvəlki araşdırmalarımızda da vurğuladığımız kimi, istər XΙX əsrin, istərsə də XX əsrin əvvəllərinin Azərbaycan mühacirəti təşkilatlanmış toplum deyildi, ideoloji mübarizə vasitələrinə, mətbuata, nəşriyyata malik deyildi; onun fəaliyyəti heç bir siyasi qurum tərəfindən istiqamətləndirilmirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranıb, zaman-zaman inkişaf etmiş mühacirətimiz isə daha kütləvi və mütəşəkkil xarakter daşıyırdı, müxtəlif ölkələrdə özünün siyasi qurumlarına, mətbuat orqanlarına malik idi. Ən başlıcası isə bu mühacirət məskunlaşdığı ölkələrdə özünün siyasi, sosial və mədəni mühitini yaratmış, yetmiş il ərzində müxtəlif vasitələrlə Azərbaycan milli hərəkatını davam etdirmiş, zəngin ideoloji-siyasi və ədəbi-elmi irs qoyub gedib. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin bu dövrdəki ictimai-siyasi və publisistik fəaliyyətindən çıxış edir. Araşdırmalar göstərir ki, 1909-cu ildən mühacirətdə olan Ə.Ağaoğlu yalnız 1920-1930-cu illərdə qələmə aldığı bədii əsərlərlə mühacirət ədəbiyyatımızı zənginləşdirməyə başlayıb.
M.Ə.Rəsulzadə ikinci mühacirəti dövründə (1922-1955) Azərbaycan siyasi mühacirətinin və siyasi - ictimai fikrinin dəyərli örnəklərini yaradıb. Ə.Hüseynzadəyə gəldikdə, onun həyatının mühacirət dövrü müəyyən mənada ictimai-siyasi aktivliyi ilə seçilib. Ümumiyyətlə, bəzi hallarda Azərbaycan mühacirətinin xronoloji sərhədlərinin və nümayəndələrinin müəyyənləşdirilməsində nəzəri-metodoloji səhvlərə yol verilir. Bu səbəblə də XX əsrdə siyasi səbəblər ucbatından dünyanın müxtəlif ölkələrinə səpələnən siyasi-ictimai şəxsiyyətlərin irsi geniş tədqiq edilməlidir.
Müstəqillikdən sonra başlayan mühacirət dalğası müəyyən siyasi və iqtisadi səbəblərlə həyata keçirilib. Bu proses ölkədə müharibənin başladığı dövrü əhatə edib. Həm müharibə aparan, həm də dövlətini qurub yaşatmağa çalışan Azərbaycanın iş potensialı olan vətəndaşlarının ölkəni tərk etməsi narahatçılıq doğururdu. Ama vətən onu tərk edənlərlə tərk edilmədi. Onu qoruyan fədakar övladları ilə gücləndi. Rəsulzadə və silahdaşları bolşevik işğalından sonra mühacirətdə Azərbaycanı və onun milli mənəvi dəyərlərini təbliğ etdilər, onlar getdikləri ölkələrdə Azərbaycan adını əbədiləşdirdilər, ölkənin səsi, nəfəsi oldular. Onların çıxışları və yazdıqları hər sətir Azərbaycanın adını ucaltmaq amalına xidmət edib. Onlar “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarına sadiq qalaraq, üç rəngli bayrağı təkrar müstəqil Azərbaycanda ucaltmaq üçün mübarizə aparıblar. Onların arzusu Azərbaycanı azad, müstəqil görmək və üçrəngli bayrağı təkrar ölkə səmalarında dalğalandırmaq idi. Müstəqillikdən sonra onların yaşadıqları yerlərə gedən azərbaycanlılar bu böyük şəxsiyyətlərin qazandığı hörmət və ehtiramın bəhrəsini görməkdədirlər. Amma yaxın tarixdə bir çox mühacirlər onların müstəqil və azad görmək istədikləri Azərbaycanının imicinə ziyan verməyə çalışmaqdadırlar.
Bəzi müxalifət və onun mühacir qanadının hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və bu iddiaların həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda, arzuolunmaz iştirakçısı olmağa sürükləyir.
Ayrı-ayrı ölkələrin siyasi tarixindən göstərilən səbəblərdən müxalifət qüvvələrinin ifrat siyasi radikalizmə yuvarlanmasına, inqilabçı hərəkatlara, radikal dini dəstələrə və hərəkatlara, anarxist, hətta terrorçu təşkilatlara çevrilməsinə dair kifayət qədər misallar gətirmək mümkündür.
Bunu ölkədə demokratiyanın azlığı ilə əsaslandırmağa çalışanlar öz iddialarında qətiyyən səmimi deyillər. Müxalifətin ictimai dəstəyinin azlığının cəmiyyətə demokratiya azlığı kimi təqdim edilməsi cəhdləri yeni deyil və bu artıq vərdiş halına çevrilib, həm də siyasi taktika dərəcəsinə qaldırılıb.
Mühacir müxalifətin əsas təhlükəsi və buradan da irəli gələn arzuolunmazlığı onun hakimiyyətə deyil, dövlətə qarşı alətə çevrilməsindədir. Onun əli ilə aparılan total yalan və böhtan kampaniyasının, ən uğursuz müqayisələrin, ölkə əhalisinin itaətsizliyə, hətta qeyri-qanuni hərəkətlərə səslənməsinin başlıca hədəfi Azərbaycan dövləti, onun sabitliyi və əmin-amanlığıdır, Azərbaycanın nüfuzu, iqtisadi və geosiyasi maraqlarıdır. Onların hərəkətlərinin və fəaliyyətinin kökündə bütövlükdə milli maraqlar, cəmiyyətin hər hansı kəsiminin mənafeyi deyil, mühacir müxalifəti maliyyələşdirən və bu səbəbdən də yönlətmək, istiqamətləndirmək hüququ qazanan xarici dairələrin maraqları dayanır. Nə qədər pərdələməyə, “vətənə xidmət” donu geyindirməyə çalışsalar da, bu cür əməllərə yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin antiazərbaycan, antimilli fəaliyyətinin insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur.
Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru
Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.