Yuxarıya
skip to main content

Liberal demokratiyanın böhranı və yeni siyasət

06.11.2019

Bunların qısa təhlilini aparsaq, pozitivist məzmunlu, obyektiv ağıl anlayışı modern çağda ictimai həyatın bütün sferalarına öz damğasını vurub. Xüsusilə də dövrün siyasi fəlsəfəsində ağıl siyasətin legitimliyi baxımından əsas ölçü rolunu oynayıb. Bu ağılın reallıq müstəvisində inşa olunan fərd özü-özlüyündə homogen, mücərrəd və qeyri-subyektivdir. Onun iqtisadi sferada şəxsi maraqları naminə rasional və azad davrandığı, siyasi sferada vətəndaş olaraq bərabər hüquqlara malik olduğu hesab olunur. Başqa sözlə, fərdlər siyasi sferada yekcins vətəndaşlar, iqtisadi sferada şəxsi maraqlarını güdən fərqliliklərdir. Cəmiyyət isə bu mənada sərhədləri normalarla məhdudlaşan bir nəsnə olaraq, həmin normalar baxımından təhlükəli hesab olunan mənsubiyyət və kimlikləri yenidən özünə qazandıran homogenləşdirici mexanizmlərə, strukturlara malik ictimai quruluşdur.

 

Liberal demokratiya həm fəlsəfi, həm də tarixi baxımdan İntibah dövrünün mirası olan bu cəmiyyət modeli üzərində inşa olunub. Liberal demokratiyada siyasət hər kəs tərəfindən “təsdiqlənən” siyasi müstəvi daxilində institutsional (parlamentar) formada həyata keçirilir. Siyasi həyatda iştirak üçün vətəndaşlıq şərti qoyulur və vətəndaşların institutsional siyasi müstəvidə partiya yaxud digər qruplar vasitəsilə təmsili təmin olunur. Dövlət mərkəzli siyasətin, yəni politik cəmiyyətin qarşısında yer alan sivil cəmiyyət isə iqtisadi yönümlü, fərdi maraqlar toqquşmasına bağlı azadlıq sferası kimi qəbul olunur. Fərdi maraqlar toqquşmasını tənzimləmə öhdəliyi dövlətə verilir.

 

Liberal demokratiya xüsusilə də XX əsrin axırlarından etibarən dünyada geniş yayılmasına baxmayaraq, hazırkı dövrdə fərqli tələbləri ödəyə bilməmək baxımından tənqid olunur və müxtəlif ictimai narazılıqlarla qarşılanır. Başqa sözlə, hazırda siyasi fəlsəfədə liberalizmin mücərrəd universallıq və mücərrəd fərd anlayışlarının tənqidi adi hal kimi qəbul olunur. Yönəldilən tənqidlər əsas etibarilə siyasətin dövlət mərkəzli, yəni institutsional quruluşlu olması, bu mənada hazırkı dövrdə təzahür edən fərqlilikləri, fərqli tələbləri gözardı etməsi ilə bağlıdır. Yaranan vəziyyət bütövlükdə təmsil sisteminin, milli-dövlət anlayışının və qloballaşmanın, bərabər vətəndaşlıq anlayışının, siyasi partiyaların, ictimai təşkilatların, publik sfera və media sahəsinin böhranıdır.

 

Dövrün bir sıra mütəfəkkirlərinə görə təmsili demokratiya demokratik legitimliyin vətəndaşların birbaşa demokratiyada olduğu kimi verilən ictimai qərarları deyil, bu qərarları müəyyən edəcək təmsilçiləri (millət vəkillərini) müəyyən edərək təmin etməsi baxımından problemlidir. Belə ki, liberal yanaşma dövlət-cəmiyyət ayrışmasına və cəmiyyətin əsasən xüsusi ("private") sfera ilə eyniləşdirilməsinə əsaslanır. Xüsusi sferaya tərk edilən sinfi, dini, cinsi, mədəni fərqliliklərin publik sferadan kənarda, yəni fərdin öz dünyasında tutulması və dövlətin bu fərqlilikləri gözardı edərək “bərabər vətəndaşlıq” prinsipi ilə davranacağı hesab olunur. Başqa sözlə desək, bu fərqliliklər modernizmin universallıq prinsipi baxımından təhlükəli olduğu üçün onlar publik sferaya daşınmır, xüsusi ("private") sahədə tutulur. Liberal demokratiyanın digər bir problemi vətəndaşların iradəsinin seçilmiş şəxslərin iradəsi ilə məhdudlaşması və siyasətin mütəmadi aparılan seçki səviyyəsinə endirilməsidir. Bu mənada siyasətin ictimai bazasının genişləndiyi, fərqli səslərin yüksəldiyi hazırkı dövrdə modernizm və onun mülahizələri siyasi, texniki, epistomoloji və digər rakurslardan ciddi tənqid olunur. Milli-dövlətin siyasi institutsional mexanizmlərinin legitimlik baxımından yaşadığı böhranla birlikdə publik sfera artan fərqliliklərə, siyasi-mədəni müxtəlifliklərə açıq hal qazanır. Modernizmin böhranı ilə başlayan yeni çağ nə şəxsi maraqlarını güdən fərd yanaşması ilə liberalizmin, nə də fərqli fərdi mövqeləri sinif mövqeyində eyniləşdirərək izah etməyə çalışan marksizmin açıqlaya biləcəyi tamamilə yeni bir perspektivdir. Bu perspektiv həm liberal demokratiyanın, həm də marksizmin qoyduğu sərhədlərin aradan qaldırılmasına və modernizmin (yaxud marksizmin) bütünləşdirici yanaşmalarının aşılmasına istiqamətlənib.

Modernizmin universallığı ilə rasionalizminin bu yeni perspektivdə tənqidi Habermas kimi bəzi fikir adamları tərəfindən modern demokratiyaya bir təhlükə kimi qəbul olunur. Ona görə modern demokratiya ilə onun rasionallıq və universallıq prinsipləri arasında elə incə bir bağ mövcuddur ki, onu nəzərdən qaçırmaq demokratiya idealını təhlükəyə atmaqdır. Habermasa görə fərqlilik, kimlik məsələlərinə olan vurğunun dozası artdıqca postmodern modellərin içinə düşmüş oluruq. Beləliklə, ya şəxsə həddən artıq əxlaqi, etik bir məzmun (mahiyyət) yükləyirik, ya da subyektin ölümünü qəbul edirik. Hər iki ehtimalda demokratik mexanizmlərin, proseslərin əhəmiyyətini görməzdən gəlmiş oluruq. Halbuki, bu yanaşma ilə razılaşmayan digər mütəfəkkirlərə görə demokratiya üçün əsl təhlükə yekcins vətəndaşlığa indekslənən kollektiv kimliklər üzərində artan vurğu ilə fərqliliklərin publik sferadan uzaqlaşdırılması bu sahənin monoton formaya salınması və təzyiq altında tutulmasıdır. Bu fikrin tərəfdarlarından olan Anne Philipsə görə hazırkı dövrdə fikir azadlığı, yəni sadəcə bir "isonomia" kifayət etmir. Burada nəzərdə tutulan fikir siyasətinin mövcudiyyət siyasəti ilə birlikdə varlığı, yəni xüsusi sferaya məhkum edilmiş fərqliliklərin publik sferada mövcudiyyət qazanmasıdır. Laclau və Mouffe-a görə də fərqlilik və kimliklərin mövcudluğunun ilk şərti hər fərqliliyin mövqeyinin özünəməxsus, əvəzsiz olduğunun bir momentdə sabitləşməsi və bunu qoruyan qapalı bir dairənin var olmasıdır.

 

Modernizmin müəyyən obyektivlik müstəvisində yaratdığı yekcins vətəndaş kimliyi yerinə, postmodernizm heç bir obyektivlik müstəvisinə aid olmayan fərqli subyektivlik mövqeləri yaradır. Modernizm vahidin genişliyi kimi izah oluna bilərkən, postmodernizmdə təzahür edən eyni səviyyəyə gələ bilməyən təklərin çoxluğudur. Bu mənada modern yanaşmanın ağıl, fərd və universallıq anlayışları ilə postmodernizmi təhlil etmək qeyri-mümkündür. Postmodernizmdə fərqli mövqelər öz fərqliliklərinin fərqində olaraq bir-biri ilə qarşı-qarşıya gəlir. Bu bənzərliklərin qətiyyən olmadığı demək deyil. Yəni ki, fərqlilik bütövlükdə başqalıq mənasına gəlmir. Burada nəzərdə tutulan budur: heç bir mövqe fərqli digər mövqelərin baxış bucağına malik deyil. Baxış bucaqları bir-birindən kənar olduğu üçün fərqliliklərin heç bir ictimai fayda və ya mənafe ətrafında bir araya gəlməsi mümkün deyil. Bu tip bir çoxluq çox partiyalı mövcud liberal demokratik rejimin fərqliliklərin ifadəsinə bağlı məhdud yanaşmasının tənqidi baxımından əsas əlamətlərə malikdir.

 

Fərqliliklərin təzahür etdiyi postmodernizmdə ictimai müzakirə yekcins vətəndaşlıq əsasında və institutsional siyasi sfera daxilində deyil, yeni – kimlik siyasəti əsasında institutsional siyasətə alternativ olaraq sivil cəmiyyət daxilində meydana gəlir. Kimlik siyasətinin aparılacağı baza olaraq sivil cəmiyyət post-modernizmdə liberal demokratiyadaki kimi iqtisadi maraqlar kontekstindəki mahiyyəti ilə deyil, siyasi mahiyyətdə, yəni siyasi məzmunda izah olunur. Başqa sözlə desək, postmodernizmdə siyasət institutsional mənada daralarkən sivil mənada genişlənir. Beləliklə publik sfera fərqli tələblər əsasında genişləyən mübarizə meydanına çevrilir. Lakin burada üzərində durulmalı önəmli bir məqam mövcuddur: fərqlilik yaxud fərqli kimliklər bəzi coğrafiyalarda haqlı olaraq təhlükə mənbəyi kimi qəbul olunur. Burada bəhs etdiyimiz liberal kapitalist demokratiyalarda yeni sosial-ictimai hərəkatlar formasında özünü göstərən kimlik/fərqlilik siyasəti ilə postsovet ölkələrdə, şimali Afrikada, yaxud Orta Şərqdə meydana gələn dil, din, irq və ya etniklik əsasında aparılan siyasət arasında ciddi fərqlər mövcuddur. Burada üzərində durulan fərqlilik yaxud fərqli kimlik anlayışları liberal demokratiyanın təmsil, müzakirə problemlərini qabardarkən, etnik yaxud qeyd olunan digər növ destruktiv siyasət siyasi strukturun elementlərinin yenidən müəyyən olunmasına və yeni dominant quruluşların yaradılmasına istiqamətlənib. Bir sözlə, ikinci növ siyasətin destruktiv siyasətin nəticələrinə qarşı birinci növ kimlik/fərqlilik məsələləri əslində ictimai quruluş daxilində müxtəlifliyin, çeşidliliyin, zənginliyin üzə çıxması baxımından fürsət olaraq görülə bilər.

 

Postmodernizmin sinfi, dini, cinsi, mədəni yaxud digər fərqliliklərini ehtiva edən, fərqli tələblərini ödəyən publik sferanın nəzəri əsası ilə bağlı Habermas, Rawls, Mouffe kimi fikir adamlarının öz aralarında bir-birindən fərqlənən yanaşmaları mövcuddur. Anne Phillipsin qeyd etdiyi kimi, fərqlilikləri publikanın səhnəsinə daşıyıb ictimai müzakirə ilə nəzərdən keçirsək, bunların varılan ictimai razılıq əsasında konkret bütöv “həllini” nəzərdə tutan yanaşmalarla fərqlilikləri içində olduğu vəziyyətlə izah edən və bunları “həll etməyə” səy göstərməyən yanaşmalar arasındaki fikir ayrılığı meydana çıxmış olar.  Bu mənada Habermas və Rawls-un publik sferaya yanaşmaları bir-birindən müəyyən qədər fərqli olsa da, ümumilikdə ictimai müzakirə və uzlaşma yanaşması, Mouffe-un fərqliliklər arasında hər hansı həll yolu axtarmayan yanaşması isə ziddiyyətli yaxud aqonistik yanaşma kimi qəbul oluna bilər.

 

Elnur Çıraqov
İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.