Yuxarıya
skip to main content

İngiltərənin Avropa İttifaqına ərköyünlüyünün siyasi təzahürü-“BREXİT” və “dəli adam nəzəriyyəsi”

04.11.2019

Bir çox siyasi tədqiqatçı alimlərin fikrlərinə əsasən, bu strategiya və ya nəzəriyyə Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Riçard Niksonla əlaqələndirilir. R.Niksonun bu nəzəriyyənin mənəvi atası olduğunu və xarici siyasətində tətbiq etməklə əsl mənasını canlandırdığını düşünənlər də var. Lakin  bu düşüncə daha  keçmiş tarixə əsaslanır və Avropa siyasətinin “atası” sayılan Nikkolo Makiavellinin siyasi nəzəriyyəsinin mərkəzində yer alır. Belə ki, Makiavelliyə görə “Bəzən dəli kimi davranmaq ağıllıdır.” Bu nəzəriyyə xarici siyasət yanaşmasına görə ilk olaraq Niksona aid edilsə də bəzi mənbələrə əsasən, Almaniyanın “dəmir kansleri” Otto Fon Bismarkın da bu strategiyanın məqsədindən əsasən, də Prussiyanın Almaniyaya birləşdirilməsi prosesində  istifadə etdiyi qeyd olunur. Ancaq qeyd etdiyimiz kimi, bu nəzəriyyə xarici siyasət yanaşmasına görə ilk olaraq Niksona aid edilir. Belə ki, Nikson ABŞ rəsmilərindən yüksək səviyyəli SSRİ rəsmilərinə və Şimali Vyetnam rəhbərliyinə ABŞ prezidentinin qeyri-sabit və kommunizmi görmək istəmədiyini və bu baxımdan barmağının  hər an nüvə düyməsini basmasına təhrik etdiyini söyləmələrini istəmişdi. Beləliklə, Nikson ona rəqib siyasətçiləri Ağ evin rəhbərinin inadkar və “dəliliyi” təzahür edən gözlənilməz hərəkətlərindən qorxmağa vadar edərək, ona güzəştə getmələrinə nail olub. R. Niksonun bu nəzəriyyəni xarici siyasət istiqamətində Henri Kissencerin məsləhəti ilə etdiyi qeyd edilir.

 

Qeyd edək ki, R.Niksondan sonra  dünya müstəvisində və ABŞ mediasında prezidentin siyasətini başa düşmək və ya şərh etmək üçün bu nəzəriyyəni yenidən gündəmə gətirənlərdən biri də ABŞ prezident Donald Tramp oldu.

 

Bu gün Baş nazir Boris Cosonun Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxması (Brexit) problemi ilə bağlı strategiyasını həyata keçirtmək  üçün bu nəzəriyyədən istifadə etdiyi görülür. Qeyd edək ki, 2016-cı il iyunun 23-ü baş tutan “Böyük Britaniya Avropa İttifaqında qalsın, yoxsa çıxsın?” kimi bir sualından ibarət referendumun nəticəsinə əsasən Böyük Britaniya vətəndaşlarının 52%-i Krallığın Aİ-dən çıxmasının lehinə səs verib. Bu prosesin yekun nəticəsi olaraq, Böyük Britaniyanın Aİ-dən çıxmasının 2019-cu il martın 29-na nəzərdə tutulmasına baxmayaraq, bu proses oktyabrın 31-ə qədər təxirə salınmışdı. Və  yenə də uzadılaraq 2020-ci ilin yanvar ayına qaldı. Belə ki, Avropa İttifaqına üzv 27 ölkə “Brexit”in 31 yanvar 2020-ci ilə qədər uzadılmasına dair Böyük Britaniyanın sorğusunu qəbul edib.

 

 

Brexitlə bağlı B.Consonun “dəli adamın nəzəriyyəsi(strategiyası)”nı mənimsəyərək sürətlə dəyişən siyasi proseslərin fonunda Brexit probleminin  dramatik şəkildə  həm yüksəlməsinə, həm də enən xətt üzrə sonuna çatmasına səbəb olduğu görünür. Belə bir fərziyyə var ki, Conson “dəli adam nəzəriyyəsini” siyasi müşaviri Dominik Komminqsin (Dominic Cummings) məsləhəti əsasında tətbiq edir. Komminqsə görə bu, Consona Parlamentdəki müxalifləri qorxudaraq Britaniyanın Aİ üzvlüyündən çıxmaq strategiyasını dəstəkləyəcək. Buna əsasən, Conson vəzifəsinə  təhlükə və gərginliyi artıraraq,  bütün tərəflərə nə olursa olsun Brexiti tətbiq edəcəyini və lazım gələrsə, razılaşma olmadan belə Aİ-dən ayrılmağa çəkinməyəcəyi xəbərdarlığını etdiyi məlumdur.

 

Daha sonra isə Conson görünməmiş bir  addım ilə parlamentin fəaliyyətinin 5 həftəlik  dayandırıldığını bildirdi. Bu qeyri adekvatlığı ilə o, 31 oktyabrda təyin etdiyi tarixdə Brexit tətbiq etmək üçün hər şey etməyə hazır olduğunu göstərmək istəyirdi. Ancaq bu, Consonun istədiyi kimi olmadı və Brexit 31 oktyabrdan 2020-ci ilin yanvar ayına qaldı. Conson Brexitin oktyabr ayının sonuna qədər parlamentdən keçməyəcəyi təqdirdə, 2020-ci ilin yanvar ayına qədər uzadılması ilə bağlı qanun layihəsinin lehinə səs vermiş  keçmiş nazirlər və mənsub olduğu partiyasının tanınmış simaları da daxil olmaqla 21 millət vəkilini partiyadan qovdu. Bununla yetinməyərək, bir neçə həftə əvvəl Conson Aİ ilə “heç bir Böyük Britaniyanın baş naziri bunları poza bilməz və pozamamalıdır” dediyi qırmızı xətləri pozaraq bir razılaşmanı müzakirə etdi.

 

Konstitusiya Məhkəməsi parlament fəaliyyətinin bu cür dayandırılmasının qanunsuz olduğunu və millət vəkillərinin dərhal parlamentə qayıtması qərarını versə də, Conson heç bir peşmanlıq göstərmədi. Əksinə, parlamenti “ölü” olmaqda ittiham edərək gərginliyi daha da artırdı və müxalif millət vəkillərini xəyanətdə və təslim olmaqda günahlandırdı.

 

B.Conson “dəli adam nəzəriyyəsi”ni davam etdirərək Brexit razılaşması haqqında 110 səhifəlik  qanunu qəbul etmələri üçün millət vəkillərinə cəmi 3 gün olaraq qeyri-mümkün bir vaxt cədvəli təyin etdi. Həmçinin, B.Conson tələblərinə tabe olunmadığı təqdirdə parlament fəaliyyətini donduracağını və növbədənkənar seçkilər keçirəcəyini söylədi. Bu fəaliyyətin nəticəsidir ki, bəzi kütləvi informasiya orqanları, qəzet manşetləri Consonu “özünü dəli kimi aparır” ifadəsini işlətməyə başladılar ki, Conson da məhz elə bunu istəyirdi.

 

Ancaq göründüyü kimi, B.Conson bu günə qədər xəyal etdiyi Brexiti həyata keçirə bilmədi. Bu gedişlə onun “dəli adam strategiyası” tezliklə ona qarşı çıxa bilər. Böyük Britaniyanın Aİ-dən çıxması müqaviləsinə qarşı müxalifət isə 2019-cu il oktyabrın 31-də Brexit tətbiq edilməyəcəyinə görə arta bilər.

 

Nəyin bahasına olursa olsun Brexiti tətbiq edəcək “dəli adam”ın görüntüsünü yaradan Conson Brexit tərəfdarlarını sevindirsə də, əslində bir çoxlarını çəkindirərək, qorxuya sala bilər və bu seçkilərdə Boris Consona qarşı səs verməyə sövq edə bilər. Bu isə həm baş nazirin, həm də partiya sədrinin itkisinə səbəb ola bilər. Bu nəzəriyyə bəzi siyasətçilərə müəyyən fəaliyyətləri üçün müvəffəq olmasına kömək edə bilər, amma  heç də  hamıya və hər prosesə aid deyil.

 

Böyük Britaniyanin Aİ-yə keşməkeşli yolu

 

Hal-hazırda dinamik dəyişikliklərlə dolu keşməkeşli Brexit yolunda İngiltərənin Aİ-üzvlüyündən çıxma istəyi kimi təkidinin eynisini keçmişə nəzər saldıqda Avropa İtifaqı üzvlüyü üçün etdiyini,  İttifaq üzvlüyünə  təkidlə can atdığını görmək olar.

 

1962 və 1967-ci illərdə Avropa İttifaqına (Aİ) üzvlük üçün iki dəfə müraciət etmiş Birləşmiş Krallıq (Danimarka, İrlandiya və Norveç ilə birlikdə) hər dəfə Fransanın vetosu ilə üzləşirdi. Bu vəziyyət 1969-cu ildə Fransa rəhbərliyinin dəyişməsi və həmin ildə keçirilən Lahey zirvəsinə qədər davam etmişdi. Fransanın o dövrdəki prezidenti Şarl de Qoll veto səbəbini bu ölkələrin Aİ strukturuna uyğun olmaması və üzv olacaqları təqdirdə Aİ-nin strukturunu dəyişəcəkləri ilə əsaslandırmışdı. 1969-cu ildə Lahey zirvəsində genişlənmə qərarının qəbul edilməsi nəticəsində 1973-cü ildə Britaniya, Danimarka və İrlandiya Aİ-yə üzv oldular. Norveçdə keçirilən referendumda isə Aİ-yə üzvlük əleyhinə səs verildi.

 

Əslində, De Qollun Britaniyanın üzvlüyünə mane olma səbəblərindən biri də Aİ-nin əsasını təşkil edən Avropa Kömür və Polad Birliyi (AKPB) yaradılarkən Londonun müşahidəçi mövqe seçməsi idi. Britaniya Aİ-ni quran dövlətlərin sırasında olmaq istəmədi. İqtisadi inteqrasiya, Gömrük İttifaqının yaradılması, gömrük rüsumlarının ləğvi, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətlərinin ləğvi, üçüncü ölkələrə qarşı ümumi gömrük tarifləri tətbiqi müsbət nəticələr verəndə Britaniya üzvlüyə maraq göstərməyə başladı. Ancaq bu zaman De Qollun sərt tənqidi ilə üzləşdi. De Qollun irəliyə sürdüyü səbəblər Britaniyanı Aİ-nə üzvlükdən kənarda tutmaq məqsədi daşısa da, bu səbəblər o dövr üçün və bu gün etibari ilə özünü doğrultdu. Britaniyanı Avropa İttifaqına yönəldən və yaxınlaşdıran səbəblər  indi onu Aİ-dən uzaqlaşmağa sövq edir.

 

Adı tarixə “Dəmir ledi” kimi düşən Marqaret Tetçerin 1990-cı ildə Aİ-nin sammitindən qayıtdıqdan sonra Avropa ilə daha geniş inteqrasiyaya “yox, yox, yox” dediyi vaxtdan bu günə qədər Britaniyada elə də çox şey dəyişməyib. Tetçerin siyasi karyerasına son qoyan Avropaya əks mövqeyi bu ölkədə hələ də ən çox müzakirə olunan məsələlərdən biridir.

 

Britaniyanın Aİ-yə üzvlük məsələsi ilə bağlı referendum keçirəcəyi xəbərləri siyasi gündəliyi məşğul edən məsələlərdən birinə çevrilib. 2015-ci il “Sunday Times” qəzetində dərc edilən ictimai rəy sorğusunun nəticələrinə görə belə bir referendum keçirilərsə, Aİ-də qalmaq istəyənlər 40%, buna “yox” deyənlər isə 34% təşkil edəcək. Ancaq məlum olduğu kimi, 2016-cı il iyunun 23-ü baş tutan referendumun nəticəsinə əsasən, Böyük Britaniya vətəndaşlarının 51.9 %-i Krallığın Aİ-dən çıxmasının lehinə səs verdi.

 

 

Aİ-nin bir çox qərarlarından kənarda qalmağa üstünlük verən Britaniyanın Aİ ilə münasibətləri ardı-arası kəsilməyən daxili siyasi polemikaların mövzusu olmağa davam edir. Xüsusilə, Mühafizəkarlar Partiyası daxilində Aİ-yə qarşı olan ciddi fraksiya mövcuddur.

Ümumi siyasətə, Şengen bölgəsinə və ümumi pul vahidinə etirazları ilə tez-tez “Aİ-nin problemli və ərköyün övladı” təsiri bağışlayan Britaniyanın qarşılaşdığı çətinlikləri bir neçə başlıq şəklində aşağıdakı kimi xarakterizə etmək olar.

 

Böyük Britaniya Avropa İttifaqından nə istəyir?

 

Böyük Britaniyanın Aİ-dən çıxma səbəbləri kimi bəzi razılaşmaların əldə edilməməsi və Londonun bəzi məsələlərdə Brüsselə “güzəştə getdiyi” səlahiyyətlərini “geri qaytarmaq” istəyi oldu. Belə ki, bu məsələlərdən biri iş saatlarını tənzimləyən Aİ direktividir. Direktiv həftəlik iş saatlarını məhdudlaşdırır və işçilərin hər il müəyyən müddətə məzuniyyətə çıxmasını qanuni şəklə salmağı nəzərdə tutur. Britaniya Aİ-nin təhlükəsizlik və cinayət hüququna dair bəzi tədbirlərindən də kənarda qalmaq istəyirdi.  Mühafizəkarlar Partiyasının 2010-cu ildə elan olunan manifestində qanuni hüquqlar, cinayət hüququ, ictimai hüquqlar və məşğulluq siyasəti sahəsində səlahiyyətin Londona geri verilməsi istiqamətində iş aparılacağı vəd edilirmişdi.

Keçmiş baş nazir M.Tetçer 2002-ci ildə nəşr olunan "Dövlət İdarəetməsi" adlı kitabında Aİ-ni “mənasız layihə, ziyalıların eqoistlik abidəsi, uğursuzluğa məhkum proqram” şəklində xarakterizə etmişdi. Əks təqdirdə Aİ-dən çıxıb Şimali Amerika Azad Ticarət Zonasına daxil olmaq  ideyasını irəli sürmüşdü. Hazırda isə alternativ ehtimallardan o qədər də bəhs edilmir.

 

Britaniyanın Aİ-dən çıxmasını istəyənlər ticarət əlaqələrinin qorunub saxlanacağı “dost kimi qalmaqla boşanma”dan bəhs edirlər. Norveç və İsveçrə kimi üzv olmadan Aİ ilə yaxın əlaqələr şəraitində fəaliyyət göstərən ölkələri nümunə göstərirlər. Təxminən sərt qaydalardan uzaq “yumşaq” üzvlük adlandırılan ikitərəfli anlaşmalar təklif olunurdu. Aİ-nə üzvlük tərəfdarı olanlar isə Norveç və İsveçrə kimi ölkələrin qərar qəbul etmə mexanizmində iştirak etmədən Aİ-nin bəzi qaydalarına tabe olduğunu xatırladırlar.

 

 

Aİ ölkələri arasında sərbəst hərəkət etmə və miqrasiya əleyhinə olanlar isə Norveç modelinin əlverişli olmayacağını, Norveçin sərbəst hərəkət etmə qaydalarını tətbiq edən ölkə olduğunu və bu modelin miqrant axını ilə bağlı narahatlıqları aradan qaldırmayacağını qeyd edir. Həmçinin Norveçin Aİ Şurasında veto hüququ və Avropa Parlamentində üzvü yoxdur. Norveç modelinin Birləşmiş Krallığın Aİ Şurası kimi platformalarda təsirini azalda biləcəyi də gündəmdə çox müzakirə edilib.

 

2017-ci il seçkilərinə qədər iqtidardakı Mühafizəkarlar Partiyasını təmsil edən millət vəkillərinin Avropanın qarşılaşdığı miqrant böhranının planlaşdırılan referenduma kölgə salacağından narahat olduqları məlum idi. Eyni zamanda, Aİ miqrantlarının sayının məhdudlaşdırılmasını istəyən  keçmiş Baş nazir Kameron miqrantlara göstərilən sosial yardımların kəsilməsinin lazım gəldiyini ifadə edirdi. Aİ ölkələrinə axan miqrantların sayında müşahidə edilən artım Britaniyada 2016-ci ildə keçiriləcək referendumdan əvvəl birlikdən çıxma fikrini gücləndirirdi. Eyni zamanda Aİ miqrantlarının sayının məhdudlaşdırılmasını istəyən Kameron miqrantlara göstərilən sosial yardımların kəsilməsinin lazım gəldiyini ifadə edirdi.

 

 

Brexitin mümkün təsirləri nə ola bilər?

 

Brexit məsələsi biznes çevrələri üçün qeyri-müəyyənlik faktoru kimi dəyərləndirilir. “Open Europa”nın araşdırma direktoru Stefan Buf qeyd edir ki, “əgər Brexit baş tutarsa, bu xüsusilə Aİ ilə ticarət müqavilələrinin gələcəkdə necə formalaşacağı məsələsində qeyri-müəyyənliklərə gətirib çıxaracaq. Referendum keçirilərsə, qısa müddətli qeyri-müəyyənliklər qaçılmaz olacaq. Hazırda Britaniyanın Aİ daxilindəki rolunun nədən ibarət olacağı məsələsində də qeyri-müəyyənliklər var”.

 

Maliyyə sektorunun Britaniya üçün son dərəcə mühüm sahə olduğunu vurğulayan Booth referendum keçirilməzdən əvvəl daxilində lazımi tənzimləmələrin aparılması və islahatların həyata keçirməsinin lazım olduğu bildirmişdir. “Open Europa” tərəfindən dərc olunan hesabatda ÜDM-in normadan 2,2% az ola biləcəyin qeyd edilib. Hesabatda Britaniyanın lazımi sərhəd və ticarət tənzimləmələri sahəsində Aİ-dən müəyyən razılığa gəlmədən çıxacağı təqdirdə, 2030-cu ilə qədər orta hesabla illik 56 milyard funt sterlinq həcmində xərclərlə qarşılaşa biləcəyi, 2019-2030-cu illər (2019-cu il 31 oktyabr tarixində şıxışı təqdirində) arasında iqtisadiyyatın ümumi maddi itkisinin 672 milyard funt sterlinqə çata biləcəyi bildirilir.  

 

Eyni zamanda, ABŞ ixracat sahəsində Britaniyanın ən böyük tərəfdaşıdır. Onun Aİ-dən çıxmasının ABŞ-a satdığı mallarda Aİ-nın üzvü olan rəqiblərinə nisbətən əlverişsiz vəziyyətə düşməsi mənasına gələcəyi bildirilir. “Standard&Poor’s” şirkəti Britaniyanın Aİ-dən çıxacağı təqdirdə, kredit reytinqinin bir pillə aşağı salınacağını bildirib. Brüssel ilə münasibətlər daha da pozularsa, bu azalma iki pilləyə qədər olacaq. S&P Britaniyanın 1978-ci ildən bu günə qədər AAA olan kredit reytinqini qoruyub saxlamasına baxmayaraq, Aİ-dən ayrılma riskini əsas gətirərək, iyun ayında ölkənin ümumi mənzərəsini neqativ qiymətləndirmişdir.  

 

Böyük Britaniyada siyasi-içtimai müstəvidə İttifaq haqqında “Aİ-də nəyin səhv olduğunu bilirik. Çox avtoritar, həddindən artıq müdaxilə edən və çox böyükdür. Lakin nəyin düzgün olduğunu da görürük. Dünyanın ən böyük bazarına malikdir” deyə qeyd edilir. Əlbətdəki bu istiqamətdə cavabı bilinməyən çox sayda sual var.  

 

İngiltərə Avropa tarixində qürub edən Krallıq olaraq öz yerini qoruyur. Avropa İttifaqına (AI) keşməkeşli üzvlük yolu, İttifaqdakı qeyri-müəyyən, inadkar, “ərköyün” fəaliyyəti ilə Aİ-nin əsas bütünləşmə layihələrindən (Şengen və Avro kimi) kənarda özünü bərqarar edən İngiltərə, qurumda aparılan dinamik dəyişikliklərin olmasının əsas  səbəblərindən sayılırdı. İngiltərə, bu dinamik dəyişikliklər ənənəsini davam etdirərək Aİ-dən çıxan ilk ölkə statusunu saxlamaqda davam edir. Hal-hazırda Brexitin tezləşdirilməsi üçün atılan qeyri-adekvat addımların imzasını məğrurluqla nümayiş etdirən Boris Conson, bu fəaliyyəti baxımından İngiltərərnin və dünyanın siyasi müstəvisində müzakirə mənbəyi olmağa davam edir.


 

İstifadə edilən mənbələr:

https://foreignpolicy.com/2014/03/25/madman-in-the-white-house/

https://www.wired.com/2008/02/ff-nuclearwar/

https://nationalinterest.org/feature/trump-using-the-madman-theory-north-korea-policy-26097

https://www.wired.com/story/donald-trump-madman-strategy-north-korea-nuclear-weapons/

https://newrepublic.com/article/142205/nixon-madman-theory-trump-just-madman

https://twitter.com/eucopresident/status/1188748108764721152?ref_src=twsrc%5Egoogle%7Ctwcamp%5Eserp%7Ctwgr%5Etweet

https://www.bbc.com/news/uk-politics-50079385

https://www.bbc.com/news/uk-politics-eu-referendum-36371700

https://www.theguardian.com/politics/2018/jul/28/anger-brexit-ads-after-jo-cox-murder-beleave-vote-leave

https://www.weforum.org/agenda/2016/06/5-questions-for-britain-and-europe-after-the-brexit-vote/

http://www.theatlantic.com/business/archive/2013/04/watch-margaret-thatcher-explain-why-the-euro-is-a-terrible-idea-in-19 90/274768/

http://www.bbc.com/news/uk-politics-11598879

http://www.natcen.ac.uk/our-research/research/european-social-survey/

http://openeurope.org.uk/intelligence/britain-and-the-eu/open-europes-eu-reform-heat-map-where-do-eu-countries-stand-on-the-uks-eu-reform-demands/

http://openeurope.org.uk/daily-shakeup/cameron-warns-eu-renegotiation-will-not-be-a-smooth-process-as-senior-eu-politicians-back-eu-reform/

https://www.statista.com/chart/12512/how-would-a-second-brexit-referendum-play-out/

 

Elnarə Qəribova
Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.