Soyadlarımız: milliləşmə hərəkatına millət niyə qoşulmur?
Fikrimizcə, soyad millətin pasportudur. 28 illik müstəqillik tariximizdə Azərbaycan soyadlarının milli indenfikasiya məsələsi dəfələrlə müzakirə müstəvisinə çıxarılıb. Təkcə dövlətimizin deyil, həm də soyadlarımızın da imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, “ov”lanmaqdan, “ev”lənməkdən xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri -ov, -yev soyad sonluqlarını daşımaqdadır. Əhalinin 10%-i milli şəkilçi olan -lı4, 10%-i isə -zadə sonluğunu qəbul edib (bu əsasən yeni doğulan uşaqlara verilən soyadlar hesabına artıb).
Bu o deməkdir ki, müstəqillik tariximizin arxada qalmış 28 ilində azərbaycanlıların yalnız 1/5-i "ov" soyad sonluğundan xilas olub. Görünən odur ki, proses kütləvi deyil, fərdi şəkildə davam edir. Haqlı olaraq belə bir sual yaranır: milliləşmə hərəkatına millət niyə qoşulmur?
Azərbaycan antroponimiyasının ad və soyad kateqoriyalarının
tarixinə qısa baxış
İlk növbədə qeyd edək ki, qədim türk ad sistemi yarandığı dövrdən müasir dövrümüzə qədər çox mürəkkəb tarixi yol keçmişdir. Tədqiqatçıların qeyd etdikləri kimi, Azərbaycan antroponimiyasının həm əsas, həm də köməkçi ad kateqoriyaları, qədim çoxkomponentli ad sistemi ilə müasir üçkomponentli ad sistemi, müasir adlarla qədim adlar, qədim türk və ərəb-fars ad sisteminə daxil olan ad kateqoriyalı adlar bir-biri ilə çox qaynayıb-qarışmışdır. Bu ad sistemində ərəb-fars və rus ad sistemlərinin mürəkkəb xətlərlə bir-birinə qarışıb-dolaşıqlıq yaratdığı müşahidə edilməkdədir. Bu səbəbdən Azərbaycan filologiyasında müxtəlif antroponimik kateqoriyaların və terminlərin dəqiqləşdirilməsinə böyük ehtiyac vardır [3].
Bəzi alimlər Azərbaycanda müasir soyadların meydana gəlməsini Azərbaycanın Rusiya ilə birləşməsindən sonrakı dövrə aid edirlər. Lakin araşdırmalar bir daha sübut edir ki, türk xalqlarında soyadlarının meydana gəlməsi əsl adlardan daha əvvəl baş vermişdir. Tədqiqatçılar yekdilliklə qeyd edirlər ki, qədim türk adları eyni zamanda şəxsin hansı qəbiləyə mənsub olduğunu da bildirirdi. Qəbilə adları isə əslində müasir soyadlarından başqa bir şey deyildi.
Ən qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər müxtəlif tarixi kəsimlərdə Azərbaycan antroponimiyasında toponimlərdən düzələn nisbə, ləqəb, son əsrlərdə isə təxəllüs və soyadlarından istifadə olunmuş və hazırda da istifadə olunmaqdadır. Tədqiqatçıların fikrincə, buna görə də şair və yazıçılar, hətta müasir onomoloq alimlər də onları dolaşıq salmaqdadırlar. Qədim türk ad sisteminin təsiri altında formalaşan və sonra türk ad sisteminə təsir edən əvvəl ərəb-fars, son 200 ildə isə rus ad sistemlərini dərindən bilmədən müasir toponimik vahidlər haqqında düzgün fikirlər söyləmək çox çətindir [3, s.37]. Belə ki, nisbə - ərəb ad sistemində əsas ad kateqoriyasına daxil olan antroponimik vahiddir. O, şəxsin anadan olduğu və ya yaşadığı ölkənin, şəhərin, kəndin və s. adını bildirir. Məsələn, Azərbaycani (Bəhmənyar), Şirvani (Xaqani), Gəncəvi (Məhsəti, Nizami) və s. Lakin nisbə rus dilinə familiya kimi tərcümə olunmuş, E.A.Qordlevski isə Təbrizi, İsfahani, Tusi kimi nisbələri gah familiya, gah familiya ləqəb, gah da ləqəb adlandırmışdır [5, s.35-36]. Hazırda toponimlərdən düzələn familiyaların ləqəb və təxəllüslərlə, hətta əsl adlarla qarışdırılmasına elmi və bədii əsərlərdə tez-tez rast gəlmək olur.
Antroponimikaya aid tədqiqatlarda da bəzən nisbəni təxəllüs və ya familiya (soyad) adlandırırlar. Halbuki familiya termini XVIII əsrin sonu və XIX əsrin əvvəllərində rus dili vasitəsilə Azərbaycan dilinə keçmişdir. Ərəb, fars və azərbaycanlılarda bu vaxta qədər familiya termini olmadığı halda, Şirvani, Gəncəvi və s. nisbələrini “familiya” adlandırmaq düzgün deyildir. İkincisi, Şərq ədəbiyyatında toponimlərdən təxəllüs kimi istifadə etmək, ümumiyyətlə, məqbul sayılmırdı. Təxəllüslər isə dilə yeni söz kimi daxil olardı, sənətkarlar əvvəllər başqası tərəfindən işlənmiş təxəllüslərdən istifadə etməzdilər. Məhsəti, Xaqani, Nizami, Nəsimi, Füzuli, Müşfiq, Vurğun və b. təxəllüslər məhz bu cür yaranmışdır [3, s.37-38].
Müasir Azərbaycan ad sistemi baxımından XIX əsrin sonuna qədər Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra rus formantlı -ov, -yev sonluqlu (bəzi tədqiqatçılar hətta bu sonluqları türk dillərindəki oba, ev sözlərinin şəkilçiləşmiş variantı hesab edirlər) soyadları yaransa da (Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və s.), nisbələrdən də geniş istifadə edilirdi: Qarabaği, Şirvani, Səlyani, Ordubadi və s. Buna görə də familiya funksiyasında işlənən toponimik adların hamısına soyadı (familiya) demək düzgün deyildir. Familiya termini bu dövrdə ancaq rus dili bilənlər arasında işlənirdi. Rus çarı 1840-cı illərdə dövlət qulluğunda, orduda xidmət etmək istəyən və qeyri-rus millətlərindən olanların hökmən –ov komponentli soyadları götürməsi və xristianlığı qəbul etmələri haqqında fərman da vermişdi. Buna görə də bu dövrə qədər olan toponimik adları nisbə, sonrakı dövrdə isə familiya adlandırmaq daha məqsədəuyğundur. Belə ki, Gəncəvi (Əbülüla, Məhsəti, Nizami), Şirvani (Fələki, Xaqani, Zülfüqar, Nəsimi, S.Əzim, Bahar və s.), Təbrizi (Xətib, Qətran, Əssar, Sahib və s.), Naxçivani (Əcəmi, Hinduşah, Məhəmməd və s.), Ərdəbili (Arif), Bağdadi (Əhdi, Füzuli və s.) nisbə hesab edilməlidir. Köçərli (Firudin bəy), Ordubadi (Fəqir, M.Səid), Naxçıvanski (Cəmşid), Şıxlinski (Əliağa) və s. toponimik adları familiya kimi qiymətləndirmək lazımdır. Çünki bu şəxslərin digər soyadları yoxdur. Ağdamski (Bədəlbəyov), Sarabski (Rzayev), Köçərlinski (Kərimov), Dağıstanlı (Hacıyev), Ərəblinski (H.Xələfov), Əfqanlı (Rza Cəfərzadə), Muğanlı (Əhmədağa Qurbanov), Talışoğlu (Azad Quliyev), Laçınlı (Ağa Əliyev) və s. toponimik adlar isə təxəllüsdür [3, s. 39].
Qeyd edildiyi kimi, Azərbaycanda soyadların sistemli tətbiqinə XIX əsrdən etibarən başlanılmışdır. Həmin dövrdə azərbaycanlıların antroponimik modeli addan və ata adından ibarət olub. Bu zaman kişi adları göstərilərkən ata (və baba) adlarının sonuna "oğlu" və "zadə" sonluqları əlavə edilirdi. Məsələn, Əhməd Həsən oğlu, İbrahim bəy Ağazadə. Qadın adları təsvir ediləndə isə ata adının sonuna "qızı" sonluğu birləşdirilirdi; məsələn, Gülsüm Soltan qızı. Bu model indi də İran Azərbaycanında keçərlidir. Onu da əlavə edək ki, "oğlu" və "zadə" ad formaları tanınmış adamlara və ya yuxarı təbəqə təmsilçilərinə - xüsusi imtiyazlara malik olan sinfin nümayəndələrinə şamil edilirdi; XIX yüzillikdə rusların antroponimik modelinin təsiri ilə məhz onlar ilk soyad götürənlər olublar. Sadə insanlar isə adətən əsas ad və ona birləşdirilən ayırıcı ləqəblə tanınırdılar; məsələn, Keçəl Əhməd, Çolaq Abdulla, Uzun Həsən və s.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament tərəfindən təhsilin milliləşdirilməsi, dövlət dilinin tətbiqi, ordu quruculuğu, və s. məsələlərlə bağlı vacib qərarlar qəbul edilsə də, soyadların milliləşdirilməsi məsələsi müzakirə müstəvisinə gətirilməmişdir. Bəlkə də, buna vaxt çatmamışdı. Maraqlıdır ki, həmin dövrdə rəhbər vəzifələrdə çalışan əksər ziyalıların soyadlarının sonu -zadə (Məmmədəmin Rəsulzadə, Sultan Məcid Qənizadə), -lı4 (Nəsib bəy Yusifbəyli, Üzeyir bəy Hacıbəyli), -ski (Fətəli Xan Xoyski, Camo bəy Hacınski) və rus sonluqları -ov, -yev (Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov) ilə bitirdi.
Sovet Azərbaycanı yaradılarkən də ilk növbədə xüsusi imtiyazlara malik olan adamlara soyadları verilmişdir. Sadə adamlarda isə ilkin mərhələdə ikitərkibli antroponimik model saxlanılmışdır. Sonradan Azərbaycanda “ruslaşmış soyadlar” variantından geniş istifadə olunmağa başlandı. Sonrakı dövrlərdə Rusiyada təhsil alan Azərbaycan türkləri oradan artıq rus soyad sonluqları ilə dönürdülər. Ancaq bu da Azərbaycan xalqının sistemli şəkildə soyadlaşdırılması demək deyildi. Azərbaycanda soyadların sistemləşdirilməsi prosesi daha çox Stalin dövrünə aid edilir. Bu proses süni şəkildə həyata keçirilirdi.
SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikasının Ali Soveti 02 fevral 1993-cü il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” qərar qəbul etdi. Həmin qərarla soyadların milliləşdirilməsi prosesinə start verildi. Lakin sonrakı illərdə soyadlarla bağlı proses sanki dalana dirəndi. 2010-2011-ci illərdə soyadların milliləşdirilməsi ilə bağlı məsələ yenidən gündəmə çıxarıldı. Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində Adlar və Soyadlar üzrə Xüsusi Komissiya yaradıldı. Komissiya bununla bağlı yeni bir tövsiyə sənədi hazırladı və AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq olundu. Sonra bu sənəd Nazirlər Kabinetinə və Milli Məclisin müzakirəsinə təqdim edildi. Milli Məclisin Mədəniyyət komitəsinin 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclasında bu məsələ müzakirə edildi, qanun layihəsinin təkmil şəkildə hazırlanaraq, müzakirələrə çıxarılmasının vacibliyi, zəruriliyi vurğulandı. Hətta bu məsələ Mədəniyyət komitəsinin yaz sessiyası dövründə qanunvericilik işləri planına da daxil edildi. Lakin təəssüf ki, bununla bağlı bu vaxtadək heç bir qanun layihəsi qəbul edilməyib.
Azərbaycan antroponimiyası baxımından milli soyadlarımız necə olmalıdır,
yaxud kök/soyad düzəldən şəkilçi: hansı variant daha məqbuldur?
Müasir dövrdə azərbaycanlıların antroponimik modelinə üç komponent – ad, ata adı və soyad daxildir. Məsələn, kişi - Rasim Hüseyn oğlu Aslanov, qadın – Aysel Arif qızı Axundova kimi təsvir edilir. Terminologiya Komissiyasının hazırladığı sənəddə 6 variant təqdim edilib. Bunlar "-lı", "-li", "-lu", "-lü" (məsələn, Əhməd Məmmədli), "-zadə" (Əhməd Məmmədzadə), "-oğlu", “-qızı” (Əhməd Məmmədoğlu), "-gil" (Əhməd Məmmədgil), "-soy" (Əhməd Məmmədsoy) sonluqları ilə bitən və şəkilçisiz (Əhməd Məmməd) formadır.
Heç şübhəsiz, soyad sonluğu seçərkən onların Azərbaycan dilinin qayda-qanunlarına uyğunluğuna, səslənməsinə, semantikasına, müxtəlif məna çalarlarına, ahəng qanununa tabe olub-olmamasına, götürüləcək soyad şəkilçisinin milli olmasına, həmçinin gələcək nəsillər qarşısında öhdəmizə götürdüyümüz bu taleyüklü məsələnin uzunmüddətli yaşamasına diqqət yetirməliyik.
Təklif olunan variantların hansı məqamlarda işlənə biləcəyinə və daha uğurlu ola bilməsinə nəzər yetirək: Məsələn, "-gil" şəkilçisinin soyad sonluğu kimi qəbul edilməsi fikri tam özünü doğrultmur. Tarixi keçmişimizdə soyadlarımızda -gil şəkilçisindən sonluq kimi istifadə edilməsinə təsadüf olunmur. Gil sonluğu çoxmənalı çalarlara malikdir. Şəxs adına birləşərək mənsubiyyət halı ilə yanaşı daha çox istiqamət, yer-yurd adı bildirən şəkilçi qismində işlədilir. Bəzi dilçilər gil sözünün “ev”mənasında işlədildiyini və alınma olmadığını qeyd edirlər. Bu şəkilçi isimdən qohumluq mənası bildirən isim düzəldir. Məsələn, əmimgil, dayımgil, babamgil və s. Xüsusi isimlərə artırıldıqda – Məmmədgil, Vəligil, Əhmədgil və s. yaranır.
Sonluğu "zadə" ilə bitən Azərbaycan soyadlarının antroponik modelinə gəldikdə isə, bu sonluğun kökdən Azərbaycana məxsus olmadığı, fars mənşəli olması barədə geniş müzakirələr aparılıb. İlk mərhələlərdə fars mənşəli olduğuna görə “zadə” soyad sonluğundan imtina olunmuşdu. Milli Məclisin Mədəniyyət komitəsinin keçmiş sədri Nizami Cəfərov bu soyad ətrafında aparılan müzakirələr zamanı bildirmişdi: “Sonrakı müzakirələrdə nəzərə alındı ki, “-zadə” sonluğu “-ov”, “-yev” kimi hansısa siyasi ideoloji təzyiq altında qəbul olunmayıb. Yəni bunu bizim ziyalılarımız elə ümumşərq mədəniyyətinin hadisəsi kimi qəbul ediblər, ona görə də “-zadə” sonluğundan istifadə etmək olar”. Statistikaya əsasən son illər soyad sonluqlarını dəyişənlərin 10%-dən çoxu -zadə sonluğuna üstünlük verib. Fikrimizcə, buna həm də Cümhuriyyət dövrü ziyalılarının bəzilərinin bu soyadı daşıması da zəmin yaradıb. Onu da əlavə edək ki, sovetlər dövründə soyadların ruslaşdırılması və pasportlaşdırma zamanı "-zadə" ilə qalmaq istəyənlər də olub. “Göründüyü kimi, heç kim buna mane olmayıb. Uyğun olaraq, fars sonluqlu soyadlar sovet dövründə məcburi ola bilməzdi, çünki bu, heç kimə lazım deyildi. Bu model Azərbaycanda Çar Rusiyası dövründə də var idi; yəni Sovet hakimiyyəti qurulana qədər daşıyıcıların şəxsi təşəbbüsü ilə peyda olurdu və heç kim bunu orta yüzilliklərin İran məcburiyyəti kimi təsnifatlandıra bilməzdi. Bunun əksinə olaraq Azərbaycan soyadlarının "-zadə" sonluğu ilə bitən antroponimik modelinin qədimliyi "-lı" modelinə baxanda daha azdır. Bundan başqa, sovet illərindən qabaq Azərbaycanda "-lı", "-li", "-lu", "-lü" sonluqlu soyadlara nadir hallarda rast gəlinirdi və yayılmasına görə "zadə"dən geri qalırdı” [2].
Milli soyad sonluğu kimi təklif olunan variantlardan biri də "oğlu", "qızı" sözləridir. Lakin bu sonluqlar da müəyyən problemlər ortaya çıxarır. Qeyd etdiyimiz kimi, soyad sonluğu seçərkən onun səslənməsi və işlənməsinə diqqət yetirilməlidir, "oğlu", "qızı" işləndiyi bir neçə maqamlarda isə şəxsin kimin oğlu və ya qızı olması təkrarlanır. Məsələn, Həsənoğlu Həsən Həsən oğlu, Babaoğlu Vidadi Baba oğlu və yaxud qadınlar Əhmədqızı Sevda Əhməd qızı və sair. Göründüyü kimi, bu şəkildə ad, soyad, atanın adı yazıldıqda heç də ürəkaçan bir mənzərə alınmır. Digər bir tərəfdən kimsə öz atasının adını özünə soyad götürüb və ona "oğlu" sözünü əlavə edirsə, bu da sonradan problem ortaya çıxarır. Belə ki, soyadını dəyişdirən kəsin övladı yenidən özünə soyad düzəltməli olur. Bundan başqa, bəzi dilçilərin haqlı olaraq qeyd etdikləri kimi, "-qızı" sonluğunun tətbiq olunması məqsədəuyğun deyil. Çünki uşağa verilən "oğlu" oğul, qız mənasında deyil, sadəcə, soyad sonluğudur. Sabah soyadında "qızı" sonluğunu daşıyan insan oğlan övladına bu soyadı necə ötürəcək? Amma qız uşaqlarının "oğlu" soyad sonluğunu daşıması ənənəsi Azərbaycanda əvvəldən mövcuddur. Məsələn, "Həsənoğlu".
Şəkilçisiz formada olan soyadların dilimizdə azlıq təşkil etməsinin əsas səbəbi odur ki, bu formalar daha çox ədəbi təxəllüs, ədəbi ad səviyyəsində olub. Yəni yazıçı, şair, alim özünə şəkilçisiz, qoşa adlar götürsə də, rəsmi sənəddə əsl adı, məsələn, Səməd Vurğun yox, Səməd Vəkilov, Süleyman Rüstəm yox, Süleyman Rüstəmzadə kimi yazılıb. Bu səbəbdən də bizdə şəkilçisiz adlar geniş yayılmayıb.
Soyad sonluğu üçün təklif olunan ən münasib formalardan biri də dördvariantlı "- lı, -li, -lu, -lü"dir. “Əvvəlcə bildirək ki, bu, milli şəkilçidir. Buna görə də sözlərə şəkilçi artırılarkən ahəng qanunu gəzlənilir. Məsələn, Əliyarlı, Müslümlü və sair. Bu soyadları Əliyarov, Müslümov kimi işlətdikdə isə fərq dərhal hiss olunur. Alınma şəkilçilər dilimizin qayda-qanunlarına tabe olmayaraq sözlərin sonuna artırılarkən morfonoloji hadisə olan ahəng qanunu pozulur. Dilimizdə özləşmə meyillərinin gücləndiyi bir vaxtda bunun da çox böyük əhəmiyyəti var. Lakin bəzi hallarda bu şəkilçi əlavə olduqdan sonra sözlərin yaxşı səslənmədiyini düşünənlər də olur. Məsələn, "Qazıyev"in "Qazılı" səslənməsini qəbul etməyənlər ola bilər. Qənaətimizcə, bu da onunla əlaqədardır ki, həmin soyadları eşitməyə hələ qulaqlarımız alışmayıb. Onlar bizə yad ifadələr kimi gəlir. Lakin bu soyadlara alışandan sonra burda heç də qəribə halın olmadığını anlayacağıq” [6].
Bu da faktdır ki, "-ov, -ova", "-yev, -yeva" şəkilçilərinin "-lı, -li, -lu, -lü" şəkilçiləri ilə əvəzlənməsinin başqa üstünlükləri də var. Belə ki, "-lı" şəkilçisi tələffüz zamanı vurğu qəbul edir. "-ov" və "-yev" şəkilçiləri isə vurğu qəbul etmir. Bu da tələffüzün bir qədər çətinləşməsinə gətirib çıxarır. Məsələn, Məmmədli və Məmmədov sözlərini müqayisə edərkən bunları açıq şəkildə görmək mümkündür [6].
İctimai müzakirələrdə problemə səbəb olan digər məsələ soyadların sonuna "bəyli", "xanlı" sözlərinin əlavə edilməsi ilə bağlıdır. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən də bildirilib ki, əgər kiminsə əsl-nəcabətində bəylik, xanlıq olubsa, o zaman onun soyadına “-bəyli”, “-xanlı” sonluğu yazmaq mümkündür. Lakin həmin şəxslər şəcərəsində bəylik, xanlıq olduğunu qanuni əsaslarla sübut etdirməlidir. Yəni bunun üçün arxivlərə və digər müvafiq qurumlara müraciət edib sənədlər toplamaq lazımdır. Lazımi sənədlər toplanıldıqdan sonra onları təqdim etməklə müvafiq sərəncam əsasında soyad sonluğu kimi “-bəyli” və “-xanlı” götürülə bilər. Lakin nədənsə bu məqamda Azərbaycan dilinin qrammatikası unudulur. “Əvvəlcə bildirək ki, qrammatikamıza görə, "ağa", "bəy", "xanım", "şah" kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda bitişik yazılır. Məsələn, Ağabəy, Əlibəy, Xanımana, Aləmşah və s. Bu sözlər mürəkkəb adlarda titul, şəcərə, ləqəb bildirdikdə isə sözlərdən sonra gəldikdə ayrı və kiçik hərflərlə yazılır. Məsələn, Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir və sair. Eyni zamanda, "şeyx", "seyid", "şah", "sultan" sözləri də rütbə, titul bildirib sözlərdən əvvəl gəldikdə böyük hərflə yazılır. Şeyx Mahmud Şəbüstəri, Seyid Əzim Şirvani, Şah İsmayıl Xətai, Sultan Süleyman və sair. Yəni yalnız bu halda həmin sözlər şəcərə daşıyır. Bax, bu halda, vətəndaşlar adlarından sonra bəy, ağa və ya xan yazmaq istəyərlərsə, onda onlardan belə bir şəcərədən olmaları ilə bağlı sənəd tələb olunmalıdır. Əks halda isə, yəni "bəy", "xan" sözləri mürəkkəb ismin tərkib hissəsi olduqda (məsələn, Qasımbəyli, Rüstəmxanlı) vətəndaşlardan şəcərə ilə bağlı sənədlər tələb olunmamalıdır” [6].
Qeyd edək ki, qanunvericiliyə görə, soyad sonluğundan "-ov", "-yev" şəkilçilərinin tamamilə götürülməsi, onların "-lı4", "-zadə", "-oğlu", "-qızı", “-soy”, “-gil” sonluqları, yaxud sonluqsuz ifadə formaları ilə əvəz edilməsi çox hallarda qeydiyyat idarəsinə müraciət əsasında həllini tapır. Yalnız soyad tamamilə yenilənirsə, yaxud əvvəllər qeyri-rəsmi istifadə olunan təxəllüs, ləqəb rəsmiləşdirilirsə, bu zaman vətəndaş məhkəmə yolu ilə soyadının dəyişdirilməsinə nail olur. Yeni dünyaya gələn uşaqların adları kimi, soyadlarının da rəsmiləşdirilməsi asandır. Bunun üçün valideynlər qeydiyyatda olduqları ərazi üzrə qeydiyyat idarəsinə müraciət edir, babasının, yaxud atasının adından istifadə etməklə uşağa soyad seçə və onu rəsmiləşdirə bilir.
Əlavə edək ki, tövsiyə sənədində bütün bu formalar yalnız özünü azərbaycanlı hesab edənlərə aiddir. Azərbaycanda yaşayan, bu ölkənin vətəndaşı olan digər xalqların nümayəndələri isə özlərinin soyad formalarından istifadə etmək hüququna malik olacaqlar. Eyni zamanda milli soyad sonluqları yalnız Azərbaycan Respublikasında yaşayan vətəndaşlarımızın yox, dünya azərbaycanlılarının da qəbul edə bildiyi formada olmalıdır ki, nəticə etibarilə birlik, inteqrasiya təmin edilsin.
Qeyd olunduğu kimi, soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür və hər bir vətəndaşın soyadının sonluğuna dəyişiklik edilməsinə həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra bir dəfə yol verilir. Yetkinlik yaşına çatdıqdan sonra soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə icazə verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”na əsasən “Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir (maddə 5.1.) [1]. Bu, məsələnin bu gün qüvvədə olan qanuni tərəfidir. Bəs mənəvi tərəfinin həyata keçirilməsinə bizə nə mane olur?
Fikrimizcə, vətəndaşların milliləşmə prosesinə qatılmamağının əsas səbəblərindən biri sənədlərin dəyişdirilməsi ilə bağlı qarşıya çıxan produrlardır. Belə ki, yalnız şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə iş bitmir. Yeni dünyaya gələn uşaqların ad və soyadla bağlı sənədləşmə prosesi xüsusilə 2016-cı ilin yanvarından etibarən asan yolla həyata keçirilir. Lakin rus soyad sonluqlarını daşıyanlar ciddi problemlərlə qarşılaşırlar. Təsəvvür edin ki, 40-50 yaşındasınızsa, ali təhsilli və elmi dərəcəlisinizsə, xarici pasport almısınızsa, bütün sənədləriniz dəyişməlidir. Bu da əlavə vaxt və pul tələb edir. Bundan başqa, kütləvi olaraq soyad sonluqları dəyişdirilsə, banklarda kredit götürənlərdən başlayaraq beynəlxalq axtarışda olanlara qədər - xeyli sayda problemlər ortaya çıxa bilər. Digər bürokratik əngəllər də öz yerində. Ona görə də mən daxil olmaqla içində vətənpərlik hissləri ən üst səviyyədə olan insanlar bu prosesi keçmək istəyindən vaz keçirlər. Buna görə də qəbul ediləcək qanun layihəsində yeni qəbul edilmiş soyad sonluğunun əvvəlki soyad sonluğu ilə eyni qanuni hüquqda olması xüsusi qeyd olunmalı, orta bir həll variantı təklif edilməlidir.
Və sonda…
Heç şübhəsiz, soyadların sonluğu yalnız vətənpərvərlik və Vətənə sevgi göstəricisi deyil. Lakin hər bir şeyin iyi, qoxusu olduğu kimi, milli sözün, soyadın da gözəl bir rayihəsi var.
Müstəqil Azərbaycanın özünün müstəqil, lakin ənənələrə söykənən ad və soyad siyasəti, ad və soyad yaradıcılığı olmalıdır. Gəncliyin milli şüurunun və vətənpərvərlik tərbiyəsinin formalaşmasında da bu amilin xüsusi yeri var.
[1] “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”. / Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmişdir. - http://www.e-qanun.az/framework/21676
[2] Babayeva Z. Kökdən danışan şəkilçi. /01.03.2010/ - http://regionplus.az/az/articles/view/3776
[3] Paşayev A. Azərbaycan təxəllüsşünaslığının əsasları. Bakı, 2016
[4] Soyadı kanunu ne zaman çıkdı? Soyadı kanununun amacı nedir? - https://www.haberturk.com/soyadi-kanunu-ne-zaman-cikti-soyadi-kanunu-nun-amaci-nedir-1840818
[5] Никонов В.А. Имя и общество. М.: Наука, 1974
[6] https://modern.az/az/news/2531
[7] Avrupa'da en çok kullanılan soyadları listesi - https://www.wikiwand.com/tr/Avrupa%27da_en_%C3%A7ok_kullan%C4%B1lan_soyadlar%C4%B1_listesi
Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.