Qlobal yoxsulluq problemi
İşsizlik, təbii fəlakətlərin yaratdığı kütləvi böhran vəziyyətləri və konfliktlər yoxsulluğu yaradan əsas səbəblərdir. Dünyada artan bərabərsizlik və imkanlardan bu və ya digər formada məhrumolma iqtisadi artıma mane olur və sosial birliyə xələl gətirir ki, bunlar siyasi və sosial gərginliyi artıran və bəzi hallarda da qeyri-sabitlik və qarşıdurmalara səbəb olan amillərdir. Yoxsulluğun aradan qaldırılması və aclıqla mübarizə BMT tərəfindən qəbul edilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) bir nömrəli hədəfidir. 2015-ci ildə BMT tərəfindən qəbul edilmiş “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ndə əks olunan universal məqsədlərə əsasən ölkələr “hər kəsi əhatə etmək” prinsipini rəhbər tutaraq qarşıdakı on beş il müddətində DİM-in həyata keçirilməsində yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliyi aradan qaldırmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə birgə səyləri möhkəmləndirmək məramını ifadə edirlər.
Dünyada hal-hazırda 700 milyondan çox insan, yəni dünya əhalisinin 10%-ə qədəri hələ də ifrat yoxsulluqdan əziyyət çəkməklə səhiyyə, təhsil, içməli su, sanitar şərait kimi fundamental ehtiyacların ödənilməsi imkanından məhrum qalmaqda davam edir (Beynəlxalq Əmək təşkilatı (ILO)-https://www.ilo.org/global/about-the-ilo/newsroom/news/WCMS_670171/lang--en/index.htm).
Gündəlik gəliri 1.90$-dan az olan əhali qrupunun əsasən Sub-Saxara Afrikasında cəmlənməsinə baxmayaraq, ümumən dünya üzrə yoxsulluq faizi kənd ərazilərində şəhərlərdən 3 dəfə yüksəkdir. Əsas məsələlərdən biri ondan ibarətdir ki, iş imkanlarına malik olmaq hələ də keyfiyyətli həyat səviyyəsinə çatmaq anlamı ifadə etmir. 2018-ci ildə dünya üzrə işləyən əhali qrupunun 8 faizi yoxsulluq vəziyyəti ilə üzləşmişdir. Hər beş uşaqdan biri yoxsulluq şəraitində yaşayır. Uşaqlar və cəmiyyətin həssas kateqoriyaları üçün sosial müdafiənin təmin olunması yoxsulluğun aradan qaldırılmasında dünya birliyinin qarşısında dayanan başlıca məsələlərdəndir.
“Uşaq yoxsulluğuna son qoymağın vasitələrindən biri ailə səviyyəsində yoxsulluqla mübarizə aparmaqdır. Keyfiyyətli sosial xidmətlərin əlçatanlılığı prioritet olmalıdır” - BMT Baş Katibi Antónıo Guterres
UNESCO-nun Statistika İnstitutunun hesablamalarına əsasən 2016-cı ildə dünyada on beş - on yeddi yaş arası 142 milyon gənc, ümumən 263 milyon uşaq və gənc (Avropa əhalisinin ¼ bərabər rəqəm); eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə hər dörd qızdan biri məktəb təhsilindən kənarda qalmışdır (http://uis.unesco.org/en/news/263-million-children-and-youth-are-out-school). Statistik məlumatlara əsasən, qlobal miqyasda hər il 10 milyona yaxın uşağın 5 yaşına çatmadan dünyasını dəyişməsi, əsasən kənd yerlərini əhatə edən yoxsulluq və safalət vəziyyəti, o cümlədən, içməli su problemi ilə üzləşən 800 milyona yaxın insan, təhsildən kənar vəziyyət – ibtidai təhsil ala bilməyən 72 milyon uşaq, bu acınacaqlı rəqəmlərin hələ də mövcudluğu diqqətdən kənar qoyulmamalı olan ən vacib məsələlərdəndir.
Yüksək statistikalar, planetdə bir milyarddan çox insanın hələ də ifrat yoxsulluqdan əziyyət çəkməsi 2015-ci ilədək nail olunması hədəflənən Minilliyin İnkişaf Məqsədlərinin (MİM) bütün ölkələr tərəfindən əsaslı miqyasda həyata keçirilmədiyini təsdiq etdi. Bu məqsədlərin 2015-ci ilədək icrası nəzərdə tutulsa da, təbii olaraq bütün dövlətlər tərəfindən qlobal hədəflərə tam keyfiyyətdə nail olunması mümkün olmadı. Dünyada baş verən proseslərin fonunda, dövlətlər tərəfindən qlobal inkişaf məqsədləri üzrə yüksək göstəricilərə nail olunması, əlbəttə ki, hazırki qlobal sosial-siyasi, iqtisadi və ekoloji vəziyyət nəzərə alındıqda qeyri-real görünür.
Kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, universal ibtidai təhsilin təmin edilməsi, gender bərabərliyi və qadın hüquqlarının təminatı, qadınların sağlamlığının qorunması, uşaq ölümü hallarının azaldılması, ətraf mühitin təhlükəsizliyinin təmin olunması kimi hədəfləri əhatə edən MİM-in müəyyən edilmiş zaman kəsiyində gözlənilən nəticələrə nail olmaması səbəbindən onların davamı olaraq dünya birliyi tərəfindən qəbul edilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) müəyyənləşdirilməsi planetdə həyat və insanlığın gələcəyi naminə bu prosesin davamlılığının təmin olunmasının yeni konsepsiya əsasını müəyyənləşdirmiş oldu. Bunu nəzərə alaraq, prosesin mütərəqqi təşəbbüs kimi davamı BMT-yə üzv dövlətlərin 2015-ci ildə 2016-2030-cu illəri əhatə edən, 17 məqsəd və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Gündəliyini qəbul etməsi ilə nəticələndi. Qlobal Məqsədlər olaraq da bilinən DİM-lər BMT-yə üzv 191 dövlət tərəfindən daha əvvəl qəbul edilmiş və səkkiz oxşar hədəfi təsbit etmiş olan Minilliyin İnkişaf Məqsədlərini (MİM) təməl alaraq 2030-cu ilədək bütün əhali kateqoriyaları və ölkələri əhatə etməklə yoxsulluğun formalarının aradan qaldırılmasını qarşıya məqsəd qoymuşdu.
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gündəlik 2030-cu ilədək DİM-in həyata keçirilməsi üçün 3 əsas prinsipi özündə birləşdirir:
Universallıq – inkişaf səviyyəsindən asılı olmayaraq DİM-in bütün ölkələr üçün tətbiq edilmə imkanının mümkünlüyü;
İnteqrasiyalı yanaşma – ölkələrin qəbul etdikləri inkişaf planları və milli strategiyalarda dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji miqyasının inteqrasiyalı şəkildə əhatə edilməsi;
Hər kəsin əhatə olunması prinsipi – bərabərsizliyi aradan qaldırmaq, məşğulluğun təşviq edilməsi, sosial müdafiənin gücləndirilməsi, bütün imkanlara cəmiyyətin aşağı və həssas qruplarının əlçatanlığının təmin edilməsi.
Dövlətlərin kollektiv yanaşması, birgə səylər nəticəsində həyata keçirilən beynəlxalq təşəbbüslər qlobal çağırışların həllində olduqca əhəmiyyətli rola malikdir. Bu baxımdan, Dayanıqlı İnkişaf üzrə Gündəlik qlobal problemlərin dünya cəmiyyəti qarşısında həllinin vacibliyi və prioritetə çevrilməli olan xüsusiyyətini ön plana çıxararaq, eyni zamanda, sivilizasiyasının gələcəyinə təsir edən məsələlərin həllində hökumətləri beynəlxalq əməkdaşlığa təşviq edərək birgə səylərin artırılmasına səslədi. Bu anlamda sözügedən Gündəliyin 2016-cı ildə təsdiq olunması və lider dövlətlərinin birmənalı şəkildə proqrama qoşulması dünya cəmiyyətinin həyativacib məsələlərdə birgə mövqe nümayiş etdirməsi baxımından olduqca əhəmiyyətli hadisə idi ki, bu nöqteyi-nəzərdən, Dayanıqlı inkişaf sahəsində 2030-cu il Gündəliyi yoxsulluğun aradan qaldırılması, planetin mühafizəsi və hamı üçün tərəqqinin təmin edilməsinə yönələn öhdəliklərin qlobal miqyasda təsbitini özündə ehtiva edən qlobal sənəddir.
Tarixi inkişafa nəzər saldıqda, son iki əsr ərzində dünyada yoxsulluğun aradan qaldırılmasında göstəricilər əsasında ciddi inkişaf dinamikasını müşahidə etmək olar. Aşağıdakı cədvələ əsasən, qeyd etmək mümkündür ki, XIX əsrin əvvəlindən günümüzə qədər olan dövrdə dünyada yoxsulluq səviyyəsinin kəskin azalması qeydə alınmışdır. Məhz bu səbəbdən, bu müsbət xəttin davamlı şəkildə izlənilməsi üçün dünya liderləri Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq 2030-cu ilədək yoxsulluğun sona çatması üzrə təxirəsalınmaz tədbirlər həyata keçirməyi prioritet qəbul etdilər. Bu istiqamətdə, yaradılan Dünya Yoxsulluq Saatı da izləmə mexanizmi olmaqla region və ayrı-ayrı ölkələr üzrə yoxsulluq səviyəsini fasiləsiz ölçərək dünyada yoxsulluğun vəziyyətinə dair real mənzərə təqdim edir.
YOXSULLUĞUN AZALMA DİNAMİKASI
Cədvəl 1. (Mənbə: https://slides.ourworldindata.org/world-poverty/#/declining-world-poverty-s1820-2015-step1)
Yoxsuluq problemi müxtəlif formalarda mövcuddur. Yoxsulluğun kəskin forması olan ifrat yoxsulluq Dünya Bankının 2015-ci ildə müəyyən etdiyi “ifrat yoxsulluq həddi” ilə müəyyənləşdirilərək gündəlik gəliri 1.90 $-dan az olan əhali kateqoriyasını əhatə edir. İfrat yoxsulluq dedikdə təkcə gəlir azlığı deyil, həm də ümumilikdə minimum ehtiyacları ödəmək qabiliyyətinə malik olmamaq nəzərdə tutulur. İfrat yoxsulluq da iki formada özünü göstərir: mütləq və nisbi yoxsulluq. Birincisi, insanların yaşadığı ölkədə minimum ehtiyaclar – qidalanma, geyim və yaşayış yeri və s. ehtiyaclarını təmin edə bilmədikləri zaman meydana çıxır. Nisbi yoxsulluq isə ailə gəlirinin ölkədə müəyyən edilən orta gəlir göstəricisindən əlli-altmış faiz aşağı olduğu halda qeydə alınır. Nisbi yoxsulluq dərəcəsi ölkədə gəlir bərabərsiziyinin ölçülməsi üçün olduqca vacibdir.
Digər çoxölçülü yoxsulluq forması da yalnız gəlir səviyyəsi ilə bağlı olmayıb müxtəlif növ ehtiyac və təminatlara çıxış imkanının məhdudluğu kontekstində baş verir və elementar ehtiyacların ödənilmədiyi şəraiti və həyat səviyyəsini əhatə edir. Çoxölçülü yoxsulluq səviyəsinin müəyyən edilməsi zamanı səhiyyə, təhsil almaq imkanı, yaşam standartı kimi amillər də nəzərə alınır. Çoxölçülü yoxsulluğun təsbit edilməsinin 10 indikatoru müəyyən edilmişdir ki, bunlara - sağlamlıq, təhsil, yaşayış standartları kateqoriyaları üzrə düzgün qidalanma, uşaq ölümü səviyyəsi, məktəb dövrünün müddəti və təhsil davamiyyəti, sanitar imkanlar, içməli su təminatı, elektrik, kommunal xidmətlərə əlçatanlıq, əmlak və mülkiyyət imkanları daxildir. Çoxölçülü yoxsulluq indeksi yoxsulluğu geniş spektrdə ölçməyə imkan verir ki, bu da yoxsulluğun aradan qaldırılması üzrə hökumət müdaxiləsini zəruri edən sosial strategiyaların qurulmasında və müvafiq mexanizmlərin yaradılması istiqamətində dövlətlər üçün bir növ təlimat rolunu oynayan vacib funksiyadır.
Yoxsulluğun ölkəmiqyaslı ölçülməsini hökumətlər müxtəlif sorğular vasitəsilə data toplanması əsasında həyata keçirirlər. Dünya Bankı və digər qlobal institutların sorğular əsasında qurulan geniş data bazaları bu işdə dövlətlərə əsaslı dəstək təmin edir. Son dövrlərdə data toplanmasında yeniliklərin tətbiq edilməsi nəticəsində uzun vaxt tələb edən sorğular yerinə müasir texnologiyaların tətbiqi ilə daha innovativ üsullardan istifadə edilir ki, bu da öz növbəsində aparılan analizlər üzrə dataların keyfiyyətinə - əsaslığı və etibarlılığına xidmət edən amildir.
“Planetin xilası, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf hədəfləri eyni mübarizəni təmsil edir” – BMT-nin səkkizinci Baş Katibi Ban-Ki Moon
AZƏRBAYCANDA YOXSULLUQ SƏVİYYƏSİ
Yoxsulluqla mübarizədə əsas amil genişmiqyaslı və hərtərəfli keyfiyyət tədbirləri nəticəsində bu vəziyyətin tamamilə aradan qaldırılması və ya minimuma endirilməsi məqsədinə hesablanan hədəfləri müəyyənləşdirərək bu istiqamətdə davamlı proqramlar həyata keçirilməsidir. Bunun üçün uşaq yoxsulluğunun sıfra endirilməsinə xidmət edən, sosial təminatı gücləndirən, özəl sektorun fəaliyyətini təşviq edən, sahibkarlıq və biznes imkanlarını inkişaf etdirən, eyni zamanda, təhsilə və insan kapitalına investiya edən, o cümlədən, qadınların bərabərhüquqlu cəmiyyətdə yaşamaları və iş imkanları əldə etmələrinə şərait yaradan kompleks tədbirlərin icrası vacibdir.
Sovet cəmiyyəti və siyasi idarəetmə rejimi qurulanadək, tarixən, Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Qafqaz xalqları üçün səciyyəvi olan ənənəvi poliqamik xüsusiyyətə malik ailə strukturu daxilində qadınların əməyi ailə institutu çərçivəsində əmək elementi xüsusiyyəti göstərərək ortaq büdcə tərkibində ailə başçısının əməyinə qatqı kimi qiymətləndirilirdi. Buna bağlı olaraq, qız uşaqlarının təhsili ailədaxili məqsəd formalaşdırmayaraq prioritetlərdən kənarda qalırdı. Müasir dövrdə bu tendensiya əsaslı şəkildə zəifləsə də, keyfiyyətdə dəyişiklik göstərib, mahiyyətcə eynilik saxlayaraq daha çox şəhərləşmədən kənarda qalan ərazilərdə özünü göstərməkdə hələ də davam edir. Halbuki, qadınların əmək bazarında təmsil olunması ilk növbədə onların sosial müdafiəsi ilə yanaşı, o cümlədən, məşğulluq üzrə gender balansında rol oynamaqla, eyni zamanda, ümumdaxili məhsulda pay sahibi olmalarına, digər tərəfdən, davam edən nəslin təhsil səviyyəsinin müəyyənləşdirilməsində təsir imkanlarına, iqtisadi inkişafda roluna şərait yaradaraq yoxsulluğun aradan qaldırılmasında olduqca əhəmiyyətli yer tutur. Bu mənada, qadınların əmək bazarında yeri kifayət qədər yüksəkdir və ümumdaxili məhsulun (ÜDM) səviyyəsində olduqca əhəmiyyətli yerə sahibdir. Təhsilli və iş imkanına malik qadınlar övladlarının keyfiyyətli həyat göstəricilərinin müəyyənləşməsində əsas subyekt kimi çıxış edirlər ki, bu da öz növbəsində, cəmiyyətdə yoxsulluq probleminin birbaşa asılı olduğu aşağı təhsil səviyyəsi probleminin həllində rol oynayan kifayət qədər vacib faktordur. Belə ki, bu həm də əsas indikatorlarından biri olan - adambaşına düşən ümummilli gəlirin də təsir etdiyi sağlamlıq və təhsil səviyyəsi, ümumi yaşayış standartları kimi İnsan İnkişafı İndeksinin (HDI) üç ölçüsünün ölkə üzrə göstəricilərinin müəyyənləşdirilməsində öz əksini tapan vacib amildir.
Azərbaycan qoyulan problemin həlli istiqamətində istər MİM-nə, istərsə də DİM-nə qoşularaq həm ölkə miqyasında, həm də dünya miqyasında 2030-cu ilədək hədəflənən nəticələrə nail olmaq üçün vacib addım atmış ölkədir. Bu istiqamətdə dünya birliyi tərəfindən irəli sürülmüş təşəbbüslərdə iştirakını təsdiqləyərək həlli vacib problemlərin aradan qaldırılmasında dünya birliyinin üzvü kimi aktiv rolunu və mövqeyini nümayiş etdirmişdir. Hələ 2000-ci ildə Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində irəli sürülmüş və hal-hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin əsasını təşkil edən, 147 ölkə başçısının təsdiq etdiyi Minilliyin İnkişaf Məqsədlərinə dair Bəyannaməyə qoşulan və sonradan da Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən Azərbaycan, bununla da dünyanın taleyi üçün atılan addımların bir hissəsinə çevrilməyə qeyd-şərtsiz razılıq ifadə etmişdi – Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı (http://edf.gov.az). Bugün də həllinə nail olunmayan işğal aktına məruz qalan və bu səbəblə də bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın, əhalisinin demək olar ki, yarısının yoxsulluq səviyyəsində yaşadığı hələ əsrin əvvəlindəki dövrdə Minilliyin Bəyannaməsində nəzərdə tutulan məqsədlərə nail olmaq üzrə beynəlxalq təşəbbüsə daxil olması təkcə ölkə üzrə hədəflərə çatmaq məqsədi daşımayıb, həm də Planetdə vəziyyətin yaxşılaşdırılması istiqamətində icra edilən beynəlxalq səylərin parçasına çevrilməsinə də imkan yaratmışdır. Bununla, Azərbaycan həm ölkə, həm də dünya miqyasında 2030-cu ilədək hədəflənən davamlı məqsədlərə nail olunması üçün vacib addım atmış oldu.
Qeyd etmək lazımdır ki, sözügedən addımların uğurlu nəticələri artıq son onillik boyunca öz mübət təsirini göstərməyə başlamışdır. Həllivacib sahələrdə dayanıqlılığın təmin olunması üzrə kompleks tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı və 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı çərçivəsində ümumən ölkədə inkişafın təmin edilməsi, institusional islahatların aparılması, məşğulluq probleminin həlli, sosial təminatın gücləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunun inkişaf etdirilməsilə davamlı iqtisadiyyata keçid məqsədləri qarşıya qoyulmuşdur. Belə Proqramlar yoxsulluğun aradan qaldırılması istiqamətində effektiv tədbirlərin həyata keçirilməsinə geniş imkan yaratmaqla, ölkədə yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına, başqa sözlə, 2001-ci ildən etibarən 10 dəfəyədək aşağı düşməsinə şərait yaratmışdır.
Qeyd edilən sosial-iqtisadi inkişaf strategiyasının tətbiqi nəticəsində hələ 2015-ci ildə MİM-lərin icrasının yekunlarına dair Romada keçirilən tədbirdə yoxsulluğun aradan qaldırılması sahəsində qeydə alınan yüksək inkişaf dinamikası və qazanılan nailiyyyətlərə görə Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən mükafata layiq görüldü. Davam edən genişmiqyaslı dövlət siyasəti nəticəsində Azərbaycan 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olunmasında 18 ölkə arasında yer aldı. Hal- hazırda da, ölkənin göstəriciləri bir çox indeks üzrə yüksəlməklə illər ərzində müsbət dinamika göstərməkdə davam edir. Təsadüfi deyil ki, Azərbaycan Dünya İqtisadi Forumunun 2019- cu il Qlobal Rəqabətlilik Hesabatında 140 ölkə arasında 58-ci yerdə qərarlaşmışdır ki, bu, iqtisadiyyatın vəziyyətini əks etdirməklə yanaşı, həm də ölkəyə xarici investisiyaların təşviqinə şərait yaradan mənzərəni nümayiş etdirməklə geniş imkanlar açır.
Lakin qeyd edilənlərlə yanaşı, yoxsulluq probleminin həllində mühim bir aspekt də var ki, bütün inkişafyönümlü addımlar və fəaliyyət, o cümlədən, qeydə alınan müsbət göstəricilərin fonunda aktual bir məsələ - yoxsulluğun aradan qaldırılması və ya azaldılmasında əhəmiyyətli rol oynayan məşğulluğun genişləndirilməsi və ölkədə bütün fəaliyyətqabiliyyətli əmək istehsal edən əhali qrupunu əhatə etməsi problemin həllində vacib yer tutsa da, iş imkanları və iş şəraitinin təminatında keyfiyyət amili də davamlı məşğuliyyət kriteriyasının əsas ünsürlərindən biri olaraq qalır. Digər sözlə, dövlət və özəl sektorda məşğulluğun standartlarının insanmərkəzli amilini nəzərə almaqla keyfiyyətli həyat göstəricilərinə, dolayısı ilə də davamlı inkişafı təmin edən kriteriyalara uzlaşdırılması olduqca mühim məsələdir. Burada minimum əməkhaqqı səviyyəsi, iş şəraiti, işçilərin sosial və hüquqi təminatı vacib amillərdir.
Ümumilikdə isə DİM-in həyata keçirilməsində ən vacib məsələ onun məqsəd və hədəflərinin ölkənin sosial-iqtisadi siyasət kursuna uyğunlaşdırılması, qanunvericiliyinə düzgün inteqrasiyasıdır. Buna uyğun olaraq, Azərbaycanda DİM-in həyata keçirilməsi üzrə icra edilmiş vacib tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasıdır. Şuranın əsas fəaliyyəti 2030-cu ilədək qlobal miqyasda müəyyən edilmiş hədəf və məqsədlərə adekvat strategiyalar müəyyənləşdirmək, sosial-iqtisadi sahədə həyata keçirilən dövlət proqramlarının DİM ilə uzlaşdırılmasını təmin etməkdən ibarətdir.
Nəzərə alsaq ki, dünyada əhalinin 42%-i 25 yaşdan aşağı olan kateqoriya - gənclərdən ibarətdir, onların sağlam və aktiv mühitdə yaşamaq, yetərli imkanlarla təmin olunmalarına dəstək göstərmək, həmçinin, sağlam iş mühitinə inteqrasiyasını təmin etmək və potensialının üzə çıxarılması, düzgün istiqamətdə idarə edilməsinə töhfə etmək bu sahədə həyata keçirilən dövlət siayəsətinin prioritet istiqamətlərinə çevrilməli və həyata keçirilən proqramların əsas xəttini təşkil etməlidir. Dövlət bu istiqmətdə də artıq əsaslı işlər həyata keçirərək insan kapitalının gücləndirilməsinə xidmət edəcək konsepsiyalar müəyyənləşdirmişdir. Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası, Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsi qeyd edilən məsələləri əhatə edən əsaslı proqramlardır.
DİM-in həyata keçirilməsində beynəlxalq və regional əməkdaşlıq çərçivəsində ortaq proqramların həyata keçirilməsi də bu mövzuda vacib məsələlərdən biridir. Dayanıqlılıq məqsədlərinə ən effektiv formada cavab verilməsi və bu prosesin sürətli təmin olunması məqsədilə model strategiyaların əhatəli şəkildə inkişaf etdirilməsi vacibdir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında təcrübə mübadiləsi – beynəlxalq təcrübənin öyrənilməsi və eyni zamanda, özünün yaratdığı təşkilati və strukturlaşma modelləri ilə sosial innovasiyaların digər inkişaf etməkdə olan ölkələrə də ötürülməsi istiqamətində BMT və onun bir sıra ixtisaslaşmış təsisatları ilə sıx əməkdaşlıq edir. Belə əməkdaşlıqda əsas məqsəd qlobal dayanıqlılıq hədəflərinə nail olmaqda yarana biləcək çətinliklərin aradan qaldırılması üzrə təcrübələrin bölüşülməsi, ölkələrarası əməkdaşlığın təşviqi və həmçinin, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə qlobal tərəfdaşlığın möhkəmləndirilməsidir. Bu əməkdaşlığın davam edən nəticəsi kimi, Azərbaycan DİM-ni ehtiva edən 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədinin icrasını müəyyənləşdirilmişdir ki, bu sənəd özündə müxtəlif sahələrdə inkişaf hədəflərini əhatə edən layihələr üzrə BMT-nin ixtisaslaşmış qurumları və digər beynəlxalq institutlarla əməkdaşlıq prosesininin çərçivələrini əhatə edir. Bu növ əməkdaşlıq kənd təsərrüfatının davamlı inkişafından başlayaraq institusional potensialın gücləndirilməsi, eyni zamanda. ekoloji idarəetmə, inkluziv sosial-iqtisadi xidmət və s. kimi olduqca vacib sahələri əhatə edir. Səkkizinci Dayanıqlı İnkişaf Məqsədi olan “Davamlı iqtisadi artımın təmin olunması, tam və səmərəli məşğulluq və hər kəs üçün iş imkanı” ilə uzlaşdırılan və 2019-2030-cu illəri əhatə edən Azərbaycan Respublikasının Məşğulluq Strategiyasını bu növdən olan sənədlər sırasında qeyd etmək lazımdır. Eyni zamanda, DİM-in məqsəd və hədəflərinə uyğunlaşdırılan 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı, həmçinin, sosial-iqtisadi və ətraf mühit məsələləri üzrə müxtəlif aspektləri özündə əks etdirən DİM-lə inteqrasiya edilmiş milli strategiya üzrə qəbul edilən digər proqramlar da bu qəbildən olan vacib sənədlərdir ki, bütün bunlar həyata keçirilən davamlı sosial siyasətin birbaşa təzahürüdür.
Cədvəl 2 (Mənbə: https://cabmin.gov.az/)
Ümumilikdə, Azərabayacan MİM-nə qoşulduğu dövrdən başlayaraq kifayət qədər məsafə qət edərək əsaslı nəticələrə nail olmuş, eyni zamanda, DİM-in həyata keçirilməsində də, xüsusilə yoxsulluğun aradan qaldırılmasında, işsizlik səviyyəsinin azaldılmasında müsbət dinamika nümayiş etdirmişdir (cəd.2). Rəsmi dövlət statistikası və beynəlxalq mənbələrə istinadən (şək.3) demək mümkündür ki, 2018-ci ilin yekununda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,2% olmuşdur . Bu isə bir çox inkişaf etməkdə olan ölkələrlə müqayisədə kifayət qədər müsbət göstəricidir. Bu sahədə, ölkə olaraq həmçinin region dövlətlərinin sosial-iqtisadi mənzərəsi ilə müqayisədə də uğurlu nəticələr qazanılmışdır (Şəkil 1, 2, 3 / Cəd.3, 4, 5). Azərbaycanda dövlət siyasətinin başlıca istiqaməti olaraq müəyyənləşdirilən yoxsulluq səviyyəsinin sıfra endirilməsi, işsizliyin mimimum həddə çatdırılması, o cümlədən, digər DİM məqsədlərinə nail olunması üzrə ardıcıl davam edən sosial-siyasi kurs neft və digər təbii ehtiyatlardan əldə olunan gəlirlərinin insan kapitalına yönləndirilməsində və sosial siyasətin icrası olaraq sosial təminata çevrilməsində prioritet olaraq qalmaqda davam edir.
İdeya və təkliflər
Yoxsulluq probleminin aradan qaldırılmasında lokal miqyaslı və beynəlxalq əməkdaşlıq çərçivəli tədbirlərin həyata keçirilməsi bu istiqamətdə başlıca rol oynasa da, bu sahədə məhəlli miqyaslı və QHT-lər çərçivəsində maarifləndirmə xarakterli, o cümlədən, beynəlxalq yoxsulluq, ərzaq təhlükəsizliyi, sağlam həyat və keyfiyyətli həyat şəraiti, keyfiyyətli təhsil və digər sahələrdə layihələrin icrası vacibdir. Bu sahələrdə vətəndaş cəmiyyətinin rolu yuxarıda qeyd edilən növdən olan fəaliyyətlərin reallaşdırılması və təbliğində kifayət qədər əhəmiyyətlidir. Buna bağlı olaraq, aşağıdakı proqram xarakterli layihələrin həyata keçirilməsi bu mövzuda olduqca effektiv təsir yarada bilər:
-
Yoxsulluq problemi və beynəlxalq yoxsulluğun yaranma səbəbləri, bu səbəblərin araşdırılması və maarifçilik/təbliğat xarakterli layihələrin QHT sektoru, digər ictimai qurumlar, məktəblərin iştirakı ilə aparılması;
-
Sosial kampaniyaların həyata keçirilməsi;
-
Beynəlxalq dəstəyin alınması və müvafiq sahədə təcrübə mübadiləsi üzrə beynəlxalq tərəfdaşlarla birgə layihələr;
-
Korporativ mühitlərdə sosial təminatın müxtəlif aspektlərini əhatə edən təlimlərin keçirilməsi
-
Məhəlli səviyyədə maarifçilik, təbliğat üzrə kiçik və orta miqyaslı layihələr;
-
Təhsilə təşviqat üzrə regionlarda, şəhərlərdə və kənd-qəsəbələrdə aparılan layihələr;
-
Əhalinin həssas qrupları və aztəminatlı təbəqəsinin sosial təminatının gücləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılması üzrə dövlət qurumlarının işinə paralel layihə-proqramların icrası;
-
Yerli bələdiyyə və icra oraqnlarının dəstəyi ilə aztəminatlı ailə və əhali qruplarının keyfiyyətli maksimum həyat şəraitinin təmin olunması, məşğulluq proqramlarına cəlb olunması üzrə təlim, yardım-dəstək və sosial müdafiə təlim mərkəzlərinin qurulması.
Bütün yuxarıda qeyd edilən istiqamətlərdə dövlət dəstəyi və ictimai fəallıq vacib məsələ olmaqla problemin davamlı idarəolunması işində olduqca əhəmiyyətli rol oynaya və davamlı inkişafın təmin olunmasında əsaslı addımların bir hissəsinə çevrilə bilər.
Mənbələr
- OECD Development Co-operation Report 2013: Ending Poverty Max Roser and Esteban Ortiz-Ospina, 2013; substantive revision March 27, 2017
- https://ourworldindata.org/extreme-poverty
- Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar, və perspektivlər. Eldar Quliyev, Bakı – 2018. “İlin kitabı” beynəlxalq mükafatı
- Human Development Report 2010, 20th Anniversary Edition - The Real Wealth of Nations: Pathways to Human Development, for UNDP (by Palgrave Macmillan New York, NY 10010, 2010)
- The Global Competitiveness Report 2019, Klaus Schwab, by World Economic Forum 2019/ Insight Report
- World Employment Social Outlook Trends 2019, Int. Labour Office, 2019, ILO
- https://www.az.undp.org/content/azerbaijan/az/home/ourwork/humandevelopment/overview.html / https://www.economy.gov.az/article/international-reports/21565
Aytən Babayeva
Bakı Dövlət Universitetini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Magistr dərəcəsi üzrə təhsilini İtaliyada Beynəlxalq Əməkdaşlıq və İnkişaf Elmləri üzrə almışdır.