Yuxarıya
skip to main content

Dünya əhalisinin artım dinamikasının sosial və demoqrafik göstəriciləri

24.10.2019

Dünya əhalisinin artımı: Əhali cəmiyyətin başlıca məhsuldar qüvvəsidir. XX əsrin ortalarından əhalinin tədqiqinə maraq artmışdır. Bunun əsas səbəbləri aşağıdakılardır:

 

  • əhali cəmiyyətin başlıca qüvvəsidi r(əmək resursu –istehsalçısıdır)
  • əhali əsas istehlakçıdır
  • əhalinin sayı daim dəyişir
  • əhali təbiətlə əlaqədə daim onu dəyişir.

 

Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Əhalinin artım templərinin dəyişməsini 4 mərhələyə ayırmaq olar.

Birinci mərhələ üçün yüksək doğum və nisbətən aşağı ölüm səciyyəvidir. Təbii artım bu mərhələdə kifayət qədər yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. İnkişafda olan ölkələrin çoxunda vəziyyət demoqrafik keçidin bu mərhələsinə uyğun gəlir. Məhz bu demoqrafik partlayış adlanır. Bu ölkələrdə hər qadına 3-4 uşaq düşür.

İkinci mərhələ çoxuşaqlı ailələrdən az uşaqlı ailələrə keçid kimi səciyyələndirilir. Burada ölüm göstəriciləri də azalır. Ancaq doğumun sürətlə azalması təbii artımın aşağı düşməsinə gətirib çıxarır. Son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşmüş və hətta əhali sayının azalması müşahidə olunmaqdadır.

Üçüncü mərhələ üçün ölümün yüksəlməsi və doğumun tempinin azalması səciyyəvidir. Bu mərhələdə təbii artımın zəifləməsi nəzərə çarpacaq dərəcədədədir. Bu mərhələdə bəzi ölkələr demoqrafik siyasət həyata keçiriblər. Ancaq bəzi ölkələrdə bu siyasət hələ də öz nəticəsini verməyib.

Dördüncü mərhələdə doğum və ölüm göstəriciləri bir –birinə yaxınlaşır, əhalinin yüksək artım tempi aşağı  düşür. Bu dövrü dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçirirlər.

        

Əhalinin artımı təbii artımla yanaşı mexaniki artım vasitəsilə də tənzimlənir. Mexaniki artım ölkəyə gəlib gedənlərin sayı ilə tənzimlənir. Ölkəyə gələnlər imiqrantlar, gedənlər isə emiqrantlar adlanır. Ümumiyyətlə əhalinin artımına bir çox amillər təsir edir. Bunlardan ən vacibləri – məhsuldar qüvvələrin inkişaf səviyyəsi, əhalinin etnik, dini və regional mənsubiyyəti, qadınların ictimai əməyə cəlb olunması və cəmiyyətdə rolu, dövlətin doğumu stimullaşdırılması və ya əksinə, müharibələr, epidemiyalar nəticəsində uşaq ölümü səviyyəsinin dəyişməsi və sairdir. Bundan başqa, əhalinin artımına qadın və kişilərin sayının disporsiyaları, cins və yaş tərkibi kimi amillər də təsir edir.

 

 

Dünya əhalisinin demoqrafiyasını və onun qanunauyğunluqlarını öyrənmək iqtisadi coğrafiyanın əsas vəzifələrindən biridir. Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos – yazıram deməkdir. Demoqrafiya əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 milyard, 1960-da 3 milyard, 2000-də 6 milyard olmushdur. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 milyard insan yaşayacaq. 2019-a görə dünya əhalisi 7,7 milyarda çatmışdır. BMT Baş katibinin hesabatında bildirilib ki, dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq. Dünyada ən sürətli təbii artım 1950-1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1.8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2.2% təşkil edib. Müxtəlif vaxtlarda dünya əhalisinin təbii artımı müxtəlif olmuşdur. Bildiyimiz kimi, dünyada əhalinin sayına təsir edən əsas 2 faktor var:

 

·         Təbii artım

·         Mexaniki artım

        

Təbii artım dedikdə, doğulanların sayından ölənərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə ölçülür. Əhalinin təbii artımında əsas sıçrayış XX əsrin 60-cı illərində olmuşdur – 2%-dən çox (hər 1000 nəfərə 20 nəfərdən çox). Sonralar bu göstərici 2-1.5% və ya hər 1000 nəfərə görə 20-15 nəfər arasında olmuşdur. Qeyd edək ki, respublikamzda hər 1000 nəfərə təbii artım 19-20 nəfərdən 8-9 nəfərə enmişdir. Demoqraflar təbii artıma görə ölkələri 3 tipə bölürlər.

 

 

Təbii artımın I tipi (müasir növ) – bu tipə aşağı ölüm, aşağı təbii artım aiddir. Bu tipə əsasən İEÖ bu tipə aiddir. Səbəb isə əhalinin sosial səviyyəsinin, tibbin, elmin, təhsilin səviyyəsinin yüksək olmasıdır. Hal-hazırda bu ölkələrdə təbii artım olduqca aşağı səviyyədədir. Buraya ABŞ, Albaniya istisna Avropa ölkələri, Kanada, Yaponiya, Avstraliya, Rusiya aiddir (Cədvəl 1).

Təbii artımın II tipi (ənənəvi növ) – Təbii artımın ənənvi növündə yüksək doğum, orta ölüm, yüksək artım müşahidə olunur. Bu tipə əsasən İOÖ aiddir. Buraya Afrika, Okeaniya, Asiya, Latın Amerikasını aid etmək olar. Burada təbii artım olduqca yüksəkdir. Dünya əhalisinin sayı əsasən bu ölkələrin hesabına artır.

Ümumiyyətlə təbii artımın II tipində artımın yüksək olmasının səbələri: iqtisadiyyatın, təhsilin aşağı səviyyəsi, erkən yaşda evlənmə, səhiyyənin vəziyyətinin pis olması. Bu tip ölkələrə “demoqrafik partlayış” xasdır. Misal olaraq Afrikada təbii artım 2.8-5%, Asiyada 1.4-2%, Latın Amerikasında 1.5-2.2%-dir.

 

Təbii artımın I tipində isə artımın olduqca az olmasının səbəbləri urbanizasiya və müasir həyat tərzi, gec evlənmə, boşanma hallarının çox olması, təhsilin elmin yüksək səviyyədə olması. Səhiyyənin yüksək səviyyədə olmasıdır. Bu tip ölkələrə isə “Demoqrafik böhran” xasdır.

       

Əhalinin müxtəlif səviyyədə təbii artımları bir çox hallarda ölkənin milli maraqlarına təhlükə yaradır. Bu zaman hökümət plkədə təbii artımça müvafiq olaraq demoqrafik siyasət yürüdür. Əsasən I tipə aid ölkələrdə təbii artımı yüksəltmək, II tipə aid ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət yeridilir. Misal olaraq ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq edilir. Hindistanda öz ölkəsində oxşar siyasətin tətbiqi haqqında düşünür. Amma Səudiyyə Ərəbistan, Hollandiya ailədə doğulan ikinci uşağa görə həvəsləndirici təqaüd verir. Bu tip demoqrafik siyasəti Rusiya Federasiyası da etmək istəyir. Əhalinin demoqrafik quruluşunda ən vacib göstəricilərdən birincisi əhalinin yaş-cins strukturudur. Əhalinin yaş-cins strukturu 3 əsas prosesin təsiri altında formalaşır:

 

·         Doğum;

·         Ölüm;

·         Əhalinin miqrasiyası.

         

Demoqrafik inkişaf kontekstində insan inkişafının davamlılığı dedikdə əhalinin optimal artımı, əhalinin təkrar istehsalının optimal tipi nəzərdə tutulur. Bununla bağlı vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar. Müxtəlif ölkələrə nəzər salaraq bunu daha aydın görürük. Məsələn, Rusiyada 1980- cı illərin sonu 1990-cı illin əvvəlindən doğumun səviyyəsi aşağı düşmüşdür. Avropada isə doğumunsəviyyəsi 1960-1970-ci illərdən azalmağa başlamışdır. Avropada ən aşağıümumi nəsilvermə əmsalı Rusiyadadır (1,35%). Müqayisə üçün qeyd edək ki, İsveçdə ümumi nəsilvermə əmsalı - 1,65%, Böyük Britaniya və Finlandiyada doğumun ümumi əmsalı - 1,71%, Niderlandda - 1,73%, Danimarkada - 1,74%, Norveçdə -  1,80%, Fransada - 1,89%, ABŞ-da isə 2,01%-dir. Əlbəttə,ümumi nəsilvermə əmsalının az olduğu ölkələr vardır. Buraya, Ukrayna (1,06%), Çexiya (1,18%), Slovakiya (1,19%), İtalya (1,20%), Moldova (1,21%), Sloveniya (1,21%), Belorusiya (1,22%), Polşa (1,22%), Latviya (1,23%), Litva(1,23%), Rumıniya (1,24%), Bolqarıstan (1,29%), Yaponiya (1,29%), Macarıstan (1,30%), İspaniya (1,30%)  və digər ölkələri aid etmək olar.

 

Ümumiyyətlə, bu və ya digər ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri  doğulan uşaqların cinsi və yaş qrupları, eyni zamanda, uşaq ölümü  üzrə olan rəqəmlərdir. Azərbaycanda doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. 

 

Azərbaycan əhalisinin 2,5 milyon nəfərini vəya 25,5%-ini gənclər təşkil edir. Gənclərin 50,6%-i şəhər yerlərində, 49,4% isə kənd yerlərində yaşayır. Gənclərin 48,3% qadınlar təşkil edir. 2017-ci ildə 15-29 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 115,5 min nəfər olmuşdur və bütövlükdə doğulan körpələrin 80,2%-i gənc anaların payına düşmüşdür. Ötən il Azərbaycanda nikaha daxil olanların 77,9% gənclər təşkil etmişdir. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,6%,qadınların isə 23,7%-dir.

 

Digər vacib məsələlərdən biri də odur ki, əhalinin sayının stabil saxlanılması üçün təbii olümlə miqrasiyanın sayı eyni saxlanılmalıdır. Məsələn, Rusiyada immiqrantların hesabına əhalinin sayının saxlanılması prosesi daha sürətlidir. Lakin immiqrantların hesabına əhalinin sayının artması heç də müsbət hal deyil. Rusiyada bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları qəbul olunmuşdur.

 

Azərbaycanda miqrasiya məsələləri xüsusi olaraq diqqətdə saxlanılır. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub.  Daha dəqiq əgər 1991-ci ildə  daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 106 399 nəfər idisə, 2017-ci ildə bu rəqəm 1901 nəfərə düşmüşdür.

 

Əhalinin yaş tərkibi, demoqrafik siyasəti: Dünya ölkələrində demoqrafik vəziyyətə təsir edən ikinci faktor mexaniki artımdır. Mexaniki artım dedikdə əhalinin miqrasiyası nəzərdə tutulur. Miqrasiya olduqca geniş anlayışdır. Miqrasiya əhalinin bir yerdən digər yerə hərəkətinə deyilir. Miqrasiyanın əsasə 2 növü var.

 

 1. daxili miqrasiya,

 2. xarici miqrasiya.

 

Daxili miqrasiya ölkə daxilində bir bölgədən digər bölgəyə köçməyə deyilir. Xarici miqrasiya isə bir ölkədən başqa ölkəyə getməyə deyilir. Xarici miqrasiya öz növbəsində 2 yerə ayrılır.

 

1. Emiqrasiya

2. İmiqrasiya.

 

Bir ölkədən çıxıb getmək emiqrasiya, başqa ölkədən bir ölkəyə gəlməlk immiqrasiya adlanır. Ölkədə immiqrantlarla emiqrantlar arasındakı fərq mexaniki artım adlanır. İmmiqrantların üstün olduğu mexaniki artım müsbət saldodadır, yəni burada ölkə əhalisi artır. Emiqantların üstün olduğu mexaniki artım isə mənfi saldodır. Yəni burada ölkə əhalisi azalır. Bunu da qeyd etmək lazımdır ki, bəzi ölkələrin milli strukturunun formalaşmasında miqrasiya başlıca rol oynamışdır. Məsələn: ABŞ, Kanada, Latın Amerikasının ölkələri, Avstraliya ittifaqı, Yeni Zenlandiya, İsrail və s. Bu kimi ölkələr bəzi ədəbiyyatlarda “köçürmə ölkələri”-də adlanır. Hal-hazırda miqrasiya əsasən İOÖ-dən İEÖ-dir. Bunun əsas səbəbi İOÖ-də işsizlik və sosial-iqtisadi vəziyyətin ağırlığıdır. Antropoloqlar dünya əhalisini irqi tərkibinə görə 3 əsas irqə bölürlər:

 

·         avropoid

·         monqoloid

·         neqroid

 

Bu cədvəldə qitələr üzrə dünyadakı əhali artımı göstərilib:

 

Böyük Coğrafi kəşflərə qədər avropoid irqi Avropa, Şimali Amerika, Hindistan, Yaxın və Orta Şərqdə yaranmışdır. Sonradan bütün dünyaya yayılmışdır. Monqoloid irqi, əsasən, Şərqi və Cənub-Şərqi Asiyada, Amerikada yerli hindular arasında yayılıb. Neqroid irqi isə Afrikada daha çox yaşayır. Bundan əlavə bəzi alimlər əlavə olaraq avstroloid irqini də ayırırlar. Buraya Avstraliya və Okeaniyanın, Cənub-Şərqi Asiyanın yerli əhalisinin bir hissəsi aiddir. Buna əlavə olaraq bu irqlər arasındada qarışıq irqlər də var. Avropoidlə Neqroidin qarışığından metis, avropoid və neqroid irqinin qarışığı mulat, moqoloid və neqroid irqinin qarışığı isə sambo adlanır. Bu qarışıq irqlər əsasən Amerika qitəsində yayılıb. Bundan başqa dünya əhalisinin demoqrafiyasinda onların milli tərkibinin böyük rolu vardır. Etnik birliyin əsas əlamətəri dil, ərazi, mədəniyyət, etnik şüurun ümumiliyidir. Hal-hazırda yer kürəsində 3-4 min xalq yaşayır. Bunların da çoxu azsaylıdır. Sayı 100 mln nəfərdən çox olan xalqar çin, hind, ərəb, türk, ingilis, rus, benqal, yapon, braziliya və s.-dır. Bunlar dünya əhalisinin 65% təşkil edir.

         

Dünya əhalisi linqvistik xüsusiyyətlərinə görə də bölünür. Bütün dillər qohumluq münasibətinə görə dil ailələrinə, dil ailələri də öz növbəsində dil qruplarına bölünür. Daha geniş yayılmış dil ailələri bunlardır: Hind-Avropa, Çin-Tibet, Malayziya-Polineziya, Sami-Hami, Bantu, Altay, Qafqaz, Ural, Sudan və s. Hind-Avropa dil ailəsində 2.5 mlrd-dan çox insan danışır. Bu dil ailəsi hind, iran, slavyan, roman, german dil qruplarına bölünür. Hind dil ailəsinə əsasən Hindistanda danışılan dillər aiddir. İran dil ailəsinə isə fars, əfqan, tacik, puştu, beluc, kürd, talış dilləri aiddir. Slavyan dil qrupuna isə rus, ukraynalı, belarus, polyak, çek, slovak, bolqar, serb dilləri aiddir. Roman dil qrupuna isə fransız, italyan, ispan, portuqal, rumın dilləri daxildir. German dil qrupuna alman, ingilis, danimarkalı, norveç, island dilləri aiddir. Bundan başqa Çin tibet dil ailəsi var. Burada olan çin dilində dünya əhalisinin 25% danışır. Malay dili ailəsinə məxsus dillərdə əsasən Malayziya, İndoneziya, Filippində danışılır. Sami-Hami dil ailəsi dünyanın ən qədim dil ailələrindəndir. Burada ərəb yəhudi dilləri var. Sami-Hami dil ailəsində əsasən ərəb ölkələri, İsrail və Maltada istifadə olunur. Altay dil ailəsində isə türk dil qrupu mövcuddur. Türk dil qrupuna isə türk, azərbaycan, özbək, qazax, qırğız, türkmən, tatar, başqırd, uyğur, qaqauz və s. dillər aiddir.

        

Bundan əlavə olaraq dünya əhalisin din tərkibidə olduqca müxtəlifdir. Dinlər milli və dünyəvi dinlərə ayrılırlar. Dünya dinləri bir neçə xalqın sitayiş etdiyi dinlərdir. Dünya dinləri islam, xristianlıqdır. İslam əsasən Asiya və Şimali Afrikada geniş yayılıb. İslamın beşiyi Səudiyyə Ərəvistanda Məkkə və Mədinə şəhərləridir. Dünyada 50-dan artıq müsəlman ölkəsi vardır. Xristian dini isə əsasən Avropa, Amerika, Avstraliya və Yeni Zenlandiyada yayılmışdır. Bu din Katolik, Pravoslav, və Protestant təriqətlərinə bölünür.

                                                                                                           

Katoliklərə əsasən İtaliya, İspaniya və Latın Amerikasında yaşayan müsəlmanlar itaət edir. Böyük Britaniya, ABŞ, Avstraliya, Yeni Zenlandiyada isə əsasən protestantlar yaranmışdır. Yunanıstan və Rusiyada isə pravoslavlar çoxluq təşkil edir. Bundan başqa buddizm mərkəzi, cənubi və cənub-şərqi Asiya ölkələrində sitayiş olunur. Bir millətə məxsus olan milli dinlərdə var. Məsələn, Hindistanda – İnduizm, Çində - Konfutsiçilik, Yaponiyada – Sintoizm və İsraildə İudaizm var. Bunla yanaşı dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0-14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15-65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8%-ni tutur. Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104-107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51% kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.

 

Dünya əhalisinin orta sıxlığı bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km2 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i Şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri niderland, Almaniya tutur. Burada sıxlıq hər km2 2000 nəfərdir. Burada sıxlıq dünyanın ən çox məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.

        

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər. Ancaq, faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır.Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur. Belə ki, 1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 1994-cü ildə 64,9 yaş, 2019-cu ildə isə 72,3 yaş olub. 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır. Avropada 65 yaş və ondan yuxarı əhalinin sayı 19% təşkil edir. Bu rəqəm Şimali Amerikada 16%-dir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq, 28% və 23% təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8%-dən 18%-dək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək. 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur. Dünya əhalisinin orta ömür müddəti artsa da, ümumilikdə regionlar üztə fərq çox böyükdür. Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır-28 yaş. Qadın və kişilərin orta ömür müddəti arasında da nzərəçarpacaq fərq vərdır. Belə ki, doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104-107 oğlan)15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır, sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir. Buna bir çox amillər təsir göstərir. 

 

Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur. Bəzən etnik inkişaf mürəkkəb xarakter daşıyır və bu proseslər eyni vaxtda baş verir.

 

Konsolidasiya - bir neçə qohum etnosun böyük bir xalqa çevrilməsinə, ya da sosial-iqtisadi, mədəni inkişaf nəticəsində formalaşmış xalqın daha da mürəkkəbləşməsinə deyilir. Birinci halda bu etnoslar arası, ikinci halda isə etnosdaxili konsolidasiya adlanır.

 

Assimilyasiya - bir xalqın müəyyən qrupları və ya bütöv xalq, başqa bir xalqın içırisində yaşayaraq, uzunmüddətli təmas nəticəsində onun mədəniyyətini götürür, dilini öz dili sayır və özünün əvvəlki etnik birliyə mənsubiyyətinə qəbul etmir. Milli özünüdərkin dəyişməsi bu prosesin sonu sayılır. Assimilyasiya əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvidir təbii və məcburi ola bilər.

 

Elmi-texniki inqilabin mədəniyyətin və təhsilin inkişafına baxmayaraq dinin cəmiyyətdə rolu çox böyükdür. Dinlər dünya və milli dinlərə ayrılır.    


(ardı var)    

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.