"Doing Business" 2020: Azərbaycan yenə də islahatçı ölkələr sırasında
“Doing Business” 2020 hesabatında Azərbaycan biznesin aparılmasında 4 istiqamət üztə top 20 ölkə sırasına daxil olub. Hesabatda göstərilir ki, Azərbaycan biznesin aparlmasını 4 sahə üzrə daha da sadələşdirib. Bunlar əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların müdafiəsi və müqavilələrin icrası üzrədir.
Kreditlərin alınması indikatoru üzrə Azərbaycan dünya ölkələri üzrə birinci yerdə qərarlaşıb.
“Doing Business”-in ilk hesabatı 2003-cü ildə nəşr olunub. O zaman 5 istiqamət üzrə qiymətləndirilmə aparılmış və 133 ölkə əhatə olunmuşdur. 2019-cu il hesabatında 11 istiqamət əhatə olunub (10 indikator üzrə reytinq müəyyən edilib) və 190 ölkə üzrə qiymətləndirmə aparılıb. “Doing Business” 2020 hesabatı da 10 indikatoru əhatə edib və 190 ölkə üzrə qiymətləndirmə aparılıb. Layihə davamlı olaraq yenilənir və ekspertlərin verdiyi təkliflər əsasında təkmilləşmələr aparılır.
Azərbaycanın bu layihə çərçivəsində qiymətləndirilməsini illər üzrə araşdıranda maraqlı mənzərə ortaya çıxır. Azərbaycan hər zaman bütün göstəricilər üzrə müsbət dinamikaya nail olub. Bəzi sahələrdə irəlləyiş sıçrayış xarakterlidir.
2006-cı ildə Azərbaycan 98-ci sırada idi. Qiymətləndirmənin aparıldığı 10 indikator üzrə göstəricilərə baxdıqda “Doing Business” 2006-cı il hesabatındakı göstəricilərlə (və sonrakı illərdə əlavə olunan) müqayisədə “Doing Business” 2020-ci il hesabatındakı indikatorların hamısı üzrə irəlləyiş var.
Biznesə başlamada irəlləyiş 90 pillə, tikinti icazələrinin alınmasında irəlləyiş 103 pillə, elektrik təchizatı şəbəkələrinə qoşulma 2012-ci il hesabatına nisbətən 93 pillə, əmlakın qeydiyyatı 15 pillə, kreditlərin alınması 20 pillə. Kiçik investorların müdafiəsi 13 pillə ("Doing Business" 2019-cu il hesabatında bu fərq 116 pillə idi), vergilərin ödənilməsində 96 pillə, sərhəddə ticarətdə 75 pillə, müqavilələrin icrasısında 6 pillə və müflisləşmənin həllndə 23 pillə irəlləmə olmuşdur.
Biznes açmağın asanlığı üzrə illər üzrə Azərbaycanın dünya ölkələri arasındakı reytinqi (10 indikator üzrə)
Beləliklə 15 il ərzində Azərbaycan reytinqdə dünya ölkələri arasında 98-ci yerdən “Doing Business” 2019 hesabatında 25-ci yerə qədər irəlləmişdir və bu irəlləyiş 190 ölkə üzrə 73 pillə təşkil etmişdir. “Doing Business” 2020 hesabatında Azərbaycan ən islahatçı ölkələr sırasında qalmaqdadır. 190 ölkə sırasında 34-cü yerdə qərarlaşıb.
Bu sadəcə bir irəlləyiş deyil. Hər bir indikatorun altında onlarla, bəzən yüzlərlə normativ-hüquqi aktın qəbulu, onların icrası üçün mexanizmlərin yadılması istiqamətində çoxşaxəli fəaliyyətlər dayanır.
Azərbaycanın “Doing Business” 2019 hesabatında reytinqindəki göstəriciləri üzrə dəyişikliklər 2018-ci il reytinqindəki yerinə görə əhəmiyyətli olmuşdur. Ümumi göstəricilər üzrə faiz nisbəti ilə götürüldükdə dəyişiklik 7,1 %-dir. Ayrı-ayrı indikatorlar üzrə də dəyişikliklər belədir: Biznesə başlama 0.03%, tikinti icazələrinin alınması 12.63%, elektrik təchizatı şəbəkələrinə qoşulma 7.97%, əmlakın qeydiyyatı 0.88%, kreditlərin alınması 40%, kiçik investorların müdafiəsi 5%, vergilərin ödənilməsi 1.02%, sərhəddə ticarət 1.92%, müqavilələrin icrası –göstəricilər dəyişməyib, müflisləşmənin həll 1.52%.
“Doing Business” 2018 hesabatındakı reytinq cədvəlində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı. MDB ölkələri ilə müqaisədə Rusiyadan(35-ci yer), Qazaxıstandan (36-cı yer), Belarusdan (38-ci yer), Moldovadan (44-cü yer) və Ermənistandan (47-ci yer) bir qədər aşağıda idi. Keçmiş SSRİ respublikaları (15 respublika) üzrə müqayisədə isə Gürcüstan, Litva, Estoniya və Latviyadan və adı yuxarıda gedən MDB üzvü olan dövlətlərə nisbətən aşağıda idi.
“Doing Business” 2019 hesabatında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında Azərbaycan ən yaxşı göstəriciyə malikdir və 190 dövlət içərisində 25-ci yerdə qərarlaşır. Keçmiş SSRİ respublikaları (15 respublika) üzrə isə Gürcüstan, Litva, Estoniya və Latviyadan sonra ən yüksək reytinqə malikdir.
Azərbaycan 2018 hesabatı ilə müqaisədə 2019-cu il hesabatında rekord irəlləyişə nail olaraq 32 pillə yüksəlmişdir. 2020 hesabatında Azərbaycan MDB üzrə Qazaxstan və Rusiya Federasiyasından sonra, keçmiş SSRİ respublikaları üzrə isə Latviya, Litva, Estoniya və adı gedən iki MDB dövlətindən sonra qərarlaşıb.
Qeyd olunduğu kimi, “Doing Business” layihəsi üzrə son 15 ildə Azərbaycan 2010 hesabatına qədər əsasən müsbət dinamika nümayiş etdirib. 2011-2015-ci illərdə nisbi enmə müşahidə olunub, 2016-cı ildən başlayaraq müsbət dinamika bərpa olunub (2017-ci il hesabatında 4 pillə geriləmə olmuşdu) və 2019 hesabatında sıçrayış qeydə alınıb. 2020 Azərbaycan reytinqdə bir neçə pillə geriləsə də 4 istiqamət üzrə top 20 ölkə sırasında, kreditlərin alınmasında isə dünya üzrə birincidir və ən islahatçı ölkələr sırasında qalır.
“Doing Business” 2020 hesabatının icmal hissəsində Azərbaycanla bağlı əsas göstəricilər kimi qeyd olunur ki, Azərbaycan kadastr planını rəqəmsal etməklə və kadastrın əhatəsini genişləndirməklə əmlakın qeydiyyatını daha da asanlaşdırıb və daha şəffaf edib, kreditilərin alınmasını və kreditə çıxışı asanlaşdırıb, kiçik investorların müdafiəsini gücləndirib, müqavilələrin icrasını asanlaşırıb və iddaçılar ilkin şikayətlərini elektron qaydada təqdim edə bilir.
Dünyanın 190 dövlətini əhatə edən “Doing Business” layihəsi çərçivəsində Azərbaycanın son bir neçə ildə davamlı müsbət dinamika nümayış etdirməsi həm də onu göstərir ki, bu nəticələr ölkədə həyata keçirilən islahatların nəticələrinə düz mütənasibdir.
Sahib Məmmədov
hüquq müdafiəçisi