Yuxarıya
skip to main content

Son 100 ildə Azərbaycanda demoqrafik vəziyyət: proqnozlar və reallıqlar

18.10.2019

Ölkədə əhali sayımına başlanma tarixini 1897-ci ilə qədər geri götürmək mümkündür. Bu illər ərzində ölkə əhalisinin sayımı ümumrusiya əhali sayımı çərçivəsində həyata keçirilib[1] və əhali sayı 1.806,7 min nəfər təşkil edib. Sonrakı illərdə əhali sayında artımlar qeydə alınsa da bu, əsasən təbii deyil, süni amillərdən irəli gəlib. Belə ki, Çar Rusiyasının yeritdiyi köçürmə siyasəti, Rus-Osmanlı müharibələri ilə əlaqədar Osmanlı torpaqlarından Azərbaycana köçürülən ermənilər, Bakıda neft mədənlərinin istismarı ilə əlaqədar Rusiyanın müxtəlif quberniyalarından daxil olan miqrantlar ölkədə əhali artımının başlıca səbəbləri olub.

XX əsrin başlanğıcında əhali sayı stabil qalmaqla, 1918-ci ilə doğru cüzi artımlar müşahidə olunub. 1918-ci ildən etibarən yuxarıdakı diaqramdan göründüyü kimi, əhali sayında iki başlıca səbəbdən irəli gələn kəskin azalma qeydə alınıb: yerlərdə yerli müsəlman əhaliyə qarşı ermənilər tərəfindən aparılan soyqırım siyasəti və sovet hakimiyyətinin elan olunması ilə başlayan milli azadlıq hərəkatlarında əhaliyə qarşı amansız rəftar. Bütövlükdə 1917-ci ilin sonu ilə müqayisədə (2353,7 min nəfər) 1920-ci ilə qədər olan (1952,2 min nəfər) 3 illik periodda əhalinin sayı 401,5 min nəfər (18%), yəni təqribən beşdə biri qədər azalıb. Növbəti 3 illik periodda isə əhalinin sayında 89,2 min nəfər (4,5%) azalma müşahidə olunub.

Sovet hakimiyyəti dövründə, 1923-1940-cı illər ərzində diaqramdan da göründüyü kimi əhali sayında artım qeydə alınıb. Bu 18 il ərzində orta illik artım təxminən 2-3% təşkil edib və ümumilikdə 1.468,8 min nəfər (78%) artım qeydə alınıb. 1941-1945-ci illəri əhatə edən müharibə dövründə Azərbaycan SSRİ-nin tərkibinə daxil olan digər respublikalarla nisbi müqayisədə ən çox əhali itkisinə məruz qalıb. Bu illər ərzində əhali sayı 626 min nəfər (20%) azalıb. 1947-ci ildən yaşanan ərzaq qıtlığı və artan ölüm hallarına baxmayaraq, əhali sayında müşahidə olunan stabillik Ermənistandan deportasiya edilən azərbaycanlıların hesabına baş verib. Belə ki, 1948-1953-cü illər ərzində 100 min nəfər azərbaycanlı məskunlaşdığı ərazilərdən Kür-Araz ovalığına sürgün edilib.

 

1950-ci ildən etibarən əhali sayında sürətli təbii artım müşahidə olunub. Belə ki, 1950-ci ildə 2858,9 min nəfər təşkil edən əhali sayı 25 il ərzində, yəni 1975-ci ildə iki dəfə artaraq 5644,4 min nəfərə çatıb. 1949-cu, 1951-ci və 1960-cı illərdə əhali sayında ən yüksək artım (4%) qeydə alınıb. 20 illik zaman periodunda orta illik artım 2,8% təşkil edib. Halbuki bu zaman periodunda SSRİ-də əhalinin orta illik artım sürəti cəmi 1,24% təşkil edib. ABŞ rəsmiləri üçün hazırlanmış bir tədqiqatda[2] da qeyd olunduğu kimi SSRİ-nin tərkibində müsəlman əhalinin üstünlük təşkil etdiyi respublikalarda əhali artımı Sovet ortalamasından iki dəfə çox (illik 2%) olub. Hətta 1990-cı illərə doğru ruslar bu respublikalar daxilində tədricən “ən böyük azlıq” statusuna yerləşiblər.

 

1960-cı illərdə sürətli əhali artımına yol açan əsas səbəb təbii faktor olub. Belə ki, bu dövr ərzində əhali daxilindəki reproduktiv qadınların sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpan dərəcədə yuxarı olub. 1970-1990-cı illəri əhatə edən növbəti 20 illik periodda orta illik artım nisbətən aşağı, yəni 1,7% təşkil edib. 1990-cı illərdən etibarən Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insan həlak olub, yaralanıb yaxud əsir götürülüb, bir milyona yaxın insan öz yurd-yuvasından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beləliklə, 1990-cı ildən başlayan 10 illik periodda orta illik artım daha da azalaraq 1,3% təşkil edib. Lakin bu dövr üçün, diaqramda əksini tapan artım əsasən təbii amillərlə deyil, Ermənistandan deportasiya olunan azərbaycanlıların hesabına formalaşıb.

 

2000-ci ildən başlayan təqribən 20 illik perioda nəzər salsaq, bu iqtisadi yüksəliş dövründə 2 milyon nəfər (25%) artımla əhali sayı 10 milyon nəfəri ötüb. Əvvəldə də qeyd olunduğu kimi hazırki dövrə qədər əhali sayı 100 il əvvəlki göstərici ilə müqayisədə təqribən 5 dəfə artıb. Eyni zamanda şəhər əhalisinin sayında ən az 10 dəfə artım qeydə alınıb.

 

100 il ərzində kənd və şəhər əhalisinin artım dinamikası

Diaqramdan göründüyü kimi, 1970-ci illərə doğru artan sənayeləşmə və sosial-mədəni sahədə yaşanan irəliləyiş nəticəsində şəhər və kənd əhalisinin sayı bərabərləşib və şəhər əhalisinin ümumi əhali içərisindəki çəkisi sonraki illər ərzində artan xətt üzrə inkişaf edib. Şəhər əhalisi 1920-1940-cı illər ərzində 3 dəfə; 1950-1970-ci illər ərzində 2 dəfə; 1970-1990-cı illər ərzində 1,5 dəfə; son 20 il ərzində isə təqribən 1,3 dəfə artıb.

 

Miqrasiya göstəricilərinə baxdıqda məlum olur ki, əvvəlki dövrlərdə kənd-şəhər əhalisinin artım dinamikasında xarici miqrasiya faktoru müəyyənləşdirici olub. Lakin sonrakı dövrlərdə bu amil elə də ciddi rol oynamayıb. Şəhər əhalisi ilk dövrlərdə müxtəlif ölkələrin, əsasən də Rusiyanın fərqli bölgələrindən olan miqrantların (iş qüvvəsi) axını hesabına artırdısa, sonraki dövrlərdə xüsusilə də son 20-30 il ərzində bu proses daxili miqrasiya hesabına formalaşıb.

 

İllər üzrə miqrasiya göstəricisi

Yuxarıdakı diaqramdan göründüyü kimi, XX əsrin sonlarına doğru miqrasiya mənfi göstəricilər üzrə davam edib. Xüsusən də Sovet hakimiyyətinin süqut etdiyi illərdə ölkədən xaricə üz tutanların sayı pik həddə çatıb ki, bu da, ölkə əhalisinin sayına təsirsiz ötüşməyib. Lakin müstəqillik illərindən etibarən miqrasiya tendensiyası yuxarı istiqamət üzrə dəyişməyə başlayıb və hazırki dövrdə də müsbət göstəricilərlə davam etməkdədir.

 

Yuxarıda əks olunan bütün bu müsbət tendensiyalara baxmayaraq, BMT Əhali Fondu və İnkişaf Agentliyinin Azərbaycanda əhalinin demoqrafik vəziyyətinə dair hesabatında[3] ölkə üzrə əhali sayının 2045-ci ildə 11 milyona çatacağı proqnozlaşdırılır. Həmçinin əhali artımının ötən illər üzrə dinamikasına və artım komponentlərinin vəziyyətinə görə 2050-ci ilə qədər əhali sayının nəinki 12 milyon nəfəri keçməyəcəyi, hətta həmin illərdən etibarən azalan tendensiya üzrə davam edəcəyi proqnozlaşdırılır.

 

Hesabata əsasən Azərbaycanda illər üzrə əhali sayı (min nəfər)

 

BMT-nin Əhali Fondunun qeyd olunan proqnozu ölkə üzrə nəsilvermə dinamikasının azalmasına, təbii artım tendensiyasının aşağı meyilli olmasına, illər üzrə ailə təsərrüfatının sayında artıma baxmayaraq uşaq sayının azalmasına, beləliklə əhalinin orta yaş həddinin yüksəlməsi və əhalinin yaşlanması göstəricilərinə əsaslanır. Həmin proqnozdan irəli gələrək, ölkə əhalisinin demoqrafik vəziyyətinin müxtəlif göstəricilər üzrə təhlili daha fərqli ssenarilərin mümkün olduğunu göstərir. Belə ki, aşağıdaki diaqramdan göründüyü kimi sovet hakimiyyəti dövründə kənd və şəhər əhalisinin nəsilvermə əmsalında ciddi fərqlər qeydə alınırdı. Bu eyni zamanda sovet hakimiyyətinin apardığı demoqrafik siyasətdən irəli gəlirdi.

 

İllər üzrə nəsilvermə əmsalı (kənd və şəhər)

 

Lakin Sovet hakimiyyətinin süqutu ilə sosial-iqtisadi vəziyyətin dəyişməsi, dünya ilə ayaqlaşmaq, qloballaşma, modern tələblər və digər amillər nəsilvermə əmsalında azalmaya yol açdı. Nəticədə hazırkı dövrdə ölkə üzrə əhali artımı dünya əhalisinin orta illik artımına bərabərləşdi. Bununla belə, diaqramdan göründüyü kimi 2000-ci illərdə 1,8 təşkil edən nəsilvermə əmsalında 2002-ci ildən etibarən yüksəliş qeydə alındı və 2008-2009-cu illərdə bu əmsal 2.5-ə yüksəldi. Hazırkı dövrdə isə yenidən azalan xətt üzrə davam edir. Nəsilvermə əmsalında yüksəlmə və azalma intervallarından belə qənaətə gəlmək olar ki, növbəti dövr ərzində bu  göstəricinin yüksələn xətt üzrə davam edəcəyi gözləniləndir.

 

Hazırkı dövrdə nəsilvermə əmsalının, bunun nəticəsində təbii artımın azalmasına baxmayaraq miqrasiya saldosunda müsbət yöndə dəyişiklik əhali sayının nəinki stabil qalacağını, həmçinin növbəti dövrlər üzrə artacağını proqnozlaşdırmağa əsas verir.

 

Təbii artım və miqrasiya göstəriciləri

BMT Əhali Fondunun hesabatında yerləşdirilən aşağıdaki diaqramdan göründüyü kimi ailə təsərrüfatının sayının yüksəlməsinə baxmayaraq uşaq sayının azaldığı, yəni təbii artımın azalan xətt üzrə davam etdiyi qeyd olunur.

 

 

Lakin burada ailə təsərrüfatının sayının əhali sayına paralel yüksəldiyini nəzərə alsaq, əhalinin hər min nəfərinə düşən ailə təsərrüfatının sayına nəzər yetirdikdə illər üzrə ciddi bir dəyişikliyin qeydə alınmadığını görə bilərik. Həmçinin ailə təsərrüfatında ailə tərkibi 4-5 nəfərdən ibarət olan ailələrin çəkisinin hazırda 45% olduğunu və bu tərkibdə olan ailələrin sayında yüksəliş olduğunu aşağıdaki diaqramdan görmək mümkündür ki, bu da gələcək inkişafla bağlı müsbət proqnoz verməyə imkan yaradır.

BMT Əhali Fondunun öz proqnozunda əsaslandığı digər bir göstərici orta yaş həddinin yüksəlməsi və əhalinin yaşlanması ilə əlaqədardır. Yaşlanma tendensiyasının hazırda dünya əhalisinin göstəricilərinə uyğun olmasına baxmayaraq, səhiyyə, sosial və digər ictimai xidmət sahələrinin inkişafını, tibbin son nailiyyətlərini nəzərə alsaq orta yaş həddinin yüksəlməsi əhalinin uzunömürlülüyünün artımı ilə izah oluna bilər. Belə ki, aşağıdaki diaqramdan da göründüyü ölkədə əhalinin ömür uzunluğunda artım qeydə alınır ki, bu da öz növbəsində orta yaş həddinin yüksəlməsinə gətirib çıxarır.

 

Əhalinin yaş strukturuna nəzər salsaq görərik ki, nəsilvermə əmsalının azaldığı 2000-ci illərdə əhalinin 0-14 yaş qrupuna aid olan hissəsində azalma qeydə alınmışdır. Lakin bu qrupun hazırkı göstəriciləri təxminən 30 il əvvəlki göstəricilərə uyğundur. Əhalinin 65 yaş və ondan yuxarı qrupunun say göstəricilərində isə uzunömürlülükdəki artıma uyğun olaraq yüksəliş qeydə alınır. Əhali sayı içərisində ən geniş çəkiyə malik 15-64 yaş qrupuna baxsaq ehtimal etmək olar ki, sovet illəri ilə müqayisədə 2000-ci illərdə nəsilvermə əmsalının azalması səbəbindən bu qrup içərisində yaşlı seqmenti daha çox üstünlük təşkil edir. Bu seqmentin sayca üstünlüyünü isə İkinci Dünya müharibəsindən sonra baş verən və 1960-cı illərdə pik həddə çatan əhali artımının nəticəsi kimi izah etmək mümkündür.

 

Əhalinin yaş strukturu (min nəfər)

Bunlarla yanaşı, aşağıdakı diaqramdan göründüyü kimi 18-35 yaş arası, yəni optimal reproduktivlik yaş aralığında olan qadınların sayında illər üzrə ciddi bir dəyişiklik müşahidə olunmur. Həmçinin hazırda analıq yaşı şəhər əhalisində 26 yaş, kənd əhalisində 25 yaş təşkil edir ki, bu göstəricilərdə də son iyirmi il ərzində ciddi bir dəyişiklik qeydə alınmamışdır. Reproduktivlik baxımından ideal sayılan bu yaş aralığındaki əhalinin cins strukturunda da ciddi bir fərq müşahidə olunmur.

 

18-35 yaş aralığındaki qadın və kişilərin ümumi əhali sayı içərisindəki göstəriciləri (%-lə)

Son olaraq Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət başçısı tərəfindən imzalanan proqrama nəzər salsaq, burada növbəti illər üzrə doğum səviyyəsinin optimallaşdırılması, analıq və uşaqlığın mühafizəsi, gənc ailə və nikahların artırılması, əhalinin sağlamlığının möhkəmləndirilməsi məqsədilə daimi, mütəmadi keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlər öz əksini tapıb. Yuxarıdakı təhlillərin nəticəsində ötən illərlə müqayisədə cari vəziyyət və dövlətin demoqrafik sahədəki siyasəti, xüsusilə də qeyd olunan dövlət proqramının nəzərdə tutulan müddəaları üzrə nəzərdə tutulan və görülən işlər yaxın gələcəkdə demoqrafik vəziyyətin kəskin dəyişməyəcəyi, mənfi istiqamət üzrə tendensiyaların müşahidə olunmayacağı barədə proqnoz verməyə əsas verir.



[1] Azərbaycan Respublikasında Etno-Demoqrafik Proseslər: tarixi dəyişikliklər və reallıqlar kitabında

[2] USSR: Demographic Trends and Ethnic Balance in the Non-Russian Republics

[3] Population Situation Analysis: Beyond the Demographic Transition in Azerbaijan

 

Elnur Çıraqov
İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.