Tanınmış ürək cərrahı Rəşad Mahmudov Sosial Tədqiqatlar Mərkəzində seminar keçdi
Əvvəlcə, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc qonağı salamladı.
O, Azərbaycan səhiyyəsi ilə bağlı qarşıda çox mühüm çağırışların olduğunu bildirdi. Bu sahədə peşəkar şəxslərin rəylərinin STM üçün əhəmiyyət daşıdığını açıqladı və qeyd etdi ki, bu cür strateji məsələlər hər bir vətəndaşın maraqlarını əhatə edir. Ona görə də STM-də təşkil edilən seminarlarda səslənən fikirlər, irəli sürülən təkliflər gələcəkdə hazırlanan sənədlər üçün də əhəmiyyətli rol oynayır.
Millət vəkili Rəşad Mahmudov seminarda Azərbaycan səhiyyəsinin böyük bir zaman kəsiyində keçdiyi yolu dəyərləndirərək, müstəqillikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin vətəndaşlarımızın sağlamlığına və rifah halının yaxşılaşdırılmasına xidmət etməsindən real faktlarla danışdı, Dünya Səhiyyə Təşkilatının hesabatlarından gətirilən misallarla müxtəlif ölkələrdə yürüdülən səhiyyə siyasətinin oxşar və fərqli məqamlarını tədqiqatçılar üçün geniş təhlil etdi.
Ölkəmizdə son illər sürətlə yenilənən səhiyyə infrastrukturunun və digər büdcə ayrımlarının səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsirindən danışan qonaq eləcə də güclü region dövlətlərinin dünyadakı sərt rəqabətə tab gətirmələri yolunda ələ aldıqları texnoloji və təhsil yönümlü tədbirlərin bizim üçün qarşıya hansı sosial və idarəçilik vəzifələrini qoyduğunu peşəkar dəlillərlə izah etdi. Konkret olaraq 2 ölkə: Qazaxıstan və Gürcüstan nümunəsində islahatların hansı ağrılı mərhələlərdən keçdiyinə misallar gətirildi, islahtalardan əvvəl və sonra müxtəlif xəstəliklərin artma və azalması, idarəetmənin çevikləşməsi və şəffaflığının artması üçün vacib olan hüquqi bazanın yaradılması xüsusi vurğulandı.
R. Mahmudov səhiyyə sektorunda mövcud olan çətinliklərin SSRİ-dən miras qaldığını qeyd etdi, lakin kadr bazası, əksər bölgələri əhatə edən müasir xəstəxana korpusları və ilkin tibbi yardım sahəsindəki təcrübəni hansı yollarla inkişaf etdirməyin düzgün modellərini ortaya qoydu və bildirdi ki, ilk növbədə, hüquqi baza və standartlar müəyyənləşməli, daha sonra artan iqtisadi potensialımıız hesabına Azərbaycan əhalisi arasında icbari tibbi sığortanın düzgün tətbiq edilməsi yönündə aparılan işlər təşkil etməlidir.
Əlbəttə, bu yeniliklərin tətbiqi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin davamı olaraq ölkənin səhiyyə sisteminin daha sürətlə inkişafına töhfə verməkdədir. Əhaliyə tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılması, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi baxımından icbari tibbi sığorta sistemi beynəlxalq təcrübədə özünü doğrultmuş bir yanaşmadır.
Rəşad Mahmudov onu da nəzərə çatdırdı ki, “yol xəritəsi” əsasında həyata keçirilən islahatlar nəticəsində səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azalacaq, tibb müəssisələrinin fəaliyyətində effektivlik artacaq, tibbi-iqtisadi rentabellik təmin olunacaqdır. Bir çox çətin əməliyyatların bilavasitə rayon xəstəxanalarının özündə uğurla aparılması və əhalinin müasir, keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması da əsas hədəflərdəndir.
Bu, həm də kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçilərinin xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilməsinin yüksək səmərəsindən, son nəticədə həmin bölgələrdə yaşayan insanların səhhətinə faydalarından xəbər verir.
Qonaq vurğuladı ki, ölkədə və dünyada ən çox ölüm halları yaşanan məhz ürək-damar xəstəlikləridir. Buna görə də Azərbaycanda belə ağır formalı xəstəliklərin müalicəsi üçün dövlət xüsusi addımlar atır.
O, seminarın yekununda bildirdi ki, ölkədə hazırkı vəzifə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək, tibbi yardımın keyfiyyətinə nəzarət mexanizmlərini təkmilləşdirməklə yanaşı ən vacib məsələ əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdir.
Bu kontekstdə isə Azərbaycan həkiminə inam xüsusi əhəmiyyətə malik olmalıdır.
Daha sonra STM əməkdaşlarının suallarını cavablandıran Rəşad Mahmudov qarşılıqlı fikir diskussiyalarının önəmini vurğulayıb.