“Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans və "www.stm.az" saytının təqdimatı
Sosial Tədiqatalar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirib və eyni zamanda tədbirdə “stm.az”saytının təqdimatı baş tutub.
Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Mərkəzin yaradılması ideyası barədə çıxış edib. O, STM-nin əsas tezislərini bölüşüb və onun missiyası, vəzifələrindən söz açıb. Mərkəz rəhbəri bildirib ki, 2019-cu ilin başlanması ilə ölkəmizdə həyata keçirilən “Yeni Kurs”un başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb.
“Burada ilk növbədə, prezident İlham Əliyevin rəhbərliyi ilə 12 yanvar 2019-cu ildə keçirilən müşavirənin tarixi əhəmiyyətini və yeni mərhələyə keçidin əsas konsepsiyanın üzərində dayanmaq yerinə düşərdi. Cənab İlham Əliyevin ilin əvvəlində elan etdiyi yeni siyasət kursu islahatların strukturuna, əhatə dairəsinə və hədəflərinə görə əvvəlki illərdən xeyli fərqlənirdi. Bəli, islahatlar sayəsində bugünkü cəmiyyətimiz 10, 20, 30 il əvvəlki illərdəki vəziyyətdən sadəcə xronoloji hesab edilən müddətlə fərlənmirdi, burada fədakarlıqla görülən quruculuq işləri yaşadığımız yeni gerçəklikləri - nəhəng infrastrkuturun formalaşmaşmasını, transmilli layihələrin gətirdiyi gəlirlərin ölkəmizin bütün sahələrində yaratdığı keyfiyyət dəyişiklikləri inkarolunmaz gerçəkliyə çevirdi. Həqiqət bundan ibarətdir ki, tarixi hadisələrin düzgün qiyməti zaman keçdikcə verilir. Bizə görə söhbət qətiyyən əvvəlki illərin üzərinə kölgə salmaqdan, ondan imtina edilməsindən getmir, əksinə dövlətimizin iqtisadi-siyasi gücünü müəyyən edən bütün uğurları qoruyub saxlamaqla quruculuğun yeni modeli irəli sürülür, problemləri həll etməyin fərqli yolları elan olunurdu”.
“Dövlət başçısı birinci növbədə həssas sosial qrupları dövlətçilik mövqeyində qoruyub saxlamaq və daha mühüm hüquqi-siyasi islahatların altbazisini-fundamentini möhkəmləndirməyə, ikincisi, dövlətin büdcə yükünü azaltmaq və struktur islahatları vasitəsilə dünyada mövcud olan məmur sayı ilə əhali nisbəti arasında balansı ölkəmizdə də bərqərar etməyə, üçüncüsü, bütün rəqiblərinə və Azərbaycanın düşmənlərinə növbəti dəfə bəyan etmək ki, islahatların alternativi yoxdur və onu həyata keçirməyə qadir olan yeganə qüvvə məhz dövlət rəhbərinin özüdür”. – deyə, Mərkəz sədri bildirib.
Z. Oruc ölkə rəhbərinin məlumat mənbələri ilə bağlı iş prinsiplərini izah edərkən deyib ki, dövlət rəhbərləri qararlar qəbul edərkən müxtəlif mənbələrdən əldə olunan məlumatlara, təhlillərə, hesabatlara və digər xarakterli sənədlərə istinad edirlər.
“Bəllidir ki, Prezidentin gündəlik cari və strateji baxışlarına aid olan məsələlər Administrasiyanın peşəkarlıqla çalışan strukturlarından, hökumətdən, icra hakimiyyəti orqanlarından, məxfi strukturlardan, birbaşa insanlarla təmaslardan, mediada və s.-dən alınır. Əgər bu prizmadan baxsaq, 2019-cu ildə ölkə rəhbəri bir sıra dövlət-hökumət orqanları yanında fəaliyyət göstərən, lakin onun qarşıya qoyduğu tələblərə, yeni milli səviyyəli çağırışlara cavab verməyən qurumlardan imtina etdi, onların əvəzində bütün xalqın həyatını əhatə edən məlum sosial-iqtisadi və maliyyə sahəsindəki dərin proqramları ortaya qoydu. Bəllidir ki, bu zaman ictimai fikrin, hər bir dövlətin qərarı necə qarşılaması, onlara yaxından dəstək verməsi və ya əks düşüncədə olmasını müəyyənləşdirmək həyati vacib məsələ kimi ortaya çıxdı. Özü də söhbət mövsümi şəkildə cəmiyyət fikrini tədqiq etməkdən getmir, daimi, elmi əsaslarla bu fenomeni öyrənən çevik qurumlar yaratmaqla Prezident bəyan etmiş oldu ki, o hər zamankı kimi xalqın dövlətini bərqərar etməkdə qərarlıdır, millətin fikir və düşüncələri, ideya və təklifləri, bir sözlə ictimai rəyi onun arxalandığı ən böyük qüvvədir”.
O, qurumun məhz belə bir həssas anda yaradılmasına diqqət çəkərək vurğulayıb ki, STM 2019-cu ilin siyasi və sosial mühitində baş verən böyük dəyişikliklər məramının bariz nümunəsidir. Və ümummili sosial dialoqun təşkili istiqamətində atılan mühüm addımlardan biridir.
"Daha dəqiq desək, vətəndaşı dövlət idarəçiliyinə yaxınlaşdırmaq, öz növbəsində, qarşılıqlı olaraq, onun da diqqət mərkəzinə dövlətimizi gətirmək, vətənin bu günü və gələcəyi naminə hər birimizi bacardığı töhfə və məsuliyyətini ortaya qoymağa səslənməsi hadisəsidir.
İdarə Heyətinin sədri çıxışının davamında STM Nizamnəməsinin ehtiva etdiyi məsələlərə toxunub: “Cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Aparılan siyasətin səmərəliliyinin artırılması məqsədi ilə, idarəetmə prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların təsirlərinə dair tədqiqatların aparılması; Dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasının sistemli təhlili; İctimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və s.”.
Mərkəz sədri vurğulayıb ki, araşdırma, təhlil və proqnozlaşdırma müasir dövlət idarəçiliyinin hərəkətverici qüvvəsidir: “Müasir dünyada milli quruculuq siyasətinin, dövlət idarəçiliyinin, islahatların yeni mərhələsinin elmi əsaslar üzərində və qabaqcıl təcrübəni öyrənməklə həyata keçirilməsi uzun tarixə malikdir. Bu məqsədlə yaradılan araşdırma və beyin mərkəzlərinin təsis edilməsində birinciliyə və onların sayına görə dünyada ABŞ liderlik edir”.
Görülən işlər haqda danışan Z. Oruc qeyd edib ki, müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyiə və müvafiq dövlət orqanlarına təqdim olunub; ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsini təhlil etməyə çalışmışıq, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına başlanılıb; ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər sosial məlumat/data bazasının yaradılmasına başlanılıb; cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası-fəaliyyət planını hazırlanıb; Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb; Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb. Onların sırasında: Müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri; Təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti; Dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi; Sosial inkişaf və rifahın göstəriciləri; Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma və s. qeyd edilə bilər; "Sosial Tədqiqatlar" və "Azərbaycan barometri" adlı jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, müntəzəm nəşrə hazırlıq başa çatıb”.
Z.Oruc hazırda tədqiq edilən aktual mövzulardan bəzilərinə də diqqət çəkib: “Məmur-vətəndaş münasibətlərinin vəziyyəti və onun təkmilləşməsi yolları, vətəndaşlara xidmətin keyfiyyətin qiymətləndirilməsi, sosial təbəqələşmə və regionlarda sosial proseslər, paytaxt və bölgələrdə gənclərin ictimai maraq, siyasi və digər mənafelər baxımından həssas ideya, baxışların tədqiqi, özünüməşğulluğun monitorinqi, əhalinin gəlirləri arasında fərqlər, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, vətəndaşların informasiyaya əlçatanlığının araşdırılması və xarici təsirlərin öyrənilməsi, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri”.
STM rəhbəri əlavə ki, artıq mərkəz strukturlaşdırılıb, zəruri-ilkin kadrların işə cəlbi-kollektivin formalaşması mümkün olub. Kadrları işə cəlb edərkən onları istedadı, bilik və bacarığı şəffaf əsaslarla müəyyən edilib. Mərkəz rəhbəri bu sahədə böyük fəaliyyəti olan, amma ölkə ictimaiyyətinin tanımadığı tədqiqatçı alim Çapay Sultanovla bağlı planları da bölüşüb. O deyib ki, Azərbaycanın elmi cəmiyyəsinin kiçik bir hissəsinin tanıdığı, xalqın isə böyük əksəriyyətinin tanımadığı alim əvəzsiz bir elmi Xəzinə yaradıb. Yalnız prezident İlham Əliyev alimin böyük irsinə dəyər verib, sözügedən şəxsi dövlət mükafatlarına layiq görüb”.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, maliyyə nazirinin müşaviri Elman Mehdiyev, ADA Univertsitetinin Sosial və beynəlxalq məsələlər fakultəsinin dekanı Anar Vəliyev, millət vəkilləri Tahir Mirkişili və Musa Quliyevin çıxışları olub.
Sosial Tədqiqatlar Mərkəzi Mətbuat Xidmətinin məlumatı