Ermənilərin itirdikləri
Doğrudanmı, DQMV iqtisadi tənəzzül keçirir, Azərbaycan tərəfindən blokadaya alınaraq boğulur və DQMV daxil, Ermənistana iqtisadi təzyiqlər edirdi?
Nəzərdə tutulan sosioloji parametrlər üzrə əsas nəticə budur ki, ermənilərin DQMV-dən irəli sürdüyü bütün iddialar gerçəklikdən çox uzaq idi və yalnız böyük oyunun aləti olmağa hesablanmışdı.
Belə ki, 1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, ötən 15 ildəkindən 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 il ərzindəkinə nisbətən adambaşına capital qoyuluşlarının həcmi təxminən 4 dəfə artmışdı (1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl). Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. 10 000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15 faiz artıq idi.
DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə 10 000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Bu həmçinin ümumtəhsil məktəblərində 10 000 nəfər əhaliyə olan yerlərin sayına da aiddir və bu məsələdə DQMV 1,6 dəfə irəlidə idi.
Ümumiyyətlə, mənzil, mal və xidmətlərin təmin edilməsinə görə DQMV-nin göstəricilərinin respublika göstəricilərindən yüksək olması faktı vilayətin sosial və mədəni inkişafı üçün xarakterik idi. DQMV mənzillərində adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricilərdən təxminən 0,3 dəfə, kənd əhalisinin yaşayış sahəsi isə respublikada kəndlilərə məxsus yaşayış sahəsindən, demək olar, 1,5 dəfə artıq idi.
Vilayət əhalisinin daha böyük saylı orta səviyyəli tibbi personalın (1,3 dəfə artıq) xidmətlərindən və xəstəxana çarpayılarından (3 faiz artıq) istifadə etmək imkanı var idi. Mədəni və informasiya xidmətləri göstərən daha geniş şəbəkə (3 dəfə artıq kinoteatr və klub və 2 dəfə artıq kitabxana) mövcud idi. Hər 100 oxucuya 1,6 dəfə artıq kitab və jurnal düşürdü.
Əslində DQMV bütövlükdə Azərbaycanla müqayisədə daha sürətlə inkişaf edirdi. Məsələn, 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmışdı (artımın sürəti 8,3 faiz yüksək idi). 1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq daşınmaz əmlak istifadəyə verilmişdi; respublika üzrə bu rəqəm 2,5 idi. Əsas sosial inkişaf göstəricilərinə gəldikdə, DQMV bu sahədə də ümumrespublika yaşayış göstəriciləri standartlarını qabaqlayırdı. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu.
1988-1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16 120 şagird) və 13 beynəlxalq məktəb (7 045 şagird) mövcud idi. Ümumiyyətlə, Azərbaycanda qeyd olunan tədris ili ərzində 181 erməni (20 712 şagird) və 29 beynəlxalq (12 766 şagird) məktəb fəaliyyət göstərirdi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda əksəriyyəti ermənilərdən ibarət 2 130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı. Bundan əlavə, Dağlıq Qarabağda erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbi mövcud idi.
Erməni dilində beş müstəqil dövrü nəşr çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastruktur ilə təchiz edilmişdi.
Yuxarıda qeyd olunduğu və DQMV-nin Azərbaycanın tərkibində mövcudluğu və inkişafının göstərdiyi kimi, muxtariyyət forması əhalinin spesifik iqtisadi, sosial,milli-mədəni xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi.
Halbuki, eyni dövrdə - 80-ci illərdə SSRİ-nin sosial-iqtisadi sistemində "durğunluq" davam edirdi. Eyni zamanda, iqtisadi böhran vəziyyətinin elementləri tədricən özünü biruzə verir, Sovet iqtisadiyyatı dinamizmini itirirdi. Sənaye artımında azalma müşahidə edilirdi. Böhran hadisələri istehlak bazarı və maliyyə (o cümlədən, neftin dünya qiymətlərinin düşməsi ilə əlaqədar) sahəsində müşahidə edilirdi.
Unutdurulan ixrac
Bu, təkcə DQMV ilə bağlı Azərbaycan SSRİ tərəfdən icra edilən sosial-iqtisadi siyasətin mənzərəsidir.
Ermənistan SSRİ-yə gəldikdə isə 1987-ci ilin statistikasına görə Ermənistan təcavüzkar addımlara başlamazdan əvvəl Azərbaycan bu ölkənin neft məhsulları, ərzaq, kənd təsərüffatı malları, metal sənayesi üzrə bütün ehtiyaclarını ödəyib:
Benzin (388 min ton), dizel yanacağı (375 min ton), yanacaq yağı (1 milyon 860 min ton), yağlar və sürtkü yağları (30 min ton), kimya və metallurgiya sənayesinin məhsulları - polietilen (7.583 ton), Natrium hidroksid sodası (5.494 ton), fosfor gübrəsi (28.477 ton), Bu respublikanın bütün tələblərini tam təmin edən qara metal qırıntıları və tullantıları (12.978 ton), sintetik kauçuk (6.715 ton), sintetik yuyucu vasitələr (2.186 ton) və s.
Beləliklə, Azərbaycan ərazilərinin işğalı ilə bağlı ortaya atılan ən böyük yalanlardan biri – DQMV-nin iqtisadi blokadası ilə bağlı arqument həqiqi dəlil və sübutlarla təkzib edilir, lakin o vaxt İttifaqın istər partiya, istərsə də məxfi xidmət orqanlarına bütün bunlar bəlli idi. Lakin artıq cin şüşədən çıxmışdı və böyük yalanlarla silahlanan erməni hərbi-siyasi qüvvələri iqtisadi-sosial itkilərini ödəmək amalı ilə düz 6 il sürən silahlı əməliyyatı başlatdılar.
Əvəzində, Azərbaycanın itirilmiş 20 faiz torpağı, 1 milyon köçkünü, 20 min şəhidi, yüz milyard dollarla itkiləri oldu, bəs Qarabağın bir qrup silahlı ideoloqlarından savayı yerli əhalisi son 30 ildə nə əldə edib?
Davamı var...
Əziz Əlibəyli
Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.