Yuxarıya
skip to main content

100 ildə nə qədər artmışıq?

14.10.2019

 

Azərbaycan Respublikasının əhalisinin yüksək templərlə artım dinamikası da son əsrin tarixi nailiyyətləri sırasına aid edilə biər, özü də daha böyük faiz ölçüsü ilə. Belə ki, ümumsovet siyahıya almanın 1987-ci il göstəricisi olan 6.1 milyonluq əhali sayı 1999-cu ildə gəlib 7.9 milyona çatmışdı ki, bu da dünyadakı məlum trendlə müqayisədə xeyli yuxarı rəqəmdir. Yəni,4.4 dəfəlik artım bizdəki demoqrafik dinamikanın dünyadan 20 faizə yaxın üstün olduğunu göstərir.

 

Yaşağımız 2019-cu ilin əvvəlinə Azərbaycanda qeydə alınan əhali sayı 9 981 500 təşkil edib. Sonrakı 3 ay ərzində sayımız daha 18 500 nəfər artaraq 2019-cu ilin 6 aprel tarixində qürurverici yubiley rəqəminə -10 000 000-cu nəfərə çatdı. Belə bədii qiymətləndirmənin səbəbi başadüşləndir-xalqımızın kəmiyyət çoxalması bizi bir millət və dövlət kimi güclü etməyin ən mühüm insan dayaqlarının güclü olduğunu sübuta yetirir.

 

 

1920-ci ilin göstəriciləri ilə müqayisədə Azərbaycan əhalisinin sayı 2019-cu ilin aprel ayının əvvəlinə 8 047 800 nəfər artıb. Rəsmi statistikada həmin ildə Azərbaycan əhalisinin sayı 1 952 200 nəfər göstərilir. 100 ilə yaxın bir dövrdə Azərbaycan əhalisi 5 dəfə artıb.

 

2019-cu ilin göstəricilərinə görə, şəhər əhalisi  52,8 %, kənd əhalisi 47,2 % nisbətindədir. 1920-ci ildə isə bu göstəricilər müvafiq olaraq 20,8% və 79,2% nisbətində olub. Son 100 ilə yaxın bir müddətdə şəhər əhalisinin sayının 20,8%-dən 52,8%-ə qədər artması yalnız təbii artımın deyil, həm də  mexaniki artmın nəticəsində baş verib. Belə ki, kəndlərdən şəhərə miqrasiya prosesləri və urbanizasiya bütün dünya ölkələri üçün xarakterikdir. Bu tendensiya Azərbaycanda da daim artan xətlə gedib, lakin rəsmi statistikaya əsaslansaq şəhər əhalisi 1984-cü ildə 53,1 % təşkil edib ki, bu göstərici əvvəlki 3 illə müqayisədə cüzi də olsa aşağıdır.

 

Qeyd edək ki, 1981, 1982 və 1983-cü illərdə bu faiz göstəricisi 53,2% olub. 1989-cu ildə şəhər əhalisi ümumi əhalinin 54,2%-ni təşkil edib. Bu maksimum göstəricidir və sonrakı illərdə bu göstərici bir qədər azalıb və yuxarıda göstərildiyi kimi 2019-cu ilin əvvəlinə 52,8% təşkil edib.

 

1989-cu ildə şəhər əhalisinin nisbətən daha çox artımı Ermənistandan deportasiya olunan soydaşlarımızın Bakı və yaxın ətraf ərazilərə kütləvi köçü, eləcə də Gürcüstandan və ölkənin daxilindən şəhərdə ev alaraq buraya gələnlərin hesabına baş verib. Sonrakı illər Ermənistandan və işğal olunmuş ərazilərdən gələnlər şəhər əhalisi kimi qeydə alınmayıblar, halbuki, faktiki olaraq həmin dövrdə (1988-1994) şəhərə gələnlərin sayı qaçqın və məcburi köçkünlərin hesabına xeyli artıb. Buraya müvəqqəti olaraq iş və yaşamaq üçün paytaxta üz tutanları da əlavə etmək olar. Onlar öz doğulduqları rayonlarda qeydə alınmış şəxslərdir və şəhər əhalisi kimi qeydə alınmayıblar.

 

 

Son 100 ildə Azərbaycan əhalisinin artım dinamikasında daha bir maraqlı dövr kimi 1970-ci ili göstərmək olar. Həmin ildə Azərbaycan əhalisinin sayı 5 117 100 nəfər təşkil edib. Diqqətlə araşdırdıqda məlum olur ki, son yarım əsrlik tarixdə əhali 2 dəfəyə yaxın artıb. 1970-ci ildə ilk dəfə olaraq şəhər əhalisi kənd əhalisini üstələyib və həmin il şəhər əhalisi ilə kənd əhalisinin nisbəti müvafiq olaraq 51,1% və 49,9% təşkil edib.

 

1920-ci ildən 1970-ci ilə qədər isə əhalinin artımı 2,5 dəfəyə yaxın olub. 30-cu illərin kollektivləşmə siyasəti, baş verən kütləvi repressiyalar və nəhayət, Böyük Vətən Müharibəsi illərindəki kütlləvi itkilər fonunda əhalinin artım tempi qısa fasilələrlə enmələrə məruz qalsa da bir qədər sonra yenidən yüksələn xətt üzrə davam edib. Bu rəqəmlərin yaranmasına səbəb olan amillərdən biri də əhalinin mexaniki artımını göstərmək olar. Belə ki, o zamankı SSRİ rəhbərliyinin qərarı əsasında Ermənstan SSR ərazisindən 1948-1952-ci illərdə 100 000 nəfərdən artıq azərbaycanlı doğma torpaqlarından zorla çıxarılaraq, Azərbaycan ərazisinə köçürülmüşdülər.

 

Hər kvadrat kilometrə düşən əhalinin sayına görə dinamika

 

1920-ci ilin aprelində Azərbaycanın bolşevik istilasına məruz qaldığı vaxt ərazisi 114 000 kvadrat kilometr idi. Əhali isə  1 952 200 nəfər. Həmin dövr üçün Azərbaycan ərazisində yaşayan əhali hər kvadrat kilometr üçün 17,12 (orta sıxlıq) nəfər təşkil edirdi.

1924-cü ildə Göyçə -Zəngəzur mahallarının və digər ərazilərin  Ermənistana verilməsi ilə əlaqədar ərazilər 27,4 min kv.km azalaraq 86 600 kvadrata düşdü.

1970-ci ildə coğrafi miqyası 86 600 kv.km  olan Azərbaycanda hər kvadrat kilometrə düşən insanların sayı (orta sıxlıq) 59 nəfərdən bir qədər artıq idi.

1988-ci ildə orta sıxlıq hər kvadrat kilometr üçün 80 nəfər təşkil etmişdir.

 

Hazırda Azərbaycan ərazilərinin 16 220 kvadrat kilometri işğal altındadır və həmin ərazilərdən azərbaycanlı əhali bir əsrdə 3-cü dəfə deportasiyaya məruz qalmışdır. Hazırda nəinki Dağlıq Qarabağda, eləcə də ətraf 7 rayonda son dərəcə məhdud insan resursuna malik ermənilər yaşayır. Mövzuya birbaşa aid olmasa da qeyd edək ki, Ermənistan rəhbərliyi məhz bu səbəbdən tez-tez dünyanın müxtəlif nöqtələrində yaşayan erməniləri regiona gətirmək üçün xüsusi dövlət proqramları həyata keçirməyə məhkum olur.

Azərbacyan əhalisi işğal altında olan ərazilərdə yaşayan ermənilər istisna olmaqla 10 000 000 nəfərdir. Əhali 70 380 kvadrat kilometr ərazidə yaşayır və bu halda orta sıxlıq hər kvadrat kilometrə 142 nəfərdən də artıq təşkil edir.

Dağlıq Qarabağ və işğal altında olan ərazilər azad olunduqdan sonra nisbət dəyişəcəkdir və indiki əhali sayı ilə götürülərsə, 115,5 nəfər təşkil edəcəkdir.

 

Azərbaycanda əhalinin təbii artımı

 

Göründüyü kimi, Azərbaycanda əhalinin təbii artımı hətta böhran dövrlərində (müharibələr və sair) müsbət dinamikanı qoruyub saxlayıb. Rəsmi statistikaya görə əhalinin artımı hazırda dünya ölkələri üzə göstəricilərlə müqayisədə olduqca yaxşıdır. 2018-ci ildə Azərbaycanda hər min nəfərə görə təbii artım 8,4 nəfərdən ibarət olub. (2017-ci iilə müqayisədə nisbi azalma var. Həmin ildə rəqəm 8,9 nəfər olub).

Müqayisə üçün oxşar göstərici Ermənistanda 4 nəfər, Gürcüstanda 1 nəfər, Rusiya Federasiyası 0 nəfər, Moldova 0 nəfər, Polşa 0 nəfər, Çexiya 0 nəfər, ABŞ və Kanadada 3 nəfər, İsveçrədə 2 nəfər, Niderlandda 1 nəfər  təşkil etmişdir.

Bu göstərici bir sıra ölkələrdə mənfi rəqəmlərlə ifadə olunur. Belə ki, bəzi dövlətlərdə hər min nəfər üçün il ərzində artım deyil, azalma tendensiyası qeydə alınmaqdadır. Məsələn bu göstərici Almaniyada -2 nəfər, Bolqarstanda -7 nəfər, Belarusda -2 nəfər, Macarstanda -5 nəfər, Rumuniyada -3 nəfər, Latviya və Litvada -4 nəfər, Ukraynada -5 nəfər, Portuqaliyada -3 nəfər, Serbiyada -5 nəfər, İspaniyada -1 nəfər təşkil edir. Dünyanın bir çox ölkələrində oxşar vəziyyətdir. Əhalinin dinamikasında durğunluq və geriləmə eyni zamanda demoqrafik tərkibin dəyişməsinə, əhalinin qocalmasına, reproduktiv resursların azalmasına gətirib çıxarmışdır. Hazırda Azərbaycan əhalisinin 49,9 %-i kişilər, 51,1 %-i qadınlardan ibarətdir.

 

Respublikamızda əhalinin yaş tərkibi Avropa və MDB-nin bir sıra  ölkələri ilə nisbətdə əhəmiyyətli dərəcədə cavandır. Bu isə ölkədə demoqrafik şəraitin əlverşli olduğunun göstəricisidir. Azərbaycan əhalisinin 28,9%-i 1-19 yaş qrupuna aiddir. Əhalinin 62,8% 40 yaşa qədər olanlardır. Azərbaycanda ahılların sayı ümumi əhalinin 4%-ni təşkil edir.

Bütövlükdə 2019-cü ilin göstəriciləri belədir: 0-4 yaş arası əhali ümumi əhalinin 7,7%-ni, 5-9 yaş arası əhali ümumi əhalinin 8,3 %-ni, 10-14 yaş arası əhali ümumi əhalinin 6,4%-ni, 15-19 yaş arası əhali ümumi əhalinin 6,5%-ni, 20-24 yaş arası əhali ümumi əhalinin 7,6%-ni, 25-29 yaş arası əhali ümumi əhalinin 9,2%-ni, 30-34 yaş arası əhali ümumi əhalinin 9,2%-ni, 35-39 yaş arası əhali ümumi əhalinin 7,9 %-ni, 40-44 yaş arası əhali ümumi əhalinin 6,5%-ni, 45-49 yaş arası əhali ümumi əhalinin 6,2 %-ni, 50-54 yaş arası əhali ümumi əhalinin 6,5 %-ni, 55-59 yaş arası əhali ümumi əhalinin 6,5 %-ni, 60-64 yaş arası əhali ümumi əhalinin 4,7 %-ni, 65-69 yaş arası əhali ümumi əhalinin 2,8 %-ni, 70 yaşdan yuxarı olanların sayı isə ümumi əhalinin 4 %-ni təşkil edir.

 

 

Əhalinin artım dinamikasında nisbi azalmalar müşahidə olunsa da region və əksəriyyət dünya ölkələri ilə müqayisədə Azərbaycanda müsbət demoqrafik dinamikasının davam edəcəyi gözlənilir. Bu isə 21-ci əsrin sonuna son 50 ilin artım göstəricisini bir daha təkrarlanacağına ümid verir.

 

Statistika rəqəmlər deyil, sayılmaq, seçilmək və hər zaman dünya xəritəsində var olmaqdır!

 

Sahib Məmmədov
hüquq müdafiəçisi