POST-PANDEMİYA | DÜNYADA İŞ PROSESLƏRİNİN GƏLƏCƏYİ – RƏQƏMSALLAŞMA, ONLAYN KEÇİD
POST-PANDEMİYA | DÜNYADA İŞ PROSESLƏRİNİN GƏLƏCƏYİ – RƏQƏMSALLAŞMA, ONLAYN KEÇİD
Dünya İqtisadi Forumunun təqdim etdiyi hesabata əsasən, 2020-ci ilin ortalarınadək qlobal məşğul əhali qrupunun 93%-i yeni növ Koronavirusun kütləvi yayılmasının qarşısının alınması üzrə iş yerlərində fəaliyyətin dayandırılması halı ilə üzləşdi. Digər tərəfdən, ofisdənkənar onlayn idarəetmənin davamlılığı çoxdan reallığımızın tərkib hissəsinə çevrilmiş rəqəmsallaşdırma və avtomatlaşdırma məsələlərinin aktuallığını artırdı. Əslində, pandemiyadan əvvəlki on il müddətində əmək proseslərinin gələcəyi ilə bağlı daimi aparılan müzakirələrin mərkəzində işlərin getdikcə avtomatik rejimlərdə, uzaqdan idarə edilməsi və əlaqəli mövzular dayanırdı.
COVID-19 pandemiyası səbəbilə əməyin həyata keçirilməsinin indiyədək müəyyənləşdirilmiş forma və qaydaları ilə bağlı dəyişikliklər iş qüvvəsinin rutin prosesdən əlavə, bəzi hallarda əmək münasibətlərinin təşkilinə dair prinsiplərə də təsir göstərir. Bu baxımdan, dünyanı bürüyən qlobal sağlamlıq böhranı sosial-iqtisadi sferada uzunmüddətli nəticələr yaratdığı kimi, əməyin həyata keçirilməsi modelləri üzrə də dəyişən gedişata uyğunlaşma zərurəti meydana gətirir. Beləliklə, böhran nəticəsində formalaşan yeni keyfiyyət prinsipləri peşəkar mühitdə proseslərin icraedilmə qaydalarına dair trendləri hərəkətə keçirir. Qlobal biznes pandemiya ilə mübarizəyə uyğunlaşma ilə əlaqədar iş tapşırıqlarının idarəolunma mexanizm və formalarında davamlı alternativ yanaşmalar, onlayn keçid və avtomatlaşmanın sürətləndirilməsini hədəfləyir. Təhlillər göstərir ki, şirkətlər pandemiyanın başladığı dövrdən etibarən işlərin həyata keçirilmə üsul və rejimlərilə bağlı yeni praktikaların tətbiqinə lazımi səviyyədə uyğunlaşmaqda maraqlı olub. ‘İşlərin Gələcəyi 2020’ (Future of Jobs Report 2020) hesabatına əsasən, kompaniyalar avtomatlaşma nəticəsində ixtisarlarla büdcə qənaəti təmin etmələrinə baxmayaraq, texnologiya və robotlaşma istifadəsilə əvəzlənən 50%-dək işçiləri qurum daxilində yenidən əmək fəaliyyəti üzrə yerləşdirə biləcəyinə ümid edir. Ümumilikdə isə, bu prosesin müəyyən rolların itirilməsinə gətirib çıxarması və eyni zamanda, yeni əmək xidməti növlərini aktual etməsi də aydındır. Lakin bizneslərin yalnız 21%-i əməkdaşlarının bacarıqlarının artırılmasına dəstək qabiliyyətinə malik olduğunu bildirib. Digər tərəfdən, xüsusi kəmiyyət və keyfiyyət metodologiyası əsasında dünyanın vacib biznes rəhbərləri, və direktorlar, həmçinin, ekspertlər və insan resursları mütəxəssisləri arasında keçirilmiş sorğulara əsasən, insan kapitalına investisiya edən 66% etibarilə işəgötürənlər işçilərin təkmilləşdirilməsi üzrə keçid mərhələdən müsbət geridönüş əldə ediləcəyinə inanır.[1] Bu baxımdan, yuxarıda qeyd edilən hesabat sənədi müəyyən edir ki, texnologiyaların təşviqilə meydana gələn yeni iş imkanları hələ ki, növbəti beş ildə bu istiqamətdə reqressiyasını zəiflədəcəkdir. Ancaq iqtisadi çətinliyin sözügedən prosesdə ümumi artımın qarşısını alan vacib amil kimi çıxış etməsi də istənilən halda nəzərə alınmalıdır.
Əslində, dördüncü Sənaye İnqilabı dövründə dünyada istehsal prosesi və işlərin icrasında daha çox rəqəmsallaşma və robotlaşdırma əməyin təşkili üsullarının dəyişən texnoloji xüsusiyyətlərə uyğunlaşdırılması tələbi ilə uzlaşır. COVID-19 böhranı isə hal-hazırda bu prosesin əlavə hərəkətverici qüvvəsinə çevrilib. Bu baxımdan, müəssisələrdə işçi qüvvəsinin getdikcə azalması zərurəti qaçınılmaz hal olsa da, bu proses özlüyündə, alternativ əmək formaları və müvafiq qaydada peşəkar xüsusiyyətlərə dair yeni nəsil tələblərin meydana gəlməsinə şərait yaradır. Başqa sözlə, şərait ənənəvi əmək metodikasını əvəzləyən əlavə üsul və bacarıqların inkişaf etdirilməsini qarşısıalınmaz şəkildə ön plana çıxarır. Beləliklə, iş sferasında yeni sahə və peşələrin, rolların yaranması məntiqi davamlılıq çərçivəsində ümumi gedişatın tərkib hissəsi kimi görünür.
TEXNOLOJİ İNKİŞAFIN DİQTƏSİNDƏ
İşəgötürənlərin gözləntilərinə əsasən, 2025-ci ilədək lazımsız rolların getdikcə azalması və yenilərinin yaranmasına dair inkişaf göstəriciləri 7.8%-dən 13.5%-ə yüksələcəkdir. Hesablamalar müəyyən edir ki, qeyd edilən dövrə qədər qlobal miqyasda 85 milyon iş pozisiyası (vəzifə/rollar) əmək bölgüsündə insan və maşın yerdəyişməsilə əlaqədar itirilə bilər. Paralel situasiya olaraq isə, qurum və müəssisələrdə yeni əmək bölgüsü və insan-alqoritm yerdəyişmə balansına uyğunlaşan 97 milyon yeni iş imkanının yaranması da mümkün ehtimal hesab edilir.
Bütün bunlar nəzərə alındıqda, belə qənaətə gəlmək mümkündür ki, peşə bacarıqlarının dəyişən iş xüsusiyyətlərinə uzlaşdırılması üzrə göstəricilərdə artan boşluq növbəti beş il ərzində daha çox nəzərə çarpacaqdır. Bu səbəbdən, işçilərin qabiliyyət keyfiyyətləri, həmçinin, işəgötürülmə zamanı namizədə dair irəli sürülən tələblərin hazırda genişlənən spektri indiki və gələcək dövr üçün aktual iş bacarıqlarının yenilənən siyahısını müəyyənləşdirir. Burada əsasən innovasiya və kreativ yanaşmalar ön plandadır. Yanaşı olaraq, iş proseslərində orijinal təşəbbüskarlıq, problemlərin həllinə kompleks və kritik-analitik yanaşma əhəmiyyət kəsb edir.
Aşağıdakı tablo, hazırda vacib rol oynayan, eyni zamanda, 2025-ci ilədək daha çox aktuallıq qazanacaq peşəkar bacarıqların mənzərəsini əks etdirir. İlk növbədə, kritik düşüncə, problem həlli, inkişafa uyğunlaşma və texnologiyalardan istifadə qabiliyyəti, ümumi adaptabillik, insanlarla iş (ictimai əlaqələr, xidmət sektoru və s.), müstəqil idarəetmə bacarıqları artan önəminə görə növbəti beş il ərzində peşəkar mühitdə gərəkli keyfiyyətlərdir.
Yeni növ Koronavirus pandemiyası ilə mübarizə şəraitilə əlaqədar insanların normal iş rejimindən məcburi qaydada kənarlaşdırılması zərurəti davam etdiyi dövrdə fors-major idarəetmənin tələbləri və yeni cəhətlərinə uyğun olaraq meydana çıxan müvəqqəti xarakterli təlimatlar əslində əmək proseslərinin gələcəyinə təsir edir. Pandemiya səbəbilə həlli yanaşmaların davamlı mərhələyə sürətli keçidi baş verir. Son il yarım müddətdə bir çox sahələr, xüsusilə rəqəmsal iş bazarı, onlayn xidmətlər və satış sektoru üçün uyğun şərait formalaşdıran böhran amili hətta istehsalda iş prosesinin müəyyən qolları da daxil olmaqla idarəetmənin müəyyən səviyyələrində virtual sistemlərə keçidi aktivləşdirib.
Dünyaca məşhur ‘Big Four’ (biq for) kompaniyalar qrupuna daxil PwC (PricewaterhouseCoopers) şirkətinin 2025-ci ilə doğru geniş təhlil təqdim edən sorğusunun nəticələri bildirir ki, “ağ yaxalıqlı” olaraq qruplaşdırılan ofis işçiləri qeyd edilən dövrədək yüksək miqyasda robotlar və avtomatlaşma ilə əvəzlənəcəkdir ki, bu hal, iş qüvvəsinin demoqrafiyasına ciddi ölçüdə təsir edəcəyi kimi, eyni zamanda insan resursları departamentlərinin də yeni qaydada iş mexanizmlərini indidən vacib edir. Nəticələr, həmçinin, 25% etibarilə iş mühitində adaptiv çevikliyin, 23%-lə isə öz işini dizayn etmə kimi trendlərin aparıcı olduğunu bildirir.
Aşağıdakı diaqramda fövqəladə vəziyyətin şərtlərinə dözümlülük göstərilməsi üzrə iş sferasının adekvat cavabvermə strategiyası çərçivəsində COVID-19 ilə mübarizə dövründə bizneslər tərəfindən həyata keçirilən tədbirlər yer alır:
(Mənbə: Future of Jobs Report 2020)
- İş proseslərinin rəqəmsallaşdırılmasının sürətləndirilməsi (rəqəmsal alətlərdən istifadə, video konsfranslar);
- İşlərin uzaqdan idarə etdirilməsi üzrə daha çox imkanların təmin edilməsi;
- Bacarıqların təkmilləşdirilməsi üzrə proqramların icrası (həmçinin bu prosesin rəqəmsallaşdırılmasının sürətləndirilməsi);
- Tapşırıqların avtomatlaşdırılmanın sürətləndirilməsi
Göründüyü kimi, 90% etibarilə iş proseslərinin rəqəmsal keçidi pandemiya dövrünə uyğunlaşma strategiyasının mərkəzində dayanır. Bunlarla yanaşı, işçilərin müvəqqəti tapşırıqların icrasına cəlb (təyin) edilməsi, işçi qüvvəsinin müvəqqəti və ya daimi azaldılması (və ya artırılması), həmçinin, bu prosesdə institusional keçidin də sürətləndirilməsi (restrukturlaşma) sözügedən mərhələdə nəzərə çarpan digər situasiyalardır.
Digər tərəfdən, sual doğuran məqamlardan biri, peşəkar nəticələrin keyfiyyətilə bağlıdır. Qeyd etmək lazımdır ki, müəyyən formada işlərin uzaqdan idarəçiliyi bəzi sahələrdə proseslərin effektivliyinə maneə yaratmamaqla, əksinə, post-pandemiya dövrünün aktual reallığı sayılan onlayn idarəetmə üçün geniş imkanlar və təcrübə qazandırır. Əlbəttə, bütün sahələrə aid etmək mümkün olmasa da, yaranmış vəziyyət müəyyən sferaların işinin hətta səmərəli təşkilinə şərait yaradır. Belə demək olar ki, xüsusi adaptiv tədbirlər görülməyən və işlərin həyata keçirilməsində onlayn imkanlardan geniş fayda əldə edən sektorlar, əsasən bizneslər üçün böhran bir növ inkişaf üzrə yeni fürsət və strateji məqsədlər formalaşdırır.
Apardıqları sorğular əsasında İnsan Resursları üzrə Baş İcraçılar ofisinin məlumatına görə, orta göstərici üzrə 44% işləyən şəxslər COVID-19 pandemiyası dövründə idarədən kənardan çalışa bildiyini qeyd edib. Digər tərəfdən, 24% çalışanlar üçün bu hal əksinədir. Lakin daimi olaraq ofisdən kənar işləmə rejiminə keçidlə bağlı tendensiya üzrə inkişaf tempinin 2021-ci ildə ötən ilə nisbətən iki dəfə artacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, gələcək dövrün əmək bazarı trendləri müəyyən edilərkən inkişaf tendensiyasına malik işlərin bir çoxunun proseslərin uzaqdan idarə edilməsilə həyata keçirilən peşə və rollar olması hələ əvvəlki illərdən aydın idi. Bunların sırasında rəqəmsal bacarıqlar tələb edən və bu baxımdan onlayn formada idarə edilən işlər qrupu hər zaman xüsusi fərqlənib ki, onlar bugünkü şəraitdə dəfələrlə çox əhəmiyyət kəsb edir. Beləliklə, işlərin və ya tapşırıqların ofis xaricində icrası vəziyyətinin pandemiya dövründə artan aktuallıq ilə bərabər, növbəti illərdə də yüksələn xətt izləməsi gözlənilir. Talant axtarışı və uzaqdan işlərin tapılması üzrə baza rolunu oynayan məşhur Apvörk (Upwork) platformasının keçirdiyi sorğuya əsasən 2021-ci ildə Amerikada hər dörd nəfərdən biri ofisdən kənar işləyəcəkdir.[2] Təhlillər həmçinin qeyd edir ki, 2025-ci ilədək Amerikada ümumi iş qüvvəsinin 22%-nin uzaqdan işləmə rejiminə keçməsi ehtimal edilir. Bu rəqəm pandemiyadan əvvəlki dövr üzrə müvafiq göstəricinin 87% artımı deməkdir. Şirkət və qurumlarda idarəedicilərin isə 68%-i hesab edir ki, ilkin keçid dövrü ilə müqayisədə kənardan işləmə rejimi hal-hazırda daha çox funksionallığa malikdir.
Yeni texnoloji tətbiq imkanlarından geniş istifadə bu məsələdə kifayət qədər təkanverici təsir yaradır. Digər tərəfdən isə, aşağıdakı cədvəldə sıralanan amillər innovasiyaların tətbiqinə əsas maneələr olaraq qəbul edilir – burada, yerli əmək bazarında bacarıqlar üzrə boşluq/çatışmazlıq amili ilk pillədə olsa da, ikinci yerdə ixtisaslaşmış talant və ya kadr cəlb olunması problemi dayanır:
SEKTOR ÜZRƏ BAXIŞ
Mövzu ilə əlaqədar, xüsusilə, onlayn satış və xidmət imkanlarının sərhədləri genişlənən biznes sahələrinə də diqqət çəkilməlidir. Pandemiya dövründə onlayn satış aparan firmalar sosial-iqtisadi məhdudiyyətlər zamanı minimum təsirlənmə ilə, əksinə, gəlirliliyi artırmağa nail oldu. Bu baxımdan, elekton iqtisadiyyat təmsilçiləri olan qlobal rəqəmsal ticarət şirkətləri onlayn fəaliyyət göstərən işçi qəbulunu pandemiya dövründə də davam etdirdi.
2020-ci ildə dünyada rəqəmsal ticarət dövriyəsi kəskin şəkildə yüksəldi. Burada əsas iki faktor katalizatordur: kompaniyaların satışlarda onlayn tranzaksiyaların həcmini artırması və eyni zamanda, insanların yeni şəraitdə daha çox onlayn alış-verişə yönəlmələri. Dünyada elektron ticarət (e-commerce) istifadəçilərinin sayı ildən ilə 9.5% artmaqla COVID-19 pandemiyası dövründə 3.4 milyard nəfər olaraq qeydə alındı. Bu il həmin göstərici üzrə yüksəliş həcminin 10%-ə çatmaqla 3.8 milyard insanı əhatə etməsi, 2025-ci ilədək isə dünya üzrə veb ticarət iştirakçı və ya istifadəçi sayının 4.9 milyard əhali olması proqnozlaşdırılır.
Çin hazırda rəqəmsal sferada alıcı sayı etibarilə ölkələr arasında liderliyə malikdir (2021-ci il üzrə qlobal göstəricinin 33.3%-inə sahibdir / 792.5 milyon insan) və bu il ərzində qlobal dövriyənin 56.8%-ini təşkil etməklə onlayn ticarət satışlarından 2.779 trilyon dollar gəlir əldə edəcəkdir. Ümumiyyətlə, Çin ölkə daxilində pərakəndə satışların yarıdan çoxunu (52.1% elektron ticarət həcmi) rəqəmsal formada həyata keçirən ilk ölkə olmaqla tarixi hadisəyə imza atmış və fərqlənməyə nail olmuşdur. Bugün dünya elektron kommersiya bazarında ümumi tranzaksiyanın 42%-i Çində reallaşır. Maraqlıdır ki, on il əvvəl həmin göstərici bir faizdən də aşağı idi. Ölkədə ödənişlərin böyük hissəsinin həyata keçirildiyi ən populyar onlayn ödəmə platformalarından biri olan “Viçət Pey”-də (WeChat Pay) aylıq aktiv istifadəçi sayı hələ 2018-ci ildə bir milyarddan çox insanı ötmüşdü.
Onlayn ticarətin həcmində rəqəmsal alış-verişin bir növü olan mobil (m-commerce) və sosial kommersiya (s-commerce) göstəricilərinə də nəzər yetirmək bu istiqamətdə hansı gedişatın aparıcı olduğunu anlamağa imkan verir. Pandemiya ilə mübarizə tədbiri kimi ölkələrin tətbiq etdiyi karantin rejimində insanların sosial mediada sərf etdikləri vaxtın artması ilə paralel, sosial şəbəkələr vasitəsilə alış-verişlər həyata keçirilməsi vərdişlərinin gücləndiyi məlumdur. Burada da Çin digər ölkələri kəskin fərqlə qabaqlayır. Belə ki, 580 milyona yaxın sosial media, ümumilikdə isə, 738 milyonluq internet istifadəçi sayı ilə gün ərzində orta hesabla 2.7 saat onlayn vaxt keçirilməsi üzrə Çin yalnız Yaponiyadan geri qalır. Hər hansı sosial media istifadəçisi olan çinli gündəlik vaxtın iki saatdan çoxunu elə sosial şəbəkələrdə keçirir. Bu baxımdan, 2020-ci ilin sonuna aid statistikaya əsasən Çində həmin il 357.2 milyon sosial media alıcısı olması (sosial şəbəkə vasitəsilə alış-veriş həyata keçirən şəxslər) müəyyən olunub. Onlayn sosial kommersiya üzrə 2027-ci ilədək Çinin bazar həcminin ən az 103.3 milyard dollar olması gözlənilir. Bütün bu ağlasığmaz rəqəmlər nəzərə alındıqda, satış və xidmətlər sferası da daxil olmaqla dünyada onlayn iş proseslərinin gələcəyi haqqında hansı inkişaf səviyyəsinə nail olunacağı barədə təsəvvürlər formalaşdırmaq çətin olmur.
Aşağıdakı qrafikdə ödəniş üsulları ilə bağlı 2018-2022-ci illər üzrə mobil ödəmənin qlobal həcminin artım dinamikası göstərilib. Özlüyündə, getdikcə rəqəmsal imkanların artan formalarına dair (əsasən də alqı-satqı əməliyyatlarında) intensivləşən tendensiyanı müşahidə etmək olur ki, bununla həmçinin, insanların onlayn vərdişlərinin də dinamik inkişafı nəzərə çarpır. Xüsusən, COVID-19 pandemiyası dövründə bu xəttin kəskin davamlılığı aydın şəkildə hiss olunur.
2020-2021-ci illər ərzində biznes proseslərinin kənardan idarə olunmasında onlayn iclaslar, konfranslar və digər növ tədbirlərin həyata keçirilməsi üçün geniş imkanlar təmin edən və bununla bağlı rəqəmsal həllər təklif edən məşhur platformaların da istifadə göstəricilərinin olduqca yüksəlməsi qeydə alındı. Bu hal, müvafiq tətbiq və proqramlar təqdim edən şirkətlərin qeyd edilən dövrdə gəlirlilik əldə etməsilə yanaşı, həm də pandemiya dövründə peşəkar proseslərin onlayn formada davamlılığının təmin edilməsinə lazımi şərait yaratdı.
QLOBAL MƏŞĞULLUQ VƏ YOXSULLUĞA TƏSİR
Mövzu üzrə vacib məqamlardan biri, pandemiyanın fəsadlarının kəskin şəkildə cərəyan etdiyi ölkələrdə kütləvi qapanma-karantin tədbirləri nəticəsində iş imkanından məhrum olan məşğul əhali qrupunun üzləşdiyi çətin vəziyyət və xeyli sayda iş yerlərinin bağlanması, insanların gəlirlərini itirməsidir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) iş mühitilə bağlı yeddinci buraxılış hesabatına əsasən, 2020-ci ildə əmək gəlirləri üzrə qlobal itki (dövlətlərin iqtisadi dəstək tədbirlərindən əvvəl) 8.3 faiz geriləmə ilə 3.7 trilyon dollar təşkil edib ki, bu rəqəm qlobal ümumdaxili məhsul (ÜDM) göstəricisinin 4.4%-nə ekvivalentlik təşkil edib. Aşağıdakı cədvəl gəlir qrupu, dünya və regionlar üzrə qruplaşdırılmış şəkildə 2020-ci ilin iş saatları itkisinə görə əmək gəlirlərinin itirilməsinin sosial-iqtisadi gəlir dəstək tədbirlərindən öncəki faiz göstəricilərini ehtiva edir: ötən il dünyada ümumi gəlir itkisi 8.3% qeydə alınıb.
Qeyd: burada, əmək gəlirləri alıcılıq qüvvəsi pariteti faizlərinə əsasən müəyyənləşdirilib.
Ümumilikdə, iş saatlarının itirilməsi üzrə qlobal göstərici isə 2020-ci ildə 8.8% olmuşdur. Bu, 255 milyon tamştata bərabər pozisiyanın iş saatı itkisinə məruz qalması deməkdir. [3] Regionlar üzrə daha çox iş saatı itkisi Latın Amerikası və Karib Hövzəsi, Cənubi Avropa və Cənubi Asiya üzrə cəmləşib. Şərqi Asiya və Afrikanın bir çox regionlarında isə daha yumuşaq sosial qapanma tədbirləri həyata keçirildiyi üçün iş saatı itkisi nisbətən az hiss olunub. Beləliklə, öncəki qlobal maliyə böhranı ilə müqayisədə, 2020-ci ildə iş saatı itkisinin təxminən dörd dəfə yüksək olması hesablamalara əsasən məlum olub. Bu o deməkdir ki, insanlar gəlirlər və xərclər bölgüsündə də ixtisarlar etməyə məcbur qalıb. Bu cür gedişat, ümumilikdə, qlobal yoxsulluq səviyyəsinə ciddi təsir göstərib. Sosial bərabərsizlik amili problem daxilində kəskin nəzərə çarpır. Pandemiya səbəbilə yaranan yoxsul sayının 2021-ci ildə dünyada 143-163 milyon əhali olması gözlənilir. Eyni göstərici 2020-ci ildə isə təxminən 119-124 milyon əhali olaraq müəyyənləşmişdi.[4] Aşağı əməkhaqqı ilə çalışan, nisbətən aşağı təhsil səviyyəsinə malik və ya təhsilsiz şəxslər, qadınlar və gənclər, həmçinin, müvəqqəti müqavilə əsasında, o cümlədən, kiçik və orta müəssisələrdə xidmət edən və müstəqil əmək fəaliyyəti ilə məşğul olan insanlar kateqoriyası iqtisadi geriləmədən ən çox təsirlənən həssas qrupu təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Yetkin Şəxslərin Kompetensiyalarının Beynəlxalq Qiymətləndirilməsi üzrə Proqramına (PIAAC) daxil olan 35 inkişaf etmiş və etməkdə olan ölkələr üzrə databaza əsasında aparılmış araşdırma və Beynəlxalq Valyuta Fondu tərəfindən təqdim edilmiş sənəddə qeyd edilir ki, 2020-ci ildəki nəticələr həmin ölkələr arasında ümumi iş qüvvəsinin 15%-nə bərabər olan 97.3 milyon işçinin məcburi məzuniyyət və ya ixtisarlarla üzləşdiyini sübut edib. [5] Digər tərəfdən, diqqət çəkən daha bir maraqlı məqam ondan ibarətdir ki, sənədə əsasən, tele-əməyə nisbətən az keçən işçi qrupunun pandemiyadan ən çox zərər çəkən sektorlarda (qonaqlama-yerləşdirmə, qida xidmətləri, daşıma və nəqliyyat, topdan və pərakəndə satış və s.) cəmləşdiyi müəyyən olunub (ILO, 2020).
AZƏRBAYCANDA ‘ONLAYN’ VƏZİYYƏT (MÜQAYİSƏLİ TƏCRÜBƏ VƏ TƏKLİFLƏR)
Qısaca olaraq aydındır ki, pandemiya dövründə şəraitə uyğun olaraq rəqəmsal keçidə daxil olan və onlayn sistemlərə üz tutan sosial-iqtisadi sfera nümayəndələri böhran vəziyyətini daha yaxşı idarə etmək qabiliyyəti nümayiş etdirir. İqtisadi sektora diqqət yetirdikdə, insanlar tərəfindən bu müddətdə bir çox əməliyyatların elektron qaydada aparılmasına yönəlmə həm də karantin rejimi şərtlərinə əməl olunmasına dəstəkdir. Ekspertlərin fikrincə, iqtisadi proseslərdə kütləvi rəqəmsallaşma həmçinin kölgə iqtisadiyyatının zəifləməsinə də şərait yaradır. Azərbaycanda bu vərdişlər üzrə məsələn, rəqəmsal hərəkətliliklə bağlı pandemiya dövründə 2019-cu ilə nisbətən onlayn ödənişlərin iki dəfəyə yaxın artması müşahidə edilib. Bu istiqamətdə, qonşularından kifayət qədər geri qalsa da, Azərbaycanda nəğdsiz ödənişlərin çəkisi ilə bağlı sağlamlıq böhranından əvvəl 10% ətrafında olan müvafiq göstəricinin virusun yayıldığı dövrdən başlayaraq 20%-dək yüksəldiyi məlumdur. Rəqəmsal platformalar vasitəsilə aparılan alış-verişlər üzrə ölkədə daşıma-çatdırılma şirkətlərinin də sayının kəskin surətdə artması insanların onlayn vərdişlərə yiyələnmə səviyyəsində yüksəlişi əks etdirən aspektdir.
Həmçinin məlumdur ki, qlobal pandemiya zamanı onlayn iş rejiminə ölkəmiqyaslı keçid dövründə təkcə iqtisadi deyil, həm də sosial aktivlik və mədəni xidmət obyektlərinin də fəaliyyəti geniş miqyasda veb formatda davam etdi. Beynəlxalq Muzeylər Şurasının 2020-ci ildə Azərbaycanda təşkil etdiyi sorğuya əsasən, ölkədə muzeylərin 80.3%-i işlərə onlayn, 6.6% fiziki qaydada davam etdiyi halda, 13.1%-in fəaliyyətini dayandırdığı bildirilib. Digər nəticələrə əsasən, COVID-19 müddətində muzeylərin 98.4%-də işçi ixtisarı aparılmayıb. Həmçinin, qeyd olunur ki, karantin müddətində əksər muzey işçiləri onlayn təlim və konfranslarda iştirak edib. Burada sonuncu rəqəm ürəkaçan statistika kimi görünsə də, ziyarətçi miqyasına görə qazanan muzeylərin qapanma halında dövlət büdcəsində əlavə yük meydana gətirməsi qaçınılmazdır. Belə vəziyyət pandemiya şərtləri daxilində bir çox müəssisə və qurumların fəaliyyətinə də aiddir. Bunu nəzərə aldıqda, böhran şəraitində sosial-iqtisadi dəstək tədbir paketlərinin icrasını təmin edən dövlət yükünün həcminin yüksək olması aydındır.
Muzeylər nümunəsinə qayıtsaq, dünyada olduqca gəlirli istiqamət olan muzey sahəsində onlayn qaydada fəaliyyəti aktiv surətdə təşkil etməyən, virtual tur imkanları və rəqəmsal marketinq alətlərindən yetərincə istifadə etməklə yeni ziyarətçi sayının artırılması ilə bağlı tədbirlər planı inkişaf etdirməyən mərkəzlər dəqiq sonlanma mərhələsi hesablanmayan COVID-19 dövrü, həmçinin, gələcəkdə mövcud ola biləcək istənilən oxşar situasiyalarda ağır itkilərlə yenidən üzləşmə təhlükəsi ilə qarşı-qarşıyadır. Yeni növ Koronavirus dalğasının yayılması səbəbilə keçən il iki dəfə uzun müddətlik bağlanan dünyaca məşhur Luvr muzeyinin 2020-ci ildə maliyə itkisi 90 milyon avro olaraq qiymətləndirilir. Təkcə 2019-cu ildə öz zallarında 9.6 milyon insanı qarşılayan muzeyin hazırki şəraitdə fond büdcəsinin artırılması üçün alternativ, populyar mədəni tədbirlərin davamı və auksionlara start verməsi, həmçinin, ianə vəsaitləri üzrə müxtəlif tədbirlər planı icra etməsi fərqli təcrübə formalaşdırır. “Gəlir-vəsait əldə etmək üçün yeni yollar tapmalıyıq” deyən muzeyin xarici əlaqələr üzrə direktoru Adel Ziani qeyd edir ki, bu məsələdə mümkün qədər müxtəlifliyə istiqamətlənmək lazımdır. Muzeyin bu mənada həyata keçirdiyi layihələrdən biri kimi dünyanın bir çox ölkəsində mövcud olan Yaponiyanın məşhur gündəlik pərakəndə geyim zinciri olan Uniqlo tərəfindən dörd illik müqaviləli əsasda şəbəkənin dünya üzrə mağazalarında Luvrun geyim kolleksiyası üçün satışa icazə alınması diqqət çəkir. Başqa bir nümunə olaraq, ingilis qrafik dizaynerin muzeyin inventar nömrələri və şüarlarını idman geyimlərinin üzərinə yaradıcılıq işi kimi işləməsi göstərilə bilər. Əlbəttə, əsas təyinat məqsədi maarifləndirmə olan muzeylər, qalereyalar, digər incəsənət, mədəni irs obyektləri və başqa oxşar məkanlar üçün xüsusən çətin dövrlərdə maliyə asılılığını azaltmaq və gəlir təmin edilməsi üçün, öz promo videolarında zamansızlıq və universallıq dəyərlərini ifadə edən Luvrun təşkil etdiyi kimi qurulan əməkdaşlıqlar üzrə sosial-iqtisadi kampaniyalar sözügedən istiqamətdə məsələyə olduqca geniş baxış bucağı və zəngin təcrübə formalaşdırır. Həmçinin nəzərə almaq lazımdır ki, informasiya bolluğu və maraq cəlb edən alternativ fəaliyyətlərin artan mövcudluğu şəraitində müasir dövrdə ənənəvi sistemlər, qaydalar və tərzlərin digər sahələr, istiqamətlərlə tərəfdaşlığı çərçivəsində mübadilə və sintez formatda əməkdaşlıqlar getdikcə daha aktual olmalıdır.
NƏTİCƏ
Pandemiyanın birinci və ikinci dalğaları dövründə iş dünyası və əmək bazarının tarixi keçidi prosesində çoxsaylı kompaniyaların onlayn iş rejimi təklif və tətbiq etməsi geniş miqyasda bizneslər üçün hal-hazırda normaya çevrilib demək mümkündür. Proqnozlar göstərir ki, 2025-ci ilədək dünyada iş qüvvəsinin 70%-ə qədəri ayda ən az beş gün olmaqla ofisdən kənar rejimdə işləyəcəkdir. Bu baxımdan, ötən ildən etibarən ciddi surətdə inkişaf edən trendin cari il ərzində yüksəlmə davamlılığını qoruması gözləniləndir.
Yüksək texnoloji özünüidarəetmə xüsusiyyətlərinə malik robotların hətta müəyyən sayda həkimlərin bəzi əməliyyat funksiyalarını əvəzlədiyi bir dövrdə, elektronlaşma və avtomatlaşma, məmur sayının texnologiyaların xeyrinə azalması proseslərin əvvəldən davam edən gedişatını indi daha ciddi ölçüdə sürətləndirir. Burada qeyd edilməlidir ki, paralel olaraq, kibertəhlükəsizlik məsələlərinin də yüksək səviyyədə təminatı ilbəil zəruriliyini artıran aspektə çevrilir. Ümumilikdə, prosesin istehsal müəssisələri və xidmət obyektlərində davamlı həyata keçirilməsi aşağı maaşlı və az funksiyalı iş qüvvəsinin robotlarla yerdəyişməsini intensivləşdirir. Nəzərə almaq lazımdır ki, yaranmış vəziyyət, bir tərəfdən, kodlaşma mütəxəssisləri və komputer mühəndisləri üçün artan tələbi formalaşdırır. Süni intellektin kütləvi şəkildə onların özlərini də əvəz edəcəyi, yəni kod yaza biləcəyi zamana qədər isə bu sahələrdə çalışan insanların ofis xaricində – ev və ya laboratoriya mühitində (home office və ya home lab rejimi) fəaliyyəti davam etdirməsi onlayn qaydada təlimatları qəbul etmə, müzakirələr aparma və ya hesabatlılıq öhdəliklərinin icrası üzrə mərkəzi idarəetmə ilə iş münasibətlərinin həyata keçirilməsində uyğun şərait yaradır. Digər baxımdan, komputer elmləri, texnologiya və mühəndislik, hesablama ilə əlaqədar peşələrin inkişafı sürətli rəqəmsallaşdırma ilə rəqabətdə digər sahələrə olan tələbatın da yüksəlməsinə paralel surətdə yol açmalıdır. Çünki sosial yaşam tərzi və iş mühitinə daxil olan yeniliklər, forma dəyişiklikləri nəticəsində müəyyən sahələrdə ənənəvi peşə rollarına ehtiyacın azalması kreativlik bacarığına dair gözləntiləri artırır. İş proseslərində, xidmət sektorunda onlayn sistemə keçid istər böhran vəziyyətinə uyğunlaşma ilə əlaqədar, istərsə də, gələcək üçüm proseslərin davamlı optimallaşdırılmasını nəzərdə tutur. Belə hal özlüyündə, rəqəmsal qaydada sürətli idarəetməni, beləcə texnoloji keçidin intensivləşməsini təmin edir. Bu istiqamətdə, stabil məkandan deyil, onlayn icra olunan və yaradıcılıq potensialı ilə rəqəmsal yanaşmanı maksimum birləşmiş formada tətbiq edən vəzifə və rollar, onlara dair peşəkar tələblərin artması iş bazarında əsas trendlər kimi qalmaq baxımından davamlı xəttə malik olacaqdır.
Nəticə etibarilə, onlayn işləmə trendinin xüsusən beyin gücü istifadəsi və yaradıcı işlə yüksək konsentrasiya tələb edən peşələrin olması, həmçinin, xidmət sferasında müəyyən ölçüdə tətbiq imkanı ilə geniş funksionallıq səviyyəsi təmin etməsi nəzərə alındıqda, öz davamlılığını qoruması təəccüblü deyil.
COVID-19 pandemiyası ofisdən kənar işləmə mexanizmlərini hərəkətə keçirsə də, eyni zamanda, böhran səbəbilə geniş iqtisadi çətinliklərlə üzləşən və kütləvi ixtisara gedən sektorlarda mürəkkəb vəziyyət yaratsa belə, digər tərəfdən müəyyən sahələr üzrə iş rejimi nəinki olduğu kimi davam etməkdə, hətta yüksək gəlirlər imkanı formalaşdırmaqdadır. Bu halda, çeviklik qabiliyyətinin artırılmasına nail olmağa çalışan və onlayn aktiv fəaliyyət göstərən bizneslər üçün müstəqil peşəkarlara yönəlmə və onlayn işçi qəbulunun asanlaşması talant idarəedilməsi üzrə boşluqları ləğv etmək üçün daha rahat şərait yaradır deyə bilərik. Beləliklə, bir çox sferada kompaniyalar zamanın tələblərinə müvafiq, gələcəyə yönümlü, həmçinin, dəyişən situasiyalar və fors-major hallar nəzərə alınmaqla, sürətli uyğunlaşma, o cümlədən, peşəkar bacarıqlarla bağlı meydana çıxan çatışmazlıqlara dair lazımi qərarlar qəbul etmə, daha səmərəli və adaptiv iş şəraiti yaratma istiqamətində çevik strategiyalar hazırlanmasına daha mülayim yanaşmalıdırlar. Bununla bağlı, dövlət və özəl sektorun ortaq addımlar müəyyən edən fəaliyyəti məsələlərə rasional həllər təmin etməklə yanaşı, regional əmək bazarında əməkdaşlıqlar da iş mühitində yaranan vəziyyətlərlə əlaqədar adekvat tənzimləmə imkanına əsaslı miqyasda töhfə edə bilər. Proqnozlardan kənar formalaşan yeni xüsusiyyətləri nəzərə almaqla, daha əhatəli və sistemli strateji yanaşmalara söykənən, sferalararası koordinasiya elementlərini ən yaxşı formada işlədə biləcək, sürətli şəkildə praktik mexanizmlər müəyyən edən konsepsiya və icra planlarının işlənib hazırlanması bu istiqamətdə daimi olaraq məqsədəuyğun hesab edilə bilər.
Aytən Babayeva, Baş məsləhətçi
Referenslər:
Aytən Babayeva
Bakı Dövlət Universitetini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Magistr dərəcəsi üzrə təhsilini İtaliyada Beynəlxalq Əməkdaşlıq və İnkişaf Elmləri üzrə almışdır.