Yuxarıya
skip to main content

Şəxsi həyatdan imtinaya təsir edən sosioloji amillər

09.04.2021

Azərbaycanda intiharlar: statistik mənzərə. Qlobal bir problem kimi görünən intiharın Azərbaycandakı statistikası (təxmini olaraq) belədir; 2008 - 138, 2009 - 165, 2010 - 289, 2011 - 414, 2012 - 482, 2013 - 436, 2014 - 490, 2015 - 499, 2016 - 507, 2017 - 498, 2018 – 521, 2019 – 565, 2020-597. Əhalisi hazırda 10 milyon olan Azərbaycan üçün bu rəqəm yüksək göstərici hesab olunur. Bəzi ailələrin intiharı ölüm səbəbi kimi açıqlamaq istəməməsini nəzərə aldıqda bu rəqəm daha yüksəkdir. Bunlardan 200-ə yaxını birbaşa ölümlə nəticələnən intihar hadisəsidir. Bütün bu intihar hadisələrini törədənlərin orta yaşı 37 olub. İntihar edən ən gənc insanın 11, ən yaşlının isə 87 yaşı olub. Hər yaş qrupundan intihar edənlərin olmasına baxmayaraq, bu hadisələri törədənlərin təqribən yarısının yaşı 15-35 yaş intervalında dəyişir[2]. Statistikalar onu göstərir ki, Azərbaycanda demək olar ki, hər gün bir insan özünə qəsd edir. İntihar edən hər 100 nəfərdən 25-i yeniyetmə və gənclərdir.

 

Elmi ədəbiyyatda intiharın səbəbləri arasında bu amillər yer alır: Fərdin onun üçün çox vacib biri tərəfindən rədd edilməsi, tərk edilmə duyğusu yaşaması və bununla bacara bilməməyi, uşaqlarda və gənclərdə özünə inam əksikliyi, həyat çətinlikləri qarşısında özünü tək qalmış kimi hiss etmək, dolanışıq dərdi, ağır borc və ya ciddi maddi çətinliklər, ailə əlaqələrinin zəifləməsi, ailənin keçmişində intihar hallarına rast gəlinməsi, alkoqol və narkotik maddə aludəçiliyi, şəxs üçün çox əziz olan birinin ölümünə kədərlənmə, fiziki və ruhi xəstəliklər, intiharı təşviq edən filmlər, seriallar, kitablar və ya musiqi, intiharda istifadə edilə bilən alət və avadanlıqların asanlıqla əldə edə bilmə halları[3].

 

Başqa əsaslı səbəblər kimi: kredit və ya borc alaraq pulu vaxtında ödəyə bilməməyi, rəsmi qurumlardan maddi və mənəvi dəstək ala bilməmə, özünün və ailəsinin sağlamlığı ilə əlaqəli məsələləri həll edə bilməmə, süründürməçilik və çarəsizlik, insanların bir-birindən uzaq düşməsi və biganəlik, təcrid və tənhalaşma, mənəvi boşluq və hüzursuzluq, sosial şəbəkələr, gələcəklə əlaqədar planının olmamağı, ümidsizlik, dini inancın az və ya olmamağı göstərilə bilər. Yeniyetmələr arasında belə halların olması yoxsulluq, ailədəki dözülməz münasibət, ailə daxili təzyiq, spirtli içkilərə və narkotik maddələrə meyil, təhsildə uğursuzluq (eyni zamanda sevgidə), uşaqlıq illərində erkən nikah və zorakılıqlara  məruz qalma ilə daha çox bağlıdır. Bu, həm də sosial izolyasiya edilmiş şəxslər və xroniki xəstələr arasında çoxdur. Gənclərin internet və sosial şəbəkələrdə daha çox vaxt keçirərək ailə və çevrəsinə yadlaşaraq tənhalaşması intihar hadisələri səbəbləridir. İntihar sosiologiya və psixologiya mövzusudur. İntihar hadisəsinə qarşı tədbir görüb onun qarşısını almaq üçün də müxtəlif qayda və metodlar mövcuddur. Məktəbli yeniyetmə çağındakı uşaqlar depressiyaya məruz qalanda "ailəm məni başa düşmür" və "heç kim məni başa düşmür" sözlərini tez-tez ifadə etməsi intihara meyli olduğunun əlamətidir. Pandemiyanın sosial həyata gətirdiyi məhdudiyyətlər, evdə və qapalı məkanda uzun müddət qalmaq ən çox gənc və yeniyetmələr üzərində psixoloji fəsadlar yaratmaqdadır. İntihara ailədə ən çox təzyiq göstərilən fərdlərdə rast gəlinir. Pandemiya dövründə məişət zorakılığı hallarının artması da gənc və yeniyetmələrdə intihar meylini artırıb.

 

Son dövrlərdə  gənc və yeniyetmələr arasında baş verən intihar hadisələrini xüsusi tədqiq edərək, diqqət mərkəzində saxlama zərurəti yaradır. Belə vəziyyətdəki gənc və  yeniyetmələrə qayğı göstərilməməsi, nəzarət və müalicə edilməməsi faciə ilə nəticələnə bilər. Bunun üçün aşağıdakılar tövsiyə edilir;

 

  • məktəblərdə fəaliyyət göstərən psixoloqlar, müşahidə və tədqiqat yolu ilə intihar riskinə daxil olan uşaqların müəyyən edilməsi (real, effektiv, demonstrativ), sosial və psixi problem yaşayan yeniyetmə və gəncləri müəyyən edərək, xüsusi proqram tətbiq etməli;
  •  
  • məktəblərdə psixoloji təzyiqə məruz qalan şagirdlərin müraciət etməsi üçün Təhsil Nazirliyi tərəfindən qaynar xəttin açılması;
  •  
  • valideynlər psixoloqların təyin etdiyi proqramı, dərs sonrasında da psixoloqun nəzarətində davam etdirməli;
  •  
  • ailə həkimi ilə birlikdə psixoloqların ailələrlə yaxın təmasda olaraq testlər vasitəsi ilə ailə fərdlərinin sosial-psixoloji vəziyyəti haqqında məlumatlılığı təmin etməsi;
  •  
  • proqramın effektivliyinin təmini üçün uşaqdan və ətrafdakılardan gizli tutularaq həyata keçirilməli (müalicəni açıq-aşkar aparmaq, uşağı xəstə və ya dəli kimi təqdim etməyin özü intihara sövq etmək hesab olunur);
  •  
  • gənclərin məşğulluğunun təminini nəzərə alaraq peşə və ixtisas məktəblərinin sayının və keyfiyyətinin artırılması;
  • Sosial iş və psixologiya ixtisasları üzrə universitetlərə qəbulu artırılması və xaricdən müəllimlər cəlb edilməsi, xaricdə təhsil üçün bu ixtisaslar üzrə təhsil təqaüdünün ayrılması;
  •  
  • pedaqoji fakültələrdə psixologiyanın tədrisinə nəzarət edilməsi və bu istiqamətdə fənlərin sayının artırılması, əlavə kursların açılması və təcrübə proqramlarının həyata keçirilməsi;
  •  
  • məktəblərdə psixoloq ştatının və fəaliyyətinin hesabat verimliliyinin təmin edilməsi;
  •  
  • pedoqoji, sosial iş və psixologiya sahələrində işləyənlərin yüksək məvaciblə təmin edilməsi;
  •  
  • xüsusi institutun yaradılması, risk qrupuna daxil olan uşaqların, ailələrin təcili yönəldilməsi;
  •  
  • məktəblərdə psixoloji işin keyfiyyətinə nəzarət (audit sistemi kimi);
  •  
  • intihar faciələrin yaşanmaması üçün cəmiyyətdə mənəvi dəyərlərin bərqərar olmasının təmini;
  •  
  • həyat və yaşamağı təbliğ edən, insanların güc və inamını artıran mənəvi dəyər olan dinin öyrədilməsi;
  •  
  • tarixən malik olduğumuz yardımlaşma, bir-birinin əlindən tutmaq kimi dəyərlərə üstünlük verilməli;
  •  
  • xəstəxanada təcili yardım bölməsinə psixiatr həkimlərin cəlb olunması, onlar tərəfindən intihar edən xəstələr üzərində xüsusi reablitasiya proqramının tətbiq olunması;
  •  
  • rəsmi və qeyri – rəsmi qurumların bu istiqamətdə layihə və proqramlar həyata keçirməsini təmin etmək;
  •  
  • ödənişsiz idman, sənət, peşə və özfəaliyyət dərnəkləri, o cümlədən parklarda asudə vaxtın təmini ilə əlaqədar layihələrin hazırlanması;
  •  
  • cəmiyyətdə baş verən dərin təbəqələşmə sistemini aradan qaldırmaq;
  •  
  • KİV-lərdə maarifləndirici, insanların mənəvi dünyasına xitab edən verilişlər hazırlamaq;
  •  
  • maddiyatı və əyləncəli həyat tərzini təbliğ edən verilişlərin sayını azaltmaq;
  •  
  • KİV-lər intiharlarla bağlı xəbər yaydıqlarında reytinq məqsədi güdmələri səbəbi ilə başverən hadisənin manipulyasiya edilməsi təşəbbüslərinin qarşısını almaq (tədqiqatlar göstərir ki, intihar xəbərlərin manşetdən verildiyi yerlərdə və illərdə əksinə intihar hadisələri daim artış göstərib);
  •  
  •  
  • Azərbaycanda intiharların qarşısını almaq üçün hüquqşünaslar, müəllimlər, sosioloqlar, həmçinin psixoloqların təmsil olunduğu və intiharların səbəblərini, metodikalarını araşdırmaq məqsədi ilə müvaffiq qurum və idarələrdə şöbələrin fəaliyyətinin təşkili.

 


[1] https://www.bbc.com/turkce/haberler-dunya-50343454

[2] https://www.bbc.com/azeri/azerbaijan/2013/07/130715_suicide_azerbaijan

[3] https://dergipark.org.tr/tr/download/article-file/650606

 

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.