NATO hərbi alyansı və ona münasibət
Tədqiqatın nəticələrinə görə, NATO üzvü dövlətləri arasındakı gərginliklərə rəğmən, ümumi olaraq alyans daxilində ictimai rəy onunla bağlı müsbət mövqeyə sahibdir. 16 üzv dövlət arasında ortalama 53 faiz təşkilat ilə bağlı müsbət, 27 faiz isə neqativ baxışa sahibdir. Üzvləri arasında NATO-nun pozitiv reytinqi ən yüksək 82 faiz Polşada, ən aşağı 21 faiz Türkiyədə, orta göstərici isə 57 faiz ilə Almaniyada müşahidə edilir. Üzv olmayan dövlətlər arasında İsveç və Ukraynanın alyansa baxışı müsbətdir, müvafiq olaraq 63% və 53 %.
Təşkilat ilə baxışlar zamanla həm NATO üzvü olan, həm də olmayan dövlətlər arasında dəyişib. 2000-ci illərin sonundan etibarən Ukrayna, Litva və Polşada alyansa müsbət baxış yüksələn xətlə inkişaf edərəkən, son onillikdə Bolqarıstan, Fransa və Almaniyada bu göstərici ikirəqəmli göstəricilər ilə azalmaqdadır. 2007-2019-cu illər arasında Fransada NATO-nun reytinqi 71 faizdən 49 faizə, Almaniyada isə 73 faizdən 57 faizə enib. İspaniya və Çexiya Respublikası kimi ölkələrdə də NATO alyansına pozitiv münasibət eniş göstərməkdədir.
ABŞ-ın özündə də NATO ilə bağlı baxışlar partiyalar kontekstində dəyişməkdədir. Demokratlar və demokrat yönümlü müstəqil siyasətçilərin qeyd edilən hərbi təşkilat üzərində mövqeyi daha müsbət olduğu halda, Respublikaçılar və respublikaçı yönümlü siyasətçilər arasında bu meyil daha aşağıdır. 2019-cu il göstəricilərinə əsasən, demokratların 61, respublikaçıların isə 45 faizi NATO-a dair müsbət baxışlara sahibdir.
Tədqiqat onu da göstərir ki, Qərb ölkələrində nisbətən sağ yönlü partiyalar NATO ilə bağlı daha pozitiv düşünür. Məsələn, İsveçdə ideoloji olaraq sağ yönümlü siyasətçilərin 79, sol yönümlülərin isə 38 faizi NATO üzərində pozitiv düşüncələrə sahibdi. Fərq 41 faiz təşkil edir. Bu perspektivdən, sağçılar və solçular arasındakı fərqliliklər Bolqarıstanda 38 faiz, Çexiyada 36 faiz, İspaniyada 25 faiz, Yunanıstanda 19, Slovakiyada isə 16 faiz təşkil edir.
NATO hərbi alyansına üzvlüyün 5-ci maddəsi (yəni, üzvlərdən biri üzərində hücum digər bütün üzvlərə qarşı hücum olaraq qəbul edilir) ilə bağlı da üzv ölkələrin ictimai rəyində fərqli fikirlər müşahidə edilir. Belə ki, 16 üzv dövlətin yalnız beşində (Niderland, ABŞ, Kanada, Britaniya və Litva) 50 faiz və ya daha çox respondent öz ölkələrinin bu halda hərbi gücdən istifadə etməli olduğunu bildirir. Üzv dövlətlərin böyük çoxluğunda isə hipotetik olaraq Rusiya tərəfindən belə bir hücum olduqda, öz ölkələrinin hərbi gücdən istifadə etməməli olduğunu qeyd edir. 5-ci maddəyə qarşı mənfi münasibət (üzvlərdən biri hücuma məruz qaldıqda öz ölkələrinin onu qorumaq üçün hərbi gücdən istifadə etməməli olduğu) əsasən İtaliya (66 faiz), Almaniya (60 faiz), Yunanıstan (63 faiz), Bolqarstan (69 faiz), Fransa (53 faiz) və İspaniyada (56 faiz) müşahidə edilir. Polşada bu məsələ ilə bağlı dominant fikir yoxdur, polyakların 43 faizi ölkələrinin NATO müttəfiqini müdafiə etmək üçün hərbi gücdən istifadə etməli olduğunu bildirərkən, 40 faiz buna qarşı çıxır.
Bu mövzuda sorğu keçirilən ölkələrin 8-də daha çox kişilər öz ölkələrinin NATO müttəfiqini müdafiə etməli olduğu düşüncəsini daşıyırlar. Almaniyada kişilərin 43 faizi, qadınların isə dörddə biri ölkələrinin hərbi güclə cavab verməli olduğu fikrinə sahibdir.
NATO üzvü ölkələri əhalisinin 60 faizi hipotetik Rusiya hərbi hücumu qarşısında ABŞ-ın hərbi gücdən istifadə edəcəyinə, 29 faizi ABŞ-ın hücum edilən üzv dövləti müdafiə etməyəcəyinə inanır. Bu inam İtaliya (75 faiz), Böyük Britaniya (73 faiz), İspaniya (72 faiz), Kanada (69 faiz) və Niderlandda (68 faiz) yüksək, Polşa, Türkiyə, Çexiya və Macarıstanda isə daha aşağıdır, müvafiq olaraq 47%, 46%, 41 % və 39%. Xüsusən də, Macarıstanda 2017-ci ildən etibarən potensial Rusiya hərbi hücumu qarşısında ABŞ-ın yardım edəcəyinə inam 16 faiz azalıb.
NATO üzvü ölkələrinin hər birində keçirilən digər sorğuya əsasən, əhalinin mühüm hissəsi ABŞ, yalnız Bolqarstan və Slovakiya Rusiya ilə daha sıx münasibətlərin tərəfdarı olduqlarını bildirib. Əksər ölkələrdə, ictimai fikir həm ABŞ, həm də Rusiya ilə sıx münasibətlərin önəmli olduğunu bildirir. Fransada respondentlərin 60 faizi ABŞ, 18 faizi Rusiya, 13 faizi isə hər iki dövlətlə sıx münasibətlərin tərəfdarıdır, Almaniyada isə respondentlərin 39 faizi ABŞ, 25 faizi Rusiya, 30 faizi isə hər iki dövlətlə sıx münasibətin önəmli olduğunu qeyd edir. Polşada respondentlərin 53, Macarıstanda 55, Slovakiyada isə 50 faizi hər iki dövlətlə sıx münasibətlərin tərədarıdır. Britaniya (83 faiz), Niderland (82 faiz) və İspaniyada (73 faiz) mütləq çoxluq ABŞ ilə sıx münasibətlərin tərəfdarıdır.
Mərkəzi və Şərqi Avropa ölkələrində respondentlərin həm Rusiya, həm də ABŞ ilə yaxın münasibətləri üstün tutduqlarını qeyd edirlər. Amerikaya daha çox meyil edənlər arasında ideoloji baxımdan sağçılar üstünlük təşkil edir. Məsələn, Çexiyada ABŞ ilə sıx münasibətlərin tərəfdarı olanların 40 fazidən çoxu ideoloji olaraq sağçılardır. Respondentlər arasında solçuların 15 faizi daha çox ABŞ-a meyil göstərir.
Tədqiqata əsasən, dünyadakı mövcud düzəni qorumaq ilə bağlı da NATO və qeyri-NATO ölkələrində ictimai rəy fərqli fikirlərə sahibdir. Məsələn, ABŞ (78 %), Kanada (71%), İsveç (79 %), Türkiyə (71 %), Britaniya (71 faiz), Rusiya (70 faiz) və Macarıstanda (71 faiz) hər on nəfərdən yeddisi mövcud dünya düzənini qorumaq üçün hərbi gücdən istifadəni dəstəkləyir. Almanların fikirləri isə parçalanır. Belə ki, almanların 47 faizi hərbi gücdən istifadənin bəzən zəruri olduğunu bildirsə də, 52 faizi bu fikirlə razılaşmır.
2007-2019-cu illər arasında qlobal düzəni qorumaq üçün hərbi gücdən istifadəyə dəstək göstəriciləri ciddi şəkildə eniş gösterib. İtaliyada bu dəstək 21 faiz, İspaniyada 10 faiz, Çexiyada isə 9 faiz azalıb. ABŞ-da liberallardan daha çox mühafizəkarlar qlobal düzənin qorunması üçün hərbi gücdən istifadəni dəstəkləyirlər. Respubliakçıların 91, demokratların isə 71 faizi hərbi gücdən istifadəni zəruri hesab edir.
Qonşu dövlətlərdə onlara məxsus ərazilərin olması ilə bağlı NATO ölkələrinin ictimai rəyində kəskin differensiasiya müşahidə edilir. Ümumilikdə, alyans ölkələri əhalisinin 35 faizi qonşu ölkələrdə onlara məxsus ərazilər olduğunu bildirir. Macarların 67, Türkiyəli respondetlərin 58, yunanların isə 60 faizi qonşu ölkələrdə onlara məxsus ərazilər olduğunu bildirir. Aşağı göstəricilər isə ABŞ, Britaniya, Hollandiya və qeyri-NATO ölkəsi İsveçdə müşahidə edilir. Qeyd edilən ölkələrdə müvafiq olaraq, respondentlərin 19, 23, 24 və 13 faizi qonşu ölkələrdə onlara məxsus ərazilər olduğu fikri ilə razıdır. Rusların 53 faizi, ukraynalıların isə 47 faizi bu fikri dəstəkləyir. Avropada bu fikir ilə razılaşanlar arasında yenə sağ yönlü siyasi partiyalar və onların tərəfdarları çoxluq təşkil edir.
Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.