Müharibə fenomeni və onun spiritual funksiyası
Bu məqalə, millət anlayışının tarixi-spiritual numen olaraq təhlili və müharibənin millətlərin spiritual enerjisinin meydana çıxmasında oynadığı rol haqqındadır.
Fransız şərqşünası və filosofu Ernest Renan bir milləti kollektiv identikliyi formalaşdıran fərdlərin azad iradəsindən qaynaqlanan aktlara əsaslanan varlıq olaraq müəyyən edir. Bu ruhu və ya spiritual prinsipi təşkil edən iki şeydir. Bunların biri keçmiş, digəri isə indi ilə bağlıdır. Biri zəngin tarixi yaddaşa sahiblik, digəri isə birlikdə yaşamaq iradəsi və bölünməz bir formada qəbul edilən irsin dəyərini əbədiləşdirmək iradəsi ilə bağlıdır. (1 (http://133.50.171.227/pdf_seminar/20100927_Dudkova2.pdf) .
Alman tarixçisi və filosofu, Kontinental Fəlsəfə və Mühafizəkar İnqilabın nümayəndəsi Osvlad Şpenqler də bildirir ki, cəmiyyətləri iqtisadi baxımdan ucaldan ünsür iqtisadi münasibətlər deyildir. Yüksək mədəniyyət və sivilizasiyaları yaradan qüvvə millətlərin sahib olduğu Ruhdur. Xalqların texnoloji inkişaf və rifahı güclü bir millət Ruhunun kristallaşmasının nəticəsidir. Cəmiyyətlərarası və cəmiyyətlərdaxili iqtisadi münasibətlər daha sonra meydana çıxır. Cəmiyyətin həyatında millət ruhu yüksəlmənin və geri qalmanın tək səbəbi, iqtisadi münasibətlər isə nəticədir (2) (Oswald Spengler., “Decline of the West”, Volume I, Kindle edition).
Millətlər tarixi-spiritual formulyasiyalardır. Dolayısı ilə, millət abstrakt-sosioloji deyil, tamamilə tarixi kateqoriyadır. Lakin onlar kosmik varlığın dərinliklərində iqamət edir. Milli müqəddərat və millətləri öz müqəddəratlarının reallaşdırılmasına doğru yönləndirən kosmik-spiritual enerji məhz buradan qaynaqlanır. Milləti müəyyən edən əsas faktor tarixi müqəddəratın bölünməzliyi, vahidliyidir. Milli şüuru formalaşdıran məhz bu vəhdətin fərqindəliyidir. Tarixi müqəddəratın inteqrallığı irrasional bir misteriyadır. Bu perspektivdən milli şüur təkrarolunmazlığı və özünəməxsusluğu ilə millətin həyatının dərinliklərində, tarixi reallığın özəyində yerləşir. Yəhudilər tarixi müqəddəratın mistik bölünməzliyinə sahib olan spesifik millətdir. Rus filosofu, Xristian Ekzistensializmi və Spiritual Tradisionalizmin nümayəndəsi N.Berdyaev yəhudiləri messianik missiyaları olan millət kimi fərqləndirir.
Tarixi akt (lar) daxilində kosmosun formasiyası, böyük mübarizə, kosmik prinsiplər tərəfindən xaos prinsipləri üzərində zəfər baş verir. Tarixi şüurunu mühafizə edən millət kosmik varlığı ilə qucaqlaşmış bir millətdir. Bu şüurun aradan qalxması kosmosun destruksiyası, eyni zamanda xaosa qayıdışdır.
Millət inqilabi deyil, pozitiv, konstruktiv və iyerarxik dəyərə sahib olmalıdır. Millət bir mistik orqanizm, tarixi prosesin fenomeni deyil, numenidir. Millət sadəcə bugün yaşayan canlı nəsil və ya bütün nəsillərin cəmi deyil. Millət primordial bir numen, tarixi prosesdə əbədiyyən canlı bir subyektdir. Onun daxilində sadəcə indiki deyil, bütün keçmiş və gələcək nəsillər yaşayır. Məhz bu perspektivdən “millət” özlüyündə “ümumi insanlıq” anlayışına nəzərən daha superiyor - ali xarakterə malikdir.
Bir millət ruhu keçmişin indi tərəfindən yox edilməsinin qarşısını alır. Ontoloji təmələ sahib olan millət hər zaman ölümsüzlüyə, ölüm üzərində zəfərə can atmaqla gələcəyin keçmiş üzərində zəfərinin qarşısında da səddir. Milləti spiritual (həm də mistik) dərinliklərindən qoparmaq cəhdi onu dezinteqrasiyaya uğramaq təhlükəsi ilə üz-üzə qoyur. Həqiqi milli şüur tarixi prosesin ölüm və ya yox olma təhdidlərini eradikasiya etdiyi zaman formalaşır. Canlandırıcı və dirçəldici gücə sahib olan milli şüur mühafizəkardır, yaradıcılığa qarşı olduğu üçün deyil, millətin autentik həyatını yox olma təhdidindən qoruduğu üçün.
Millətin həyatı əcdadlar və onların irsinin şərəfləndirilməsi ilə inteqral şəkildə bağlıdır. Keçmiş və əcdadlar haqqında yaddaşın eradikasiyası bütövlükdə anti-milli olaraq dəyərləndirilməlidir.
Milləti məhz bir fenomen olaraq deyil, numen olaraq dəyərləndirməklə onu mistisizm və okkultizm altında dərk edən bir çox millətçi axınlar tarixdə mövcuddur. Polyak Samartizmi, Yunan Epsilonizmi və Proto-Yunanlar nəzəriyyəsi, Xorvat İlliriya hərəkatı, Rumın Protoxronizmi, amerikalıların “Manifest Destiny” inancı, İsveç Qotizmi və Macar Müqəddəs Tac doktrinası bura daxildir. Qeyd edək ki, bir numen olaraq “millət” ideyası ilk dəfə N.Berdyaev tərəfindən irəli sürülüb (3)-Nicolas Berdyaev, The Philosophy of Inequality, translator F.Janos, USA, 2015, p.88).
Qeyd edək ki, bəzi millətçilik formaları öz iddialarına psevdo-elmi, psevdo-tarixi və okkultist inanclar əlavə edirlər. Bu da həmin etnosların birlikdə yaşadığı digər etnik qruplara qarşı territorial iddialarına əsaslanan təcavüzünə, habelə kultural assimilyasiya siyasətinin meydana çıxmasına səbəbiyyət verir. Erməni millətçiliyinin bəzi formaları, qədim Midiyalıların əcdadları olduqlarını iddia edən kürd millətçiliyi, serb millətçiliyi - cərəyanları bura daxildir. Habelə, tarixdə mistifikasiya çərçivəsində milləti ilahiləşdirən “milli mistisizm” düşüncələrinə də rast gəlmək mümkündür. “İlahi varlıq” olaraq millət ideyası alman filosofu və Alman idealizminin qurucusu hesab edilən İohann Fiht-də müşahidə edilə bilər.
Millət ruhunun tarixi formalizasiyası, eləcə də onun spiritual enerjisinin yüksəlişində böyük və qanlı müharibələr müstəsna rol oynayıb. Neo-libral/libertarian düşüncə nə qədər inkar etsə də, müharibə hər bir millətin təbii tarixinin və müqəddəratının ayrılmaz bir parçasıdır. Onların “sülhpərvər cəmiyyət” utopiyası həm insan fitrəti, həm də cəmiyyətlərin tarixi xarakterologiyası ilə diametral ziddiyyət təşkil edir. Fransız siyasi nəzəriyyəçisi və filosofu Jozef de Mestr də qeyd edir ki, “insan təbiətinin həqiqi meyvələri - sənət, elm, böyük təşəbbüslər, ali konsepsiyalar və məziyyətlər müharibə dövlətinə məxsusdur. Yalnız uzunmüddətli və qanlı müharibədən sonra qazanılan zəfər ilə xalqlar spiritual əzəmətin və yaradıcılığın ali zirvəsinə yüksələ bilərlər (4 - Joseph de Maistre, Considerations on France, Montreal, 1974). XIX əsrin əvvəllərində qanlı müharibədən sonra fransız işğalçılarını məğlub edən Çar Rusiyası cəmiyyətində başlayan spiritual oyanış (Золотой век) incəsənət, musiqi və ədəbiyyat başda olmaqla sivilizasional təşəbbüslər və nailiyyətlərin meydana çıxması bu kontekstdə vurğulana bilər. Bu həm də sanki yenidən şüurlanış, bütün insani yaradıcılıq domenlərində qədim rus-slavyan mifologiyası və dəyərlərinə qayıdış idi.
Azərbaycan xalqının spiritual yaradıcılıq enerjisi hər zaman tarixə öz damğasını vurub. Hələ Erkən Orta Əsrlərdən başlayaraq bu torpaqların yetişdirdiyi alimlər və filosoflar Yaxın Şərqin bir çox ideya-axınlarının lokomotivi olub. Xüsusən də, keçən əsrin ikinci yarısında Sovet Azərbaycanında baş verən elmi-mədəni intibah, yaradıcılıq nailiyyətləri bütün sovet məkanını da aşaraq dünyada tanınan alimlərimiz, musiqiçilərimiz və incəsənət xadimlərimiz qeyd edilən həqiqətə bir daha dəlalət edir.
Buna görə də, əminliklə söyləyə bilərik ki, İkinci Qarabağ Müharibəsində zəfər və mədəniyyətimizin beşiyi Qarabağın azadlığı Azərbaycan xalqının etnik, mədəni və tarixi-siyasi köklərinin yenidən və daha dərindən dərki, onun spiritual yaradıcılıq enerjisinin yüksəlişi, elmi, mədəni və incəsənət sahələrində böyük nailiyyətləri ilə simvolizə olunacaq.
Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.