Yuxarıya
skip to main content

Şuşanın təhsilimizdə və mədəniyyətimizdə yeri

02.11.2020

Şuşa xalqımız üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Qarabağ xanlığının tarixi paytaxtı, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Şuşa orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, milli memarlıq incisi, Azərbaycan musiqisinin, xüsusilə  muğamımızın beşiyi,  “Şərqin konservatoriyası” adlandırılır. Ümummilli lider Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın, ümumiyyətlə, Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” [1].

 

 

Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanılıb və 1756-1757-ci illərdə tikilib başa çatdırılıb. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib, oranı möhkəmləndirib, Qala-şəhərə çevirib. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılıb [1].

 

Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır [1].

 

Qarabağ xanlığının Çar Rusiyası tərəfindən istilasından sonra da Şuşa bütün Qarabağın inzibati, iqtisadi mərkəzi olmuşdur.

Bu məqalədə Şuşanın təhsilmizdə və mədəniyyətimizdəki yeri və rolundan söhbət açacağıq.

 

Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni və təhsil itkiləri

 

 

...1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu. Nəticədə, 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kəndi olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. Şəhərin 58 sakini itkin düşdü [1; 3; 8].

 

Eyni zamanda Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.Haqverdiyevin, Q.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var [8].

 

Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mənəvi, mədəni irsinə, illərlə formalaşmış təhsil infrastrukturuna da ağır zərbə vurulub. Ermənilər Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bundan başqa, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 279 dini, tarixi və mədəni abidə var idi. Son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, Daş dövrü abidəsi olan Şuşa mağarası, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, İbrahim xanın və onun qızı Qara Böyükxanımın bürcü və qəsrləri, Xan sarayı və karvansaray, Xurşudbanı Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri və s. tarixi mədəniyyət nümunələri, bu şəhərin mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü və digər memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıdıb.

 

“Şərqin konservatoriyası” adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələskərov kimi incəsənət xadimlərinin vətəni olub. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olub, kurort kimi qonaqların ən çox dincəldiyi məkana çevrilib. Xarı bülbülün vətəni sayılan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə kimlərinsə göz dikdiyi məkana çevrilib [3].

 

Hazırda Şuşa rayonunun 34 min 300 nəfər əhalisi Azərbaycanın bir neçə rayonunda müvəqqəti məskunlaşıb. Bu səbəbdən hazırda Şuşa Rayon Təhsil  Şöbəsi də ümumilikdə 22 ümumtəhsil, 2 məktəbdənkənar tədris müəssisəsini əhatə etməklə fəaliyyət göstərir [6].

 

Şuşada məktəblər və tədris mərkəzləri

 

 

İlk növbədə qeyd edək ki, orta əsrlərdən başlayaraq Azərbaycanda təhsil mollaxana, məktəb və mədrəsələrdə aparılıb. Şuşadakı İbrahim xan məscidinin nəzdində əsası 1801-ci ildə qoyulan məktəb XIX əsrin II yarısındadək fəaliyyət göstərib. Mədrəsələrdə ərəb dili və Quran öyrədilib. Mirzə Şəfi Vazeh də bu məktəblərdə dərs keçib.

 

Gövhəriyyə mədrəsəsi isə Şuşa şəhərində Gövhərağa məscidinin nəzdində fəaliyyət göstərib. 1864-cü ildə Gövhər ağa vəqf gəliri hesabına 175 min manat qızıl pul xərcləyərək Böyük Cümə məscidini əsaslı surətdə bərpa etdirdikdən sonra hücrələrdən birini mədrəsə üçün ayırıb. Burda oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alıb. Bu məktəb el arasında "Gövhəriyyə məktəbi" adlandırılıb. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsininin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılıb [7]. 

 

Zaqafqaziya məktəblərinin 1829-cu il  2 avqust tarixli Nizamnaməsinə əsasən, 1830-cu il dekabrın 30-da Şuşada Cənubi Qafqazın dünyəvi təhsil verən ilk qəza məktəbi fəaliyyətə başlayıb. O, dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılıb. Burada təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşib. İki sinif otağından əlavə, burada iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılıb. 

 

Şuşa qəza məktəbinin birinci sinfinə ilk ildə 19 şagird qəbul olunub. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatıb və ikinci sinif də açılıb. 

 

Şuşa qəza məktəbi 1874-cü ilə qədər öz fəaliyyətini davam etdirib və yerini Şuşa şəhər məktəbinə verib. Buranı bitirənlərdən bir çoxları (Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov və başqaları) sonralar Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olublar [7]. 

 

Böyük ziyalıların elm öyrətdiyi Şuşa Realnı Məktəbində o dövrün tanınmış maarifçi şəxslərindən Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Malikhaqnəzərov, Haşım bəy Vəzirov dərs deyib. Bu məktəbin yetirmələri sırasında görkəmli Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, həmçinin tanınmış şəxsiyyətlər Cabbar bəy Vəlibəyov, Qara bəy Əliverdilər, Rüstəm bəy Axundov, Xan Şuşinskininin adlarını qeyd etmək olar. 

 

Şuşa sakinləri məktəblərdə ana dilinin öyrənilməsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan Şuşa məktəbinin müəllimləri Mirzə Həsən bəy Əmirov və Mirzə Aslan bəy Əmirov ana dilinin uğurlu tədrisi sahəsində çox məşhur idilər. Fransız dili bölgə tacirlərinin Fransa ilə ticarət əlaqələri yaratması üçün zəruri idi və əhalinin əlavə vəsaiti hesabına tədris olunurdu. Şəhər məktəbində təhsil pullu idi.

 

Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, Rusiyada  dövrünün ən çox şagird kontingenti olan məktəbi idi.
Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-da kasıb zadəgan övladlarının təhsil aldıqları konvikt təşkil edildi. Onlar dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar.
Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu.
1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada professional musiqi hazırlığı olan musiqiçilər nəslinin yetişməsində rolu əhəmiyyətli və danılmazdır [7]. Şuşa şəhər məktəbi əsrin sonlarına doğru mövqeyini itirməyə başlayıb və yerini yeni tili məktəblərə verməyə başlayıb.

 

Ümumiyyətlə, XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər yaranmağa başlamışdı. Belə məktəblərin inkişafı və maariflənmə səyləri baxımından Qarabağ bölgəsi, nəinki Azərbaycanda, o cümlədən Cənubi Qafqazda da öncüllük edirdi. Böyük ruh yüksəkliyi ilə başlanan bu ənənə XIX əsrin sonlarında daha da güclənməyə doğru gedirdi.

 

Azərbaycanda maarifçiliyin böyük inkişaf yoluna qədəm qoyduğu bu dövrdə dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid də gücləndi. Bu dövrdə Azərbaycanda cəmi bir realnı məktəb (Bakıda) və bir klassik progimnaziya (Gəncədə) fəaliyyət göstərirdi. Belə bir mənzərə nə əhalinin orta təhsilə olan ehtiyacını, nə də sənaye və ticarətin artmaqda olan tələbini ödəməyə yetirdi. Zəruri tələb və ehtiyac Şuşada özünü xüsusi olaraq göstərirdi. Burada orta məktəbə olan tələb getdikcə artırdı. Şəhər əhalisi Şuşada progimnaziyanın təsis olunması tələbinin nəticəsiz qalmasını görüb, 1880-ci il iyunun 30-da Peterburqa - Qafqaz komitəsinə müraciət etmişdi. Müraciətdə deyilirdi: "Şuşa şəhər sakinlərinin təhsilə olan cildd-cəhdinə (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür" [4]. 

 

Göstərilən səylər 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli real məktəbin əsasının qoyulmasına gətirib çıxardı. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edildi. Onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi.

 

Şuşa Realnı Məktəbi həqiqətən də dövrünün nümunəvi maarif ocağı sayılırdı. Buna görə də Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdi. Onlar burada tədrislə maraqlandıqda, aydın olmuşdu ki, məktəbdə üzrlü və üzrsüz dərs buraxanların faizi 7,64%-dir. Bu göstərici xalqın elmə-maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq xurafat əngəllərinə əhəmiyyət vermədən, başqa xalqların dillərini də öyrənir, həmin dildə danışmağa və oxumağa cəhd göstərirdilər. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu, könüllülük prinsipi ilə aparılırdı. Yeni açılan bu məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Şuşa Realnı Məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi "Bizim orta məktəblərdə, ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsdində, söhbətlərin aparılmasında əsas silahdır" məqaləsi bir daha bunu təsdiq edir. Ümumiyyətlə, o zaman belə məktəblərdə ədəbiyyata xüsusi diqqət yetirilirdi [4]. 
Çox zaman rus-tatar və ya digər ibtidai məktəbləri bitirən gənc məzunlar şəhər məktəbində hazırlıq keçir və ibtidai sinif müəllimliyinə imtahan verirdilər. Beləliklə, Şuşa şəhər məktəbi müəllim hazırlamaq vəzifəsini də yetərincə icra edirdi.

 

XX əsrin 20-ci illərindən başlayaraq məktəb çiçəklənmə dövrünə qədəm qoydu - 1927-1928-ci dərs ilindən etibarən yeddiillik məktəbə çevrildi və respublikanın ən yaxşı təhsil ocaqları sırasına daxil oldu. Məktəbin Ə.Abbasov, S.Ələsgərov, A.Kazımova kimi məşhur məzunları olub.
1937-1938-ci dərs ilindən Şuşa məktəbinə 1 nömrəli şəhər orta məktəbi adı verildi.
1966-cı ildə daha bir təhsil ocağı - 4 nömrəli orta məktəb yarandı.  1 nömrəli orta məktəb isə yeni binaya köçürüldü və Üzeyir Hacıbəyovun adını daşımağa başladı. Sovet dövründə məktəbin fəxri məzunlarından P.Rüstəmov, Sovet İttifaqı Qəhrəmanı X.Məmmədov, elmlər doktorları S.Rüstəmov,V.Yusifzadə, Ə.Rüstəmov, S.Tağıyeva və başqalarının adı fərqləndi [4]. 

 

1 nömrəli orta məktəb 1992-ci ilədək Şuşa şəhərində fəaliyyət göstərib. Bu dövrdə məktəbdə 24 fənn kabineti və laboratoriyaları, hərbi hazırlıq kabineti, 2 linqafon otağı, kitabxana, akt və idman zalı, yeməkxana mövcud olub. Şuşanın işğalı ilə əlaqədar məktəb müəyyən heyət və şagird kollektivi ilə 2015-2016-cı dərs ilinədək Bakı şəhəri Yasamal rayonu 38 nömrəli məktəbin binasında fəaliyyət göstərib.

 

Şuşa Realnı Məktəbin binası 1901-1908-ci illərdə inşa edilib. İşğaldan əvvəl binada Azərbaycan Pedaqoji İnstitutunun filialı fəaliyyət göstərib. Şuşa şəhərinin 08.05.1992-ci il tarixdə erməni terrorçuları tərəfindən işğal edilməsi nəticəsində bina yandırılıb və baxımsız vəziyyətdə düşüb.

 

Şuşa məktəblərindən biri də Malıbəyli Qızlar Məktəbi olub. Qori Müəllimlər Seminariyasının məzunu olan Məmməd Qarayevi Bakıdan təyinatla Şuşaya göndəriblər. Bu məktəbin təsisçisi də elə o olub. 23 yaşında dünyasını dəyişən Məmməd müəllimin kənddə hörməti o qədər böyük olub ki, Malıbəyli camaatı onun cənazəsini Xan bağına qədər çiynində aparıb. Sonra fayton tutub tabutu Qazaxa göndəriblər. Məmməd müəllim Malıbəylidə ilk dəfə qızlar məktəbi təşkil edib. Qadınların cənazə aparmağı qadağan olunsa da, kənd qadınları öz müəllimlərinin cənazəsinin altına çiyinlərini veriblər [7]. 

 

Şuşada mədəni mühit

 

Şuşanın Azərbaycanın digər şəhər mərkəzlərindən fərqli bir statusu vardır. Musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşada xanəndə və çalğıçıların professional məktəbi yaranmışdı. Şuşa ifaçıları ölkə hüdudlarından kənarda belə şan-şöhrət qazanmışdı. İlk musiqi məktəblərinin yaranması ilə Şuşada xalq musiqisi ənənələri yayılır və zənginləşirdi [5]. 

 

“Əgər oxumursansa, deməli, şuşalı deyilsən” – məşhur rus şairi Sergey Yeseninin bu kəlamlarında böyük həqiqət var. Doğrudan da, bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi [7]. 

 

Şuşada ilk musiqi məktəbi Xarrat Qulu Məmməd oğlu açıb. O, bu məktəbdə özünün düzəltdiyi müxtəlif musiqi alətlərində uşaqlara ifa etməyi öyrədib.

 

Kütləvi kitabxanaların yaradılması sırasında da Şuşa Şamaxı ilə bərabər ilk yeri tutub. Şuşada kiçik mətbəə fəaliyyət göstərib. 1848-ci ildə Şuşada ilk teatr tamaşası təşkil edilib. Poeziya və xanəndəlik məktəbi baxımından Şuşanın özəl yeri olub. Şuşada “Məclisi-Fəramuşan”ın (ədəbi məclis) başında M.Nəvvab dayanırdı. “Məclisi-üns” kimi ədəbi məclislər bütün ölkədə şöhrət tapmışdı. Xan qızı Natəvanın, Mirzə Möhsün Nəvvabın və çoxsaylı məşhur şairlərin iştirakı ilə keçən bu məclisləri Şuşa ədəbi mühitinin sütununa çevrilmişdi [5]. Nəvvabın xəttat, nəqqaşçı-rəssam, Xan qızının bədii tikmə ustası, xəttat və rəssam kimi sənət əsərləri yüksək peşə ustalığından xəbər verir. 1882-ci ildən başlayaraq Şuşa “yeni teatr mərkəzinə çevrilib”. Şuşalı teatr həvəskarları sırasında “Otello”nun ilk tərcüməçisi, komediyalar müəllifi H.Vəzirov, məşhur xanəndə C.Qaryağdı oğlu, tanınmış ziyalılar S.Vəlibəyov, B.Bədəlbəyov, Ə.Haqverdiyev, F.Köçərli və b. var idi. 1904-cü ildə Şuşa səhnəsində ilk dəfə Şekspirin “Otello” əsəri tamaşaya qoyulub [5]. 

 

1897-ci ildə Şuşada Ə.Haqverdiyev Füzulinin «Leyli və Məcnun», 1902-ci ildə isə Nizaminin “Xosrov və Şirin” poemalarını səhnələşdirib. C.Qaryağdı oğlu hər iki tamaşada baş rolda oynayıb. “Şərq konserti” adlı yeni konsert forması 1901-ci ildə ilk dəfə Şuşada təşkil olunub. Bu konsertin ilk səhnələşdirilmiş müsiqi tamaşası kimi milli operanın yaranmasına böyük təsiri olub. Şuşanın iqtisadi, ictimai-siyasi və mədəni həyatına dair “Kaspi” qəzetində çoxlu yazılar dərc olunurdu. Şuşa Realnı Məktəbinin müəllimi Həşim bəy Vəzirov “XIX əsrin sonlarından başlayaraq şəhər ictimaiyyətini qəzetlə tanış edir, 1904-cü ildən isə qəzetə “Müslim” imzası ilə materiallar göndərirdi” [5].  

 

Şuşanın musiqi məktəbləri

 

Kor Xəlifənin məktəbi XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi. Bura şəhərdə  xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılıb. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilirdi. Məktəbdə həmçinin tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə “Kor Xəlifə”nin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınıb [7]. 

 

Musiqini tədris edən müəssisələrdən biri də XIX əsrin sonlarında Şuşada Molla İbrahimin yaratdığı musiqi məktəbidir. Bu məktəb özündən əvvəl fəaliyyət göstərən musiqi  məktəbləri kimi dini xarakterli idi. Məktəbə yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı  gənclər seçilib götürülürdü. Məktəbdə  gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilirdi. XX yüzilliyin təxminən 20-ci illərinə qədər fəaliyyətini davam etdirib.

 

Şuşada fəaliyyət göstərmiş məktəblərdən biri də Şuşa Mədəni-Maarif Texnikumudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli qərarı ilə Şuşa Mədəni-Maarif Texnikumu Şuşa Humanitar Kolleci adlandırılmışdır. Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarına əsasən isə Şuşa Musiqi Kolleci də Şuşa Humanitar Kollecinə verilmişdir. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Humanitar Kollecinin 85 illik yubileyi qeyd edilmişdir.

 

Əvvəllər Ağcabədidə, sonra Bakıdakı Neft Texnikumu binasında fəaliyyət göstərən Şuşa Humanitar Kolleci 1996-cı ildən 161 saylı Bakı orta ümumtəhsil məktəbinin binasında məskunlaşmışdır. Hazırda kollecdə 11 ixtisas üzrə 650 tələbə təhsil alır.

 

Sonda…

 

Şuşasız Azərbaycan yoxdur” həqiqətini bu gün Ali Baş Komandan xarici və yerli mediaya verdiyi müsahibələrində dönə-dönə səsləndirir. Müzəffər Ordumuzun şanlı qələbələri və Ali Baş Komandanımızın qətiyyəti və inamı Şuşanın ən yüksək zirvəsinə sancılacaq Azərbaycan bayrağının qalibiyyət rəmzi kimi Bakıdakı Azadlıq meydanına gətiriləcəyi günün uzaqda olmadığını deməyə bizə əsas verir.

 

Heç şübhəsiz, şanlı qələbəmizdən sonra Şuşa Qarabağımızın və bütövlükdə Azərbaycanımızın elm, mədəniyyət və təhsil mərkəzinə çevriləcək, əvvəlki şöhrətini özünə qaytaracaq və hal-hazırda R.Mustafayev adına Milli İncəsənət Muzeyinin həyətində saxlanılan dahi Üzeyir bəyin, Natəvanın, Bülbülün Şuşadan gətirilmiş güllələnmiş heykəlləri öz doğma yurduna qaytarılacaq, Şuşanın musiqi, mədəni və təhsil həyatı öz əvvəlki ahənginə qovuşacaqdır.  


                              Ədəbiyyat:

 

1.Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”. /08.05.2019/ - https://azertag.az/xeber/Heyder_Aliyev_Susa_Azerbaycanin_en_eziz_ve_boyuk_tarixi_olan_bir_gusesidir-1280183

  1. İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib. /16 oktyabr 2020-ci il/ - https://president.az/articles/43250
  2. Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa. -  http://www.anl.az/down/meqale/iki_sahil/2017/may/541097.htm

4.Böyük elm ocağı Şuşa Realnı Məktəbi. - https://news.milli.az/culture/136296.html

  1. Əhmədova F. Şuşa Azərbaycanın milli mədəni mərkəzidir. /17.03.2020/ - https://1905.az/susa-az%C9%99rbaycanin-milli-m%C9%99d%C9%99ni-m%C9%99rk%C9%99zidir/
  2. İşğal altında olan rayonların təhsil mənzərəsi – Rəqəmlər və faktlar. / 01.10.2020/ - https://azedu.az/az/news/35160-isgal-altinda-olan-rayonlarin-tehsil-menzeresi-reqemler-ve-faktlar-
  3. Şuşaya sadiq əbədi məşəllər – Məktəblər və tədris mərkəzləri. /08.05.2018/ -https://azedu.az/az/news/2071-susaya-sadiq-ebedi-meseller-mektebler-ve-tedris-merkezleri
  4. “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. - http://www.anl.az/down/meqale/palitra/2018/may/590180.htm

 

Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.