Qarabağın geosiyasi taleyi: İyul zəfərinin diplomatik atributları
Dünyada qlobal imperializmin ən strateji dayaqlarının həyati təhlükəsizlik uğrunda epidemik cəbhələrdən asılılığının davam etdiyi vaxtda liderlik statusunun üzərində daha ötə dövləti mənafe və ən ali vətən əxlaqı ilə Ali Baş Komandan geotəcrid şəraitində belə Dağlıq Qarabağ müharibəsinin geosiyasi nizamsızlığının ağırlığını təkbaşına çiyinlərində daşımaqdadır. Bu xüsusda təmas xəttinin ən həssas bölgəsi olan Tərtərdə dövlət rəhbərinin nitqində - “geosiyasi şərtlərdə lehimizə olan ciddi dəyişikliklərin tamamilə xeyrimizə dəyişməsi prosesinin hələ başa çatmadığı” və “Azərbaycan dövlətinin, ordusunun daha da güclənməsinə dair” - iki konseptik məqamın siyasi, hərbi tezisləri bugünlə də səsləşir. “Sülh” prosesi adı altında işğal siyasətinin davamı kontekstindən kənara çıxa bilməyən danışıqların əsl mahiyyətini idrak xüsusiyyəti və sərhəd təxribatının ön paralelində realist hökmü ilə təsdiqləyən bu tezislər Azərbaycan torpaqlarının erməni işğalından hərbi yolla azad edilməsinin mümkünlüyü ilə məhdudlaşmayaraq, eyni zamanda, müharibə reallığının yaxın gələcəklə səsləşdiyinin göstəricisidir. Əvvəla, Azərbaycanın Naxçıvan bölgəsində Ali Baş Komandan İlham Əliyevin xüsusi səyləri ilə müasir reaktiv sistemlər, Roketsan” şirkətinin istehsalı, Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyası, maksimal uçuş məsafəsi 120 kilometr olan və 90 kilometr məsafədəki hədəfi dəqiqliklə vurmaq qabiliyyətinə malik müasir TRG-300 “Pələng” reaktiv yaylım atəşi sistemlərinin, eləcə də “Qasırğa” və sair raket qurğularının yerləşdirilməsi böyük təhlükəsizlik zolağı vəd etməklə bərabər, cəbhədə yeni hərbi əməliyyatlar imkanını da genişləndirir. Bu mənada, Ermənistanda Naxçıvandakı hərbi birləşmələrin sarsıdıcı zərbə gücünün formalaşmasından dolayı hələ də səngiməyən təşviş və həyəcanın indi də Tovuzla sərhəddə irəlilməsi əslində başadüşüləndir. Ardınca məhz iyulun 7-də Prezident İlham Əliyevin nitqində Ermənistanın danışıqları imitasiyasının qəbuledilməzliyi və ölkəmizə qarşı birmənalı təxribatlara qlobal susqunluq şəraitində hərb variantının mümkünlüyü və bu fonda ATƏT-in Minsk Qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanat tələbinin açıq mətnlə ifadəsi əslində Qarabağın hərbi strateji yol xəritəsinin bəyanı idi. Bundan elə də çox uzaq olmayan tarixdə Ermənistan prezidentinin əvvəlcə Türkiyə ilə sərhəddə qədim Ani şəhərinin xarabalıqları üzərindən qardaş ölkəyə ərazi iddiaları, ardınca Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə gələrək Xankəndidə qondarma rejimin separatçı rəhbəri ilə görüşündə “Qarabağ məsələsinin “dörd sütun üzərində dayanacaq “güclü Qarabağ”dan başqa həllinin olmadığını” bildirməsi sülh prosesinin de-fakto non-stopu idi. Görünür, Ermənistan yeni işğal planında sülh prosesini dalandan fərqli olaraq hərbi “danışıqların” doğuracağı ağır nəticələri hesablamaq iqtidarından olduqca uzaqdadır. Azərbaycan rəhbərinin əlahiddə bəyanatından cəmi 5 gün sonra Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı fundamental bazisi gələcəyə yönəlik heç bir qanuni çağırışla səsləşməyən ATƏT-in Minsk Qrupunun faktiki iflasının birnömrəli əyani sübutu idi. İşğala məruz qalan bir ölkənin liderinin təkcə milli deyil, regional təhlükəsizliyə hesablanmış uzaqgörən qlobal çağırışına cavabdeh təsisatların sükutu aşınan beynəlxalq hüququn müharibələrin “legitimliyinə” nisbətdə daha riskli olduğuna şübhə yeri qoymur. Bu mənada, heç bir arqumentsiz hərbi əməliyyatların Dağlıq Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə transformasiyası Azərbaycana qarşı erməni niyyətinin bariz nümunəsidirsə, digər tərəfdən intensiv hal alan bu davamlı hərəkətlənmə həm də siyasi-ideoloji təməli sadəcə dəmir sütunlara söykənən beynəlxalq təşkilatların öz öhdəliklərinə biganəliyinin nəticəsidir. Ancaq tarixin “gözlənilməz” gedişatı nəhayət, Dağlıq Qarabağa qarşı təkrar xüsusiyyətini özündə daim qoruyan bu uğursuz başlanğıcı gözlənilən sona dəyişə bildi. Məhz 12 iyul tarixinin siyasi, sosial, iqtisadi, hərbi, beynəlxalq və diplomatik atributları hərbi savaşda Azərbaycanın tarixi qələbəsinin əsas tətikləyici rolunda çıxış etməkdədir.
Ermənilərin Aprel istintaqı ilə Tovuz təxribatı arasında bağlılıq
Bildiyiniz kimi, Ermənistanda Aprel məğlubiyyətlərinin qisası üzərində 2016-ci ilə yaradılmış və eks-prezident Serj Sərkisyan, müdafiə naziri Seyran Ohanyan, sabiq XİN rəhbəri Edvard Nalbəndyan, sabiq baş nazir Karen Karapetyan, kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan, Bako Saakyan, KTMT-in keçmiş baş katibi Yuri Xaçaturov və bir sıra vəzifəli şəxslər, ordu generalları, hərbi hissə komandirlərinin də cəlb olunduğu İstintaq Komissiyasının apardığı təhqiqat ötən aydan etibarən yekunlaşmalı idi. Səkisyan dövründən miras qalan Aprel cavabdehliyinə ictimai məsuliyyəti və bunun Ermənistanda doğurduğu real acı nəticələri ən az sələfi qədər hakimiyyətə erməni xalqının həyatı vədləri üzərindən gələn “məxməri inqilab fədaisi” Paşinyan da bölüşür. Belə olan halda daxili xaotik böhranın izinə dair özgə torpaqlarında aparılan müharibə üzərində qurulan istintaq axtarışının nəticəsizliyi hərtərəfli çarəsizlikdən əziyyət çəkən Paşinyanın SS-çi ruhundan doğan təfəkkürünü 1992-1993-cü illərdə Tovuz qəsdinə təkrar “dönüş” istiqamətində işə salmağa vadar edib. Ona görə də Tovuz təxribatı sözün əsl mənasında Ermənistanda daxili siyasi, sosial, iqtisadi və hərbi gərginliyin dərəcəsini ölçmək baxımından həm də özündə mühüm barometrik xüsusiyyətləri əks etdirir. Bu xüsusda istintaqın hələ də yekun ictimai xarakter almaması prosesin birbaşa işğalçının Azərbaycanla sərhəddə Tovuz təxribatı ilə bağlılığı ehtimalına dair hər hansı inkar arqumentinə imkan tanımır. Aydın məsələdir ki, Ermənistan hərbi və siyasi dairələrində daxili parçalanma əsaslı təhqiqatın yekunu Aprel məğlubiyyətinin bizə bəlli olmayan son dərəcə acı nəticələrindən dolayı hələ uzun müddət istintaq arxivinin baş məcmusuna çevriləcək. Bütün qəsd cəhdlərə baxmayaraq, Aprel məğlubiyyətinin qisas “əməliyyatı”nı olduqca strateji əhəmiyyətə malik olan Tovuzda hansısa “uğur”la tamamlamaqla erməni ictimai marağını təmin etmək planları da nəticəsiz qaldı. Halbuki Azərbaycanla Dördgünlük döyüşlərin nəticələri ilə barışıb, ictimai aqressiv tonu nəhayət verilən sosial vədlərin icrası yönündə qismən tarazlamaq indiki qədər xaotik hal almazdı. Ona görə xaotik ki, İstintaq Komitəsinin növbəti Tovuz təhqiqatının nəticələri bu dəfə Paşinyanı sadəcə ictimai deyil, daha ağır maddələr üzərindən siyasi-hüquqi məsuliyyətə cəlb edəcək. Odur ki, ikinci, üçüncü və ya dördüncü istintaq fonunda heç bir siyasi və hərbi qüvvə erməni cəmiyyətində baş qaldıran aqressiya və daxili etirazların qarşısında tab gətimək gücünə malik olmayacaq. Bunu Ermənistanın yaxın gələcəyinə dair dumanlı proqnozların ilkin təsdiqi kimi dəyərləndirsək, küçə pərakəndəliyini kabinetdə ən yüksək formada təzahürü ilə Paşinyanın Ermənistana müəyyən müddətə rəhbərliyinin hərbi savaşı xeyrimizə yekunlaşdırmaq baxımından faydalı olacağına heç kim şübhə etməyə bilər.
Bakıya qarşı növbəti təxribat: Paşinyanın çoxvektorlu Qərb siyasəti
Tovuz hərbi aktı və ya Qarabağa əks cəbhə hücumunun təkcə sərhədlə kifayətlənməyən qlobal izləri özlüyündə Ermənistan rəhbərliyinin həm hazırkı daxili, həm də xarici siyasət trayektoriyasını da izləməyə imkan tanıyır. Təkcə regional deyil, eləcə beynəlxalq riskləri ilə pandemiyanı dünya gündəmini ikinci planına keçirən və regionu təhdid xarakteri ilə də qalmayıb, sərhədləri aşan bu təxtibat daxili və xarici aspektdən bir sıra mühüm siyasi məqamların yaxın tarixlə uzlaşdırılmasını tələb edir.
Əvvəla, aprelin 22-də Rusiya XİN sözçüsünün ardından özünü çox gözlətməyən Lavrovun Dağlıq Qarabağ münaqişəsinin işğal olunmuş ətraf rayonlarımızın geri qaytarılması yolu ilə mərhələli həlli planına dair bəyanatı bir növ Ermənistanın siyasi aqibətini Azərbaycandan asılı vəziyyətə salmışdı. Nəzərə çatdıraq ki, o zaman Rusiya-Ermənistan münasibətlərində qırılmalar ikincidə antirusiya meyillərinin pik səviyyəsi qaxlması ilə öz tarixinin ən gərgin dövrünə qədəm qoymuşdu. O zaman hətta daxili narahatlığını aralarındakı soyuqluğa rəğmən Rusiya tərəfindən xərcləməyəcəyi ümidi ilə ovudan Ermənistan sözügedən bəyanatın təkzibindən yan keçməklə avtomatik olaraq sülh prosesini sabotaj “rolunu” da əldən vermişdi. Hərçənd Tovuz hərbi aktından sonra belə İrəvan-Moskva “müttəfiqliyi”nin silah alverindən ötə mahiyyətinə hər hansı faktoloji əsaslara varmaq mümkün deyil. Bütün hallarda hər nə qədər fərqli mənzərələr olsa da, Tovuz təxribatına Aprel hadisəsindən fərqli olaraq məhz Rusiyanın XİN-i və daha sonrasında nəinki öz ölkəsində, eləcə də dünyada ciddi qəbul edilməyən bir sözcüsü səviyyəsində reaksiyalar incə diplomatiyanın gözlə görünməyən tərəflərinə işıq salır. Haqlı olaraq sual oluna bilər ki, eskalasiyanın regionun təhlükəsizliyinə təhdid xəbərdarlığının siyasi fiqurantı rolunda bu dəfə Putinin mümkün varisləri sırasında adı ən çox hallanan Şoyqu əvəzinə, məhz ermənipərəst nazirin görəvləndirilməsi özündə hansı xüsusi məna kəsb edə bilər? Əvvəla, Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətində hücumunun istər hərbi, istərsə də siyasi anlamda təxribatdan ötə mahiyyəti özü ilə bərabər, mühüm bir məqamı da aydınlığa qovuşdurur ki, bu da Moskvanın artıq Qarabağ məsələsində İrəvanın mövqeyinə hərbi razılaşmalar istisna əvvəlkitək stavkadan uzaq durması ilə bağlıdır. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin mümkün real həlli ilə bağlı artıq əvvəlki qədər sərt mövqe izləməməsindən dolayı İrəvanın narahatlıq hisslərini Paşinyanın qərb yönümlü mövqeyini məhz Tovuz təxribatı üzərindən açıq müstəviyə daşımaq cəhdlərindən də görmək mümkündür. Üstəlik, daha çox Rusiya siyasi dairələrində Paşinyanın “demokratiya” mantiyası adı altında Moskva əleyinə Ermənistan rəhbərliyinə təlimatlandırılmasına dair əminlikdən qaynaqlanan bu isti neytrallıq Qərbin planlarının qarşısını hələlik almağa müvəffəq olur. Digər tərəfdən Paşinyan üzərindən Qərblə açıq konfrantasiya bir qədər də Rusiyanın hazırkı siyasi nüfuzuna uyğun gəlmədiyindən əsas dəyərləndirmələrə məhz birinci üzərindən şahidlik elə də təəccüb doğurmamalıdır.
İkinci mühüm məsələ isə eskalasiyanın Qarabağ cəbhəsində deyil, birbaşa Tovuzla sərhəddə İrəvanın növbəti hərbi məyusluğu üzərindən aydınlığa qovuşan faktoloji məqamlarla bağlıdır. Belə ki, KTMT-yə 12 iyun toqquşmasından dərhal sonra yardım təkidinə rədd cavabı alan və sonradan bunu təkzib edən Paşinyan hökumətinin niyyəti 2016-cı ildə KTMT-nin təhlükəsizlik zəmanətlərinin Ermənistana şamil olunması ilə nəticələnən İrəvan Sammiti üzərindən aydınlığa qovuşur. Məhz bu faktoru əlində rəhbər tutaraq KTMT dövlətləri fonunda xüsusilə də Rusiyanın timsalında üçüncü tərəfi münaqişəyə cəlb etmək cəhdlərinə “gözlənilməz” rədd cavabı alan Paşinyanın izlədiyi təxribatçı siyasətini Minskə daşıması və orada üçüncü tərəfi münaqişəyə təhrik “etirafı” Ermənistanın çoxvektorlu Qərb siyasətini gizlilikdən xilas etmiş oldu. Əksini iddia edənlər Ermənistanın vaxtilə KTMT-yə, vəzifədə ola-ola təşkilatın baş katibi Yuri Xaçaturova qarşı münasibətini xatırlaya bilərlər. Bu mənada, qarşıdakı dönəmlərdə Rusiyanın neytrallığına qarşı səylərində israrı Paşinyanın yeni “sərhəd ovuna” çıxacağının göstəricisidir. Belə ki, hazırda dünyanın bir sıra ölkələrində erməni işğalına qarşı baş qaldıran etirazlara bir inqilab liderinin izləyici mövqeyi onun erməni-azərbaycanlı toqquşmasına geosiyasi prizmadan marağını müəyyənləşdirməyə imkan verir.
Dönüş nöqtəsi: Strateji Qarabağ planlamasının hərbi-siyasi hədəfləri
Xaraktercə Aprel müharibəsinin davamı sayılan Tovuz döyüşləri sözün əsl mənasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində diplomatik dalandan hərbi aktiv fazaya keçid aktı sayıla bilər. Bu mənada, Ermənistanın məğlubiyyət arealının genişlənməsinə keçid etməzdən öncə birmənalı vurğulamaq lazımdır ki, Aprel zəfəri, ermənilərin təbirincə isə Aprel məğlubiyyəti bir növ düşmənin Qarabağ cəbhəsində sülh naminə sonuncu itirilmiş şansı sayıla bilər. Əks təqdirdə düşmən cinah tarixi məğlubiyyətinin izlərini Azərbaycanla sərhəddə silməyə cəhd etməzdi. Bu ikibaşlı məğlubiyyətin hərarətli sindromu ilə Paşinyanın Azərbaycanla sərhəddən fərqli olaraq, birbaşa Minskdən bu dəfə artilleriyasız - səssiz hücumla Rusiyanı hərbi savaşa təhrikinin yerində yetərsizliyi erməni nəsibinin növbəti acı taleyi kimi görünsə də, siyasi məcranı dəyişdirə bilməmək də həyatın acı oyunu olsa gərək. Moskva ilə birbaşa təmasa cəhddən çəkinərək, KTMT-nin başqa bir üzv mərkəzindən Rusiyaya bu cür ismarış Ermənistanın gələcək məğlubiyyətlərə davamlı geridönüşünün çarçısı kimi çıxış etdikcə, qələbə Qarabağ meydanında 4-0 Azərbaycanın xeyrinə tamamlanmış olacaq. Bu mənada, Tovruz təxribatı gözlənilən tarixin dönüş nöqtəsi, bu döyüşlərin nəticələri isə Qarabağın qələbəyə yönəlik strateji planlamasında başlıca siyasi və hərbi hədəflərin ünvanıdır:
Azərbaycanla sərhəddə hərbi savaşın özü ilə bərabər gətirdiyi siyasi, sosial, iqtisadi, psixoloji məğlubiyyətin Ermənistanın nüfuz və mənəvi çöküşü ilə müşayiəti artıq göz qabağındadır. Yeri gəlmişkən, dünyanın nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsinin Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə yaydığı məlumatda hazırda maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşan xarici borcun ÜDM-nin 42% civarında olduğu bildirilir. Beləliklə, düşmənin Aprel qisasının hərbi mahiyyətindən daha çox erməni cəmiyyətində və ordusunda ruh düşkünlüyünün aradan qaldırılması ümidlərinə hesablandığını nəzərə aldıqda, Azərbaycan Ordusunun növbəti qələbəsi iki cəhətdən yüksək xarakterizə edilə bilər. Bunlardan birincisi hərbi, ikincisi isə düşmən üzərində mənəvi-psixoloji qələbədir. Sonuncu Qarabağ savaşında ən az artilleriya effektinə malik olacaq ordu-xalq birliyi Azərbaycanın milli mübarizə siyasətində vahidlik prinsipinin tərənnümünü əks etdirir. Cəbhədə Lələtəpədən Tovuzla sərhədə alovlanan erməni məyusluğu ordumuzun düşmən işğalçılığı və ərazi talanı üzərində əbədi qələbəsinə aparan uğurlarından biridir. Pandemik şəraitdə düşmən cinahdan ölkəmizə qarşı davamlı təxribata meyillilik də məhz bu kontekstdən dəyərləndirilməlidir. Bir sözlə, 90-cı illərdə Azərbaycan torpaqlarının işğalında önəmli rol oynayan siyasi hakimiyyətlə xalq arasında uçurum, hərbi-siyasi intizamsızlıq, demoralizasiya və digər bənzər vasitələrin domino effekti ilə Ermənistanda lehimizə inkişafının ideologiya cəbhəsində də mövqeyimizi irəliyə daşıyacağı birmənalıdır.
Aprel müharibəsində Azərbaycanın Lələtəpədən dalğalanan bayrağı məhz şəhidlərimizin qəhrəmanlıq tarixi üzərindən növbəti yüksəlişinə nail olmuşdu. Eləcə də bu gün Azərbaycan Ordusu Tovuz təxribatında erməni ordusunun növbəti məğlubiyyətini tarixə silinməz Polad imzası ilə həkk etdi. Azərbaycan öz şəhidlərinin adını qürur hissi ilə anım yürüşlərində əbədiləşdirərkən düşmən cinah özgə torpaqlarda məcburi ölümə tərk edilmiş əsgərlərinin buzxanalarda gizlədilmiş soyuq cəsədlərini öz maraqları naminə növbəti dəfə qurban verirdi. İtki və yaralıların sayını gizli tutmaqla xalq-ordu narazlığını bir növ müəyyən müddətə təxirə salmağı az qala özünə səlahiyyət seçən Ermənistan müdafiə nazirliyinin tezliklə əsgər analarının fəryad etirazları qarşısında hərbi simasını da itirməyə məhkumluğunu heç bir qüvvə xilas edə bilməyəcək. Bu hərbi böhran şəraitini beynəlxalq hesabatlarda erməni ordusunda hərc-mərclik, yüksək kriminogen durumun dəstəkləməsi, eləcə də pul qarşılığında xidmətin effekivsizliyi, müharibə şəraitində hətta əlillərin və yaşlıların səfərbəyliyi fonunda əsgər çatışmazlığı orduya inamsızlıq mühitindən tutmuş düşmənin müharibəyə qeyri-adekvat hərbi şəraitinədək mövcud vəziyyəti yaxından izləməyə imkan verir. Bütün bunların əksinə olaraq Azərbaycanda xalqın ordusunun gücünə adekvat həmrəyi, erməni işğalına qarşı milli azadlıq yürüşü yeni hərbi strategiyada əsas hədəf fokuslarının uğuruna əlverişli imkan tanıyacaq.
Bundan başqa, düşmən cinahda hərbi şəraitin ölkədən insan axını ilə müşayiətinin Ermənistanda emiqirasiyanın faciəvi həddini körükləməsi özlüyündə lehimizə ayrıca xüsusi bir tendensiya kimi qiymətləndirilməlidir. Hazırda 2 milyondan az erməni əhalisinin ölkəni tərk etməsinin əsasında dayanan müxtəlif siyasi, sosial, iqtisadi səbəbləri digər tərəfdən də müharibə amilinin tətikləməsi artıq təbii hal almaqdadır. Bu fonda Levon Ter-Petrosyanın məlum proqnozunun hazırkı zamanlama ilə birmənalı uzlaşdığını görmək heç də ali uzaqgörənlik tələb etmir. Çünki Sərkisyandan sonra Qərb xəttini tutan Ermənistanın geosiyasi azadlığına qovuşması belə ölkədəki xaotik quruluşu dəyişməyə qadir deyil.
Beləliklə, milli diplomatiyanın müsbət qlobal imici və səmərli xarici siyasətin əsas arxitektoru Prezident İlham Əliyevin son aylarda sürətlə dəyişən geosiyasi şəraitdə yüksək məntiq və zəkası ilə Azərbaycanın regionun lider dövlət statusuna adekvatlığını beynəlxalq müstəviyə daşınmasına düşmən qüvvələrin hərəkətsiz qala bilməməsi təəccüb doğurmamalıdır. Dövlət başçısının çıxışlarının birində “dünyada güc amilinin ön plana çıxdığını” vurğulaması təkcə hərbi mahiyyət daşımırdı, eləcə də məhz siyasi, iqtisadi, diplomatik və digər sferalarda müəyyən hədəfləri gündəmin vacib qərar siyasətinə çevirirdi. Bu ardıcıl siyasi xəttin postpandemiya dövründə nəinki ölkəmizin, eləcə də Qarabağla bağlı mövqeyimizi üst səviyyəyə daşıyacağı isə heç kəsdə şübhə doğura bilməzdi. Ayrıca, İlham Əliyevin beynəlxalq miqyaslı yüksək siyasi lider statusunun prosesə töhfəsi də danılmaz faktdır. Yeri gəlmişkən, BMT-nin real statistik göstəricilərə əsaslanan “Davamlı inkişaf hesabatı-2020” sənədində ölkəmizin 166 ölkə arasında 54-cü pillədə qərarlaşması da məhz yürüdülən bu uğurlu siyasətin mühüm nəticəsidir. Bu mənada, Ermənistanın sözügedən prosesi önləmək məqsədi güdən fiaskoya məhkum son təxribatı düşmənin təcavüzkar siyasətinə qarşı mübarizədə Bakıya ən BMT müddəalarına bərabər mövqe qazandırıb. Görünür, İrəvan siyasi daxili vəziyyətinin vermədiyi “imkan”ları bugünlərdə Azərbaycanda pandemik şəraitə adekvat yeni situasiyaya cəhd yolu ilə yaratmağa çalışarkən təxribatın əks nəticələrinin zəncirvari effektini hesablamaq zehniyyətinə belə malik deyil.
Hərbi vəziyyətə adekvat xətt: Siyasi konfiqurasiyanın əsas prioritetləri
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında son dərəcə faydalı arqumentlərə dayalı və prosesləri başdan sonadək izləyən siyasi nitqi Qarabağın qələbəyə yönəlik strateji planlamasında siyasi, iqtisadi, sosial, hərbi hədəflərin müəyyənləşdirilməsi baxımından önəmli idi. Azərbaycanın daxili və xarici siyasət kursunda Qarabağ probleminin həllini izləyən yeni mərhələnin prioritetlərinin birmənalı olaraq nəinki indiki, eləcə də bundan sonrakı hərbi-siyasi şəraitə adekvatlığını təmin etmək olduqca böyük siyasi əzmkarlıq, mövcud geosiyasi zəmini dividentlərlə tamamlamağı, artıq diplomatik kadr siyasətinin yarıtmazlığı inkar xüsusiyyətinə malik müddəalarla əhatəsi, silahsız diplomatiyanın fəaliyyətinin orduya adekvatlığı, konkret geosiyasi aktorla (məs,Türkiyə) hərbi-siyasi ittifaqa yönəlik siyasəti, eləcə də ölkədə sosial-iqtisadi və kadr islahatlarının davamlığını tələb edir. Baxın, Ermənistanın birbaşa Azərbaycanla sərhəddə hərbi-siyasi mənsubiyyətinə görə, 12 iyul terror aktından öncə Müdafiə nazirinin müavini vəzifəsinə yeni təyinatı hərbi şəraitin siyasi islahatlarla dəstəklənməsi və bu fonda XİN rəhbərinin sərt bir şəkildə istefaya göndərilməsi, siyasi partiyalarla nəzərə çarpan aktiv fəaliyyət, ardınca növbəti diplomatik sferada gözlənilən islahatların anonsu yeni kursun daha üst səviyyəyə daşınması ilə bərabər, daha çox Qarabağın hərbi azadlıq prosesinə mühüm hazırlıq siyasəti ilə səsləşməsidir. O üzdən dünyada mövcud pandemik şəraitin ölkəmizdə daha çox Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi təzahürünə nüfuz etməsi özlüyündə daxili preventiv qərar qəbulu siyasəti ilə yanaşı, xarici siyasətdə və diplomatik cəbhədə də çevik islahatları məcburiyyətə çevirir. Azərbaycanın dayanıqlı iqtisadi inkişaf və sosial təminat əsaslı mərhələli inkişaf xətti digər mühüm sferalarda da yeni imkanlar yaradır. Xüsusilə də xarici və hərbi siyasətdə mövcud şəraitin özü ilə bərabər gətirdiyi yeni dəyişikliklər tələbi dövlətin bu iki mühüm xəttində yeni siyasət istiqamətlərini prioritetə çevirir. Belə ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə qarşı ölkə sərhədlərini aşan və getdikcə bəşəri xarakter alan etirazlar dalğası bu gün erməni lobbisinə əks sistemli və çevik diplomatik cəbhənin və daha güclü Azərbaycan diasporunun əsas təminatçısı rolunda çıxış edir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində özəlliklə regional və qlobal güc olaraq Türkiyənin dayandığı mövqe mühüm strateji məqamları ilə mövcud vəziyyətə yeni geosiyasi ölçülər gətirir. Ona görə də qiymətləndirmənin bu mərhələsində iki dövlət arasında strateji müttəfiqliyin Dağlıq Qarabağ paralelində açdığı yeni reallıqlar və imkanlar konfliktin həlli perspektivinə dəlalət edir. Bunu Türkiyənin geosiyasi proseslərdə özünəxas, ədalətə dayalı qlobal güc kimliyini müstəqil obrazı ilə inamla irəliyə daşıması da sübuta yetirir. Nəzərə çatdıraq ki, münaqişənin indiki halında belə hələ də bir çox dövlətlərin və beynəlxalq təşkilatların “inamla”söykəndiyi “sülh”ün həqiqi mahiyyətini tərk etməsi ilk növbədə məhz geosiyasi maraqlar səbəbindən sözügedən gecikmiş ədalətin olmamasından qaynaqlanırdı. İndi tarixi ədalətin yenidən Osmanlı varisinin timsalında geriyə dönüş etməsi bir sıra qüvvələrin Türkiyə ilə bağlı qorxulu röyasını reallığa çevirməkdədir. Maraqlarını geosiyasi mühitdə təmsil etmək üçün geniş resurs bazasına malik olmaq perspektivi Türkiyənin regionda siyasi axını müsbət məcraya yönəltmək iqtidarını daha da genişləndirir. Bugünlərdə Türkiyənin Milli Təhlükəsizlik Şurasında işğal edilmiş ərazilərimizə ən az Azərbaycan qədər sahiblənmə, düşmənin işğalçılıq siyasətinə heç bir meydan tanımayan bənzərsiz bəyanatı da buna işıq salır. Siyasi məzmunu belə düşməni dağıtmaq effektinə malik bu bəyanatda Bakının istənilən qərarına birmənalı yüksək siyasi-hərbi dəstək bundan sonra Azərbaycana qarşı istənilən hərbi hücumun həm də Türkiyəyə milli təhdid kəsb etməsi anlamını ifadə edir. Üstəlik, iki qardaş ölkə arasında hərb ittifaqın mümkün perspektivləri, xüsusilə güclü Türkiyə hərbi sənayesi faktoru regionda digər geosiyasi maraqların minimuma endirilməsi baxımından da faydalı ola bilər. Ən maraqlısı isə Ukrayna və Pakistanın da təxminən eyni siyasəti izləməsidir ki, bu da yeni konfiqurasiyada gedişatı tamamilə lehimizə dəyişə bilər.
Ümumiyyətlə, ötən ildən başlayaraq Qərbin geosiyasi proseslərdə qlobal təşəbbüsü mühafizəsinin pandemiya ilə daha da kəskin hal alması və bu fonda ABŞ-ın mövqeyinin artması diqqətdən yayınmaq imkanından çox uzaq idi. Lakin ATƏT-in Minsk Qrupunun əsas üzvlərindən biri olan ABŞ-ın siyasi sükutunun az qala Birləşmiş Ştatların əsas mərkəzlərində Ermənistanın təcavüzünə qarşı silsilə etirazlarla pozulması mühüm bir məqamı da açıqlığa qovuşdurur. Bildiyiniz kimi, 30 ilə yaxındır ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində savaş heç də təkcə səngərdə getmir, hətta bir sıra hallarda siyasi, ideoloji, psixoloji cəbhələrdə savaş hərbi cəbhəni üstələyir. Özəlliklə ABŞ-da erməni lobbisinin antiAzərbaycan istiqamətində fəaliyyətinə siyasi, hüquqi qiymət əvəzinə hər zaman mahiyyəti kağız effektindən o tərəfə keçməyən quru bəyanatlarla üzləşmişik. Bu xüsusda Konqresdə Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal faktını tanıyan “Milli Müdafiə haqqında” qanun layihəsi ABŞ tarixində təkcə ilk olması ilə diqqət çəkmir. Yeri gəlmişkən, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın “ Ermənistanın regiondan keçən neft-qaz kəmərlərinin təhlükəsizliyinə hər kəsdən daha yaxşı zəmanət verəcəyini” bildirməsi Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən - Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Supsa neft boru kəməri, Bakı-Tiflis-Qars strateji dəmir yolu, Bakı-Tiflis nəqliyyat infrastrukturlarına erməni iddialarını ortaya qoyur. ASALA-nın terror uniformasında Azərbaycanın xaricdəki diplomatik konsulluqlarına mütəşəkkil hücumları ilə terroru dəstəkləyən bir millətin məxsus olduğu dövlətin – Ermənistanın regional təhlükəsizlik sisteminə zəmanət vəd etməsi yalnız terrorçu və işğalçı zehniyyətin məhsulu ola bilər. ABŞ Konqresinin Nümayəndələr Palatasının məlum sərt layihəsi hər nə qədər ermənilərin transkontinental layihələrə hədəfini gizlətməməsi ilə həm də Vaşinqtonun enerji maraqlarına dağıdıcı mövqeyindən irəli gəlsə də, istənilən halda erməni lobbisinin əfsanəvi obrazını yerlə-yeksan etməyə müvəffəqdir. Bu prosesin davamı olaraq daha sonra Konqresin silahla bağlı Azərbaycana tətbiq etdiyi embarqo siyasəti də nəzərdən keçirilə bilər. Bildiyiniz kimi, ABŞ Konqresində 1992-ci ildə “Azadlığın dəstəklənməsi aktı”na 907-ci düzəliş ilə Azərbaycan və Ermənistana hücum xarakterli silahların satışı qadağan edilib. ABŞ-ın Dağlıq Qarabağ məsələsinə münasibətində dönüş Azərbaycanın nəinki ABŞ-la, eyni zamanda, Qərblə hərbi əlaqələrini də canlandıra bilər. Onu da nəzərə çatdıraq ki, Azərbaycanın haqq davası ətrafında cərəyan edən geosiyasi mühit Bakını siyasi kursunda digər tərəfdən də yeni hərbi əlaqələri zərurətə çevirir. Bu arada, Azərbaycan “Global Fire Power” araşdırma şirkətinin ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edən “2020: hərbi güc reytinqi” adlı sənədində Ermənistanı, hətta Gürcüstanı dəfələrlə üstələyərək siyahıda 64-cü yerdə qərarlaşmaqla bu sahədə beynəlxalq mövqeyini irəliyə daşıyıb.
Layihənin digər siyasi tərəfi isə ABŞ-ın Dağlıq Qarabağ məsələsinin həllində aktivliyini strateji nöqteyi-nəzəri əsasları fonunda Rusiyanı analoji istiqamətdə daha fəal siyasət yürütməyə səbəb olacağı ilə bağlıdır. Heç kəsə sirr deyil ki, Rusiya geosiyasi rəqibi ABŞ-ın Cənubi Qafqazda istənilən formada aktivliyinə qarşı sabit barışmaz mövqeyini hər zaman qoruyub saxlayır. Bütün hallarda geosiyasi hərəkətlənmənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mümkün hərbi yolla həllinin aktuallığı üzərindən reallaşması birmənalı Azərbaycanın xeyrinədir!
Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.